Məhkəmə qərarları › İş №e-2(010)-231/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-231/2023

31.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-231/2023 31.01.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin ödənilməsi, kredit faizlərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh1 12500 (on iki min beş yüz) manat məbləğində əsas borcu, 740 (yeddi yüz qırx) manat faiz borcu, 1002 (Bir min iki) manat cərimə borcu olmaqla, cəmi 14242 (on dörd min iki yüz qırx iki) manat, digər Cavabdeh2 5000 (beş min) manat əldən çıxmış faydanın və 133 (bir yüz otuz üç) manat dövlət rüsumunun tutularaq iddiaçı PROKREDİT BOKT ASC-yə ödənilməsi. İddia tələbinin dəlilləri "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli PKLMB-0612 saylı kredit müqaviləsinə əsasən sonuncuya şəxsi məqsədlər üçün 24 ay müddətinə, illik 28% dərəcəsi ödəmək şərti ilə 12 500 (on iki min beş yüz) manat məbləğində kredit verilmişdir. Lakin sonradan iddiaçıya məlum olmuşdur ki, "PROKREDİT BOKT” ASC-nin keçmiş əməkdaşı və həmin dövrdə "kredit mütəxəssisi" vəzifəsində çalışan digər Cavabdeh2 tərəfindən Cavabdeh1 kredit verilməməli olduğu halda və sözügedən kreditin geri qayıtmayan kredit olduğu bilinərək kredit verilmiş yəni Cavabdeh1 kredit əldə etmək üçün mövcud şərtlərə cavab verib verməməsi düzgün araşdırılmamışdır. Nəticə olaraq Cavabdeh1 tərəfindən 12500 manat əsas, 740 manat faiz və 1002 manat cərimə qalıq borc vəsaiti ödənilməmişdir. Bununla da işə əlavə edilmiş maliyyə arayışına əsasən, Cavabdeh1. Azər oğlundan 12500 (On iki min beş yüz) manat məbləğində əsas borcu, 740 (Yeddi yüz qırx) manat faiz borcu. 1002 (Bir min iki) manat cərimə borcu olmaqla, cəmi 14242 (On dörd min iki yüz qırx iki) manat qalıq borc vəsaitinin, digər Cavabdeh2 isə işini düzgün icra etməməsi səbəbilə vurulmuş ziyana görə 5000 manat miqdarında əldən çıxmış faydanın tələb olunması zərurəti yaranmışdır. Tərəflərin izahatları İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 izahatında göstərdi ki, iddianı müdafiə edir və təmin edilməsini xahiş edir. O, bildirdi ki, Cavabdeh1la girov müqaviləsi formal olaraq bağlanılmış, sözügedən zinət əşyaları ondan təhvil alınmamışdır. Aktda imzası olan X3 artı q cəmiyyətin işçisi deyil. Hər bir halda girov müqaviləsi Cavabdeh1 cəmiyyət qarşısında öhdəliyinin icrası üsuludur, əlavə öhdəlikdir. Bu cür müqavilənin olması borclunun üzərinə götürdüyü öhdəliyi icra etmədiyi təqdirdə kreditin vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququnu məhdudlaşdırmır. Cavabdeh1 izahatında göstərmişdir ki, o, iddianı qəbul etmir. Belə ki, o, "xxxx" ASCdən kredit alan zaman qızıl əşyalarını banka girov qoymuşdur. Onunla iddiaçı arasında girov müqaviləsi bağlansa da, bank ona bildirmişdir ki, o, banka qızıl verməmişdir, bankın girov müqaviləsindən məlumatı yoxdur. O, banka təklif etmişdir ki, girov götürdükləri qızılları götürüb kredit borcunu bağlasınlar. Lakin iddiaçı ondan qızıl götürülmədiyini bildirir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə iclasa gəlməyən Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: xx.xx.2021-ci il tarixli PKLMB-0612 saylı kredit müqaviləsindən müəyyən olunur ki, "xxxx" ASC-dən 24 ay müddətinə, illik 28% dərəcəsi ödəmək şərti ilə 12 500 (on iki min beş yüz) manat məbləğində borcunun qaytarılmasını Cavabdeh1 öz üzərinə götürmüşdür. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 ilə təşkilat arasında bağlanmış xx.xx.2021-ci il tarixli PKLMB- 0612 saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən götürdüyü 12500 (On iki min beş yüz) manat məbləğində kreditdən təşkilata xx.xx.2022-ci il tarixə ödənilməmiş 12500 (On iki min beş yüz) manat məbləğində əsas borcu, 740 (Yeddi yüz qırx) manat faiz borcu, 1002 (Bir min iki) manat cərimə borcu olmaqla, cəmi 14242 (On dörd min iki yüz qırx iki) manat məbləğində borcu qalmışdır. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli Cavabdeh1 ünvanladığı xəbərdarlıq məktubundan görünür ki, "xxxx" ASC tərəfindən cavabdeh müqavilənin şərtlərini tam şəkildə yerinə yetirmədiyi təqdirdə məhkəmədə barəsində iddia qaldılmasına dair xəbərdar edilmişdir. xx.xx.2023-cü il tarixdə AZEMİS vasitəsi ilə məhkəməyə ünvanlanmış Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil etirazından görünür ki, o, iddianın Cavabdeh2 hissəsinə etiraz edir. İddia ərizəsində Cavabdeh2 ASC-nin əməkdaşı olduğu və guya onun səhlənkarlığı nəticəsində digər Cavabdeh1 kredit verildiyi qeyd edilir. Bu əsasların heç biri ilə razılaşmır. Belə ki, Cavabdeh2 ASC-də kişik kredit mütəxəssisi vəzifəsində işləmiş və kredit verilməsi üçün yekun qərarı verən vəzifəli şəxs olmamışdır. Eyni tələblə əlaqədar iddiaçı digər məhkəmədə -Bakı şəhəri Xətai rayon Məhkəməsinə də müraciət etmiş və iddia ərizəsi Cavabdeh2 hissədə təmin edilməmişdir. İddiaçı "xxxx" ASC Cavabdeh2 qarşı qərəzli mövqe tutmuş və onun əmək hüquqlarını da kobud şəkildə pozmuşdur. Bu barədə artıq aidiyyatı məhkəmə orqanına iddia ərizəsi təqdim edilmişdir. İddiaçı tərəf Cavabdeh2 adına da ayrı-ayrı vaxtlarda digər şəxslərə verdiyi kreditləri “pərdələmək” üçün uydurma kredit müqavilələri bağlamışdır. Bütün bu hallar iddiaçının Cavabdeh2 qarşı qərəzli olmasından xəbər verir. Həmçinin, bildirirəm ki, Cavabdeh2 Bakı şəhəri, Suraxanı rayonunda qeydiyyatda olması kimi faktdan istifadə edərək iddiaçı onu iddiaçı qismində istifadə etmişdir. Nəzərə alaq ki, digər Cavabdeh1 Naxçıvan MR-da qeydiyyatdadır. İddia ərizəsində Cavabdeh2la bağlı heç bir sübut məhkəmənin diqqətinə çatdırılmır, yalnız formal mülahizələrdən istifadə olunaraq məhkəmədən əsassız tələbin təmin olunması xahiş olunur. Tətbiq edilən hüquq 269.1 Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 269.7. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. 739 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442 Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 465.2 Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. 467 Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 107 Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi Borc müqaviləsinə verilən anlayışdan görünür ki, həmin müqavilə, tərəflərin bu barədə razılığa gəldikləri (yazılı bağlandıqda tərəflərin onu imzaladığı) andan bağlanmış sayılır. Müqavilə üzrə borc verənin öhdəliyi razılaşdırılmış borc predmetinin (kredit müqaviləsi üzrə pul vəsaitinin) borc alanın mülkiyyətinə verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Borc alanın aldığını eyni ilə qaytarmaq öhdəliyi isə borc predmetini (kredit müqaviləsi üzrə pul vəsaitini) aldıqdan sonra yaranmış olur. İşin mübahisəsiz halıdır ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanılmış və iddiaçı müqavilədə nəzərdə tutulmuş 12 500 (on iki min beş yüz) manat məbləğində pul vəsaitini həmin cavabdehin sərəncamına verməklə öhdəliyini icra etmişdir. Cavabdeh1 aldığı pul vəsaitini müqavilənin əlavəsi olan ödəniş qrafikinə uyğun ödəməmiş, bununla da öhdəliyini icra etməmişdir. İş materiallarından müəyyən olunur ki, Cavabdeh1 iddiaçıya 12500 (on iki min beş yüz) manat məbləğində əsas borcu, 740 (yeddi yüz qırx) manat faiz borcu, 1002 (bir min iki) manat cərimə borcu olmaqla, cəmi 14242 (on dörd min iki yüz qırx iki) manat məbləğində borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehlərə dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da onlar müqavilə şərtlərini lazımınca icra etməmiş və iddiaçıya ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Cavabdeh1 iddiaçı ilə onun arasında bağlanmış olan girov müqaviləsinə istinad edərək iddianı qəbul etməməsinə və tələbin girova yönəldilməli olunmasını bildirməsinə münasibətdə məhkəmə qeyd edir ki, girov girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Qanunvericiliyin normalarından göründüyü kimi, girov müqaviləsinin olmaması kreditoru borclunun öhdəliyi icra etmədiyi halda ondan məhkəmə qaydasında öhdəliyin icrasını tələb etmək hüququndan məhrum etmədiyindən, tələbin girov qoyulmuş əşyaya yönəldilməsi kreditorun vəzifəsi deyil, hüququ olduğundan, bununla da iddiaçı Cavabdeh1 münasibətdə hazırki iddia tələbini irəli sürməkdə haqlı olduğundan girov müqaviləsi ilə bağlı tərəflərin bildirdiyi hallara qiymət verilməsinə məhkəmə zərurət bilməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı 1002 manat məbləğində cərimə ödənilməsi tələbi irəli sürsə də məhkəmə sözü gedən normanı rəhbər tutaraq cərimə borcunun 50 manat miqdarında müəyyən edilməsini ağlabatan hesab edir. Məhkəmə, digər Cavabdeh2 5000 manat əldən çıxmış faydanın tutulması hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. İddia ərizəsinin məzmunundan da göründüyü kimi, iddiaçı 5000 manat pulu özünün əldən çıxmış faydası kimi tələb edir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir, iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı, Cavabdeh2 Cavabdeh1 kredit verməməli olduğunu bildiyi halda sonuncuya kredit verildiyini sübut edə bilmədiyindən iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələri müəyyən edir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-nin 77.1-ci maddəsinə əsasən İddianı irəli sürən, yaxud iddiaya qarşı etiraz edən edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. Qeyd olunan müddəalardan da göründüyü kimi, sübutlar işin məhkəmədə hərtəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi üçün xüsusi əhəmiyyət kəsb edir. Məhkəmədə mülki işin başlaması üçün fiziki və yaxud hüquqi şəxsin öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etməsi kifayət olduğu halda mülki işin məhkəmədə hərtəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi sübutlarsız mümkün deyil. Beləliklə, məhkəmə iş materiallarında olan sübutları araşdırıb belə bir nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 xx.xx.2021-ci il tarixli PKLMB-0612 saylı kredit müqaviləsi üzrə əsas borca görə 12500 (on iki min beş yüz) manat, faiz borcuna görə 740 (yeddi yüz qırx) manat, 50 (əlli) manat cərimə borcu olmaqla, cəmi 13290 (on üç min iki yüz doxsan) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin nəzərə almışdır ki, iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanılmalıdır. Məhkəmə xərcləri Qanunvericiliyin yuxarıda sadalanan normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddianın təmin olunması nisbətində tərəflərə aid edilməli, dövlət rüsumunun 40 (qırx) manat hissəsi iddiaçıya aid edilməli, qalan 93 (doxsan üç) manat isə Cavabdeh1 tutulmaqla iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli PKLMB-0612 saylı kredit müqaviləsi üzrə əsas borca görə 12500 (on iki min beş yüz) manat, faiz borcuna görə 740 (yeddi yüz qırx) manat, cərimə borcuna görə 50 (əlli) manat və ödənilmiş dövlət rüsumuna görə 93 (doxsan üç) manat olmaqla, ümumilikdə 13383 (on üç min üç yüz səksən üç) manat məbləğində pul vəsaiti tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar