Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2123/2025 05.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə ümumlikdə 9608.47 manat əsas borc, 733.16 manat cari faiz borcu və 463.75 manat cari dəbbə borcu olmaqla, cəmi 10 805.38 manat kredit borcunun və işə məhkəmədə baxılması üçün ödənilmiş 123.40 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarasınız.
İddia tələbinin dəlilləri
2. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 04 iyul 2024cü il tarixli GARA-28007-6001 saylı Kredit müqaviləsinə əsasən ikinciyə illik 23% faizlə 36 ay müddətinə 10 000.00 (on min) manat kredit verilmiş və kreditin aylıq 388.00 manat olmaqla ödənilməsi müəyyən edilmişdir. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər tam və vaxtinda icra edilmədiyi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh 26 fevral 2025-ci il tarixinədək verilmiş kredit üzrə 9 608.47 manat əsas borc, 733.16 manat cari faiz borcu və 463.75 manat cari dəbbə borcu olmaqla. cəmi 10 805.38 manat məbləğində borcu yaranmış və ödənilməmişdir.
Tərəflərin izahatları
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında Cavabdeh iddia tələbi ilə razı olduğunu bildirdi.
İş materialları
5. xx.xx.2024-cü il tarixli, GARA-28007-6001 nömrəli kredit müqaviləsi və ödəniş qrafikindən görünür ki, həmin müqaviləyə əsasən, Cavabdeh 36 ay müddətinə illik 23 faiz dərəcəsi ilə 10000 manat məbləğində kredit verilmişdir.
6. İş matariallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 4538/HO-OUT nömrəli xəbərdarlıq məktubundan görünür ki, TBC Kredit BOKT MMC ilə Cavabdeh arasında 04 iyul 2024-cü il tarixli, GARA-28007-6001 saylı kredit müqaviləsi bağlanmış və illik 23 faizlə, 36 ay müddətinə 10000 manat kredit verilmiş, kreditin aylıq 388 manat olmaqla ödənilməsi müəyyən olunmuşdur. Cavabdeh 19 noyabr 2024-cü il tarixinədək 9608.47 manat əsas borc, 451.03 manat cari faiz borcu və 113.22 manat dəbbə borcu, cəmi 10172.72 manat borcu yaranmış və ödənilməmişdir. Cavabdehə borc məbləğinin 25 noyabr 2024-cü il tarixinədək təmin edilməsini, əks təqdirdə isə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
7. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 9608.47 manat əsas, 1138.31 manat faiz, 1335.87 manat cərimə olmaqla, cəmi 12082.65 manat kredit borcu vardır.
İşin faktiki halları
8. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, GARA-28007- 6001 nömrəli kredit müqaviləsinin imzalanması, həmin müqavilədə qeyd olunan kredit məbləğinin iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi işin hallarını təşkil edir. Hazırda iddiaçı cavabdehin öz öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyini bildirərək yaranmış borc məbləğinin qaytarılmasını tələb edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmiş və onun tərəfindən iddia tələbinə dair etiraz yaxud mülahizə məhkəməyə daxil olmamışdır.
Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 385. Öhdəlik anlayışı 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 422. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübutetmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
11. AR Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2023-cü il tarixli Qərarı.
Həmin Qərarın 1-ci bəndində qeyd edilmişdir ki, AR Mülki Məcəlləsinin 21.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Eyni zamanda Qərarın 3-cü bəndinə əsasən, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır.
Məhkəmənin mövqeyi
12. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.
13. İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli Kredit müqaviləsi üzrə illik 23 faiz dərəcəsi olmaqla, 36 ay müddətində 10000 manat kredit verilmişdir. İddiaçı kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəliyi lazımi qaydada yerinə yetirməsinə baxmayaraq, cavabdeh öz öhdəliklərini lazımi qaydada yerinə yetirməmişdir. İddia tələbində qeyd edilən məbləğin iddiaçı tərəfindən cavabdehə verilməsi halı işə əlavə edilən sənədlərlə təsdiq olunur. İddiaçı tələbdə qeyd olunan məbləğin cavabdehdən tutulmasını tələb edir.
14. Məhkəmə qeyd edir ki, iddiaçı öz tələbində cavabdehdən 9608.47 manat əsas, 733.16 manat faiz, 463.75 manat cərimə olmaqla cəmi 10805.38 manat pul vəsaitinin tutulmasını tələb etsə də, lakin müqavilənin ləğvi barədə iddiaçı tərəfindən cavabdehə ünvanlanan bildirişdən görünür ki, Cavabdeh iddiaçıya 9608.47 manat əsas, 451.03 manat faiz, 113.22 manat cərimə olmaqla cəmi 10172.72 manat manat kredit borcu vardır. Cavabdeh xx.xx.2024-cü il tarixinədək yaranmış borcu ödəməklə kredit müqaviləsinin ləğv edilməsi təklif edilmiş, əks təqdirdə isə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
15. Məhkəmə qeyd edir ki, AR Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarından göründüyü kimi, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. İddiaçı xx.xx.2024-cü il tarixli bildirişlə kredit müqaviləsinin ləğv edilməsi barədə iradə ifadəsini cavabdehə bildirmişdir. Konstitusiya Məhkəməsinin yuxarıda sərgilədiyi hüquqi mövqeyə əsaslanaraq, məhkəmə hesab edir ki, müqavilə üzrə faiz məbləği də iddiaçının müqavilədən imtina etməsi barədə iradə ifadəsinin qarşı tərəfə bildirdiyi vaxta qədər hesablanmalıdır. Belə olan halda məhkəmə qeyd edir ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli bildirişdən göründüyü kimi, kreditor (iddiaçı) Cavabdeh kredit təşkilatına olan 9608.47 manat əsas, 451.03 manat faiz, 113.22 manat cərimə olmaqla cəmi 10172.72 manat kredit borcunu xx.xx.2024-cü il tarixinədək qaytarması və kredit müqaviləsinin ləğv edilməsini təklif etməklə artıq hazırki müqaviləyə münasibətdə öz iradəsini ifadə etmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli və cavabdehdən ona ünvanlanan xx.xx.2024-cü il tarixli bildirişdə qeyd olunan formada - 9608.47 manat əsas, 451.03 manat faiz, 113.22 manat cərimə olmaqla cəmi 10172.72 manat kredit borcu tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmə xərcləri
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
17. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq 121.72 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə
18. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 9608.47 manat əsas borc, 451.03 manat faiz borcu və 113.22 manat cərimə borcu olmaqla cəmi 10.172 manat pul vəsaiti və iş üzrə ödənilmiş 121.72 manat dövlət rüsumu pul tutularaq iddiaçı "xxxx" X1-nin xeyrinə ödənilməlidir.
19. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. Cavabdeh 9608.47 manat əsas borc, 451.03 manat faiz borcu və 113.22 manat cərimə borcu olmaqla cəmi 10.172 manat pul vəsaiti və iş üzrə ödənilmiş 121.72 manat dövlət rüsumu pul tutularaq iddiaçı "xxxx" X1-nin xeyrinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Tural Məmmədov