Məhkəmə qərarları › İş №e-2(010)-2309/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2309/2024

10.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2309/2024 10.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızı İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 2759 nömrəli «Nisyə alqı-satqı haqqında» Müqavilə üzrə qalıq ümumi borc məbləği olan cəmi 434 (dörd yüz otuz dörd) manat borcun, 11 (on bir) manat, 78 (yetmiş səkkiz) qəpik cərimə məbləğinin, 30 (otuz) manat dövlət rüsumu qismində ödənilmiş məbləğin, 8 (səkkiz) manat xəbərdarlıq poçt qəbzi üçün ödənilmiş məbləğin, ümumilikdə 475 (dörd yüz yetmiş beş) manat, 78 (yetmiş səkkiz) qəpik məbləğin Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması. Hazırki iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 284-1 Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1 Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2 Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd edir ki, mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehə poçt vasitəsi ilə “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququ, eləcə də digər prosessual hüquq və vəzifələrin izahı haqqında bildiriş və iddia ərizəsinin surəti göndərilmiş, lakin bugünə kimi cavabdehin iddia ərizəsinə etirazı məhkəməyə daxil olmamışdır. Qeyd edilənləri, eləcə də iddiaçının təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq, məhkəmə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. İddia tələbinin dəlilləri İddiaçı MMC ilə fiziki şəxs Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, 2759 nömrəli «Nisyə alqı-satqı haqqında» bağlanmış müqaviləyə əsasən Satış obyekti olan yeni (işlənməmiş) “Bioton” cihazı xx.xx.2023-cü il tarixli Təhvil-təslim aktına əsasən Cavabdeh təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli Təhvil- təslim aktı Cavabdeh tərəfindən şəxsən imzalanmış və həmin akta əsasən o, “təhvil aldığı predmetlərin (əşyaların, cihazların və ya məhsulların) öz funksiyalarını tam şəkildə yerinə yetirdiklərini və qeyd olunmuş bütün predmetlərin arzu etdiyi keyfiyyətə sahib olduqlarını” təsdiq etmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli «Müqavilə»nin 2.2-ci bəndinə əsasən, satış obyektinin toplam satış qiyməti 744 (yeddi yüz qırx dörd) manat müəyyən edilmişdir. Müqavilə üzrə öhdəliyin icrası Cavabdeh tərəfindən birtərəfli qaydada pozulmuş, xx.xx.2024-cü il tarixdə 62 (altmış iki) manat ödəniş icra edilməmişdir. Ödəniş mərhələlərinə uyğun olaraq Cavabdeh tərəfindən ödəniş edilməməsi, müqavilənin ödəniş şərtlərinin birtərəfli qaydada dəyişdirilməsi və ya pozulması anlamına gəlir. İddiaçı MMC iləCavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 2759 nömrəli «Nisyə alqı-satqı haqqında» Müqavilənin 5.2-ci bəndinə əsasən, bu Müqavilə üzrə mübahisələr «Tərəflər»in öz aralarında pretenziya irəli sürülməsi qaydası ilə həll edilir. Belə ki, ilk növbədə «Müqavilə»nin 2.3-cü bəndində qeyd edilmiş ödəniş mərhələsi və tarixinə uyğun olaraq öhdəliyinin icra edilməsinə dair İddiaçı MMC tərəfindən Cavabdeh bir neçə dəfə telefon vasitəsi ilə məlumat verilməklə ödəniş edilməsi tələb edilmişdir. İddiaçı MMC tərəfindən mövcud mübahisənin danışıqlar vasitəsilə həll edilməsi istiqamətində dəfələrlə cavabdeh ilə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir nəticə verməmişdir. Daha sonra, müqavilə üzrə yaranmış mübahisənin məhkəmədən kənar qaydada, məhkəməyə qədər (pretenziya qaydasında) həll edilməsi məqsədi ilə «Müqavilə»nin 2.3-cü bəndində qeyd edilmiş ödəniş mərhələsi və tarixinə uyğun olaraq öhdəliyinin icra edilməsinə dair İddiaçı MMC tərəfindən xx.xx.2024-cü il tarixdə Cavabdehnun ünvanına xəbərdarlıq məktubu göndərilmişdir. Xəbərdarlıq məktubunun çatmasından sonra cavabdeh müqavilə üzrə öhdəliyini icra etməmişdir ki, bu kimi hal da öz növbəsində həm qanunvericiliyin, həm də müqavilənin tələblərinin kobud şəkildə pozulması deməkdir. İş materiallarına əlavə edilmiş: xx.xx.2023-cü il tarixli, 2759 nömrəli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən İddiaçı MMC yeni (işlənməmiş) “Bioton” cihazı Cavabdeh verməyi, Cavabdeh isə bunun müqabilində ilkin ödəniş etmədən, 12 ay müddətinə ayda 62 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, borclu Cavabdeh İddiaçı MMC-yə xx.xx.2023-cü il tarixli, 2759 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 249,79 manat ödənilməmiş hissə, 24.21 manat cərimə olmaqla, ümumilikdə 274 manat məbləğində borcu vardır. "xxxx" MMC-nin bildirişindən görünür ki, iddiaçı tərəfindən cavabdeh müqavilənin şərtlərini tam şəkildə yerinə yetirmədiyi təqdirdə məhkəmədə barəsində iddia qaldılmasına dair xəbərdar edilmişdir. Tətbiq olunan hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1 Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2 Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. 600.4 Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1 Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 427.3 Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442 Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 465.2 Borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467 Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli, 2759 nömrəli nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqısatqı qiyməti 744 manat olan özünə məxsus yeni (işlənməmiş) “Bioton” cihazı Cavabdeh vermiş, cavabdeh isə həmin malı qəbul etmiş və ilkin ödəniş etmədən, bunun müqabilində ilkin ödəniş etmədən, 12 ay müddətinə ayda 62 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əsasən məhkəmə müəyyən edir ki, cavabdehin xx.xx.2023-cü il tarixli, 2759 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 249,79 manat ödənilməmiş hissə, 24.21 manat cərimə olmaqla, ümumilikdə 274 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə xəbərdarlıq edilmiş, lakin bundan sonra da cavabdeh müqavilə şərtlərini lazımınca icra etməmiş və iddiaçıya ödənilməli olan vəsaiti müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh alqı-satqı müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyindən iddiaçı hazırki iddia tələbini irəli sürməkdə haqlıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə sözü gedən normanı rəhbər tutaraq xx.xx.2023-cü il tarixli, 2759 nömrəli müqavilə üzrə cərimə borcunun 10 manat miqdarında müəyyən edilməsini ağlabatan hesab edir. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli, 2759 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə əsas borca görə 434 manat, cərimə borcuna görə 10 manat olmaqla, cəmi 444 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı xeyrinə ödənilməlidir. İddia qalan hisssədə təmin edilməməlidir.

Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 30 manat məbləğdə və xəbərdarlıq poçt qəbzinə görə 8 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir.

Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, 2759 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə əsas borca görə 434 (dörd yüz otuz dörd) manat, cərimə borcuna görə 10 (on) manat, ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat və xəbərdarlıq poçt qəbzinə görə 8 manat məbləğində olmaqla, cəmi 482 (dörd yüz səksən iki) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar