Məhkəmə qərarları › İş №e-2(010)-2115/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2115/2025

23.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2115/2025 23.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddia tələbi. 1.İddiaçı ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 5876,28 manat əsas borc, 65,9 manat faiz borcu, 6,99 manat cərimə borcu olmaqla, cəmi 5949,17 manat borcun, həmçinin 79,5 manat ödənilmiş dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2021-ci il tarixli 19131***-*******02L saylı kredit limiti müqaviləsinə əsasən Cavabdeh2 120 ay müddətinə, illik faiz dərəcəsi 29%-dən yuxarı olmamaq şərti ilə 50000 manat məbləğində kredit limiti ayrılmışdır. Kredit limiti müqaviləsinin şərtlərinə, 1.1, 1.4, 2.1, 2.2-ci bəndlərinə uyğun olaraq xx.xx.2022-ci il tarixli SMS razılaşmasına əsasən İddiaçı ASC tərəfindən Cavabdeh2 48 ay müddətinə illik 20% dərəcəsi ilə 9600 manat məbləğində kredit verilmişdir. Kredit üzrə öhdəliklərin icrasının təmini kimi Cavabdeh1 ilə 19FİZAM121885601 saylı xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin kredit öhdəlikləri vaxtında və lazimi qaydada icra etməyən Cavabdeh2 banka borcu xx.xx.2025-ci tarixli maliyyə arayışına əsasən 5876,28 manat əsas borc, 65,9 manat faiz borcu, 6,99 manat cərimə borcu olmaqla, cəmi 5949,17 manat təşkil edir. Cavabdehlərə dəfələrlə şifahi və bildirişlə müraciət edilməsinə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, müqavilələrdən irəli gələn öhdəlikləri lazimi qaydada icra etməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətindədirlər.

Tərəflərin izahatları.

3. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə ərizə təqdim edərək, məhkəmə iclasında nümayəndənin iştirakı olmadan mülki işə baxılaraq, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Cavabdeh2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul edir. Belə ki, o bankla müqavilə bağlayaraq bankdan 9600 manat məbləğində pul vəsaiti götürmüşdür. Lakin onun atası xəstə olduğundan həmin borcu vaxtında qaytara bilməmiş və bu səbəbdən də həmin müqavilə üzrə borcu ödəyə bilməmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.

5. Cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında kredit müqaviləsi bağlanmış və pul vəsaiti Cavabdeh2 tərəfindən götürülmüşdür. Onunla bank arasında isə zaminlik müqaviləsi bağlanmışdır. Mövcud olan borc banka ödənilmədiyindən ona məxsus olan avtomobil üzərinə həbs qoyulmuşdur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. . İş materialları.

6. 19131***-*******02L saylı, xx.xx.2021-ci il tarixli Kredit Limiti Müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh2 120 ay müddətinə xx.xx.2031-ci il tarixədək 50 000 (əlli min) manat məbləğində kredit xətti açılmışdır.

7. xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında zamin müqaviləsi bağlanmış və zamin faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyət daşıyır.

8. xx.xx.2025-ci il tarixli Arayışdan müəyyən olunur ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 5876,28 manat əsas borc, 65,9 manat faiz borcu, 6,99 manat cərimə borcu olmaqla, cəmi 5949,17 manat kreditdən istifadəyə görə borcu yaranmışdır. 9.İddiaçı ASC tərəfindən elektron sistem vasitəsi ilə çıxarılmış məlumatdan müəyyən olunur ki, İddiaçı ASC Cavabdeh2 48 ay müddətinə illik 20% dərəcəsi ilə 96 manat komissiya ilə, aylıq ödəniş 292,86 manat olmaqla 9600 manat kredit verilmişdir.

10. İddiaçı ASC tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ünvanlanmış pretenziya məktubunun məzmunundan görünür ki, Cavabdeh2 və Cavabdeh1 mövcud kredit borcunun qaytarılması barədə xəbərdarlıq edilmişdir.

İşin faktiki halları

11. xx.xx.2021-ci il tarixli 19131***-*******02L saylı kredit limiti müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh2 120 ay müddətinə, illik faiz dərəcəsi 29%-dən yuxarı olmamaq şərti ilə 50000 manat məbləğində kredit limiti ayrılmışdır. Kredit limiti müqaviləsinin şərtlərinə, 1.1, 1.4, 2.1, 2.2-ci bəndlərinə uyğun olaraq xx.xx.2022-ci il tarixli SMS razılaşmasına əsasən İddiaçı ASC tərəfindən Cavabdeh2 48 ay müddətinə illik 20% dərəcəsi ilə 9600 manat məbləğində kredit verilmişdir. Kredit üzrə öhdəliklərin icrasının təmini kimi Cavabdeh1 ilə 19FİZAM121885601 saylı xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmış və zamin kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin kredit öhdəlikləri vaxtında və lazimi qaydada icra etməyən Cavabdeh2 banka borcu xx.xx.2025-ci tarixli maliyyə arayışına əsasən 5876,28 manat əsas borc, 65,9 manat faiz borcu, 6,99 manat cərimə borcu olmaqla, cəmi 5949,17 manat təşkil edir. İş üzrə İddiaçı ASC həmin məbləğdə pulu cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin sonuncu bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur.

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 462. Dəbbə pulu anlayışı. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi. 465.1. Əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 222. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

14. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi

Məhkəmənin mövqeyi.

15. Məhkəmə işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, mülki cavabdehin hərəkətləri müqavilə öhdəliyinin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.

16. Belə ki, iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdehlər iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehlərə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı aralarında bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən məbləğdə krediti borcluya vermişdir. Borclu isə bu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu lazımınca etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərdən müvafiq kredit müqaviləsi üzrə əsas və faiz borcunu tələb etməkdə haqlı olmuşdur. Həmçinin tələb edilən cərimə məbləği (6,99 manat) əsas borca mütənasibdir və tənasübsüz surətdə yüksək məbləğ deyil.

17. Odur ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada xx.xx.2022-ci il tarixli razılaşmaya əsasən 5876,28 manat əsas borc, 65,9 manat faiz borcu, 6,99 manat cərimə borcu olmaqla, cəmi 5949,17 manat məbləğində borc və 79,5 manat məbləğində dövlət rüsumu tutularaq iddiаçı İddiaçı ASC-yə ödənilməlidir.

Məhkəmə xərcləri.

18. İş materiallarından görünür ki, iddiaçı Bank tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 79,5 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur.

19. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu da cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

20. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada xx.xx.2022-ci il tarixli razılaşmaya əsasən 5876,28 manat əsas borc, 65,9 manat faiz borcu, 6,99 manat cərimə borcu olmaqla, cəmi 5949,17 manat məbləğində borc və 79,5 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

21. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada xx.xx.2022-ci il tarixli razılaşmaya əsasən 5876,28 manat əsas borc, 65,9 manat faiz borcu, 6,99 manat cərimə borcu olmaqla, cəmi 5949,17 (beş min doqquz yüz qırx doqquz manat, on yeddi qəpik) manat məbləğində borc və 79,5 (yetmiş doqquz manat, əlli qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar