Məhkəmə qərarları › İş №e-2(010)-2225/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2225/2024

11.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2225/2024 11.06.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədrliyi Quliyeva Leyla Məmməd qızının katibliyi ilə, İddiaçı Daryabaricavad Cavid Qurbanəli oğlunun cavabdeh Məhərrəmov Teymur İsrail oğluna qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Daryabaricavad Cavid Qurbanəli oğlunun cavabdeh Məhərrəmov Teymur İsrail oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Məhərrəmov Teymur İsrail oğlundan 14500 manat məbləğində borcun, 350 manat hüquqi yardıma görə ödədiyi pulun və məhkəmə üçün ödənilmiş 135 manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Dilarə Əliyeva 198 küçəsində yerləşən və anasına məxsus olan mənzildə mebel, qapı və plintus quraşdırılması üçün Məhərrəmov Teymur İsrail oğluna 05 dekabr 2021-ci il tarixində 1000 manat və 10 dekabr 2021-ci il tarixində 13500 manat olmaqla, ümumilikdə 14500 manat məbləğində pul vermişdir. Lakin Məhərrəmov Teymur İsrail oğlu onu aldadaraq, öz işini yerinə yetirməmişdir. Bundan sonra o, məcbur qalıb pulunun qaytarılmasını ondan tələb etmişdir. Lakin Teymur müxtəlif bəhanələrlə pulu qaytarmaqdan imtina etmişdir. Göründüyü kimi, borcludan pul vəsaitini ala bilmədiyi üçün məhkəmə müdaxiləsi zərurəti yaranmışdır. Tərəflərin izahatları. İş üzrə iddiaçı Daryabaricavad Cavid Qurbanəli oğlunun nümayəndəsi və vəkili Rzayev Elvin Rəşid oğlu məhkəməyə ərizə ünvanlayaraq, mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçı Daryabaricavad Cavid Qurbanəli oğlunun nümayəndəsi və vəkili Rzayev Elvin Rəşid oğlu iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdeh Məhərrəmov Teymur İsrail oğlu iddiaçını aldadaraq 2 dəfə pul almışdır. Lakin müqabilində heç bir iş görməmişdir. Bundan sonra iddiaçı məcbur qalıb pulunun qaytarılmasını ondan tələb etmişdir. Lakin Teymur müxtəlif bəhanələrlə pulu qaytarmaqdan imtina etmişdir. Hazırda da ümumiyyətlə cavabdehlə əlaqə saxlaya bilmirlər. İş üzrə cavabdeh Məhərrəmov Teymur İsrail oğluna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İş materialları. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 20.02.2024-cü il tarixli arayışından görünür ki, Məhərrəmov Teymur İsrail oğlu Bakı şəhəri, Suraxanı rayonu, V yaşayış sahəsi, ev 23, mənzil 62 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 05.12.2021-ci il tarixli əl yazısında qeyd edilir ki, “Mən Məhərrəmov Teymur İsrail oğlu Dilarə Əliyeva 198 küçəsində yerləşən və Cəfərova Azadəyə məxsus olan 7 qapı və 130 metr plintus üçün 1440 manat ödənişdən 1000 manat pul aldım. Geriyə qaldı 440 manat.” Sənəd Məhərrəmov Teymur İsrail oğlunun imzası ilə təsdiq olunmuşdur. İş materiallarında olan 10.12.2021-ci il tarixli tarixli əl yazısında qeyd edilir ki, “Mən Məhərrəmov Teymur İsrail oğlu Dilarə Əliyeva 198 küçəsində yerləşən və Cəfərova Azadəyə məxsus olan mənzildə 1 ədəd dəhliz dolabı, 1 ədəd dəhlizdə yerləşən kiçik dolab, 1 ədəd çamaşırxana dolabı, 1 ədəd qarderobda olan dolab işləri və 1 ədəd mətbəx mebelinə görə Daryabaricavad Caviddən 13500 manat avans olaraq ödəniş aldım. Ümumi müqavilə qiyməti 17500 manat təşkil edir. Görüləcək işlər 31.05.2022-ci ilə qədər tam şəkildə təhvil veriləcək. Verilmədiyi təqdirdə ödəniş tam olaraq geri qaytarılacaq.” Sənəd Məhərrəmov Teymur İsrail oğlunun imzası ilə təsdiq olunmuşdur. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.... Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.... Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir.Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq... Maddə 399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 399.2. Tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir. 399.3. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427. Öhdəliyin icrası müddəti 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər.... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Maddə 441. Öhdəliklərin qarşılıqlı icrası 441.1. Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. 441.2. Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 441.3. Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər.... Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.... 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur.... Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur.... 445.8. Kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır. Maddə 447. İkitərəfli müqavilələrdə öhdəliklərin icra edilməməsi 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur.... 447.7. Müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər müqavilədən çıxmaq üçün əsas borclunun təqsiri üzündən yaranmamışsa, bu qayda tətbiq edilmir. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.3. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Maddə 456. Borclunun öz işçilərinin hərəkətləri üçün məsuliyyəti Borclunun öhdəliyini icra etmək üçün onun işçilərinin yerinə yetirdikləri hərəkətlər borclunun hərəkətləri sayılır. Əgər həmin hərəkətlər öhdəliyin icra edilməməsinə və lazımınca icra edilməməsinə səbəb olmuşsa, borclu bu hərəkətlər üçün məsuliyyət daşıyır. Maddə 459. İlkin vəziyyəti bərpa etmək vəzifəsi 459.1. Zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir.... 459.6. Qabaqcadan razılaşmaya əsaslanaraq, öhdəliyin pozulması nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan imtina etmək yolverilməzdir. 459.7. Zərərin həcmi müəyyənləşdirilərkən öhdəliyin lazımınca icrası barəsində kreditorun mənafeləri də nəzərə alınmalıdır. Zərərin həcminin müəyyənləşdirilməsi üçün müqavilənin icrası yeri və vaxtı da nəzərə alınmalıdır. Maddə 752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Maddə 753. Muzd barəsində razılaşma 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.....Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.... Maddə 759. Podrat müqaviləsinin ləğvi 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Maddə 769. Yerinə yetirilmiş iş üçün muzd ödənilməsi Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.... Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda - 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə tərəfin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, tərəflər arasında azad surətdə müqavilə bağlanmış və müqavilə şərtləri müəyyənləşdirilmişdir. Tərəflər arasında bağlanmış müqavilə mahiyyətcə şifahi podrat müqaviləsidir. Müqavilədə Bakı şəhəri, Dilarə Əliyeva 198 küçəsində yerləşən və iddiaçının anasına məxsus olan mənzildə cavabdeh tərəfindən mebel, qapı və plintus quraşdırılması nəzərdə tutulmuşdur. Müqaviləyə əsasən cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməli və qeyd etdiyi müddətdə mənzildə sözügedən quraşdırılma işlərini yerinə yetirməklə, iddiaçıya təhvil verməli idi. Belə ki, qanunvericiliyə əsasən, podrat müqaviləsinin formasına xüsusi tələblər yoxdur, həmin müqavilə istənilən (şifahi və ya yazılı) formada bağlana bilər. Cavabdeh Məhərrəmov Teymur İsrail oğlu 05.12.2021-ci il tarixdə və 10.12.2021-ci il tarixdə podrat müqaviləsi üzrə ödənişlərin qəbul edilməsi barədə sənəd imzalamışdır. Sənədlərdən görünür ki, Məhərrəmov Teymur İsrail oğlu Daryabaricavad Cavid Qurbanəli oğlundan Bakı şəhəri, Dilarə Əliyeva 198 küçəsində yerləşən və Cəfərova Azadəyə (iddiaçının anası) məxsus olan mənzildə mebel, qapı, plintus, dolablar və s. quraşdırılması məqsədi ilə ümumilikdə 14500 manat pul almışdır və qarşılığında 31.05.2022-ci il tarixə qədər götürdüyü öhdəliyi yerinə yetirməyi vəd etmişdir. Tərəflər arasında olan podrat müqaviləsinə əsasən müəyyən öhdəliklər yaranmış, iddiaçı müqavilənin şərtlərinə uyğun olaraq öz öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımınca və vaxtında icra etməmişdir. Belə olduğu halda yuxarıda sadalanan qanunvericilik aktların normaları baxımından, məhkəmə hazırki iddia tələbi üzrə cavabdehin hərəkətlərini öhdəliyin icra edilməməsi kimi qiymətləndirir və bu nəticəyə gəlir ki, sonuncu kreditora dəymiş zərərin əvəzini ödəməyə, yəni öhdəliyini icra etməməsi ilə bağlı iddiaçıya müqavilə üzrə aldıqlarını qaytarmalıdır. Həmçinin, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmiş, öz etirazlarını məhkəməyə təqdim etməmişdir. İddiaçı Daryabaricavad Cavid Qurbanəli oğlu tərəfindən hüquqi yardıma görə ödənilən 350 manat məbləğinin cavabdehdən tələb edilməsi barədə məhkəmə qeyd edir ki, iddiaçı buna dair heç bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir, buna görə də, bu hissədə iddia tələbi təmin edilməməlidir. Beləliklə, bütün bunları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə, cavabdeh Məhərrəmov Teymur İsrail oğlundan 14500 manat məbləğində pul tutularaq iddiaçı Daryabaricavad Cavid Qurbanəli oğluna ödənilməlidir. Məhkəmə xərcləri. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddia qiymətinə mütənasib dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olan 133.5 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 357, 358, 360 və 362-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Məhərrəmov Teymur İsrail oğlundan 14500 manat borc və ödənilən 133.5 manat dövlət rüsumu tutularaq iddiaçı Daryabaricavad Cavid Qurbanəli oğluna ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar