Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2153/2023 12.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X1 qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İşin halları:
1. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2021-ci il tarixli, GTZK4515075A299 saylı kredit müqaviləsinə əsasən onun kartına 35 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə 1169 manat məbləğində pul mədaxil edilmişdir. Kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə 969 manat əsas; 179,04 manat faiz cəmi 1148,04 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir.
İddia tələbi.
2. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 969 manat əsas; 179,04 manat faiz; cəmi 1148,04 manat məbləğində pul vəsaitinin və ödənilmiş 31,48 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
3. Cavabdeh məlum olan ünvanı üzrə lazımi qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri ona göndərilmiş və iddiaçının tələbinə dair etirazının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim etməsi təklif edilmişdir, lakin cavabdeh iddiaya dair etirazını məhkəməyə bildirməmişdir.
4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun cavabdehdən tutulması barədə kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında materiala iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Tərəflərin izahatları.
5. İddiaçı ASC məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclaslarının iddiaçının iştirakı olmadan keçirilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada Cavabdeh məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
İş materialları.
7. xx.xx.2021-ci il tarixli, GTZK4515075A299 nömrəli kredit müqaviləsindən müəyyən olunur ki, Cavabdeh kreditdən istifadəyə görə illik 24% ödəmək şərti ilə 35 ay müddətinə 1169 manat məbləğində kredit verilmişdir.
8. Kredit sifarişi və akseptsiz silinməyə dair razılıq ərizəsindən müəyyən olunur ki, Cavabdeh kredit xətti ayrılmasını xahiş etmiş və kreditin qaytarılması, ondan istifadəyə görə faizlərin ödəniş mənbəyini aylıq gəlirlərinin təşkil edəcəyini, bağlanacaq kredit müqaviləsinin şərtlərinə əsasən qrafik üzrə aylıq ödəniş (ödənilməli olan əsas borc, hesablanmış faiz və cərimə məbləği) onun kart hesabına köçürülən əmək haqqı və digər vəsaitlərdən akseptsiz qaydada silinməsinə etiraz etmədiyini qeyd etmişdir.
9. Cavabdeh oğlu tərəfindən İddiaçı ASC-yə ünvanlanan ərizədən görünür ki, o, gündəlik tələbat məqsədləri üçün İddiaçı ASC tərəfindən 1169 manat məbləğində, 35 ay müddətinə GTZK4515075A299 nömrəli müqavilə ilə gündəlik tələbat krediti verilməsini xahiş etmiş və kreditin qaytarılması, ondan istifadəyə görə faizlərin ödəniş mənbəyini aylıq gəlirlərinin təşkil edəcəyini qeyd etmişdir.
10. İddiaçı ASC tərəfindən verilən Cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixdək olan hesabından çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh hesabına 1169 manat məbləğində kredit mədaxil edilmişdir.
11. xx.xx.2021-ci il tarixli, GTZK4515075A299 nörməli kredit müqaviləsinə əlavə olan ödəniş qrafikindən müəyyən olunur ki, borcalan Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində əsas borca görə 1169 manat, faiz borcuna görə 468,64 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür
12. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, GTZK4515075A299 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh xx.xx.2023-cü il tarixə əsas borca görə 969 manat, faiz borcuna görə 179,04 manat olmaqla, cəmi 1148,04 manat borcu yaranmışdır.
13. İddiaçı ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli, 16/85521 nömrəli bildirişdən müəyyən olunur ki, bank borcalana kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə borc tələbinə dair məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir.
14. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə ərizə verilərkən 31,48 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
İşin faktiki halları.
15. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, GTZK4515075A299 nömrəli kredit müqaviləsi üzrə cavabdehin iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz hallarıdır.
Tətbiq edilən hüquq.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi.
Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
17. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası qanunu.
Maddə 3.2. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
19. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir.
20. Belə ki, cavabdeh kredit müqaviləsi əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuş, lakin öhdəliyini lazımınca icra etməmişdir.
21. Cavabdehə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuşdur.
22. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır.
Məhkəmə xərcləri.
23. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı 31,48 manat dövlət rüsumu ödəmişdir.
24. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
25. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən İddiaçı ASC-nin iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 31,48 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
26. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, GTZK4515075A299 nömrəli müqavilə üzrə cavabdehdən 969 manat məbləğində kredit borcu və 179,04 manat məbləğində faiz borcu, cəmi 1148,04 manat məbləğində borc; ödənilmiş 31,48 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.
27. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q ə t e t d i:
İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, GTZK4515075A299 nömrəli müqavilə üzrə 969 manat əsas və 179,04 manat faiz olmaqla, cəmi 1148,04 (min yüz qırx səkkiz manat dörd qəpik) manat məbləğində pul vəsaiti; ödənilmiş 31,48 (otuz bir manat qırx səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.