Məhkəmə qərarları › İş №e-2(010)-2151/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2151/2022

12.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2151/2022 12.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı ləğv prosesində olan "xxxx" KB QSC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə4, Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı Ləğv prosesində olan QSC "xxxx" KB-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və dəbbə pulunun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Ləğv prosesində olan QSC "xxxx" KB cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək QSC “Bank Standard" KB ilə Cavabdeh1 arasında bağlanmış 17 aprel 2015-ci il tarixli 1xx/xx/102995/15 saylı kredit müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada 496.56 manat məbləğində əsas borc, 482.91 manat məbləğində faiz borcu, 58.48 manat məbləğində cərimə borcu, 71.12 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, cəmi 1109.07 manat məbləğində pulun və 32 (otuz iki) manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ləğv prosesində olan "xxxx" KB QSC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, iddiaçı QSC "xxxx" KB ilə Cavabdeh1 arasında 17 aprel 2015-ci il tarixli 1xx/xx/102995/15 saylı Kredit müqaviləsi bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən cavabdehə illik 28 faiz ödənilməsi şərti ilə 48 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 17 aprel 2015-ci il tarixli 1xx/xx/102995/15 saylı zaminlik müqaviləsi əsasında Kredit Müqaviləsinin borclu tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Lakin cavabdehlər öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 496.56 manat məbləğində əsas borc, 482.91 manat məbləğində faiz borcu, 58.48 manat məbləğində cərimə borcu, 71.12 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, cəmi 1109.07 manat məbləğində borcu qalmışdır. Qeyd olunanlara əsasən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında iddianı qismən qəbul edərək bildirmişdir ki, cavabdeh banka müraciət etmiş, lakin bank tərəfindən ona bildirmişlər ki, onun banka artıq borcu yoxdur. Lakin üstündən xeyli müddət keçəndən sonra bank ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və ondan əsassız hesablanmış faiz və dəbbə pulunu tələb edir. Lakin cavabdehin əlində təəsüflər olsun ki, onun etdiyi ödənişlərə dair qəzblər yoxdur. Cavabdeh qərəzli olaraq borcdan yayınmamış, faiz borcu əsas borca münasibətdə düzgün hesablanmamışdır. İddia müddətinin bitməsinə on gün qalmış Bank məhkəməyə müraciət etmişdir. O verilmiş ekspertiza rəyi ilə razıdır. Əsas borc olduğu təqdirdə cavabdeh borcu ödəməyə etiraz etmir. Lakin bank bununla bağlı ona xəbərdarlıq etməmiş və nəticədə artıq borcun hesablanmasına şərait yaratmışdır. Qeyd olunanlara əsasən iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 17 aprel 2015-ci il tarixli 1xx/xx/102995/15 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" KB QSC Cavabdeh1 illik 28% ödənilməsi şərti ilə 48 ay müddətinə 5000 manat məbləğində kredit vermişdir. İş materiallarına əlavə edilmiş 17 aprel 2015-ci il tarixli 1xx/xx/102995/15 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 borcalan Cavabdeh1 bank qarşısında öhdəliyini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş "xxxx" KB QSC-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixə banka yaranmış borcu 496.56 manat məbləğində əsas borc, 482.91 manat məbləğində faiz borcu, 58.48 manat məbləğində cərimə borcu, 71.12 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, cəmi 1109.07 manat borcu var. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(010)-2151/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/5037 nömrəli rəyi xx.xx.2022-ci il tarixində məhkəməyə daxil olmuşdur. Rəydən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan Hesabdan çıxarış məlumatları və 17 aprel 2015-ci il tarixli 1xx/xx/102995/15 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 27 yanvar 2022-ci il tarixinə (maliyyə arayışı üzrə tarixə) Ləğv prosesində olan QSC "Ban“ Standart” KB olan borcu 607.23 manat məbləğində müəyyən edilir, o cümlədən: 17 aprel 2019-cu il tarixə (müqavilə müddətinin bitdiyi tarixə): əsas borc üzrə 419.23 manat, faiz borcu üzrə 129.78 manat. 27 yanvar 2022-ci il tarixə (maliyyə arayışı üzrə tarixə): əsas borc üzrə 419.23 manat, faiz borcu üzrə 188.00 manat, faiz borcu üzrə (5 faizlə) 58.22 manat. Qeyd edilir ki, 17 aprel 2015-ci il tarixli 1xx/xx/102995/15 saylı kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən Cavabdeh1 cərimə borcu hesablanmadı. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qusürlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsində nəzərdə tutulduğu kimi, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Bu Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Konstitutsiya Məhkəməsi qeyd edir ki, kredit təşkilatları və müştərilər arasında kredit münasibətlərinin qanunvericilik əsasları “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda (bundan sonra–“Banklar haqqında” Qanun) müəyyən edilmişdir. Bu Qanunun 1-ci maddəsinə əsasən bank krediti – bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin azaldılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərtilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Həmin şərtlərlə pul vəsaitinin verilməsi haqqında götürülmüş hər hansıöhdəlik, qarantiya, zəmanət, borc qiymətli kağızların diskontla və ya faizlər alınmaqla satın alınması və müqaviləyə əsasən hər hansı formada verilmiş vəsaitin qaytarılmasını tələb etməklə bağlı digər hüquq da kredit anlayışına aiddir. Həmin Qanunun 36.6-cı maddəsinə əsasən isə hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir. MM-in 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 3 iyun tarixli Qərarında kredit müqaviləsinin qüvvədə olma və kreditin müddətlərinə dair belə bir hüquqi mövqe ifadə edilmişdir ki, kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Göstərilənlərlə yanaşı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (MM-in 425-ci maddəsi). MM-in 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, Məcəllədə mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalar nəzərdə tutulmuşdur. Belə ki, MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Məhkəmə hesab edir ki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Lakin kreditor uzun müddət gözləyərək artıq borcun hesablanmasına nail olmuşdur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh1 ilə Ləğv prosesində olan QSC "xxxx" KB arasında bağlanmış 17 aprel 2015-ci il tarixli 1xx/xx/102995/15 saylı Kredit müqaviləsinə əsasən Borc alana 5000 manat məbləğində illik 28% olmaqla 48 ay müddətinə kredit pul vəsaiti verilmişdir. Həmçinin Cavabdeh2 borcalan Cavabdeh1 bank qarşısında öhdəliyini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İş üzrə iddiaçı Ləğv prosesində olan QSC "xxxx" KB üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin borcalan bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Hazırda məhkəməyə iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışından bəlli olur ki, Cavabdeh1 banka olan borcu 496.56 manat məbləğində əsas borc, 482.91 manat məbləğində faiz borcu, 58.48 manat məbləğində cərimə borcu, 71.12 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, cəmi 1109.07 manat məbləğində təşkil edir. Məhkəmə belə qənaətə gəlir ki, cavabdehlər kredit müqaviləsi öz üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyindən tələb olunan məbləğin bir hissəsi cavabdehlərdən tutulmalı, iddia tələbi əsas borc, faiz və gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu hissəsində qismən təmin edilməlidir. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Bu Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Bu Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Bankın iddiasının 58.48 manat gecikdirməyə görə cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, tənasübsüz surətdə yüksək dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq 10 manat məbləğində pul tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada 17 aprel 2015-ci il tarixli 1xx/xx/102995/15 saylı kredit müqaviləsi üzrə 419.23 manat əsas borc, 129.78 manat faiz borcu, 10 manat cərimə, 58.22 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, cəmi 617.23 manat məbləğində borc və 32 (otuz iki) manat dövlət rüsumu Ləğv prosesində olan QSC "xxxx" KB-nin xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, ekspertiza tədqiqatının dəyəri – 100 (bir yüz) manat cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220,360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 17 aprel 2015-ci il tarixli 1xx/xx/102995/15 saylı kredit müqaviləsi üzrə 419.23 manat əsas borc, 129.78 manat faiz borcu, 10 manat cərimə, 58.22 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, cəmi 617.23 (altı yüz on yeddi manat, iyirmi üç qəpik) manat borc və ödənilmiş 32 (otuz iki) manat dövlət rüsumu Ləğv prosesində olan QSC "xxxx" KB-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin olunmasın. Ekspertiza tədqiqatının dəyəri - 100 (bir yüz) manat Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar