Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2402/2022 14.07.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiаçı İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə yaranmış 7069.6 manat əsas, 1060.4 cərimə borcu olmaqla, ümumilikdə 8130 manat borcun və 101.3 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı 15 ədəd “Samsung” markalı mobil telefona, 8 ədəd “Xiaomi” markalı mobil telefona, 3 ədəd televizora, 1 ədəd “Honor” markalı mobil telefona, 1 ədəd böyük ekranlı televizora, 8 ədəd qulaqcığa, 2 ədəd adapterə (Power Bank), 1 ədəd saç quruducuya, 2 ədəd Stickerə, 2 ədəd “Panasonic” markalı telefona və 1 ədəd modemə görə 24 ay ödəniş cədvəli üzrə hər ay 354 manat olmaqla cəmi 8496 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, xx.xx.2021-ci il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 95.5 manat ödəniş etmiş və qalıq qalmış 7069.6 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 faiz dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 10604 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesanlanmış cərimə məbləğinin miqdarı 10604 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90 faizi tərəflərindən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10 faizi, yəni 1060.4 manat İddiaçı MMC-yə ödənilməlidir. Cavabdeh xx.xx.2022-ci il tarixədək İddiaçı MMC-yə olan borcu 7069.6 manat əsas, 1060.4 manat cərimə, cəmi 8130 manat təşkil etmişdir. Tərəflərin izahatları. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehlə bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə restrukturizasiya müqaviləsidir. Bu müqavilə bağlandıqdan sonra cavabdeh tərəfindən cəmi 1426.4 manat məbləğində ödəniş edilmişdir ki, bu pulun hamısı ümumi borcdan çıxılmış, yalnız qalıq borc cavabdehdən tələb edilmişdir. Yəni, cavabdeh tərəfindən ödənilmiş, lakin nəzərə alınmamış borc yoxdur. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, İddiaçı MMC tərəfindən ondan artıq məbləğdə pul tələb edilir. Belə ki, o, müqavilə üzrə üç dəfə 355 manat pul ödəmiş, bir dəfə isə İddiaçı MMC-nin ayrı-ayrı işçilərinin kartına ödəniş etmişdir. Lakin ondan 7069 manat pul tələb edilir və o, bu məbləğlə razı deyil. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İş materialları. "xxxx" MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, müqaviləyə əsasən Satıcı bu müqaviləyə əsasən 1 saylı əlavədə göstərilmiş məhsulu (əmlakı) Alıcıya nisyə satmağı, Alıcı isə satımış əşyaya görə ilkin ödəniş edərək malı qəbul edib bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə 1 saylı əlavədən görünür ki, siyahıda adları göstərilmiş əşyalar Cavabdeh təhvil verilmişdir. xx.xx.2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki, ödəniş cədvəlinə əsasən aylıq ödənişlərin xx.xx.2021 – xx.xx.2023-cü il tarixləri arasında hər ay 354 manat olmaqla ödənilməsi təsdiq edilmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 7069.6 manat əsas, 10604 cərimə borcu olmaqla, ümumilikdə 17673.6 manat borcu vardır. Xəbərdarlıqdan görünür ki, Cavabdeh müqavilə üzrə yaranmış borc məbləği barədə xəbərdar edilmiş, borcun ödənməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə məlumat verilmişdir. İşin faktiki halları. Cavabdeh xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMCdən 15 ədəd “Samsung” markalı mobil telefon, 8 ədəd “Xiaomi” markalı mobil telefon, 3 ədəd televizor, 1 ədəd “Honor” markalı mobil telefon, 1 ədəd böyük ekranlı televizor, 8 ədəd qulaqcıq, 2 ədəd adapter (Power Bank), 1 ədəd saç quruducu, 2 ədəd Sticker, 2 ədəd “Panasonic” markalı telefon almışdır. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə cəmi 8496 manat məbləğində borcun 24 ay ərzində hissə-hissə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. Lakin Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etmədiyindən onun ödənilməmiş borcu qalmışdır. Bu səbəbdən İddiaçı MMC hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, müqavilə üzrə ödənilməmiş əsas borcu və hesablanmış cəriməni Cavabdeh tələb etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə etmiş, cavabdeh isə iddianı qəbul etməmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390. Müqavilə azadlığı. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 405. Müqavilənin mühüm şərtləri barəsində razılaşma. 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 462. Dəbbə pulu anlayışı. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.2. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 567. Alğı-satqı müqaviləsi. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 601. Əşyanın hissə-hissə ödənilməsi. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 222. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Məhkəmənin mövqeyi. Məhkəmə işin faktiki hallarını araşdırıb və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, nisyə alğı-satqı müqaviləsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və iddiaçının cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Çünki iddiaçı bağlanmış alğı-satqı müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilədə göstərilən əşyaları borcluya vermişdir. Borclu isə bu müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir. Odur ki, cavabdehdən alğı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borc tutularaq iddiaçıya verilməlidir. Bu hissədə məhkəmə qeyd edir ki, məhkəmə iclasında iddianı qəbul etməyən cavabdeh bildirmişdir ki, müqavilə üzrə borcundan cəmi dörd dəfə 355 manat məbləğində ödəniş etmiş, lakin İddiaçı MMC tərəfindən bu ödənişlər nəzərə alınmamışdır. Elə cavabdeh məhz bu əsasla iddia tələbini qəbul etməmişdir. Lakin iş materiallarında olan maliyyə arayışından görünür ki, müqavilə üzrə cəmi 8496 manat borcdan 1426.4 manatının ödənildiyi, 7069.6 manatının isə ödənilmədən qaldığı arayışda göstərilmişdir. Yəni, cavabdehin hesab etdiyindən fərqli olaraq, onun ödənişləri iddiaçı tərəfindən nəzərə alınmış, bu ödənişlər çıxıldıqdan sonra 7069.6 manat borcu qalmışdır. Odur ki, cavabdehin bu əsasla iddianı qəbul etməməsinin iş üçün heç bir əhəmiyyəti yoxdur. Eyni zamanda məhkəmə qeyd edir ki, tərəflərin mübahisəli hüquq münasibətləri üzrə iddia tələbi əsas borca münasibətdə qanuni və əsaslı olsa da dəbbə puluna münasibətdə qismən təmin edilməlidir. Belə ki, dəbbə puluna görə cavabdehin məsuliyyətli olub-olmaması məsələsi ilə bağlı qeyd olunmalıdır ki, dəbbə pulu öhdəliyin icrasının təmini üsulu olmaqla yanaşı, həm də borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsinə görə tərəflərin müəyyən etdiyi məsuliyyət növüdür. Lakin nəzərə alınmalıdır ki, məsuliyyətin bir növü olaraq dəbbə pulunun ödənilməsini kreditor yalnız borclunun təqsiri olduğu təqdirdə tələb edə bilər. İşdən göründüyü kimi, iddiаçı cаvаbdehdən 1060.4 manat cərimə ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, həmin məbləğ hazırkı vəziyyətdə işin hаllаrınа tam uyğun deyildir və tənаsübsüz surətdə yüksəkdir. Məhkəmə qeyd edir ki, cərimənin miqdаrının çоx оlmаsı bоrclunun mülkiyyət mаrаqlаrının qоrunmаsı və оnun həddən аrtıq mаliyyə məsuliyyətinə cəlb оlunmаsının qаrşısının аlınmаsı bаxımındаn məqsədəmüvаfiq deyil. Ona görə də cаvаbdehdən öz öhdəliyini lаzımıncа yerinə yetirməməkdə ifаdə оlunаn iddiaçının ümumi mаrаğı cavabdehin mülkiyyət hüquqlаrının müdаfiəsi аrаsındа ədаlətli tаrаzlığа nаil оlunmаsı bаxımındаn cərimənin azaldılaraq 100 manat məbləğində müəyyən edilməsi məqsədəuyğundur. Məhkəmə xərcləri. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 101.3 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Həmin məbləğ iddianın qiymətinə uyğun olmuşdur. Belə olan halda ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə (7169.6 manat) mütənasib hissəsi (91.7 manat) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 7069.6 manat məbləğində əsas borc və 100 manat məbləğində cərimə olmaqla, ümumilikdə 7169.6 manat (yeddi min yüz altmış doqquz manat altmış qəpik) məbləğində borc və 91.7 manat (doxsan bir manat yetmiş qəpik) məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 7069.6 manat məbləğində əsas borc və 100 manat məbləğində cərimə olmaqla, ümumilikdə 7169.6 manat (yeddi min yüz altmış doqquz manat altmış qəpik) məbləğində borc və 91.7 manat (doxsan bir manat yetmiş qəpik) məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №e-2(010)-2402/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2402/2022
14.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver