Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2394/2024 16.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Məmmədov Tural Nurulla oğlu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra mətndə "xxxx" ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə 2225.69 manat əsas borc, 17.21 manat faiz borcu olmaqla cəmi 2242.9 manat məbləğində kredit borcu və ödənilmiş 42.43 manat dövlət rüsumu, habelə 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 60 ay müddətinə, illik 1 faiz dərəcəsi ilə hesablanmaqla 6349.6 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq bank və Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli, RZ020 saylı zaminlik müqaviləsi imzalanmışdır. Borclu Cavabdeh1 kredit müqaviləsi üzrə vəsaitindən istifadə etmiş, lakin kredit borcu və hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş qaydada ödəməkdən boyun qaçırır. Cavabdehlərə xx.xx.2019-cu il tarixli, RK021 nömrəli kredit müqaviləsi üzrə borcun qaytarılması haqqında xx.xx.2023-cü il tarixli bildiriş göndərilərək xəbərdarlıq edilsə də, vəsait Banka geri qaytarılmamışdır. Beləliklə, cavabdehlərə kreditin vaxtında qaytarılması haqqında dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bugünə kimi borcun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün cavabdeh tərəfindən tədbirlər görülməmiş, müqavilə üzrə öhdəliklər yerinə yetirilməmişdir.
İş materialları
3. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 barasında bağlanmış xx.xx.2019-cu il tarixli, RK021 nömrəli kredit müqaviləsindən və ona 1 saylı Əlavədən görünür ki, Bank tərəfindən borcluya 60 ay müddətinə, illik 1 faiz dərəcəsi ilə hesablanmaqla 6349.6 manat məbləğində kredit verilmişdir.
4. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RZ020 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 borclu Cavabdeh1 bank qarşısında kredit öhdəliklərinin icra edilməsi ilə əlaqədar onunla birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür.
5. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehlərə banka olan borcun 3 gün müddətində ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
6. Maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli, RK021 nömrəli kredit müqaviləsi üzrə müəyyən ödənişlər etmiş və ödənilməmiş qalıq borcu qalmışdır.
7. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 42.43 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
İşin faktiki halları
8. İddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli, RK021 nömrəli kredit müqaviləsi bağlanmış və Bank tərəfindən borcluya 60 ay müddətinə, illik 1 faiz dərəcəsi ilə hesablanmaqla 6349.6 manat məbləğində kredit verilmişdir. Eyni zamanda iddiaçı "xxxx" ASC ilə digər Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli, RZ020 saylı zaminlik müqaviləsi bağlanmış və Cavabdeh2 borclu Cavabdeh1 bank qarşısında kredit öhdəliklərinin icra edilməsi ilə əlaqədar onunla birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Hazırda iddiaçı tərəf kredit və zaminlik müqavilələri üzrə cavabdehlərin öz öhdəliklərini lazımi qaydada yerinə yetirilmədiyini qeyd edir.
Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi
Maddə 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
10. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 739. Borc müqaviləsi (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada) 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 743. Borcun dərhal qaytarılmasını tələb etmək hüququ (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada)
743. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
Məhkəmənin mövqeyi
11. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir.
12. Belə ki, tərəflər arasında müqavilə bağlanılmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəliyi lazımi qaydada yerinə yetirilməklə xx.xx.2019-cu il tarixli, RK021 nömrəli kredit müqaviləsi üzrə nəzərdə tutulan kredit vəsaitini Cavabdeh1 təqdim etmişdir. Lakin bununla belə, Cavabdeh1 kredit müqaviləsi üzrə müəyyən ödənişlər etsə də, lakin öz öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və onun Banka ödənilməmiş 2225.69 manat əsas borc və 17.21 manat faiz borcu olmaqla cəmi 2242.9 manat borcu qalmışdır. Məhkəmə eyni zamanda qeyd edir ki, həmin xx.xx.2019-cu il tarixli, RK021 nömrəli kredit müqaviləsinin təminatı olaraq digər Cavabdeh2 ilə xx.xx.2019-cu il tarixli, RZ020 saylı zaminlik müqaviləsi bağlanmasına baxmayaraq, digər cavabdeh də öz öhdəliyini lazımi şəkildə yerinə yetirməmişdir.
13. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü tələb əsaslıdır. Məhkəmə xərcləri
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
15. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
16. İddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 42.43 manat məbləğində pul və 0.40 manat bank xidmət haqqı Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır.
Məhkəmənin gəldiyi nəticə
17. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 2225.69 manat əsas borc, 17.21 manat faiz borcu olmaqla cəmi 2242.9 manat məbləğində kredit borcu və ödənilmiş 42.43 manat dövlət rüsumu, habelə 0.40 manat bank xidmət haqqı tutularaq ödənilməlidir.
18. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə,
qət etdi:
İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2225.69 manat əsas borc, 17.21 manat faiz borcu olmaqla cəmi 2242.9 manat məbləğində kredit borcu tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 42.43 manat məbləğində pul və 0.40 manat bank xidmət haqqı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.