Məhkəmə qərarları › İş №e-2(010)-2127/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2127/2024

17.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2127/2024 17.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) borcun tutulması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh 442 manat borc məbləği, 44 manat cərimə və 30 manat məbləğində dövlət rüsumunun, cəmi 516 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)- 2127/2024 nömrəli qərardadı ilə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC-nin direktoru X1 ilə Cavabdeh arasında 27 may 2019-cu il tarixli, 01-AGT000038113 nömrəli alğı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, alıcı olan Cavabdeh "xxxx" mağazasından ümumi nisyə dəyəri 1234 manat olan Samsung G950 black (İmei kodu **********15109) markalı əşya alımışdır. Müqavilənin 4-cü bəndinə uyğun olaraq alıcı Cavabdeh xx.xx.2019-cu il tarixdən başlayaraq hər ayın 27-dən gec olmayaraq ödəniş cədvəlinə uyğun olaraq aylıq 103 manat ödəniş etməli olduğu halda aylıq ödənişlər etməmiş, aldığı malın qalıq pulunu ümumi dəyəri – 442 manatı mağazaya ödəməməmişdir. Müqavilənin 7.3-cü bəndinin tələblərinə əsasən, bu müqavilənin icrası ilə bağlı meydana çıxan bütün mübahisələr tərəflər arasında danışıqlar yolu ilə həll ediləcəkdir. Həmin mübahisələr danışıqlar yolu ilə həll edilmədikdə, mövcud qanunvericiliyə uyğun məhkəmə qaydasında həll ediləcəkdir. Dəfələrlə Cavabdeh borcun ödənilməsi barədə edilən müraciətlər nəticəsiz qalmış, götürdüyü malın dəyərini ödəməkdən yayınmışdır. Şirkət olaraq cavabdeh tərəfindən müqavilə öhdəliyinə görə yaranmış borc ödənilmədiyindən məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyək bildirdi ki, onun iddiaçıya heç bir borcu yoxdur. O, "xxxx" mağazasından aldığı malın dəyərini tam şəkildə ödəmiş, ümumilikdə 1234 manat məbləğində ödəniş etmişdir. Həmçinin, iddiaçının nümayəndəsi və Cəbrayıl müəllimlə də üçtərəfli danışıq aparmış və həmin vaxt onlara bildirmişdir ki, borcunu ödəmişdir. O, borcunun tam şəkildə ödənilməsinə dair arayışın əslini də məhkəməyə təqdim etmişdir. Hətta sonradan dəfələrlə malı aldığı mağazaya yaxınlaşmış və orada sitemdə onun adında hər hansı borc aşkar edilməmişdir. Əgər onun hər hansı borcu qalsaydı, həmin sistemdə bununla bağlı məlumat aşkar edilərdi. Odur ki, məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş üçüncü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar "xxxx" MMC (Satıcı) və Cavabdeh (Alıcı) arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 01-AGT000038113 nömrəli əşyanın nisyə alğı-satqı müqaviləsindən müəyyən olunur ki, “Satıcı” “Alıcı”ya bu müqavilənin şərtlərinə uyğun olaraq şəxsi istehlak və istifadə üçün 11 ay müddətinə 1234 manat məbləğində əmtəəni (əşyanı) nisyə alğı-satqı şərtləri əsasında verir, “Alıcı” aldığı əmtəənin (əşyanın) qiymətini müqaviləyə əlavə edilən “ödəniş cədvəli” əsasında hissə-hissə ödəməyi öhdəsinə götürür. xx.xx.2019-cu il tarixli, 01-AGT000038113 nömrəli əşyanın nisyə alğı-satqı müqaviləsinə əlavə olan ödəniş qrafikindən müəyyən olunur ki, müqavilə üzrə ödəniş cədvəli təsdiq edilmiş və ödənişlərin xx.xx.2019 – xx.xx.2020-ci il tarixləri arasında hər ay 103 manat (sonuncu ay 100 manat) məbləğində olmaqla ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. xx.xx.2019-cu il tarixli, 01-AGT000038113 nömrəli əşyanın nisyə alğı-satqı müqaviləsinə 1 nömrəli əlavədən müəyyən olunur ki, həmin müqavilənin 3.5-ci bəndinə uyğun olaraq Alıcıya qarşı müqavilədən irəli gələn pul tələbi xx.xx.2022-ci il tarixdə İddiaçı MMC-yə güzəşt edilmişdir. İddiaçı MMC (Faktor) və "xxxx" MMC (Müştəri) arasında xx.xx.2022-ci il tarixdə bağlanmış 001 nömrəli faktorinq müqaviləsindən müəyyən olunur ki, “Müştəri” siyahısı və ümumi dəyəri müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən 1 nömrəli əlavədə göstərilən üçüncü şəxslərə qarşı əşyanın nisyə alğı-satqısı müqavilələrindən və həmin müqavilələr üzrə çıxmış və qanuni qüvvəyə minmim məhkəmə qərarlarından irəli gələn pul tələblərini “Faktor”a güzəşt etməyi, “Faktor” isə bunun müqabilində müqavilə üzrə razılaşdırılmış məbləğdə və qaydada pul vəsaitini “Müştəri”yə ödəməyi öhdəsinə götürür. xx.xx.2024-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh xx.xx.2019cu il tarixli, 01-AGT000038113 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə 442 manat əsas və 44 manat cərimə borcu olmaqla, ümumilikdə 486 manat məbləğində borcu vardır. Xəbərdarlıq məktubundan (xx.xx.2022-ci il tarixli poçt qəbzi) müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh xx.xx.2019-cu il tarixli, 01-AGT000038113 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə tələb hüququnun İddiaçı MMC-yə keçdiyi bildirilmiş və həmin müqavilə üzrə xx.xx.2022-ci il tarixə olan borcun 5 gün müddətində ödənilmədiyi təqdirdə barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 01200 nömrəli arayışdan müəyyən olunur ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2019-cu il tarixli, ümumi dəyəri 1234 manat məbləğində olan nisyə alğı-satqı müqaviləsi üzrə borc öhdəliyi 0 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 5/906 nömrəli sənədlərin texniki ekspertizası üzrə ekspert rəyinin nəticə hissəsində müəyyən olunur ki, tədqiqata təqdim edilmiş mülki işin materiallarının 62-ci vərəqəsindəki "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 01200 nömrəli arayışda olan möhür əksi relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur və həmin möhür əksi ekspertizaya təqdim edilmiş "xxxx" MMC-nin möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil etmir. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 194.1. Tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. Maddə 194.2. Tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Maddə 655.1. Faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Maddə 655.2. Pul tələblərinin güzəşti barəsində borcluya bildiriş verilməlidir. Maddə 656. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, faktorinq müqaviləsinə tələblərin alğı-satqısı və verilməsi haqqında müddəalar tətbiq edilir. Maddə 657.7. Əgər faktor borcludan müqavilə əsasında əmələ gəlmiş tələb üzrə məbləğ ödəməyi tələb edirsə, borclu həmin müqavilədən irəli gələn və müştərinin ondan ödəniş tələb etdiyi halda irəli sürə biləcəyi bütün etirazları faktora bildirə bilər. Borclu güzəşt haqqında yazılı bildirişin verildiyi məqamda müştəriyə qarşı olan tələblərinin ödənilməsinə dair hər hansı hüququ da qarşılıqlı əvəzləşdirmə çərçivəsində faktora qarşı etiraz kimi irəli sürə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, cavabdehin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında 27 may 2019-cu il tarixli, 01-AGT000038113 nömrəli nisyə alğı-satqı müqaviləsi bağlanmış və müqavilə əsasında əldə edilən əşyanın dəyərinin 11 ay müddətində hər ay 103 manat, sonuncu ay 100 manat məbləğində olmaqla ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İddiaçı MMC (Faktor) və "xxxx" MMC (Müştəri) arasında xx.xx.2022-ci il tarixdə faktorinq müqaviləsi bağlanmış, Vorld Telekom cavabdehə qarşı tələb hüququnu iddiaçıya güzəşt etmişdir. Hazırda iddiaçı faktor kimi "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış nisyə alğısatqı müqaviləsi əsasında Cavabdeh borclu olduğunu iddia edərək, ondan 442 manat borcun tutulmasını xahiş edir. Cavabdeh isə həmin müqavilə üzrə onun hər hansı borcunun olmadığını bildirərək, müvafiq arayış məhkəməyə təqdim etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə cavabdeh tərəfindən təqdim edilmiş borcun ödənilməsinə dair arayışın saxta olmasını qeyd etmiş, lakin bunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə öz təşəbbüsü ilə sənədlərin məhkəmə-texniki ekspertizasının keçirilməsi üçün qərardad qəbul etmişdir. Həmin qərardadda qoyulan suallara ekspert “tədqiqata təqdim edilmiş mülki işin materiallarının 62-ci vərəqəsindəki "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 01200 nömrəli arayışda olan möhür əksi relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur və həmin möhür əksi ekspertizaya təqdim edilmiş "xxxx" MMC-nin möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil etmir” rəyini vermişdir. Ekspert səlahiyyətinə aid olmadığından, qərardadda qeyd edilən” Borcun ödənilməsinə dair arayışın sonunda olan möhürün rəsmi sənədlərin təsdiq edilməsində istifadə edilirmi?” sualı üzrə tədqiqat aparılmamışdır. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”. Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Cavabdehın iddia tələbinə etiraz kimi təqdim etdiyi borcun ödənildiyini təsdiq edən arayışın saxta olmasını iddiaçı sübuta yetirə bilmədiyindən, məhkəmə hesab edir ki, cavabdehin həmin müqavilə üzrə hər hansı borc öhdəliyi yoxdur. Buna görə də iddia təmin edilməməlidir. Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı MMC-yə aid edilməlidir. Eyni zamanda iş üzrə keçirilmiş ekspert tədqiqatının dəyəri olan 70 manat İddiaçı MMC-dən tutularaq ekspertizanı həyata keçirən orqanın hesabına ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı Cavabdeh qarşı ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) borcun tutulması tələbinə dair iddia ərizəsi rədd edilməli, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməli və İddiaçındən 70 (yetmiş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) borcun tutulması tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. İddiaçındən 70 (yetmiş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP (XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar