Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2135/2025 24.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “bоrcun tutulması” tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2022ci il tarixli, 200804-506968/1 nömrəli kredit müqaviləsi üzrə xəbərdarlıq məktubunun tarixindən (xx.xx.2023-cü il) Məhkəmə qətnaməsinin elan olunduğu tarixədək (xx.xx.2024-cü il) olan müddət ərzində gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1781.07 manat məbləğində əlavə faiz borcu və 37.82 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Suraxanı rayon Məhkəməsinin e-2(010)-2135/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2022 il tarixli, 200804-506968/1 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 18% dərəcəsi ilə 25000 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyi üçün 06 fevral 2024-cü il tarixində bank tərəfindən Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. İddia ərizəsinə əsasən cavabdehdən kredit müqaviləsi üzrə 23529.85 manat məbləğində əsas borc və 5456.85 manat faiz borcu olmaqla, cəmi 28986.7 manat borcun və 177.36 manat dövlət rüsumun ödənilməsinə dair qətnamənin çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə prosesi gedişatında, xx.xx.2024-cü il tarixdə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizaya göndərilməsi barədə qərardad qəbul edilmiş və Expertizanın aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. xx.xx.2024-cü tarixli Məhkəmə Ekspertizası Mərkəzinin rəyi əsasında faiz 5456.85 manatdan 629.92 manata qədər azaldılmışdır. Nəticədə, 23529.85 manat əsas borc və 629.92 manat faiz borcu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə e-2(010)-1647/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnamə qəbul edilmişdir. xx.xx.2022 il tarixli, 200804-506968/1 nömrəli istehlak krediti müqavilənin 2.10-cu bəndinə əsasən bu müqavilə və müqavilənin əlavəsi olan ödəniş cədvəli üzrə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödəniş aparılmadıqda, gecikdirilmiş hə gün üçün gecikdirilmiş əsas məbləğin 0,5 faizi həcmində faiz hesablanır. xx.xx.2022 il tarixli, 200804- 506968/1 nömrəli istehlak krediti müqaviləsi üzrə xəbərdarlıq məktubunun tarixindən (xx.xx.2023-cü il) Məhkəmə qətnaməsinin elan olunduğu tarixinədək (xx.xx.2024-cü il) olan müddət ərzində gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 1781.07 manat borcu hesablanmışdır. Cavabdehə şifahi və yazılı xəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Qeyd olunur ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Belə ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Beləliklə, cavabdehdən xx.xx.2022 il tarixli, 200804-506968/1 nömrəli istehlak krediti müqaviləsi üzrə xəbərdarlıq məktubunun tarixindən (xx.xx.2023-cü il) Məhkəmə qətnaməsinin elan olunduğu tarixinədək (xx.xx.2024-cü il) olan müddət ərzində gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 1781.07 manat məbləğində əlavə faiz borcu yaranmışdır. Tərəflərin izahatları. İş üzrə iddiaçının nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlayaraq mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. İş materiallarında olan İddiaçı ASC-nin xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xəbərdarlıq verildiyi tarixdən sonra, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Mərkəzi bankın uçot faiz dərəcəsini keçməməklə 1781.07 manat faiz borcu hesablanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tariхli, 200804-506968/1 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC – “Bank”, Cavabdeh –“Borcalan” olmaqla, bağlanmış həmin müqavilənin 1.1-ci bəndinə əsasən, Bank Borcalana 48 ay müddətinə illik 18% dərəcəsi ilə şəxsi istehlak məqsədi ilə 25000 manat məbləğində kredit verir, Borcalan isə həmin kreditin qəbul edilməsini və İddiaçı ASC-nin Kredit və qeyri-kredit xidmətlərinin göstərilməsinin Ümumi Şərtləri” və bu Müqavilə ilə müəyyən edilmiş şərtlərlə və qaydada kreditin əsas məbləğini Banka qaytarır, kreditə hesablanmış faizləri, kreditin rəsmiləşdirilməsi və xidmət olunmasına görə haqları, kreditin qaytarılmasını gecikdirdiyi üçün faizləri Banka ödəyir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 200/200/0506/2023 nömrəli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tariхli, 200804-506968/1 nömrəli kredit müqaviləsi üzrə yaranmış borc barədə məlumat verilmiş, borcu 26 iyun 2023-cü il tarixinədək ödəməyəcəyi təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görüləcəyi bildirilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tariхli, 200804-506968/1 nömrəli istehlak krediti müqaviləsi üzrə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış borc barədə məlumat verilmiş, borcu 7 gün müddətində ödəməyəcəyi təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görüləcəyi bildirilmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)-1647/2024 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2022-ci il tarixli, 200804-506968/1 nömrəli kredit müqaviləsi üzrə 23529.85 manat məbləğində əsas borc və 629.92 manat məbləğində faiz borcu olmaqla, cəmi 24159.77 manat məbləğində borcun və ödənilmiş 162.48 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır... Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur... ...443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Maddə 445. Borclunun icranı gecikdirməsi (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiya) 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.... 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.... Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.... Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Maddə 742. Borc müqaviləsinə xitam verilməsi və borcun qaytarılması 742.1. Əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.... Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.... Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.... “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə” dair xx.xx.2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı
2. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tariхli, 200804-506968/1 nömrəli krediti müqaviləsi üzrə Cavabdeh öz öhdəliklərini lazımi qaydada icra etməmiş, İddiaçı ASC-yə ödənilməli olan əsas borcunu və əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da, İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması“ tələbinə dair iddia ərizəsi ilə Suraxanı rayon məhkəməsinə müraciət etmişdir. Nəticədə 23529.85 manat əsas borc və 629.92 manat faiz borcunun Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə e-2(010)- 1647/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnamə qəbul edilmişdir. İddiaçı xx.xx.2022-ci il tariхli kredit müqaviləsi üzrə xəbərdarlıq məktubunun tarixindən (xx.xx.2023-cü il) məhkəmə qətnaməsinin elan olunduğu tarixədək (xx.xx.2024-cü il) olan müddət ərzində AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1781.07 manat məbləğində borcun cavabdehdən tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində isə tələbini Mülki Məcəllənin 445.7-ci maddəsi ilə əsaslandırmışdır. Ona görə də hazırki iddia tələbinin əsasını cavabdehin pul vəsaitindən istifadə etməsi nəticəsində faydalanması deyil, pul məbləğinin ödənilməsinin gecikdirdirilməsi nəticəsində faizin ödənilməsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarına istinadən, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı ASC Cavabdeh Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, 1781.07 manat faiz borcunu tələb etməkdə haqlı olmuşdur. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli, 200804-506968/1 nömrəli kredit müqaviləsi üzrə xəbərdarlıq məktubunun tarixindən (xx.xx.2023-cü il) Məhkəmə qətnaməsinin elan olunduğu tarixədək (xx.xx.2024-cü il) olan müddət ərzində gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1781.07 manat məbləğində əlavə faiz borcu tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə xərcləri. İş materiallarından görünür ki, iddiaçı-bank tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddia qiymətinə mütənasib dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olan 37.82 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, 200804-506968/1 nömrəli kredit müqaviləsi üzrə xəbərdarlıq məktubunun tarixindən (xx.xx.2023-cü il) Məhkəmə qətnaməsinin elan olunduğu tarixədək (xx.xx.2024-cü il) olan müddət ərzində gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1781.07 manat məbləğində əlavə faiz borcu və 37.82 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Firuzə Mirzəyeva