Məhkəmə qərarları › İş №e-2(010)-231/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-231/2024

18.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-231/2024 18.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5 oğlunun katibliyi, İddiaçı Şəmsəddin qızının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 olmaqla zərərin ödənilməsi tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 olmaqla zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun xeyrinə yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərin əvəzi qismində 3460 manat və iş üzrə ödənilmiş 55 manat dövlət rüsumu pul vəsaitinin tutularaq ödənilməsini xahiş etmişdir.

İddia tələbinin dəlilləri

2. “Toyota Corolla” markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı minik avtomobili mülkiyyət hüququ ilə ona məxsusdur. Lakin həmin avtomobil etibarnamə əsasında X2 istifadəsində idi. X4 xx.xx.2023-cü il tarixdə yaşadığı evə gələrkən etibarnamə əsasında idarə etdiyi “Toyota Corolla” markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini Bakı şəhəri, Nəsimi rayonu, S.Adil dairəsində yolun kənarında saxlayaraq evə getmişdir. xx.xx.2023-cü il tarixdə, saat 05 radələrində qonşular Vasif Məmmmədova məlumat verərək avtomobilinə başqa bir avtomobilin dəydiyini bildirmişlər. Vasif Məmmədov dərhal avtomobili saxladığı yerə yaxınlaşmış və qırmızı rəngli “Toyota Corolla” markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin mülkiyyət hüququ ilə ona (iddiaçıya) məxsus olan “Toyota Corolla” markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini vuraraq yararsız vəziyyətə saldığını görmüşdür. Nəsimi RPİ-nin İsitntaq şöbəsinin müstəntiqi Sənan Qurbanovun xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərarı ilə material üzrə cinayət işinin başlanması rədd edilmiş və onlara “Toyota Corolla” markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dəymiş maddi ziyanın ödənilməsi üçün mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində onun mülkiyyətində olan “Toyota Corolla” markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sağ və arxa hissəsinin bütün elementləri sıradan çıxmış, avtomobili tamamilə yararsız vəziyyətə düşmüşdür. Avtomobilini yararsız vəziyyətə salan “Toyota Corolla” markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin mülkiyyətçisi Cavabdeh2 olmuş, qəza baş verən zaman isə sükan arxasında Cavabdeh1 olmuşdur. Hazırda mülkiyyətində olan avtomobilin təmir olunub yenidən istifadə edilməsi mümkün deyildir və ona avtomobili qara metal, yəni metallom kimi satmağı məsləhət görülmüşdür. On məxsus olan avtomobilə dəymiş zərərə görə "xxxx" şirkəti tərəfindən sığorta hadisələri üzrə 5000 manat məbləğində ödəniş həyata keçirilmiş və avtomobilə dəymiş ümumi zərər məbləğinin 8460 manat təşkil etdiyi bildirilmişdir. Lakin cavabdehlər tərəfindən dəymiş zərərə görə qalıq məbləğin ödənişi edilməmişdir. Tərəflərin izahatları

3.Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.

4. Məhkəmə iclasında İddiaçı Şəmsəddin qızının nümayəndəsi və vəkili Vəkil iddia tələbində qeyd olunanlara uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, ekspert rəyində təqdim edilmiş qiymətlə razı deyildir və hesab edir ki, yenidən iş üzrə ekspertiza keçirilməklə, iddia tam həcmdə təmin olunmalıdır.

İş materialları

5. BD131669 nömrəli “X1 şəhadətnaməsi”ndən görünür ki, “Toyota Corolla” markalı, **- OB-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı Şəmsəddin qızının mülkiyyətindədir.

6. xx.xx.2023-cü il tarixli, 7E-4707 reyestr nömrəli etibarnamədən görünür ki, Cavabdeh2 mülkiyyətində olan “Toyota Corolla” markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini sürücülük hüququ olduqda idarə etmək və s. səlahiyyətlərlə Cavabdeh1 etibar etmişdir. Etibarnamə xx.xx.2024-cü il tarixədək qüvvədə olmuşdur.

7. Nəsimi RPİ-nin İsitntaq şöbəsinin müstəntiqi Sənan Qurbanovun xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərarından görünür ki, material üzrə cinayət işinin başlanması rədd edilmiş və “Toyota Corolla” markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dəymiş maddi ziyanın ödənilməsi üçün mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.

8. İndividual Services MMC-nin xx.xx.2023-cü il tarixli Qüsur aktından görünür ki, “Toyota Corolla” markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan məbləği ümumilikdə 8460 manat təşkil edir.

9. xx.xx.2023-cü il tarixli, ZBT144492/23 nömrəli “Yol nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı ödəniş aktı”ndan görünür ki, “Toyota Corolla” markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dəymiş maddi ziyana görə "xxxx" ASC tərəfindən 5000 manat məbləğində sığorta ödənişi edilmişdir.

10. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, İndividual Services MMC-nin xx.xx.2023-cü il tarixli Qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2005-ci il buraxılışlı, “Toyota Corolla” markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan məbləği təmir-bərpa xərcləri daxil olmaqla təxminən 6700 manat təşkil edir.

11. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, İndividual Services MMC-nin xx.xx.2023-cü il tarixli Qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2005-ci il buraxılışlı, “Toyota Corolla” markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan məbləği təmir-bərpa xərcləri daxil olmaqla təxminən 6700 manat təşkil edir. Dəyişilməli hissələrin qiyməti – 4660 manat, təmir-bərpa işlərinin qiyməti 2040 manat. Məhkəmə ekspert rəylərini mötəbər sübut kimi qəbul edir və onlara tənqidi yanaşılması üçün əsas görmür. Bu xüsusda iddiaçı tərəfin iş üzrə yenidən ekspertiza keçirilməli olması barədə fikiri ilə razılaşmır. Belə ki, yenidən ekspertizanın keçirilməsinə zərurətin olması işin halları ilə müəyyən edilmir.

İşin faktiki halları

12. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, “Toyota Corolla” markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı Şəmsəddin qızının mülkiyyətindədir. Digər avtomobil “Toyota Corolla” markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobil isə Cavabdeh2 mülkiyyətindədir və Cavabdeh2 həmin avtomobili Cavabdeh1 xx.xx.2024-cü il tarixədək idarə etmək səlahiyyəti vermişdir. Avtomobil Cavabdeh1 etibarnaməli idarəçiliyində olan zaman yol-nəqliyyat hadisəsi baş vermiş və həmin hadisə nəticəsində “Toyota Corolla” markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Eyni zamanda, hadisə “Toyota Corolla” markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh1 təqsirli hərəkəti nəticəsində baş vermişdir. Avtomobilə dəymiş ziyan məbləği müxəlif vaxtlarda təqdim edilmiş hər iki ekspert rəyində 6700 manat olaraq müəyyən edilmişdir. Hazırki tələbdə iddiaçı avtomobilə dəymiş ziyan məbləğinin cavabdehlərdən müştərək qaydada tutulmasını tələb edir. Məhkəmənin 09 oktyabr 2023-cü il tarixli iclasında iştirak edən Cavabdeh2 iddia tələbi ilə razı olmadığını bildirmişdir. Digər cavabdeh, tərəfindən məhkəməyə etiraz yaxud mülahizə daxil olmamışdır.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət 1108.1 Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

14.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübutetmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

Məhkəmənin mövqeyi

14. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, hazırki iddia tələbi Cavabdeh1 münasibətdə qismən təmin edilməli və digər Cavabdeh2 münasibətdə təmin edilməməlidir.

15. Məhkəmə əvvəlcə hazırki iddia tələbinin Cavabdeh2 ilə bağlı hissəsinə münasibət bildirilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə hazırkı tələbi digər Cavabdeh2 münasibətdə əsaslı hesab etmir. Belə ki, iş materiallarından görünür ki, “Toyota Corolla” markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 məxsusdur və o, avtomobili idarə etmək üçün etibarnamə əsasında Cavabdeh1 vermiş və həmin yol nəqliyyat hadisəsi elə avtomobil Cavabdeh1 etibarnaməli idarəçiliyində olan zaman baş vermişdir. Yuxarıda qeyd edilmiş maddi hüquq normalarının tələbləri əsasında şəxsin məsuliyyəti o zaman yaranır ki, onun ziyanın vurulmasında təqsiri (qəsd və ya ehtiyatsızlıq formasında ) yaranmış olsun. Məhkəmə qeyd edir ki, hazırkı işdə digər Cavabdeh2 qəzada təqsirli hərəkət və ya hərəkətsizliyi müəyyən edilmir. Çünki, Cavabdeh2 qəza törədilən avtomobili qanuni əsasla digər Cavabdeh1 vermişdir və ona görə də, avtomobilə görə məsuliyyəti Cavabdeh2 daşıya bilməzdi.

16. Məhkəmə hazirkı iddia tələbinin Cavabdeh1 ilə bağlı hissəsinə münasbitədə qeyd edir ki, göründüyü kimi İddiaçı Şəmsəddin qızının mülkiyyətində olan “Toyota Corolla” markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Cavabdeh1 etibarnamə əsasında idarə etdiyi “Toyota Corolla” markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermiş və həmin hadisə nəticəsində “Toyota Corolla” markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Eyni zamanda, hadisənin baş verməsində “Toyota Corolla” markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh1 təqsirli bilinmişdir. Beləliklə, işdən müəyyən edilir ki, qəza Cavabdeh1 təqsirli hərəkəti nəticəsində baş vermişdir. Delikt münasibətlərini tənzimləyən maddi hüquq normalarının tələblərinə əsasən iddiaçı Cavabdeh1 ona vurulmuş ziyanın əvəzini tələb etməkdə haqlıdır. Ziyanın məbləğinə gəldikdə isə, iddiaçı hazırki tələbdə avtomobilinə ümumilikdə 8460 manat vurulmuş ziyandan 5000 manat sığorta ödənişin alınmasını nəzərə alaraq 3460 manat məbləğində dəymiş ziyanın ona ödənilməsini xahiş etsə də, lakin iş materiallarında olan hər iki ekspert rəyindən görünür ki, “Toyota Corolla” markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş ziyan məbləği ümumilikdə 6700 manat təşkil edir. Məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edir və iddiaçıdan mülkyyətində olan avtomobilə dəymiş ziyana görə 5000 manat məbləğində sığorta ödənişi almasını nəzərə alaraq hesab edir ki, Cavabdeh1 “Toyota Corolla” markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 1700 manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə xərcləri

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

18. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

19. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 55 manat dövlət rüsumunun 37 manat hissəsi Cavabdeh1 tutularaq İddiaçı ödənilməli və iş üzrə iki dəfə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizalarının dəyəri olan 100 manat pul vəsaiti İddiaçı 50 manat və Cavabdeh1 50 manat tutulmaqla AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə

20. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 vurulmuş zərərin əvəzi olaraq 1700 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli və iş üzrə ödənilmiş 55 manat dövlət rüsumunun 37 manat hissəsi Cavabdeh1 tutularaq İddiaçı ödənilməli və iş üzrə iki dəfə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizalarının dəyəri olan 100 manat pul vəsaiti İddiaçı 50 manat və Cavabdeh1 50 manat tutulmaqla AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

21. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 vurulmuş zərərin əvəzi olaraq 1700 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 55 manat dövlət rüsumunun 37 manat hissəsi Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. İş üzrə iki dəfə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizalarının dəyəri olan 100 manat pul vəsaiti İddiaçı 50 manat və Cavabdeh1 50 manat tutulmaqla AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar