Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2203/2024 06.11.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi ilə İddiaçı "xxxx" X1 Cavabdeh qarşı pul tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı "xxxx" X4 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya vurulmuş maddi ziyandan qalıq olaraq qalan 639.92 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh idarə etdiyi “Hyundai Sonata” minik markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə, Bakı şəhəri, Sabunçu rayonu, Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" X2 məxsus 1 ədəd “Mitaş” tipli işıq dirəyini və onun 2 ədəd “Philips” 400 vt” işıqlandırıcısını sıradan çıxararaq müəssisəyə 4239.00 manat məbləğində maddi ziyan yetirmişdir. Hadisə ilə bağlı Sabunçu rayon polis idarəsinin təhqiqat şöbəsində xx.xx.2022ci il tarixdə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Həmin qərara, eyni zamanda Sabunçu rayon Məhkəməsinin 3(008)-2353/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs “Hyundai Sonata” minik markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh tanınmışdır. Cavabdeh tərəfindən idarə edilən “Hyundai Sonata” minik markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası "xxxx" ASC-də sığortalanmışdır. Bu səbəbdən, "xxxx" ASC tərəfindən Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X1 bank hesabına mütənasib qaydada 3599.08 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Cavabdeh maddi ziyanın ödənilməsi üçün müəssisəyə dəfələrlə dəvət edilsə də, gəlməməklə ödənişdən imtina etmişdir. Tərəflərin izahatları İddiaçı "xxxx" X4 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən işə nümayəndələrinin iştirakı olmadan baxılması və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə baxış iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar xx.xx.2022-ci il tarixli, AP ******* nömrəli inzibati xəta protokolun surətindən müəyyən olunur ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə saat 18:30 radələrində idarə etdiyi “Hyundai Sonata” minik markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, H.Əliyev prospektində hərəkətdə olarkən manevr qaydasını pozmuş, onunla eyni istiqamətdə solunda düzünə hərəkət edən “Tofaş Şahin” markalı, **- NF-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsindən vuraraq toqquşmuş, nəticədə X3 yüngül bədən xəsarəti almışdır. Avtomobil toqquşmadan sonra idarəetməni itirmiş, fırlanaraq yolun sol hissəsində yerləşən səkiyə və işıq dirəyinə çırpılmışdır. Bakı şəhəri Sabunçu RPİ-nin TŞ-nın baş təhqiqatçısı, polis mayoru X8 tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən müəyyən olunur ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, vətəndaş X3 və Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı xəsarət almaları faktına dair toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi və yol-hərəkət qaydalarını pozaraq yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olmuş Cavabdeh barəsində AR İXM-nin 327.8-ci maddəsi ilə inzibati tədbir görülməsi məqsədilə toplanmış materialın Sabunçu RPİ-nin DYPŞ-si vasitəsilə Sabunçu Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh Sabunçu RPİ-də verdiyi izahatın məzmunundan müəyyən olunur ki, “Hyundai Sonata” markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobili yol vərəqəsi və “B” dərəcəli sürücülük vəsiqəsi əsasında idarə edərək “Bolt” şirkətində taksi kimi fəaliyyət göstərir. xx.xx.2022-ci il tarixdə təxminən saat 20:00 radələrində qeyd olunan avtomobil ilə “Həzi Aslanov” metrostansiyası yaxınlığında olarkən internet üzərindən “Bolt” şirkəti tərəfindən Sabunçu rayonu, Ramana qəsəbəsinə müştəri sifarişi verilmişdir. Adını sonradan Təranə Əhmədova kimi bildiyi qadın avtomaşına əyləşmiş və sifariş üzrə Sabunçu rayonu, Ramana qəsəbəsinə hərəkətə başlamışdır. Beləliklə, Heydər Əliyev prospekti ilə üzü Hava Limanı istiqamətində sağ tərəfdən 5-ci zolağa təxminən 70-80 km/saat sürətlə hərəkətdə olarkən, qarşısında eyni istiqamətdə hərəkətdə olan markasını və dövlət qeydiyyat nişanını bilmədiyi qara rəngli avtomobilin manevr etməsini görüb, hər hansı hadisənin baş verməməsi üçün hərəkətdə olduğu yolun sol hissəsinə, yəni sağ tərəfdən 5-ci zolağa keçdikdə arxadan 5-ci zolaqda hərəkətdə olan “Tofaş” markalı, ** NF *** dövlət qeydiyyat nişanlı avtomobili ön hissəsi ilə idarə etdiyi avtomobilin arxa sol “bamper” hissəsindən vurduqda zərbədən idarə etdiyi avtomobil tam fırlanmış və yol kənarında quraşdırılmış işıq dirəyinə dəymiş, bununla da yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı özü və avtomobildə sərnişin olan Təranə Əhmədova xəsarət almışdır. O, Təranə Əhmədovaya ilkin tibbi yardım göstərərək digər avtomobil ilə evinə göndərmişdir. Bundan sonra hadisə yerinə Bakı şəhəri DYPİ-nin əməkdaşları gələrək müvafiq araşdırma aparmışlar. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş PXA109247 nömrəli sığorta aktının surətindən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, H.Əliyev prospektində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə sığortalanmış “Hyundai Sonata” markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 4239 manat məbləğində müəyyən edilmiş və sığorta ödənişi 3599.08 manat məbləğində hesablanaraq "xxxx" X1 hesabına köçürülmüşdür. "xxxx" X4 tərəfindən tərtib edilmiş smetadan müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, “Koroğlu” metro stansiyasından Heydər Əliyev adına X5 gedən avtomobil yolunda naməlum sürücünün idarə etdiyi “Hyundai” markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yararsız vəziyyətə salınmış, müəssisəyə məxsus işıq dirəyinin bərpasına sərf olunan xərclərin dəyəri – 1) Dayaq “Mitaş” tipli 2 çıraqlı H-14 m işıq dirəyinin dayaq hissəsi 1 ədəd – 2519 manat; 2) İşıqlandırıcı “Philips” 400 vt lampa ilə 2 ədəd – 1720 manat olmaqla, ümumilikdə 4239 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2010-cu il tarixli aktın surətindən müəyyən olunur ki, “Əzizbəyov” metro dairəsindən Heydər Əliyev X5 qədər yeni yolun işıqlandırma sistemi əvəzsiz olaraq "xxxx" X1 balansına təhvil verilmişdir. Təhvil-təslim aktının surətindən müəyyən olunur ki, 1 ədəd Dayaq “Mitaş” tipli 2 konsollu H-14, 2 ədəd işıqlandırıcı “Philips” 400 vt, 28 ədəd kabel M44 2 x 2.5 tam yararsız vəziyyətdə "xxxx" X1 anbarına təhvil verilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(008)-2353/2022 nömrəli qərarından müəyyən olunur ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 200 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 9/4094 nömrəli ekspert rəyindən müəyyən olunur ki, ekspertiza tədqiqatına təqdim edilmiş iş materiallarında olan xx.xx.2022-ci il tarixli, 29 nömrəli akta əsasən, ekspertiza təyini haqqında qərardadda qeyd edilən 01 ədəd “Dayaq Mitaş tipli 2 çıraqlı H-14 m işıq dirəyinin dayaq hissəsi”nin və 02 ədəd işıqlandırıcı “Philips 400 vt lampa”nın istifadədə olması nəzərə alınmaqla, 2022-ci ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzərə qaydada təxminən 4238 manat (01 ədəd “Dayaq Mitaş tipli 2 çıraqlı H-14 m” işıq dirəyi – 2518.70 manat, 02 ədəd “Philips 400 vt” işıqlandırıcı – 1719.30 manat) məbləğində müəyyən edilmişdir Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “Yol hərəkəti” haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əsas anlayışlar. Bu Qanunda aşağıdakı anlayışlardan istifadə olunur: 43) yol-nəqliyyat hadisəsi — yollarda, küçələrdə, meydanlarda, dəmiryol keçidlərində nəqliyyat vasitələrinin hərəkəti prosesində baş verən və adamların həlakına və ya müxtəlif dərəcəli bədən xəsarəti almasına, heyvanların və ya hərəkətsiz maneənin vurulmasına, nəqliyyat vasitələrinin, yolların, qurğuların zədələnməsinə və ya başqa maddi zərər dəyməsinə səbəb olan hadisədir. Maddə 36. Yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları. İ. Yol hərəkətinin iştirakçıları: 1) yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər... 3) yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 115. İşə baxılması ilə əlaqədar məsrəflər. 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.14. məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: 1) törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; 2) əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; 3) törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; 4) zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli Qərarı). Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı "xxxx" X1 balansında olan işıq dirəyinə təqsirli olaraq törətdiyi hüquqa zidd hərəkətləri ilə ziyan vuran şəxs “Hyundai Sonata” minik markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh olmuşdur. Belə ki, hadisənin baş verməsində məhz həmin şəxsin təqsirli olması hadisə ilə bağlı tərtib edilmiş inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş qərarla müəyyən edilir. Hadisədən sonra izahat verən Cavabdeh da Heydər Əliyev prospekti ilə üzü Hava Limanı istiqamətində sağ tərəfdən 5-ci zolağa təxminən 70-80 km/saat sürətlə hərəkətdə olarkən, qarşısında eyni istiqamətdə hərəkətdə olan markasını və dövlət qeydiyyat nişanını bilmədiyi qara rəngli avtomobilin manevr etməsini görüb, hər hansı hadisənin baş verməməsi üçün hərəkətdə olduğu yolun sol hissəsinə, yəni sağ tərəfdən 5-ci zolağa keçdikdə arxadan 5-ci zolaqda hərəkətdə olan “Tofaş” markalı, **-NF- *** dövlət qeydiyyat nişanlı avtomobili ön hissəsi ilə idarə etdiyi avtomobilin arxa sol “bamper” hissəsindən vurduqda zərbədən idarə etdiyi avtomobilin tam fırlandığını və yol kənarında quraşdırılmış işıq dirəyinə dəydiyini, bununla da yol-nəqliyyat hadisəsinin baş verdiyini etiraf etmişdir. Bundan başqa, hadisə ilə bağlı tərtib edilmiş yol nəqliyyat hadisəsinin sxemindən açıq şəkildə görünür ki, qarşısında hərəkət edən avtomobili arxadan vurduqdan sonra işıq dirəyinə vuran “Hyundai Sonata” minik markalı avtomobil olmuşdur. Bütün bu səbəblərdən məhkəmə xx.xx.2022-ci il tarixdə baş verən və işıq dirəyinin vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsində “Hyundai Sonata” minik markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh təqsirli olduğu nəticəsinə gəlir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı "xxxx" X4 hadisə nəticəsində işıq dirəyinə dəymiş zərəri cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Belə olan halda iddiaçı "xxxx" X2 məxsus işıq dirəyinə dəymiş 4239 manat maddi ziyandan qalıq olaraq qalan 639.92 manat məbləğində zərər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, ondan tələb olunan məbləği mübahisələndirmiş və iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 9/4094 nömrəli ekspert rəyindən müəyyən olunur ki, ekspertiza tədqiqatına təqdim edilmiş iş materiallarında olan xx.xx.2022-ci il tarixli, 29 nömrəli akta əsasən, ekspertiza təyini haqqında qərardadda qeyd edilən 01 ədəd “Dayaq Mitaş tipli 2 çıraqlı H-14 m işıq dirəyinin dayaq hissəsi”nin və 02 ədəd işıqlandırıcı “Philips 400 vt lampa”nın istifadədə olması nəzərə alınmaqla, 2022-ci ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzərə qaydada təxminən 4238 manat (01 ədəd “Dayaq Mitaş tipli 2 çıraqlı H-14 m” işıq dirəyi – 2518.70 manat, 02 ədəd “Philips 400 vt” işıqlandırıcı – 1719.30 manat) məbləğində müəyyən edilmişdir Məhkəmə iddia tələbində qeyd olunan məbləğlə ekspert rəyində qeyd olunan məbləğlərin yaxın olmasını nəzərə alaraq, hazırkı iş üzrə alınmış müvafiq ekspert rəyi ilə razılaşır və cavabdehdən dəymiş maddi ziyandan qalıq olaraq qalan 639.92 manat məbləğində pul vəsaitinin tutulmalı olması nəticəsinə gəlir. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən dövlət rüsumu ödəməkdən azad edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilməmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bundan əlavə, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası nəticəsində verilmiş ekspert rəyinə əlavə edilən ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində müəyyən edilmişdir. Odur ki, 50 manat məbləğində ekspertiza xərci cavabdehdən tutularaq ekspertiza həyata keçirən orqanın hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 639.92 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" X2 ödənilməli, ödənilməmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməli və 50 manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq ekspertiza həyata keçirən orqanın hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 639.92 (altı yüz otuz doqquz manat doxsan iki qəpik) manat məbləğində pul tutularaq "xxxx" X2 ödənilsin. Ödənilməmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Cavabdeh 50 (əlli) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP (XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fəridə Rzayeva
Məhkəmə qərarları › İş №e-2(010)-2203/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2203/2024
06.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver