Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-232/2024 22.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən 6450.97 ABŞ dolları – bundan 1638.73 ABŞ dolları əsas, 904.26 ABŞ dolları faiz, 3664.18 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 243.8 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 122.9 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Nizami fillialı ilə Cavabdeh2 arasında bağlanmış ********* nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən, cavabdehə dövriyyə vəsaitinin artırılması və cari xərclər məqsədilə 18 ay müddətinə, illik 32% dərəcəsi ilə 5000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə bank arasında 390008276/ZM nömrəli, xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin müqaviləyə əsasən kredit Borcalana “dövriyyə vəsaitinin artırılması və cari xərclərin artırılması” məqsədi ilə verilsə də, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat əldə etmək üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində fiziki şəxslər üzrə ada görə “Cavabdeh2” vergi ödəyicisi kimi axtarılmış, lakin buna baxmayaraq həmin ada uyğun VÖEN müəyyən edilməmişdir. Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2015-ci il tarixli, 118/15 saylı Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 4240.77 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2017-ci il tarixinədək uzadılmışdır. Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2017-ci il tarixli, 02 saylı, Əlavə Sazişlərə əsasən Kredit restrukturizasiya edilmişdir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 6903.66 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2020-ci il tarixinədək uzadılmışdır. Ödəniş qrafiki üzrə Borcalan tərəfindən manatla ödənişlər Kreditor tərəfindən 1USD=1.40AZN məzənnəsi əsas götürülməklə qəbul edilmişdir. Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 10% ödənilməli idi. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********563 saylı, xx.xx.2023-cü il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən, üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2023-cü il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 6450.97 ABŞ dolları təşkil edir. Bundan 1638.73 ABŞ dolları əsas, 904.26 ABŞ dolları faiz, 3664.18 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 243.8 ABŞ dolları faiz borcu təşkil edir.
İddiaya etiraz.
3. Cavabdeh2 iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək, məhkəmədən LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ona və Cavabdeh1 qarşı olan iddiası üzrə 02 saylı əlavə sazişdəki imzanın saxtalaşdırılması və müqavilə öhdəlikləri üçün müəyyən olunmuş iddia müddətinin ötürülməsi və müddətin bərpası üçün vəsatətin verilməməsi səbəbindən iddia ərizəsinin geri qaytarılması və bu barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
İddiaya etirazın əsaslandırıldığı hallar.
4. LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatındadır. Həmin iddia əsassız və qanunsuz olduğundan geri qaytarılması haqqında qərardad qəbul olunmalıdır. İlk öncə onu qeyd etmək lazımdır ki, xx.xx.2014-cü il tarixdə iddiaçı "xxxx" ASC ilə onun arasında 18 ay müddətinə 32% dərəcəsi ilə №390008276 saylı kredit müqaviləsi bağlanmışdır. Sözügedən kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən ona 5000 ABŞ dolları kredit verilmişdir. Bir müddət kredit öhdəliyini vaxtı-vaxtında icra etsə də, sonradan maddi vəziyyətinin pisləşməsi səbəbilə kredit borcunu ödəyə bilməmişdir. Bundan sonra xx.xx.2015-ci il tarixdə iddiaçı və onun arasında 118/15 saylı Əlavə saziş bağlanmış və bununla da kreditin müddəti xx.xx.2017-ci il tarixədək uzadılmışdır. Bundan əlavə iddiaçı iddiasında qeyd etmişdir ki, xx.xx.2017-ci ildə tərəflər arasında 02 saylı Əlavə Saziş bağlanmışdır. Sözügedən sazişlə kredit restrukturizasiya olunmuşdur. Kreditin müddəti isə xx.xx.2020-ci il tarixinədək uzadılmışdır. İddiaçının iddiasında qeyd etdiyi xx.xx.2017-ci il tarixli 02 saylı Əlavə sazişin heç bir hüquqi əhəmiyyəti yoxdur. Belə ki, Mülki Məcəllənin 331.1-ci bəndinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Lakin xx.xx.2017-ci il tarixli 02 saylı Əlavədə olan imza ona aid deyil. Müstəqil ekspert təyin olunarsa, imzasının saxtalaşdırılması faktı öz təsdiqini tapar. Düşünür ki, bank bununla hüquqlarını kobud şəkildə pozmaqla yanaşı, imzasını saxtalaşdırmaqla cinayət əməli törətmişdir. Bu isə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə tövsif olunmalı və aidiyyəti şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdır. İddiaçı iddia ərizəsi verən zaman prosessual hüquq normalarına əməl etməməklə prosessual normaların tələblərini kobud şəkildə pozmuşdur. Bundan əlavə, məhkəmələr tərəfindən çıxarılan qərarlar qanuni olmaqla bərabər, həm də ədalətli olmalı, ictimai münasibətlərin düzgün tənzimlənməsinə xidmət etməlidir. İnsan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən, hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və proseduralar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər.
Tərəflərin izahatları.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, işlərin çoxluğu ilə əlaqədar üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmədən işə iştirakları olmadan baxılaraq iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh2 məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasında üzrlü səbəbdən (işdən icazə verilmədiyinə görə) iştirak edə bilməyəcəyini bildirmiş, digər cavabdeh isə məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materialları.
7. xx.xx.2023-cü il tarixli, **********090 nömrəli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə yaranmış tələb aşağıdakı kimidir: Müqavilə üzrə əsas borc – 1638.73 ABŞ dolları; Müqavilənin müddəti – xx.xx.2014 – xx.xx.2020; Müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər – 904.26 ABŞ dolları; Müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış və tələb olunan cərimə - 3664.18 ABŞ dolları; AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan illik faiz dərəcəsi – 5%; Həmin faizin hesablanma düsturu – (əsas borc/100*5)/360; Həmin düsturla hesablanan günlük faiz məbləği və gecikdirilmiş gün sayısı – 0.23 ABŞ dolları və 1060; Gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği – 243.80 ABŞ dolları; Müqavilənin tələbləri əsasında yaranmış ümumi borc – 6450.97 ABŞ dolları.
8. xx.xx.2023-cü il tarixli, **********563 nömrəli bildirişdən görünür ki, Cavabdeh2 və Cavabdeh1 xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə borcun məbləği barədə xəbərdar edilmiş və həmin borcun 3 (üç) gün ərzində ödənilmədiyi təqdirdə Bankın öz mülki hüquqlarının müdafiəsi məqsədi ilə kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalacağı qeyd edilmişdir.
9. İddiaçı ASC (Kreditor) və Cavabdeh2 (Borclu) arasında bağlanmış xx.xx.2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən Kreditor Borcalana 5000 ABŞ dolları məbləğində kredit verir, kredit Borcalana dövriyyə vəsaitinin və cari xərclərin artırılması məqsədilə, 18 ay müddətinə verilir. Kreditin istifadəsinə görə Borcalan Kreditora illik 32 faiz ödəyir. Kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 32 faiz təşkil edir. Gecikdirilən borc məbləğinə cərimə kimi 64 faiz dərəcəsilə, aylıq isə 5.33 faiz dərəcəsilə faiz hesablanır və Borcalan tərəfindən Kreditora ödənilir.
10. xx.xx.2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, 5000 ABŞ dolları məbləğində kreditin, 18 ay müddətinə, illik 32% dərəcəsi ilə xx.xx.2014 – xx.xx.2016-cı il tarixləri arasında hər ay 353.49 ABŞ dolları (sonuncu ay 353.27 ABŞ dolları) məbləğində ödənilməsi təsdiq edilmişdir.
11. İddiaçı ASC (Kreditor), Cavabdeh1 (Zamin) və Cavabdeh2 (Borclu) arasında bağlanmış, xx.xx.2014-cü il tarixli, 390008276/ZM nömrəli zaminlik müqaviləsindən görünür ki, bu müqavilənin predmeti ********* nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən, bankdan kredit götürmüş Borcalan tərəfindən Kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti Zaminin və ya Zaminlərin öz üzərinə götürməsidir. Zaminliklə təmin edilmiş kreditləşmənin mənbəyi İddiaçı ASC tərəfindən ayrılmış vəsaitdir.
12. xx.xx.2015-ci il tarixli ********* saylı 5 noyabr 2014-cü il tarixli kredit müqaviləsinə əlavə saziş №118/15-ƏS-dan görünür ki, müqaviləyə əsasən Kreditorun Borcalana verdiyi kreditin qalıq məbləği 4240.77 ABŞ dolları təşkil edir. Müqavilənin 2.3-cü bəndinə əsasən, kreditin müddəti xx.xx.2017-ci il tarixədək təyin olunur.
13. xx.xx.2017-ci il tarixli, ********* saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə əlavə saziş №02-dən görünür ki, kredit aşağıdakı şərtlərlə restrukturizasiya edilir: Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 6903.66 ABŞ dolları təşkil edir. Ödəniş qrafiki üzrə Borcalan tərəfindən manatla ödənişlər Kreditor tərəfindən 1 USD=1.4 AZN məzənnəsi əsas götürülməklə qəbul edilir. Ödəniş qrafiki üzrə ödəniş edildiyi tarixə müvafiq xarici valyuta üzrə Mərkəzi Bankın mövcud məzənnəsi qeyd olunan məzənnədən aşağı düşərsə, Borcalan tərəfindən ödənişlər həmin tarixə Mərkəzi Bankın mövcud məzənnəsi əsas götürülməklə ödənilir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 3623.55 USD faiz borcu və 1010.89 USD cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək təşkil edir.
14. İddiaçı ASC (Kreditor), Cavabdeh1 (Zamin) və Cavabdeh2 (Borclu) arasında bağlanmış, xx.xx.2017-ci il tarixli, zaminlik müqaviləsinə əlavə sazişdən görünür ki, restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədəkdir.
15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş, xx.xx.2023-cü il tarixli, № 9/8478 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarına olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 05 noyabr 2014-cü il tarixli, ********* saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh2 İddiaçı ASC-yə olan borcu aşağıda kimi müəyyən edilir, o cümlədən: müqavilə müddətinin bitmə tarixinə, yəni xx.xx.2020-ci il tarixə: əsas borc üzrə - 1458.30 ABŞ dolları, faiz borcu üzrə - 1000.72 ABŞ dolları; Maliyyə arayışında qeyd edilən tarixə, yəni xx.xx.2023-cü il tarixə illik 5% hesablanmaqla - əsas borc üzrə - 1458.30 ABŞ dolları, faiz borcu üzrə - 1000.72 ABŞ dolları, faiz borcu 5% ilə - 211.86 ABŞ dolları. Qeyd: Hazırkı ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış 05 noyabr 2014-cü il tarixli, ********* №-li kredit müqaviləsinin 6 bəndində cərimə nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun hesablanması ilə əlaqədar məlumat (cərimə hesabı üzrə çıxarış) olmadığı üçün Cavabdeh2 cərimə borcu hesablanmadı.
İşin faktiki halları.
16. İddiaçı ASC (Bank) və Cavabdeh2 (Borcalan) arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Kreditor Borcalana 18 ay müddətinə, illik 32%-lə 5000 ABŞ dolları məbləğində kredit vermişdir.
17. İddiaçı ASC (Bank) və Cavabdeh1 (Zamin) arasında bağlanmış xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən, Zamin Borcalanın xx.xx.2014-cü il il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına zamin durmuşdur.
18. xx.xx.2017-ci il tarixli əlavə sazişlə kreditin müddəti xx.xx.2020-ci il tarixədək müəyyən olunmuşdur.
Tətbiq edilən hüquq.
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 462. Dəbbə pulu anlayışı. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi. 465.1. Əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 470. Zaminlik müqaviləsi. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472. Zaminin məsuliyyəti. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 477. Zaminliyə xitam verilməsi 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 222. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
Məhkəmənin mövqeyi.
21. İşin halları və mülki qanunvericiliyin yuxarıda istinad edilmiş normaları baxımından Cavabdeh2 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı Bank cavabdehlə aralarında bağlanmış kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilədə nəzərdə tutulmuş məbləğdə krediti borcluya (cavabdehə) vermişdir. Borclu isə bu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödənişlər etməli olduğu halda bunu lazımınca etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müvafiq kredit müqaviləsi üzrə ödənilməmiş əsas və faiz borcunu tələb etməkdə haqlı olmuşdur.
22. Lakin məhkəmə, zamin-Cavabdeh1 münasibətdə iddianı əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
23. Hazırkı iş üzrə cavabdehin zamin olduğu kredit müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixdə bitmişdir. İddiaçı isə hazırkı iddia ərizəsi ilə 2023-cü ildə məhkəməyə müraciət etmişdir. Bu vəziyyətdə iddiaçı tərəfindən zaminə qarşı tələb irəli sürmək üçün bir illik müddət artıq keçdiyindən onun zaminliyinə xitam verilmişdir. Odur ki, iddia Cavabdeh1 münasibətdə təmin edilməməlidir.
24. İddia tələbindən görünür ki, iddiаçı cаvаbdehdən 3664.18 ABŞ dolları məbləğində cərimə tutulmasını tələb etmişdir. Məhkəmə hesab edir ki, həmin məbləğ hazırkı vəziyyətdə işin hаllаrınа tam uyğun deyil və tənаsübsüz surətdə yüksək məbləğdir. Cərimənin miqdаrının bu qədər çоx оlmаsı bоrclunun mülkiyyət mаrаqlаrının qоrunmаsı və оnun həddən аrtıq mаliyyə məsuliyyətinə cəlb оlunmаsının qаrşısının аlınmаsı bаxımındаn məqsədəmüvаfiq deyil. Bu səbəbdən məhkəmə hesаb edir ki, cərimənin miqdаrının аzаldılаrаq 50 ABŞ dolları məbləğində müəyyən edilməsi işin hallarına uyğundur.
25. Cavabdehdən iddiaçı Bankın xeyrinə tutulmalı olan əsas və faiz borcunun məbləğinə gəldikdə məhkəmə qeyd edir ki, iddiaçı Bank cavabdehdən 1638.73 ABŞ dolları əsas, 904.26 ABŞ dolları faiz, kredit müqaviləsi bitəndən sonra hesablanmış 243.8 ABŞ dolları faiz borcu tutulmasını tələb etmişdir. İş materiallarında olan ekspert rəyindən isə görünür ki, iddiaçı Bank tərəfindən təqdim edilmiş sənədlərə əsasən müvafiq kredit müqaviləsi üzrə müqavilə müddətinin bitdiyi tarixə əsas borc 1458.3 ABŞ dolları, faiz borcu 1000.72 ABŞ dolları, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanan faiz borcu isə 211.86 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Buradan görünür ki, iddiaçı Bankın tələb etdiyi əsas borc və gecikdirilmiş vaxta görə illik 5%-lə hesablanmış faiz borcu məbləği ekspert tərəfindən müəyyən edilən müvafiq məbləğlərdən çox olsa da, faiz borcu ekspert rəyində daha çoxdur. Məhkəmə müvafiq rəyin iddiaçı Bank tərəfindən təqdim edilmiş hesab məlumatları əsasında xüsusi biliyə malik ekspert tərəfindən verildiyini, rəyin əsaslandırıcı hissəsində tədqiqat prosesinin ətraflı təsvir edildiyini nəzərə alaraq, əsas borcun və gecikdirilmiş vaxta görə illik 5%-lə hesablanmış faiz borcunun məbləğinə münasibətdə rəylə razılaşır və cavabdehdən 1458.3 manat məbləğində əsas borc, 211.86 ABŞ dollar məbləğində gecikdirilmiş vaxta görə faiz borcu tutulmalı olduğu nəticəsinə gəlir. Lakin iddiaçı Bankın cavabdehdən tələb etdiyi faiz borcunun məbləği ekspert tərəfindən müəyyən edilmiş müvafiq məbləğdən aşağı olduğundan məhkəmə, iddia tələbindən kənara çıxmayaraq hesab edir ki, cavabdehdən iddiaçı Bankın xeyrinə məhz iddia tələbində qeyd edilmiş məbləğdə 904.26 ABŞ dolları faiz borcu tutulmalıdır.
Məhkəmə xərcləri.
26. İş materiallarından görünür ki, iddiaçı Bank tərəfindən hazırkı iddia ərizəsi ilə Məhkəməyə müraciət etmək üçün 122.9 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən cavabdehdən ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə (2624.42 ABŞ dolları) mütənasib hissəsi – 64.6 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, 100 manat məbləğində ekspertiza xərci isə cavabdehdən tutularaq ekspertizanı həyata keçirən orqanın hesabına ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
27. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 1458.3 ABŞ dolları, faiz borcu üzrə 904.26 ABŞ dolları, cərimə 50 ABŞ dolları, gecikdirilmiş vaxt üçün faiz borcu 211.86 ABŞ dolları olmaqla, cəmi 2624.42 ABŞ dolları məbləğində borc Azərbaycan Respublikası Mərkəzi Bankının qətnamənin icra olunduğu günə olan manat məzənnəsi üzrə və 64.6 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, 100 manat məbləğində ekspertiza xərci cavabdehdən tutularaq ekspertizanı keçirən orqanın hesabına ödənilməlidir.
28. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh2 1458.3 ABŞ dolları əsas borc, 904.26 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün 211.86 ABŞ dolları faiz borcu olmaqla, cəmi 2624.42 ABŞ dolları (iki min altı yüz iyirmi dörd dollar qırx iki sent) məbləğində borc Azərbaycan Respublikası Mərkəzi Bankının qətnamənin icra olunduğu günə olan manat məzənnəsi üzrə və 64.6 manat (altmış dörd manat altmış qəpik) məbləğində dövlət rüsumu tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. 100 (yüz) manat məbləğində ekspertiza xərci Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinədаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva