Məhkəmə qərarları › İş №e-2(010)-2317/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2317/2025

29.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2317/2025 29.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı QSCnin xeyrinə xx.xx.2023-cü il tarixli 002A********** saylı müqaviləyə əsasən, 39723.63 manat məbləğində kredit bоrcu, 2685.70 manat məbləğində faiz bоrcu və 689.6 manat məbləğində cərimə; xx.xx.2023-cü il tarixli 002KK**********01 saylı kart kredit müqaviləsinə əsasən, 2874.79 manat məbləğində kredit bоrcu, 257.29 manat məbləğində faiz bоrcu, və 89.10 manat məbləğində cərimə olmaqla, cəmi 46320.11 manat məbləğində bоrcun və iddiaçı tərəfindən ödənilmiş 228.96 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixdə bağladığı 002A********** saylı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında X1”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 1.375% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 47000 manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 7276.37 manat ödəniş etmiş və оnun iddiaçıya 39723.63 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-ci maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, o, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 124 gün üçün hesablanmış faiz borcu 2685.70 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməlidir. xx.xx.2025-ci il tarixə 124 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 689.6 manat təşkil edir. Bundan başqa, Cavabdeh AccеssBank» QSC ilə bağladığı xx.xx.2023-cü il tarixli 002KK**********01 saylı kart kredit müqaviləsi əsasında cavabdehə “X4 Cards” növlü kart hesabı və 36 ay müddətinə, 3000 manat məbləğində kredit limiti açılmışdır. Cavabdeh əsas borcu üzrə 2874.79 manat məbləğində kredit borcu qalmışdır. Müqavilənin 2.5-ci bəndinə müvafiq olaraq, xx.xx.2025-ci il tarixə 113 gün üçün hesablanmış faiz borcu 257.29 manat, 4.3.2-ci bəndinə müvafiq olaraq, xx.xx.2025-ci il tarixə 113 gün üçün hesablanmış cərimə borcu 89.10 manat təşkil edir. Cavabdehə yaranmış borcun ödənilməsinə dair iddiaçı tərəfindən rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh həmin məbləğin ödənilməsindən yayınmışdır. Tərəflərin izahatları. Məhkəmə iclasında iştirak edən iş üzrə iddiaçının nümayəndəsi X3 iddia ərizəsinə uyğun məzmunda izahat verərək bildirmişdir ki, məhkəməyə müraciət etdikdən sonra cavabdeh nağd kredit müqaviləsi üzrə ödəniş etmişdir, bununla bağlı yeni maliyyə arayışı təqdim edirlər. Qeyd edir ki, kart krediti üzrə heç bir ödəniş olmamışdır, təminatsız kredit olmuşdur. İddianın təmin olunmasını xahiş edir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. İddiaçı QSC-nin OUT-2025/02/11-56 saylı, xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 002A********** saylı xx.xx.2023-cü il tarixli kredit razılaşması üzrə 39723.63 manat məbləğində əsas borc, 2685.70 manat məbləğində faiz borcu, 689.6 manat məbləğində cərimə borcu olmaqla cəmi 43098.93 manat məbləğində borcu vardır. Cavabdeh və İddiaçı QSC-nin xx.xx.2023-cü il tarixli imzaladığı ərizədən görünür ki, Cavabdeh faiz dərəcəsi 16.5% olmaqla 48 ay müddətinə, 47000 manat məbləğində kredit sifariş vermişdir. Həmin ərizəni imzalamaqla, o, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında X1”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. İddiaçı QSC tərəfindən verilmiş ödəniş planından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixindən xx.xx.2027-ci il tarixinədək hər ay 1354 manat, xx.xx.2027-ci il tarixində isə 1340.71 manat məbləğində ödəniş etməlidir. İddiaçı QSC tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək Cavabdeh tərəfindən kreditin ödənilməsinə müxtəlif əməliyyatlar aparılmışdır. İddiaçı QSC-nin OUT-2025/02/11-70 saylı, xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 002KK**********01 saylı xx.xx.2023-cü il tarixli X4 Cards üzrə 2874.79 manat məbləğində əsas borc, 257.29 manat məbləğində faiz borcu, 89.10 manat məbləğində cərimə borcu olmaqla cəmi 3221.18 manat məbləğində borcu vardır. Cavabdeh və İddiaçı QSC-nin xx.xx.2023-cü il tarixli imzaladığı ərizədən görünür ki, Cavabdeh ona “X4 Cards” növlü kart hesabının açılmasını və karta dair xidmətlərin göstərilməsini Bankdan xahiş etmişdir. Həmin ərizəni imzalamaqla, o, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında X1”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan 002KK**********01 saylı xx.xx.2023-cü il tarixli kredit müqaviləsinin 1-ci bəndindən görünür ki, Bank Kredit Alana illik faiz dərəcəsi 24% olmaqla 36 ay müddətinə 3000 manat məbləğində kredit limiti açır. Kredit Limiti Kredit Alanın bu Müqavilə üzrə və onun qüvvədə olduğu müddətdə istənilən ana Bank qarşısında faizlər nəzərə alınmadan maksimum borclanma həddidir. Kredit Alan bu Müqavilə üzrə borcunu Ödədikcə Kredit Limiti Kredit Müddətində bərpa olunur. Həmin Müqavilənin 3.7-ci bəndindən görünür ki, Aylıq ödəniş Banka vaxtında və lazımı qaydada ödənilmədikdə Ödəniş Tarixinin ertəsi günündən etibarən Aylıq ödənişin Banka qaytarılmasının hər gecikdirilən günü üçün Kredit borcunun qalığına 0.08 faiz dərəcəsi ilə gecikdirilmə faizi hesablanır. İddiaçı QSC tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək Cavabdeh tərəfindən kreditin ödənilməsinə müxtəlif əməliyyatlar aparılmışdır. İddiaçı QSC tərəfindən göndərilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli kart kredit müqaviləsi üzrə yaranmış borc barədə məlumat verilmiş, borcu vaxtında ödəməyəcəyi təqdirdə, məhkəməyə müraciət olunacağı bildirilmişdir. İddiaçı QSC tərəfindən göndərilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə yaranmış borc barədə məlumat verilmiş, borcu vaxtında ödəməyəcəyi təqdirdə, məhkəməyə müraciət olunacağı bildirilmişdir. İddiaçı QSC-nin xx.xx.2019-cu il tarixli “Bank Xidmətlərinin Göstərilməsi haqqında X1”nin 7.20-ci bəndinə əsasən Müştəri Krediti və Kredit Faizini vaxtında Banka qaytarmadıqda, hər gecikdirilən gün üçün Kredit qalığının 0.1 faizi məbləğində cərimə ödəyir. İddiaçı QSC-nin OUT-2025/05/27-17 saylı, xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 002A********** saylı xx.xx.2023-cü il tarixli kredit razılaşması üzrə 38723.63 manat məbləğində əsas borc, 4343.70 manat məbləğində faiz borcu, 1001.04 manat məbləğində cərimə borcu olmaqla cəmi 44068.37 manat məbləğində borcu vardır. İddiaçı QSC tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək Cavabdeh tərəfindən kreditin ödənilməsinə müxtəlif əməliyyatlar aparılmışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır... Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur... ...443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.... Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir... Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi ...465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.... Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 746. İstehlak krediti müqaviləsinin anlayışı 746.1. İstehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.... Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda - 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Göründüyü kimi, tərəflər arasında kredit müqavilələri bağlanmış və kredit müqaviləsindən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə öhdəliyini icra etməmişdir. Borcalan Cavabdeh xx.xx.2023-cü il tarixli 002A********** saylı kredit müqaviləsi və xx.xx.2023-cü il tarixli 002KK**********01 saylı kart kredit müqaviləsi ilə götürdüyü öhdəlikləri pozmuş, onları lazımınca icra etməmiş, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməli olan əsas borcu, əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da, o, iddiaçıdan alınan krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Bununla da, İddiaçı QSC Cavabdeh əsas borcun və ona hesablanmış faizləri tələb etməkdə haqlı olmuşdur. Belə ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən, cavabdeh müəyyən ödənişlər etmiş, bununla, cavadehin 002A********** saylı xx.xx.2023-cü il tarixli kredit razılaşması üzrə 38723.63 manat məbləğində əsas borc, 4343.70 manat məbləğində faiz borcu, 1001.04 manat məbləğində cərimə borcu olmaqla, cəmi 44068.37 manat məbləğində borcu qalmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən yeni maliyyə arayışı təqdim edilsə də, həmin arayış baxış iclasında təqdim edildikdən, həmçinin yeni maliyyə arayışına əsaslanan iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə də məhkəməyə təqdim edilmədikdən, qətnamə ilkin olaraq məhkəməyə təqdim edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə əsasən qəbul edilməlidir. Müqavilələr üzrə tərəflər arasında borcalan öz öhdəliklərini icra etmədiyi halda cərimə razılaşdırılmışdır. Məhkəmə xx.xx.2023-cü il tarixdə bağlanılmış 002A********** saylı müqavilə üzrə cəriməni tənasübsüz surətdə yüksək hesab etmiş, lakin xx.xx.2023-cü il tarixli 002KK**********01 saylı kredit müqaviləsi üzrə cəriməni yüksək hesab etməmişdir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə qənaətinə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı QSC-nin xeyrinə xx.xx.2023-cü il tarixli 002A********** saylı müqaviləyə əsasən, 39723.63 manat məbləğində kredit bоrcu, 2685.70 manat məbləğində faiz bоrcu və 200 manat məbləğində cərimə; xx.xx.2023-cü il tarixli 002KK**********01 saylı kart kredit müqaviləsinə əsasən, 2874.79 manat məbləğində kredit bоrcu, 257.29 manat məbləğində faiz bоrcu, 89.10 manat məbləğində cərimə olmaqla, cəmi 45830,51 manat məbləğində bоrc tutulmalıdır. Məhkəmə xərcləri. İş materiallarından görünür ki, iddiaçı bank tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddia qiymətinə mütənasib dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olan 227.49 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 358, 360 və 362-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı QSC-nin xeyrinə xx.xx.2023-cü il tarixli 002A********** saylı müqaviləyə əsasən, 39723.63 manat məbləğində kredit bоrcu, 2685.70 manat məbləğində faiz bоrcu və 200 manat məbləğində cərimə; xx.xx.2023-cü il tarixli 002KK**********01 saylı kart kredit müqaviləsinə əsasən, 2874.79 manat məbləğində kredit bоrcu, 257.29 manat məbləğində faiz bоrcu, 89.10 manat məbləğində cərimə olmaqla, cəmi 45830,51 manat məbləğində bоrc və iddiaçı tərəfindən ödənilmiş 227.49 manat məbləğində dövlət rüsumu tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar