Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2324/2025 13.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, X1 qızının katibliyi, İddiaçı, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 50 ədəd 1-2 m., 4 sm. cüdo tatamidən 8 ay istifadə etməsi nəticəsində yaranmış 1500 manat icarə haqqı borcunun (bütün ya da qismən məhkəmə qərarı icra olunanadək aylıq 200 manat icarə haqqı hesablanmaqla), ödənilmiş 60 manat dövlət rüsumunun, mənəvi ziyanın əvəzi olaraq 1000 manatın və 50 ədəd tataminin daşınması (fəhlə və s..) xərcləri nəzərə alınaraq 300 manatın, cəmi 2860 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi; iddiaçıya məxsus 50 ədəd tatamilərdə müqavilədə göstərilən şəkildə (qüsur olduğu halda aralarındakı yazılı müqaviləyə uyğun olaraq 150 manat qüsurlu tatamini hesablamaqla dəyəri ödənilsin) cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil xx.xx.2025-ci il tarixdə iddia tələbinə dəqiqləşmə verərək, cavabdehdən 12000 manat tatamilərin pulunun, 3600 manat bu günə kimi icarə haqqının və 300 manat ekspertizaya ödənilmiş rüsumunun tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırılması. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, İlqar Musayev küçəsində yerləşən X2 təsis edərək, ona, yəni iddiaçıya məxsus 50 ədəd tatamini icarəyə götürməklə, idman zalında işlətmişdir. Həmin tatamilərdən istifadəyə görə ona aylıq icarə haqqı ödənilməli olması barədə aralarında müqavilə olub. O, icarə haqqı müqabilində tatamiləri cavabdehə müvəqqəti istifadə etmək üçün vermişdir. Lakin, 2024 may ayından bəri cavabdeh demək olar ki, ona heç bir ödəniş etmir. Aralarındakı razılığa görə, cavabdeh ona məxsus tatamiləri götürdüyü yerə, yəni iddiaçının evinə gətirib ona təhvil verməli idi. Hal-hazırki vaxtadək ona məxsus tatamilərdən istifadə etməsinə baxmayaraq, tatamiləri qaytarmır, nə də icarə haqqını ödəmir. Cavabdehin heç bir infeksiya mikrob və s.. olmadan ona 50 ədəd cüdo tatamisini təhvil verməsi ilə bağlı aralarında razılaşmışdılar. Dəfələrlə cavabdehə müraciət edərək, ona məxsus 50 ədəd tatamini va yaranmış əlavə xərclərə görə 1500 manat məbləğində borcun ödənilməsini tələb etməyinə baxmayaraq, borcu və ona məxsus əmlakları qaytarmaqdan imtina edir. Cavabdehin ona məxsus əmlakları etibarından, xəstəliyindən sui-istifadə edərək, aldatma yolu ilə ələ keçirməsinə dair 102-yə zəng edib bildirmişdir. Binəqədi ray. 40-cı polis bölməsində ona arayış verilmiş, mübahisə mülki xarakterli olduğundan məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Həmçinin, cavabdeh vatsapla ona məxsus 50 ədəd tataminin cavabdehdə olmasını və ona borclu olduğunu etiraf edir. Lakin buna baxmayaraq, yenidən müxtəlif bəhanələrlə qaytarmaqdan və dəyərini ödəməkdən imtina edir. Cavabdehin mənimsədiyi ona məxsus 50 ədəd tatami yarış avadanlığı olmadığı üçün notariusda keçərli hansısa bir sənəd yoxdur. Tataminin hər birini 250 manat olmaqla, "Uritan" idman cəmiyyətindən almışdır. Cavabdehin hal-hazırki vaxtadək ona 1500 manat icarə haqqı borcu yaranıb. Tərəflərin izahatları. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, mənəvi zərərlə bağlı tələbi yoxdur. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddianı müdafiə edərək bildirmişdir ki, ekspertiza rəyinə əsasən iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim etmişdir. İddia tələbinin təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, iddiaçı 7 ay öncə PB-nə şikayət etmişdi. Həmin vaxt 750 manat borcunu etiraf edərək pulu verməyi təklif etmiş, lakin iddiaçı qəbul etməmişdir. Tatamiləri 8 aydan çoxdur ki, istifadə etmir. Tatamiləri 150 manata icarəyə götürmüşdü. Bununla bağlı müqavilə imzalamış, üzərinə öhdəlik götürmüşdür. İddianı qəbul etmir. Belə ki, iddiaçı ona 100 kv.m.-ə uyğun tatamilər verməli olduğu halda 70 kv.m.-ə uyğun vermiş, 30 kv.m.-lik tatamiləri isə başqasına vermişdir. İddiaçının öz razılığı ilə 5 ədəd tatamini kəsmişdir. Tatamilərin 30 dənəsi 150 manatlıq, 20 dənəsi isə 50 manatlıq tatami olmuşdur. İş materialları. İş materiallarına əlavə edilmiş “whatsapp” tətbiqində olan yazışmalardan görünür ki, Cavabdeh İddiaçı pul borclu olduğunu etiraf etmiş, onlar arasında borcun ödənilməsi barədə yazışmalar aparılmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı və Cavabdeh arasında bağlanmış öhdəlik müqaviləsindən görünür ki, Cavabdeh ünvan 1 ünvanında xx.xx.2024-cü il tarixdə Tap.az saytında kirayəyə verilən 4 sm. qalınlığında olan 50 ədəd cüdo tatamisini aylıq 200 manat olmaqla İddiaçı icarəyə götürmüşdür. Cavabdeh tatamiləri təyinatı üzrə istifadə etməyi, tatamilərə zərər vurulması (kəsilmiş, deşilmiş, yanmış, suda batmış və.s) nəticəsində istifadəyə yararsız vəziyyətə düşməsi halında vurulmuş ziyanın müqavilində hər bir tataminin dəyərini (150 manat) tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tatamilərdən müvəqqəti istifadəyə görə müəyyənləşdirilmiş məbləği 2 ay davamlı olaraq ödəməyi halda 50 ədəd tatamini mübahisəsiz qaydada geri qaytarmağa etiraz etmədiyini bəyan etmişdir. İş materiallarına “Qartal” idman klubunun və kəsilmiş tatamilərin fotoşəkilləri əlavə olunmuşdur. xx.xx.2025-ci il tаriхli ********** sаylı ödəniş qəbzindən görünür ki, iddiаçı tərəfindən iddiа ərizəsi ilə məhkəməyə mürаciət еdilməsi üçün 59.60 mаnаt dövlət rüsumu, 0,40 mаnаt хidmət (bаnk хidməti hаqqı) ödənilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı polis bölməsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı ona məxsus tatamilərin istifadəsinə görə Azər adlı şəxsin 1000 manat icarə pulunu ödəməməsi barədə müraciətinə baxılmış və ona bildirmişdir ki, müraciətdə qeyd olunan xüsusatların araşdırılması məhkəmə səlahiyyətində olduğundan AR Mülki Məcəlləsinin müvafiq və Mülki Prosessual Məcəlləsinin 149, 150-ci maddələri ilə müəyyən edilmiş qaydada iddia ərizəsi ilə məhkəmə orqanına müraciət etməlidir. "xxxx" MMC tərəfindən vеrilmiş xx.xx.2025-ci il tarixli 150 saylı mütəxəssis rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən və ya Cavabdeh olan faktiki 35 ədəd tatamilərdə ləkələr, büzüşmələr, tikiş yerlərində açılmalar, kənarlarından qopmalar, formadan çıxma və səth bərabərliyinin pozulması kimi qüsurlar aşkar edilmişdir (İ sual üzrə). Qüsurların tatamilərin düzgün saxlanılmaması və düzgün istifadə edilməməsi nəticəsində yaranması ehtimal olunur (İİ sual üzrə). Tatamilərin əvvəlki dövrlərə dair foto və videomateriallar, istismar və təmir jurnalları mövcud olmadığından, aparılmış texniki müşahidə və təhlil nəticəsində bu qüsurların dəqiq yaranma tarixini müəyyən etmək mümkün olmamışdır (İİİ sual üzrə). xx.xx.2024-cü il tarixinə bir ədəd tataminin qiyməti təqribən 230 manat və indiki dövr üçün 1 ədəd tataminin qiyməti isə təqribən 240 manat məbləğində müəyyən edilir. (İV sual üzrə). İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli 16015 nömrəli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən "xxxx" MMC-nin bank hesabına 300 manat məbləğində ekspertiza xərci ödənişi köçürülmüşdür. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.... Maddə 700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddə 675. Əmlak kirayəsi müqaviləsi Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Maddə 684. Əmlak kirayəsi üçün ödəniş müddəti 684.1. Əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Maddə 685. Kirayəyə verənin hüquqi müdafiə vasitələri 685.1. Əgər kirayəçi və ya onun kirayəyə götürdüyü əşyanı istifadəyə verdiyi hər hansı digər şəxs kirayəyə verənin xəbərdarlığına baxmayaraq müqaviləyə uyğun olmayan və kirayəyə verənin hüquqlarını əhəmiyyətli dərəcədə pozan istifadəni davam etdirirsə, o cümlədən əşyanı üçüncü şəxsin qeyri-hüquqi istifadəsində saxlayırsa və ya təhlükəyə məruz qoyursa, bununla da özünün vicdanlı kirayəçi vəzifələrini pozursa, kirayəyə verən kirayə müqaviləsini xəbərdarlıq müddətini gözləmədən ləğv edə bilər. Kirayəçi müqavilənin ləğvinə dair bildiriş vermək əvəzinə neqator iddiası da irəli sürə bilər. 685.2. Kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: 685.2.1. kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; 685.2.2 ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə. Maddə 689. Kirayə müddəti 689.1. Kirayə müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət bitdikdə xitam verilir. 689.2. Əgər kirayə müqaviləsində müddət müəyyənləşdirilməyibsə, kirayə hüquq münasibətlərinin istənilən iştirakçısı bu Məcəllənin 690-cı maddəsinin göstərişlərinə uyğun olaraq müqavilənin ləğvinə dair bildiriş verə bilər. Maddə 697. Kirayə hüquq münasibətlərinə xitam verilməsinin nəticələri 697.1. Kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. 697.2. Əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər; otaqların kirayəsi üzrə hüquq münasibətlərində bunun əvəzinə kompensasiya kimi o, həmin ərazidə bu cür otaqların kirayəsi üçün adətən tutulan məbləğdə kirayə haqqı verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ da istisna edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. ...14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.... Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 115. İşə baxılması ilə əlaqədar məsrəflər 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər;... Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır... Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.... Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda - 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. İşin faktiki hallarından görünür ki, İddiaçı Cavabdeh məxsus idman zalında istifadə edilməsi üçün xx.xx.2024-cü il tarixli müqavilə bağlamaqla tərəflər arasında əldə edilmiş razılaşmaya əsasən hər birinin dəyəri 150 manat olan 50 ədəd cüdo tatamilərini cavabdehə vermiş, cavabdeh isə həmin tatamilərdən müəyyən müddət istifadə etmiş, onların qaytarılması və istifadəyə görə aylıq 200 manat ödəniş edilməsi barədə üzərinə müvafiq öhdəlik götürmüşdür. Məhkəmə ilk növbədə qeyd edir ki, təqdim olunmuş yazılı sənəd tərəflər arasında bağlanan icarə (əmlak kirayəsi) müqaviləsi hesab edilir. Belə ki, mübahisə üzrə təqdim edilmiş xx.xx.2024-cü il tarixli əlyazmada icarənin predmeti (50 ədəd cüdo tatamisi), icarə haqqının məbləği (aylıq 200 manat), eləcə də tərəflərin əsas hüquq və vəzifələri (tatamilərin geri qaytarılması, zərər vurulduqda hər bir tatami üçün 150 manat ödənilməsi və s.) aydın şəkildə razılaşdırılmışdır. Bundan əlavə, cavabdeh həmin sənədi və sənəddə əks olunmuş icarə münasibətinin mövcudluğunu mahiyyət etibarilə inkar etməmiş, məhkəmə iclasında tatamiləri icarəyə götürdüyünü, həmçinin müəyyən məbləğ borcunun yarandığını bildirmişdir. Beləliklə, təqdim edilmiş yazılı sənəd tərəflər arasında icarə münasibətlərini təsdiq edən etibarlı sübut olmaqla, tərəflər arasında icarə (əmlak kirayəsi) müqaviləsinin bağlanmasını göstərir. Həmçinin, qeyd olunan müqavilənin məzmunu cavabdehin tatamiləri iddiaçıdan götürdüyü faktını, onların cavabdehin idman zalında istifadə edildiyini, eləcə də həmin istifadəyə görə ödəniş öhdəliyinin yarandığını təsdiq edir. Həmin faktlar iş materiallarında olan “WhatsApp” yazışmaları ilə də təsdiqlənir. Belə ki, yazışmalardan cavabdehin iddiaçıya borcu olduğunu etiraf etməsi və borcun ödənilməsi barədə danışıqlar aparılması görünür. Eyni zamanda, Binəqədi RPİ-nin 40-cı polis bölməsinin xx.xx.2024-cü il tarixli arayışında iddiaçının müraciətində tatamilərin istifadəsinə görə icarə haqqının ödənilməməsi məsələsinin qaldırıldığı, mübahisənin mülki xarakterli hesab edildiyi qeyd olunmuşdur. Bundan başqa, xx.xx.2025-ci il tarixli məhkəmə iclasında cavabdeh də tatamiləri icarəyə götürdüyünü və ən azı müəyyən məbləğdə (750 manat) borcunun olduğunu bildirmişdir. Beləliklə, göstərilən yazılı sənəd, “WhatsApp” yazışmaları, polis arayışı və cavabdehin məhkəmə izahatları birlikdə qiymətləndirildikdə, tərəflər arasında icarə (kirayə) münasibətlərinin mövcud olduğu və əşyanın (tatamilərin) iddiaçı tərəfindən cavabdehə verildiyi və geri qaytarılmadığı məhkəmə tərəfindən müəyyən edilir. Hazırda iddia tələbi cavabdehdən 12000 manat tatamilərin pulunun, 3600 manat bu günə kimi icarə haqqının və 300 manat ekspertizaya ödənilmiş rüsumunun tutularaq iddiaçıya verilməsindən ibarətdir. Cavabdehin tatamilərin bir hissəsinin fərqli dəyərə malik olması və ya tam həcmdə verilməməsi barədə izahatlarına münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh bu barədə mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Həmçinin, tərəflər arasında əldə edilmiş razılaşmaya əsasən icarə predmetini 50 ədəd cüdo tatamisi təşkil etmişdir və cavabdeh bu şərtlərlə tatamiləri qəbul edərək onlardan istifadə etmiş, həmin vaxt iddiaçıya qarşı heç bir etiraz irəli sürməmişdir. Mütəxəssis rəyində faktiki olaraq 35 ədəd tataminin mövcudluğu göstərilsə də, qalan 15 ədəd tataminin hansı əsasla istifadədən çıxarıldığını və ya iddiaçıya qaytarıldığını cavabdeh sübut etməmişdir. Belə olan halda, cavabdehin tatamiləri 50 ədəd üzrə qəbul etməsi nəzərə alınmaqla, həmin əmlakın dəyərinin tam həcmdə hesablanması məhkəmə tərəfindən əsaslı hesab edilir. Tələbin 12000 manat məbləğində tatamilərin pulunun cavabdehdən tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, yazılı sənəddə cavabdeh tatamilərə zərər vurulduğu və istifadəyə yararsız vəziyyətə düşdüyü halda hər bir tataminin dəyəri kimi 150 manat ödəməli olduğunu qəbul etmişdir. Bundan başqa, "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyi ilə cavabdehdə faktiki olan tatamilərdə qüsurlar aşkar edilmiş, bu qüsurların tatamilərin düzgün saxlanılmaması və düzgün istifadə edilməməsi nəticəsində yaranması ehtimal olunmuşdur. Həmin rəydə, həmçinin, 2024-cü ildə bir tataminin təqribən 230 manat, 2025-ci ildə isə təqribən 240 manat qiymətə uyğun gəldiyi göstərilmişdir. Lakin məhkəmə hesab edir ki, mübahisənin həlli zamanı tatamilərin dəyəri məhz tərəflər arasında müəyyən edilmiş və cavabdeh tərəfindən yazılı şəkildə qəbul olunmuş dəyər əsasında qiymətləndirilməlidir. Çünki cavabdehin öhdəliyinin həcmi həmin sənəddə açıq şəkildə konkretləşdirilmiş, cavabdeh də məhz bu şərtlərlə tatamiləri götürdüyünü etiraf etmişdir. Bu səbəbdən, mütəxəssis rəyində bazar qiyməti təqribi göstərilsə də, cavabdehin üzərinə qoyulan öhdəlik məhz 150 manatlıq müqavilə dəyəri ilə məhdudlaşır və mübahisə bu çərçivədə həll olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, tatamilərin dəyərinin tutulması tələbi qeyd olunan qaydada hesablanmalıdır: 150 manat × 50 ədəd = 7500 manat. Tələbin 3600 manat icarə haqqının cavabdehdən tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh tatamiləri xx.xx.2024-cü il tarixindən etibarən geri qaytarmamış və onların istifadəsinin dayandırıldığını sübut etməmişdir. Mülki Məcəllənin 684.1 və 697.2-ci maddələrinin tələblərinə əsasən, kirayə haqqı əmlakın faktiki istifadə edildiyi və qaytarılmadığı bütün müddət üçün ödənilməlidir. Bu səbəbdən, iddia tələbinə dəqiqləşmə ərizəsinin məhkəməyə təqdim edildiyi xx.xx.2025-ci il tarixədək olan müddət üzrə, yəni xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixədək 18 ay müddətinə aylıq 200 manat hesabı ilə, ümumilikdə 3600 manat icarə haqqı borcunun yarandığı məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi icarə haqqı hissəsində tam əsaslıdır və təmin edilməlidir. Tələbin 300 manat ekspertizaya ödənilmiş rüsumunun cavabdehdən tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən mütəxəssis rəyinin alınması üçün "xxxx" MMC-nin bank hesabına 300 manat ödənilmişdir və bunu təsdiqləyən ödəniş qəbzi iş materiallarına əlavə edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan, ekspertiza xərci kimi ödənilən 300 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə, Cavabdeh 7500 manat tatamilərin pulu, 3600 manat icarə haqqı və 300 manat ekspertiza xərci tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 59.60 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilən hissəsinə (124.2 manat) mütənasib olan 64.6 manat məbləğindən ibarət olan fərq cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 358, 360 və 362-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 7500 manat tatamilərin pulu, 3600 manat icarə haqqı və 300 manat ekspertiza xərci tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilməmiş 64.60 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №e-2(010)-2324/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2324/2025
13.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver