Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2331/2025 10.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X1 iclas katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1950 manat məbləğində borcun, vəkilə ödənilmiş 150 manat məbləğində pul vəsaitinin və ödənilmiş 41 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixdə 15 saylı Notariat Kontorunda 3M-784 saylı ilkin alğı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən, cavabdeh 11800 manat dəyərində olan “Opel Astra” markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobil əldə etmişdir. Müqavilə şərtlərinə görə cavabdeh avtomobili alan zaman 1600 manat ödəniş etmiş və 24 ay müddətinə hər ay 425 manat ödəniş edəcəyi barədə öhdəlik götürmüşdür. Cavabdeh 1 ay ödəniş etdikdən sonra müqavilə şərtlərini kobud surətdə pozaraq ödəniş etməmiş və avtomobili 1 ay ödəniş etmədən özündə saxlamış və 2024-cü ilin oktyabr ayının 24-ü nasaz vəziyyətdə evakuator vasitəsilə iddiaçıya göndərmişdir. Avtomobili təmir məntəqəsinə apardıqda avtomobili təmir etmək üçün avtomobilə 1950 manat vəsait lazım olması məlum olmuşdur. Cavabdehə dəfələrlə şifahi xəbərdarlıq olunmasına baxmayaraq, bu günə kimi borcunu ödəməkdən boyun qaçırır. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və ərizə ilə məhkəməyə müraciət edərək, işə qiyabi icraat qaydasında baxılaraq iddiannı təmin olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə baxış iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar İddiaçı (Satıcı) və Cavabdeh (Alıcı) arasında xx.xx.2024-cü il tarixdə notarial qaydada bağlanmış nəqliyyat vasitəsinin ilkin alğı-satqısına dair müqavilədən müəyyən olunur ki, tərəflər, yəni “Satıcı” və “Alıcı” bu müqavilədə müəyyən edilmiş şərtlərlə AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, BA seriyalı, 304446 nömrəli qeydiyyat nömrəsi olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “Satıcı”ya məxsus, buraxılış ili 2006-cı il olan, “Opel Astra” minik markalı, **-UM-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dair gələcəkdə əsas alğı-satqı müqaviləsi bağlamağı öhdələrinə götürürlər. “Alıcı” avtomobilin satış qiymətini, yəni 11800 manat məbləğində pul vəsaitinin 1600 manatını müqavilə bağlandığı anda, qalan 10200 manatını isə hər ay 425 manat olmaqla, 24 ay ərzində “Satıcı”ya nağd və ya kart vasitəsilə ödəməyi öhdəsinə götürür. “X3” tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş qüsur aktından müəyyən olunur ki, buraxılış ili 2006-cı il olan, “Opel Astra” markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin ümumi məbləği (ehtiyat hissələri + işçilik) 1950 manat məbləğində hesablanmışdır. AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən olunur ki, buraxılış ili 2006-cı il olan, “Opel Astra” minik markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı adına qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı tərəfindən hüquqi yardım göstərilməsi üçün Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına 150 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçının nümayəndəsi (vəkili) tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 567. Alğı-satqı müqaviləsi. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: Maddə 114.1.1. qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 238.1. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Maddə 238.3. İşdə cavabdehin lazımi qaydada xəbərdar edilməsi barədə məlumatlar olmalıdır. Maddə 238.4. İşə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Maddə 241.1. Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Maddə 241.2. Qətnaməni tərtib edərkən hakim bu Məcəllənin 16-cı fəslinin müddəalarını rəhbər tutur. Maddə 241.4. İddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Maddə 244. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının nümayəndəsinin (vəkilinin) izahatını dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Nəzərə alınmalıdır ki, tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (AR MM, maddə 385.1). Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinin ilkin alğı-satqısına dair notarial qaydada müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı, yəni hazırkı iş üzrə iddiaçı müqavilədə nəzərdə tutulmuş nəqliyyat vasitəsini tam, saz vəziyyətdə alıcıya, yəni hazırkı iş üzrə cavabdehə təhvil verməyi, alıcı isə əldə etdiyi nəqliyyat vasitəsini görə müəyyən edilmiş məbləği ödəniş cədvəli üzrə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə nəzərdə tutulmuş nəqliyyat vasitəsi alıcıya təhvil verilərkən işlək vəziyyətdə olsa da, xx.xx.2024-cü il tarixdə həmin nəqliyyat vasitəsi nasaz vəziyyətdə servisə qəbul edilmişdir. “X3” tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş qüsur aktı ilə buraxılış ili 2006-cı il olan, “Opel Astra” markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin ümumi məbləği (ehtiyat hissələri + işçilik) 1950 manat məbləğində hesablanmışdır. Beləliklə, işin hallarından müəyyən olunur ki, həmin müddət ərzində avtomobil məhz cavabdehin istifadəsində olarkən nasaz vəziyyətə gətirilmişdir. Yuxarıda istinad edilən qanunvericilik normalarının tələbləri baxımından iddiaçı cavabdehə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilənin 18-ci bəndində qeyd edilmişdir ki, “Avtomobil geri alınarkən avtomobilə maddi ziyan vurulmuş olarsa, yəni texniki saz vəziyyətdə olmazsa, avtomobilin tam saz vəziyyətə gətirilməsi üçün çəkilən xərcləri alıcı avtomobilin sahibinə ödəməlidir”. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi avtomobilə dəymiş zərərin əvəzi kimi 1950 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə alınması hissəsində tam əsaslı olmaqla təmin edilməlidir. Nəzərə alınmalıdır ki, məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, müvafiq prosessual hərəkətin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və həmin səbəblərin üzrlü olmasına dəlalət edən sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçının nümayəndəsi (vəkili) bu barədə yazılı ərizə verməklə işə qiyabi icraat qaydasında baxılmasına razı olmasından ibarət iradə ifadəsini məhkəməyə açıq şəkildə bildirmiş, məhkəmə tərəfindən işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Həmçinin, iş üzrə cavabdeh iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin, prosessual hüquq və vəzifələrinin izahı da daxil olmaqla, iş üzrə keçirilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatı özündə əks etdirən məhkəmə bildirişlərini rəsmi qaydada təhvil alsa da, qanunla ona verilmiş öz müdafiəsini hazırlamaq hüququndan müvafiq prosessual müddət daxilində (həmçinin bu müddət keçdikdən sonra) istifadə etməmiş, iddia ərizəsində qeyd olunanların əksini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. İşdə olan mövcud sübutları aidlik, mümkünlük və mötəbərlik nöqteyi nəzərindən qiymətləndirən məhkəmə iddia tələbinin təmin edilməli olmasına dair müvafiq nəticəyə gəlməkdə haqlı olmuşdur. Tələb edilən hüquqi xidmətlərə görə vəkilə ödənilmiş 150 manata münasibətdə isə məhkəmə hazırkı iddianın xarakterini və vəkil tərəfindən bu iş üçün sərf olunan vaxt miqdarını nəzərə alaraq, tələb edilən vəsaitin ağlabatan məbləğdə olması qənaətinə gəlir. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçının nümayəndəsi (vəkili) hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 50 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bu məbləğ, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmamışdır. Belə olan halda, ödənilmiş 41 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, artıq ödənilmiş 9 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən iddiaçının nümayəndəsinə (vəkilinə) qaytarılmalıdır. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 1950 manat məbləğində pul vəsaiti, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilən 150 manat məbləğində pul vəsaiti və ödənilmiş 41 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməli, artıq ödənilmiş 9 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən iddiaçının nümayəndəsi (vəkili) Vəkil qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 1950 (min doqquz yüz əlli) manat məbləğində pul vəsaiti, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilən 150 (yüz əlli) manat məbləğində pul vəsaiti və ödənilmiş 41 (qırx bir) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Artıq ödənilmiş 9 (doqquz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən iddiaçının nümayəndəsi (vəkili) Vəkil qaytarılsın. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən tərəflər bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Sədrlik edən Fəridə Rzayeva
Məhkəmə qərarları › İş №e-2(010)-2331/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(010)-2331/2025
10.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver