Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2120/2022 02.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi Həsənzadə Leyla Fərhad qızının katibliyi İddiaçı X4 Cavabdeh iştirakı ilə İddiaçı X4 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X7 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurulmuş maddi ziyana görə 1.800 (bir min səkkiz yüz) manat, 1.200 (bir min iki yüz) manat mənəvi ziyan və 50 manat dövlət rüsumu, ümumilikdə 3.050 (üç min əlli) manat alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X7 iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh onu aldadaraq üç ədəd qapı düzəldəcəyini vəd vermiş, ondan 1.800 (bir min səkkiz yüz) manat pul almış və bugünədək qaytarmamışdır. Ondan almış olduğu 1.800 (bir min səkkiz yüz) manat pula görə aiddiyyəti dövlət orqanlarına şikayətinə əsasən araşdırma aparılmışdır. Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsində araşdırma zamanı Cavabdeh onu aldadaraq 1.800 (bir min səkkiz yüz) manat pul aldığını etiraf etmişdir. Şikayəti 27-ci Polis Bölməsinin təhqiqatçısı tərəfindən araşdırılmışdır. 27-ci Polis Bölməsinin təhqiqatçısı 15 dekabr 2021ci il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edərək cavabdehin ona yetirmiş olduğu 1.800 manat maddi ziyanla bağlı məhkəməyə müraciət etməyi izah etmişdir. Məhkəmə iclasında iddiaçı X7 iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək cavabdehə aralarında olan danışığa görə düzəldilməli olan qapının dəyərinin 2400 manata olduğunu, qapı şüşələrini 400 manata alıb cavabdehə verdiyini, şüşələrin dəyərini də hesablmaqla, ümumilikdə isə cavabdehə 1800 manat pul verdiyini, ondan yalnız 150 manatın cavabdeh tərəfindən ona qaytarıldığını bildirdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbi ilə razı olmadığını bildirərək qeyd etdi ki, X3 qapı düzəltməsi üçün ümumilikdə 1800 manat məbləğində pul alsa da, X2 qapıları bəyənmədiyi üçün geri qaytarmışdır. Həmin qapılar üzərində müvafiq işlərin görülməsinə görə xərclər çəkilmiş və verillmiş 1800 manat məbləğində puldan qalıq qalmış 150 manatı X5 geri qaytarmışdır. Şüşələrin qiymətinə gəldikdə isə, onların 400 manat olması ehtimalını istisna etmir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: -15.12.2021-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan görünür ki, araşdırma zamanı izahatı alınmış Cavabdeh qeyd etmişdir ki, 2019cu il tarixdə X1 ilə 3 ədəd qapı düzəltmək üçün razılığa gəlmiş və ilkin olaraq ondan 1800 manat məbləğində pul almışdır. O öhdəsinə götürmüş olduğu işi vaxtında gördüyünü, X2nun həmin qapıları bəyənmədiyi üçün hal-hazırda qapıların sexdə olduğunu bildirmişdir Qapıların satıldıqdan sonra pulu qaytaracağını bildirmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, iddiaçı X7 Cavabdeh 3 ədəd qapı düzəldilməsi ilə bağlı sifariş vermiş və ona ilkin olaraq 1800 manat pul ödəmişdir. X2 hazırlanmış qapıları bəyənmədiyi üçün geri qaytarmış və cavabeh iddiaçıya həmin qapıları satdıqdan sonra pulunu qaytaracağını bildirmişdir. Hazırki iddia tələbində iddiaçı cavabehdən ona vermiş olduğu 1800 manatın geri qaytarılmasını tələb edir, cavabdeh isə iddia tələbini qəbul etməyərək iddiaçıya cəmi 150 manat borcu olduğunu və həmin borc məbləğini də qaytardığını, qapıların isə satıldıqdan sonra pulunu verə biləcəyini bildirir. Məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh vurulmuş maddi ziyana görə 1800 manat pulun tutulması hissəsində qismən əsaslıdır. Məhkəmə qeyd edir ki, tərəflərin arasında podrat münasibətləri olduğundan, mübahisəyə podrat müqaviləsinin müddəalarına əsasən hüquqi qiymət verilməlidir. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Məcəllənin 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. İşin araşdırılması və tərəflərin izahatlarından aydın olur ki, iddiaçı sifariş vermək istədiyi qapıların şəkilini cavabdehə göstərərək məhz o cürə qapının düzəldilməsini ondan istəmiş, cavabdeh isə bununla razılaşmışdır. İddiaçı tərəfindən cavabdehə 1400 manat pul verilməsi, əlavə olaraq 400 manat dəyərində də şüşənin alınıb cavabdehə verilməsi halına, məhkəmə şübhə ilə yanaşılması üçün əsas görmür. Çünki, bu hallar cavabdeh tərəfindən ümumilikdə inkar edilmir, sadəcə cavabdeh hesab edir ki, o, iddiaçının istədiyi paqıları düzəltmiş, iddiaçı isə sonradan onlardan imtina etmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, cavabdeh tərəf istinad etdiyi halları sübut edə bilməmişdir. Yəni, sifarişin iddiaçı tərəfindən deyildiyi formada və tərzdə hazırlandığı halı cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Buna əks olaraq, iddiaçının sifariş verdiyi qapıların sövdələşmədə nəzərdə tutulmuşdan daha uzun müddətə cavabdeh tərəfindən hazırlandığı, sonradan iddiaçının etirazı əsasında qapıların yenidən işləndiyi, son nəticədə isə işin iddiaçı tərəfindən bəyənilmədiyi tərəflərin izahatları və iş materialı ilə öz təsdiqini tapır. Sifarişin yerinə yetirilməsi müddətinin uzanması, cavabdeh tərəfindən hazırlanmış məhsulun iddiaçı tərəfindən bəyənilməməsi və son nəticədə podratın nəticəsinin iddiaçı tərəfindən ümumiyətlə qəbul edilməməsi məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, podratın nəticələri qüsurlu olmuş, tərəflər arasında qüsurların aradan qaldırılması ilə bağlı yeni sövdələşmə olmuş, lakin razılaşdırılmış müddət ərzində də, qüsurlar aradan qaldırılmamışdır və nəticədə iddiaçı podratdan imtina etmişdir. Mülki Məcəllənin 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən iddiaçının cavabdehdən ona vurulmuş ziyanın əvəzini tələb etmək hüququ yaranmışdır. Çünki, işin halları və tərəflərin izahatı ilə sübut olunur ki, iddiaçı sifariş verdiyi 3 ədəd qapının düzəldilməsi ilə bağlı cavabdehə sifariş vermiş və ona 1400 manat pul ödəmiş, 400 manat dəyərində də şüşə materialı alınıb cavabdehə verilmişdir. Cavabdeh iddiaçıya cəmi 150 manat məbləğində pul qaytarmışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi maddi ziyanın tutulması hissədində qismən, yəni 1650 manat həddində əsaslıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi vurulmuş mənəvi ziyana görə 1200 manat pul məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində əsaslı deyildir. Belə ki, hazırki iş üzrə isə iddiaçı öz tələbində cavabdeh tərəfindən ona mənəvi ziyan vurulduğunu bildirsə də, lakin mənəvi ziyanın əsaslılığını göstərən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 oktyabr 2008-ci il tarixli 07 saylı Qərarında göstərilmişdir: ««İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır… Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) , habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.» Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 50 manat dövlət rüsumunun 36.5 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Əyyubov Ələddı̇ n Arı̇ f oğlundan iddiaçı X4 xeyrinə vurulmuş maddi ziyana görə 1650 manat məbləğində pul tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumunun 36.5 manatı Cavabdeh alınıb, iddiaçı X5 verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №e-2(010)-2120/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2120/2022
02.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver