Məhkəmə qərarları › İş №e-2(010)-2332/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2332/2025

11.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2332/2025 11.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi

1. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən əsas borc üzrə 2400 manat, cərimə üzrə 170 manat, cəmi 2570 manat ödənilməmiş borcun və ödənilmiş 45,7 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin dəlilləri

2. Onunla Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə Tikinti materiallarının alqı-satqısına dair “Nisyə alqı-satqı” müqaviləsi (Müqavilə) bağlanmışdır. Həmin Müqaviləyə əsasən o, həmin malları cavabdehə nisyə satmağı, cavabdeh isə ona satılmış malları qəbul edib razılaşdırılmış formada – ödəniş cədvəlinə uyğun, “Malların” dəyərini ödəməsini öhdəsinə götürmüşdür. Cavabdeh üzərinə götürdüyü öhdəliklərini lazımınca icra etmir, Müqavilənin şərtlərini qəsdən kobud şəkildə pozur. Belə ki, Müqavilə ilə nəzərdə tutulmuş ödəniş müddətlərinin keçməsinə və ödəniş barədə dəfələrlə şifahi və rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, müqavilə üzrə ödəməli olduğu borcunu ödəməkdən yayınır. Hazırda onun əsas borc üzrə 2400 manat, cərimə üzrə 170 manat, cəmi 2570 manat borcu vardır.

Tərəflərin izahatları

3. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında Cavabdeh iddanı qəbul edərək bildirdi ki, qeyd olunan borc tələbi ilə bağlı aylıq ödənişlər həyata keçirmişdir.

İş materialları

5. Satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, RN001780 nömrəli müqavilə və ona əlavə olan ödəniş cədvəlindən görünür ki, satıcı ümumi dəyəri 2640 manat olan 1 ədəd tikinti materialları alıcıya satmışdır və alıcı həmin malın dəyərini ilkin ödəniş 0 manat, aylıq 220 manat olmaqla 12 ay ərzində ödəniş qrafikinə uyğun ödəməyi öhdəsinə götürmüşdür.

6. xx.xx.2023-cü il tarixli pretenziyadan görünür ki, alıcı (cavabdeh) Cavabdeh əsas borc üzrə 2400 manat, cərimə üzrə 170 manat, cəmi 2570 manat borc məbləğinin 3 təqvim günü ərzində ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

7. xx.xx.2025-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 2640 manat ödənilməli borc məbləği, 240 manat ödənilmiş məbləğ, ödənilməmiş əsas borc məbləği 2400 manat, 170 manat cərimə borcu vardır.

İşin faktiki halları

8. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, RN001780 nömrəli müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə tikinti materialları təqdim edilmiş və o, həmin məhsulların dəyərini ödəniş qrafikinə uyğun ödəməyi öhdəsinə götürmüşdür. İddiaçının dəlili ondan ibarətdir ki, cavabdeh ödəniş qrafikinə əməl etməyib, müqavilə üzrə ödəməli olduğu pulu ödəməyib. Cavabdeh tərəfindən iddia tələbinə etiraz yaxud mülahizə daxil olmamış, məhkəmədə verdiyi izahatında iddia tələbini qəbul etdiyini bildirmişdir.

Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 385. Öhdəlik anlayışı 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 422. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

Məhkəmənin mövqeyi

10. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.

11. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı nisyə alqı-satqı müqaviləsi üzrə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan məhsulu cavabdehə vermişdir. Cavabdeh isə borclu olduğu məbləği ödəniş qrafikinə uyğun 12 ay müddəti ərzində ödəməyi öhdəsinə götürsə də, lakin həmin öhdəliyi icra etməmişdir. Eyni zamanda, cavabdeh tərəfindən də borc məbləinə qarşı etiraz bildirilməmişdir.Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı hazırki borc məbləğini tələb etməkdə haqlıdır.

12. Məhkəmə hesab edir ki, iddia tələbi həm cavabdehdən müqavilə üzrə tələb olunan 2400 manat əsas borca münasibətdə, həm də cərimə pulu olaraq tələb olunan 170 manata münasibətdə əsaslıdır.

13. Məhkəmə tətbiq edilən dəbbə pulunun əsas borca mütənasib olduğunu nəzərə alaraq hesab edir ki, iddia tələbi 170 manat məbləğində dəbbə pulu (penya) hissəsində də təmin edilməlidir.

Məhkəmə xərcləri

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

15. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

16. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 45.7 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Məhkəmənin gəldiyi nəticə

17. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 2040 manat əsas borc və 170 manat cərimə borcu olmaqla cəmi 2570 manat pul vəsaiti və iş üzrə ödənilmiş 45.7 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir.

18. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 2040 manat əsas borc və 170 manat cərimə borcu olmaqla cəmi 2570 manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş 45.7 manat dövlət rüsum Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar