Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2409/2025 11.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X1 iclas katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İddia tələbi və tələbin əsaslandırıldığı hallar İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı subroqasiya qaydasında pul tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2454 manat məbləğində sığorta ödənişi və 44.54 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2021-ci il tarixdə “UAZ 396202” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolnəqliyyat hadisəsi törətmiş və nəticədə iddiaçı tərəfindən sığortalanmış "Chevrolet Cruze" markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün iddiaçı tərəfindən 7784 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Nizami RPİ DYPİ-nin xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında qərarının surəti ünvanlarına daxil olmuş və sözügedən qərara əsasən, cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 332.1-ci maddələri ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri görülmüşdür. Nizami RPİ DYPİ-nin iddiaçıya təqdim etdiyi arayışa əsasən, “UAZ 396202” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü olan cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. “İcbari sığortalar haqqında” AR Qanununun 56-cı maddəsinə əsasən, üçüncü şəxslərin əmlakına dəyən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta məbləği 5000 manat müəyyən edilmişdir. Qeyd olunan maddəyə əsasən, xx.xx.2021-cü il tarixdə “UAZ 396202” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalamış "xxxx" ASC tərəfindən 5000 manat, 330 manat hissəsi isə cavabdeh tərəfindən cəmiyyətə ödənilmişdir. Qeyd olunanlara əsasən, iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 7784 manat sığorta ödənişi məbləğinin qalıq məbləği olan 2454 manat hissəsini cavabdehdən tələb etmək hüququna malikdir. İddiaçı tərəfindən cavabdehin ünvanına xx.xx.2024-cü il tarixli, AS- 24/1603 saylı geriyə tələb (subroqasiya) məktubu göndərilsə də, müvafiq sığorta ödənişi məbləği bugünədək ödənilməmişdir. Cavabdehin etirazı və etirazın əsaslandırıldığı hallar Cavabdeh iddia tələbinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində qarşı tərəfə vurulan zərərin qarşılığında iddiaçının çıxardığı 2498.54 manat məbləğin ondan tutularaq iddiaçıya ödənilməsinə etiraz edir. Çünki, bu məbləğ həddindən artıq şişirdilmiş məbləğdir və onun iştirakı olmadan qarşı tərəfə dəymiş ziyan qiymətləndirilib. İddiaçının tərtib etdiyi siyahıda heç bir detalın qiyməti düzgün yazılmamışdır. İddia icraatına keçid Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(010)- 2409/2025 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Tərəflərin izahatları İddiaçının nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən olunur ki, buraxılış ili 2015-ci il olan, “Chevrolet Cruze” minik markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Əsgərli Fuad Əİəsgər oğlunun adına qeydə alınmışdır. xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Cavabdeh xx.xx.2021-ci il tarixdə, saat 15:40-da Bakı şəhəri, Şərq küçəsi, Su Tikinti Xəstəxanasının qarşısı adlanan ərazisində “UAZ 396202016” təcili yardım markalı, **-AG- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci (yolayrıcını keçmə qaydalarının pozulması) və 332.1ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi) maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinmiş və barəsində 60 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli hesablama aktından müəyyən olunur ki, “Chevrolet Cruze” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərin ümumi məbləği (işçilik + ehtiyat hissələri) 8000 manat məbləğində qiymətləndirilmişdir. İddiaçı tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli, 21-06450/11/CM-325/21 nömrəli sığorta aktından müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçı tərəfindən M**********9 nömrəli sığorta şəhadətnaməsi üzrə avtonəqliyyat vasitələrinin sığortası növü üzrə sığortalanmış, X3 məxsus “Chevrolet Cruze” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərin ümumi məbləği 7784 manat məbləğində müəyyən edilmiş və nəqliyyat vasitəsinin təmiri üçün müvafiq sığorta ödənişi X2 (sığortalı) məxsus bank hesabına (4501000BK4348518A82) mədaxil edilmişdir. xx.xx.2021-ci il tarixli, **********52154 nömrəli ödəniş tapşırığından müəyyən olunur ki, iddiaçı tərəfindən 7784 manat məbləğində sığorta ödənişi 4501000BK4348518A82 nömrəli bank hesabına mədaxil edilmişdir. xx.xx.2024-cü il tarixli, AS-24/1603 nömrəli xəbərdarlıqdan müəyyən olunur ki, cavabdehə subroqasiya qaydasında ödənilmiş 2454 manat məbləğində pul vəsaitinin 10 (on) gün müddətində iddiaçıya ödənilməli olması bildirilmiş, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. xx.xx.2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 60.12 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş 01 ədəd maddi daşıyıcıya (CD-R) daxil edilən fotoşəkillərdən “Chevrolet Cruze” minik markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəyə yararsız vəziyyətdə olması aşkar görünür. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş CVN/N 14-465/25 nömrəli yazılı mütəxəssis məsləhətindən müəyyən olunur ki, “Chevrolet Cruze” minik markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın hesablanması ilə əlaqədar tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktında qeyd edilən ehtiyat hissələrinin və xidmətlərin dəyəri həmin dövrdə mövcud olan real bazar qiymətlərinə qismən uyğun hesablanmadığı qeyd edilmiş, “Chevrolet Cruze” minik markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyan iş materiallarında olan xx.xx.2021-ci il tarixli qüsur aktı araşdırılmaqla və avtomobilə baxış keçirilməklə 4825 manat (ehtiyat hissələri və əmək haqqı) məbləğində qiymətləndirilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 925.3. Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir Məhkəmə iclasında təqdim edilmiş sübutların bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, cavabdeh tərəfindən etibarnamə olmadan idarə olunan “UAZ 396202016” təcili yardım markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Chevrolet Cruze” minik markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə xx.xx.2021-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Həmin hadisə ilə bağlı xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuşdur. Qeyd olunan qərara əsasən, yol-nəqliyyat hadisəsinin baş verməsində cavabdeh təqsirli bilinmiş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci (yolayrıcını keçmə qaydalarının pozulması) və 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi) maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində inzibati cərimə növündə inzibati tənbəh tədbiri tətbiq edilmişdir. İddiaçı tərəfindən “Chevrolet Cruze” minik markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 8000 manat məbləğində hesablanmış, ödənilməmiş qalıq sığorta ödənişi məbləği (116 manat) çıxıldıqdan sonra hadisə nəticəsində yararsız vəziyyətə düşmüş nəqliyyat vasitəsinin təmiri üçün müvafiq sığorta ödənişi edilmişdir. Həmin sığorta ödənişinin bir qismi, yəni 5000 manat məbləği cavabdehin mülki məsuliyyətini icbari qaydada sığortalamış sığorta şirkəti ("xxxx" ASC) tərəfindən, bir qismi isə, yəni 330 manat cavabdehin özü tərəfindən iddiaçıya ödənilmiş, 2454 manat hissəsi qalıq qalmışdır. Belə olan halda, cavabdehin təqsirli hərəkətləri nəticəsində baş vermiş sığorta hadisəsinə görə faydalanan şəxsə sığorta ödənişi edən iddiaçı ödədiyi sığorta ödənişi məbləğini ona dəymiş zərərə görə məsuliyyət daşıyan cavabdehdən subroqasiya qaydasında tələb etmək hüququ eldə etmişdir. Yol-nəqliyyat hadisəsinin baş verməsi, bu hadisənin məhz cavabdehin təqsirli hərəkətlərinin nəticəsi olması, hadisə nəticəsində iddiaçı tərəfindən sığortalanmış nəqliyyat vasitəsinə zərər vurulması və bu zərərin iddiaçı tərəfindən kompensasiya edilməsi kimi hallar barədə mübahisə edilməsə də, məhkəmə iclasında iştirak edən cavabdeh yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərin ümumi məbləğinin düzgün hesablanmadığını bildirmişdir. Bu məqsədlə iş materialları yazılı mütəxəssis məsləhətinin verilməsi üçün müstəqil qiymətləndirici təşkilata göndərilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş CVN/N 14-465/25 nömrəli yazılı mütəxəssis məsləhətinə əsasən, “Chevrolet Cruze” minik markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın hesablanması ilə əlaqədar tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktında qeyd edilən ehtiyat hissələrinin və xidmətlərin dəyəri həmin dövrdə mövcud olan real bazar qiymətlərinə qismən uyğun hesablanmadığı qeyd edilmiş, “Chevrolet Cruze” minik markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyan iş materiallarında olan xx.xx.2021-ci il tarixli qüsur aktı araşdırılmaqla və avtomobilə baxış keçirilməklə 4825 manat məbləğində qiymətləndirilmişdir. Həmin akt əsas fəaliyyət sahəsi qiymətləndirmə fəaliyyəti olan və qiymətləndirmə fəaliyyətinin istiqaməti (istiqamətləri) üzrə ixtisaslaşmış kommersiya hüquqi şəxsi – qiymətləndirici təşkilat tərəfindən qiymətləndirmə fəaliyyəti haqqında qanunvericiliyin tələbləri əsas götürülməklə tərtib edilmişdir. Müvafiq aktda nəqliyyat vasitəsinin fərdi xüsusiyyətləri (modeli, markası, buraxılış və s.), qiymətləndirmənin hansı meyarlar üzrə aparılmasına dair kifayət qədər məlumatlar əks olunmuş, akt əmlak bazarında analoji qiymətləndirmə obyektlərin təhlili və qiymətləndirilən nəqliyyat vasitəsinin aid olduğu bazarın tədqiqi əsasında tərtib edilmişdir. Belə olan halda, həmin yazılı mütəxəssis məsləhəti iş üzrə mötəbər sübut kimi qəbul edilməli və baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində iddiaçı tərəfindən sığortalanmış nəqliyyat vasitəsinə vurulmuş zərərin ümumi məbləği 4825 manat kimi nəzərə alınmalıdır. Məhkəmənin sifarişi üzrə aparılmış qiymətləndirmə fəaliyyətinin nəticəsi kimi tərtib edilən qiymətləndirmə aktı elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə baxış iclasında tədqiq edilmişdir. Həmçinin, müvafiq mütəxəssis məsləhəti təklikdə deyil, təqdim edilmiş digər sübutlarla yanaşı yoxlanılmış və məcmu şəklində qiymətləndirilmişdir. Mübahisə tərəfləri olan iddiaçı və ya cavabdeh tərəfindən yazılı mütəxəssis məsləhətində qeyd edilənlərin həqiqəti əks etdirməməsi və yaxud həmin məsləhətdə göstərilən qiymətlərin hadisə baş verən tarixə mövcud bazar qiymətlərinə uyğun olmaması barədə etiraz mövqeyi məhkəməyə təqdim edilməmişdir. Hər bir halda, tərəflərin iş materiallarına əlavə edilən yazılı mütəxəssis məsləhəti ilə tanış olmaq və ona dair münasibət bildirmək üçün kifayət qədər vaxta sahib olmaları, eləcə də şəxsən bu və ya digər qiymətləndirici ilə sifariş üzrə aparılan qiymətləndirmə nəticəsində tərtib edilən yazılı mütəxəssis məsləhətini məhkəməyə təqdim etməmələri nəzərə alınmalı, mövcud məsləhət mötəbər sübut növü kimi qəbul edilməlidir. xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçı tərəfindən M**********9 nömrəli sığorta şəhadətnaməsi üzrə avtonəqliyyat vasitələrinin sığortası növü üzrə sığortalanmış “Chevrolet Cruze” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərin məbləği 4825 manat məbləğində müəyyən edildiyindən, eləcə də cavabdehin mülki məsuliyyətini icbari qaydada sığortalayan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 5000 manat məbləğində sığorta ödənişi iddiaçının hesabına köçürüldüyündən, yol-nəqliyyat hadisəsi nəticəsində sığortalının əmlakına dəyən real zərərin əvəzi artıq kompensasiya edilmiş hesab edilməli və obyektiv olaraq verilməli olan sığorta ödənişi məbləğindən artıq həcmdə icra edilmiş sığorta ödənişinin alınması barədə iddia təmin edilməməlidir. Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddiaçı tərəfindən 60.12 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə uyğun olmuşdur. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş 60.12 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, mülki iş üzrə tədqiq olunmuş sübutlar məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 60.12 (altmış manat on iki qəpik) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəridə Rzayeva
Məhkəmə qərarları › İş №e-2(010)-2409/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2409/2025
11.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver