Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2261/2023 01.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi "xxxx" X3 vurulmuş 1937.50 (bir min doqquz yüz otuz yeddi manat əlli qəpik) manat məbləğində maddi ziyanın müştərək qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq iddiaçının xeyrinə ödənilməsi. İddia tələbinin dəlilləri xx.xx.2023-cü il tarixdə Cavabdeh2 idarə etdiyi, mülkiyyət hüququ Cavabdeh1 məxsus “HOWO ZZ3257N3847A yük” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini, Bakı şəhəri, Xətai rayonu, Zığ yolunda idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" X3 məxsus 1 ədəd işıq dirəyini sıradan çıxararaq müəssisəyə 1937.50 (bir min doqquz yüz otuz yeddi manat əlli qəpik) manat məbləğində maddi ziyan yetirmişdir. Hadisə ilə bağlı Bakı şəhər DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilən İXP ******* saylı inzibati xəta haqqında protokola və xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh2 tanınmışdır. xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində müəssisəsinə dəymiş 1937.50 (bir min doqquz yüz otuz yeddi manat əlli qəpik) manat məbləğində maddi ziyan cavabdehlərdən tutularaq "xxxx" X5 ödənilməlidir. Cavabdehlər maddi ziyanın ödənilməsi üçün Müəssisəsinə dəfələrlə dəvət edilsə də, gəlməməklə ödənişdən imtina etmişlər. Tərəflərin izahatları Məhkəmə iclasında İddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edərək izahatında iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul edərək, izahatında göstərmişdir ki, o, hadisə baş verən zaman içkili olmamış və yanında avtomaşının sahibi Cavabdeh1 olmuşdur. Cavabdeh1 ona “HOWO ZZ3257N3847A yük” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etməyi etibarnamə verərək etibar etmişdir. Hadisə zamanı avtomaşın yoldakı dəmirlərə dəymiş, başqa nəqliyyat vasitələrinə dəyməmişdir. Onun iddiaçının tələb etdiyi məbləği birdəfəyə ödəməyə imkanı yoxdur, lakin həmin məbləği ödəməyi qəbul edir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 01:20-də “HOWO ZZ3257N3847A yük” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh2 tərəfindən yol nəqliyyat hadisəsi törədilmişdir. xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilənərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. «Akkord» Şirkətlər Qrupunun Baş energetiki Şəmilov E.H., mühəndis Abasov A. C., digər tərəfdən "xxxx" EŞM baş mühəndisi T.Məmmədov, direktor müavini M.Babayev, baş mühasib C.Böyük-zadə, Xətai TUXC-nin rəisi N.Əkbərov, Suraxanı TlXC-nin rəisi A.Bağırov, Əzizbəyov TlXC-nin rəisi A.Zeynalzadənin iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, Naxçıvanski dairəsi Aeroport yolunun kəsişməsində yerləşən yol ötürücüsünün işıqlandırma sistemini əvəzsiz olaraq birinci tərəf "xxxx" EŞM-nin balansına təhvil verir. Xətai TİR-nin rəis E.Bəşirzadənin, iş icraçısı Z.Məmmədlovun, elektrik mantyorları S.Əliyevin və H.Şahbazinin iştirakı ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Zığ şossesi ünvanında xx.xx.2023-cü il tarixdə işıq dirəyini vurmuşdur. Dirək paslanmamış 2008 il buraxılışlı, 1 ədəd 1860,00; işıqlandırma piltəsi ilə 400 vt lampa 2008 il buraxılışlı, 2 ədəd, 77.50 manat olmaqla, cəmi 1937.50 manat məbləğ dəyərindədir. xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, Cavabdeh1 “HOWO ZZ3257N3847A yük” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etməyi Cavabdeh2 etibar etmişdir. Etibarnamə xx.xx.2032-ci il tarixə saat 23:59-dək qüvvədədir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 52.2-ci maddəsinin tələblərinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinin ikinci cümləsində isə göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarına əsasən müəyyən edir ki, cavabdeh X7 xx.xx.2023-cü il tarixində, saat 01:20 radələrində etibarnamə əsasında Cavabdeh1 məxsus “HOWO ZZ3257N3847A yük” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozmuş, nəticədə iddiaçıya məxsus 1 ədəd işıq dirəyinə zərər yetirməklə iddiaçıya cəmi 1937.50 manat məbləğində maddi ziyan yetirmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Cavabdeh2 iddia tələbini qəbul etməklə vurulmuş ziyan məbləği ilə razılaşır, iddiaçı isə hesab edir ki, ziyan məbləği hər iki cavabdehdən tutulmalıdır və bu tələbini onunla əsaslandırır ki, Cavabdeh1 avtomobilin mülkiyyətçisidir və ona görə də, vurulan ziyana görə də, onlar birgə məsuliyyət daşımalıdırlar. Hazırda iddiaçı, "xxxx" X3 vurulmuş 1937.50 (bir min doqquz yüz otuz yeddi manat əlli qəpik) manat məbləğində maddi ziyanın müştərək qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh2 izahatını və iş üzrə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iş materillarına əsasən müəyyən edir ki, Cavabdeh2 iddianı etiraf etmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh2 iddianı etiraf etməsi qəbul edilməlidir. Yuxarıda sadalanan iddia tələbinin etiraf edilməsi ilə bağlı normalardan görünür ki, iddia tələbinin etiraf edilməsi cavabdehin hüququdur. Cavabdeh bu hüquqdan istifadə etdikdə, yəni iddia tələbini etiraf etdikdə isə məhkəmə iki məsələni araşdırılmalıdır birincisi bunun qanuna zidd olub-olmaması, ikincisi hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozub-pozmaması. Yalnız bu hallar və ya onlardan hər hansı biri müəyyən olunduqda məhkəmə iddianın etiraf edilməsini qəbul etmir və mübahisəyə mahiyyəti üzrə baxır. Digər hallarda isə cavabdeh tərəfindən iddianın etiraf edilməsi məhkəmə tərəfindən təsdiq edilir, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır və qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Eyni zamanda iddianın etiraf edilməsinin qanuna zidd olub-olmaması yalnız iddia tələblərinin özü-özlüyündə əsaslı olub-olmamasından asılıdır. Yəni iddia buna müvafiq subyektiv hüquqa malik olan şəxs tərəfindən və iddiaya cavab verməli olan şəxsə qarşı qaldırılıbsa, həmçinin iddiaçının özünün bildirdiyi hallar və mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normaları iddianın əsaslı olması nəticəsinə gəlməyə əsas verirsə, cavabdeh tərəfindən iddianın etiraf edilməsi qanuna zidd hesab edilə bilməz. Hazırkı iş üzrə Cavabdeh2 tərəfindən iddianın etiraf edilməsinin qanuna zidd hesab edilməsi üçün isə heç bir əsas yoxdur. Ona görə də, məhkəmə iddia tələbinin Cavabdeh2 münasibətdə təmin edilməsi qənaətinə gəlir. Məhkəmə iddia tələbini Cavabdeh1 münasibətdə isə əsaslı saymır və qeyd edir ki, işə əlavə edilmiş sənədlərdən görünür ki, qəza baş verən zaman Cavabdeh2 avtomobili etibarnamə əsasında idarə etmişdir. Bu hal onu deməyə əsas verir ki, yüksək təhlükə mənbəyi sayılan avtomobil Cavabdeh1 mülkiyyətində olsa da, qəza zamanı qanuni əsaslarla Cavabdeh2 sahibliyində olmuşdur. Deməli, yüksək təhlükə mənbəyi sayılan avtomobilin Cavabdeh2 qanunsuz (etibarnamə olmadan onun idarəçiliyinə vermək və ya avtomobili nəzarətsiz buraxmaq halı) verilməsi halı olmadığına görə Mülki Məcəllənin 1097.1-ci maddəsinin tələbi baxımından zərərin əvəzinin ödənilməsi Cavabdeh1 tələb edilə bilməz. Məhkəmə həmçinin nəzərə almışdır ki, iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanılmalıdır. Məhkəmənin gəldiyi nəticə Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" X2 iddiası qismən təmin edilməli, Cavabdeh2 vurulmuş maddi zərərə görə 1937,50 (bir min doqquz yüz otuz yeddi manat əlli qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçının xeyrinə ödənilməli, iddia Cavabdeh1 aid hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 vurulmuş maddi zərərə görə 1937,50 (bir min doqquz yüz otuz yeddi manat əlli qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" X2 xeyrinə ödənilsin. İddia Cavabdeh1 aid hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №e-2(010)-2261/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2261/2023
01.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver