Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2410/2025 30.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Miriyeva Səlimə Miri qızı İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi üzrə mülki iş materiallarını araşdıraraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra ”X1 Azərbaycan” QSC) Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh iddiaçı “X1 Azərbaycan” QSC-nin xeyrinə 253.08 manat əsas, 1.62 manat faiz və 22.73 manat cərimə borcu olmaqla, cəmi 277.43 manat məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə “X1 Azərbaycan” QSC və Cavabdeh arasında 288432 nömrəli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən, bank tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 4000 manat məbləğində pul ayrılmış və borcalan 24 ay müddətində kreditin əsas məbləği və ona illik 12% olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli idi. “X1 Azərbaycan” QSC müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalan Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və bu günədək borcu ödəməmişdir. Cavabdehin kredit müqaviləsinə əsasən “X1 Azərbaycan” QSC-yə olan borcu əsas məbləğ üzrə 253.08 manat, faiz məbləği üzrə 1.62 manat, cərimə məbləği üzrə 22.73 manat olmaqla, ümumilikdə 277.43 manat məbləğində təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə qanunvericiliyinin tələbini əsas götürərək işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “X1 Azərbaycan” (Kreditor) və Cavabdeh (Borcalan) arasında bağlanmış xx.xx.2022ci il tarixli, 288432 nömrəli kredit müqaviləsindən görünür ki, “Kreditor” 24 ay müddətinə, illik 12% ödənilmək şərti ilə 4000 manat məbləğində krediti gündəlik tələbat məqsədləri üçün “Borcalan”ın mülkiyyətinə verməyi, “Borcalan” isə kredit üzrə almış olduğu bütün borc pul məbləğini bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə və müddətlərdə “Kreditor”a qaytarmağı öhdəsinə götürür. xx.xx.2022-ci il tarixli, 288432 nömrəli kredit müqaviləsinə əlavə olan ödəniş qrafikindən görünür ki, kredit müqaviləsi üzrə ödəniş cədvəli təsdiq edilmiş və müqavilə üzrə borcun xx.xx.2023 – xx.xx.2024-cü il tarixləri arasında hər ay 188.29 manat (sonuncu ay 167.36 manat) məbləğində olmaqla ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh xx.xx.2022ci il tarixli kredit müqaviləsi üzrə “X1 Azərbaycan” QSC-yə xx.xx.2025-ci il tarixə 253.08 manat əsas, 1.62 manat faiz və 22.73 manat cərimə olmaqla, cəmi 277.43 manat məbləğində borcu vardır. xx.xx.2025-ci il tarixli pretenziyadan görünür ki, borcalan Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə “X1 Azərbaycan” QSC qarşısında yaranmış borc məbləği barədə məlumat verilmiş, həmin borc məbləğinin 5 (beş) iş günü ərzində ödənilmədiyi təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. xx.xx.2025-ci il tarixli, **********90 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı “X1 Azərbaycan” QSC tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 447. İkitərəfli müqavilələrdə öhdəliklərin icra edilməməsi. 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 462. Dəbbə pulu anlayışı. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi. 465.1. Əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. İddiaçı aralarında bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən məbləğdə krediti borcluya vermişdir. Borclu isə bu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu lazımınca etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müvafiq kredit müqaviləsi üzrə ödənilməmiş əsas və faiz borcunu tələb etməkdə haqlı olmuşdur. Məhkəmə onu da qeyd edir ki, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Tələb edilən 22.73 manat məbləğində cəriməyə münasibətdə də məhkəmə iddianı əsaslı hesab edir. Belə ki, dəbbə pulu (cərimə, penya) öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmçinin tələb edilən cərimə məbləği əsas borca mütənasibdir və tənasübsüz surətdə yüksək məbləğ deyil. Odur ki, iddia cəriməyə münasibətdə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda – 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. İş materiallarından görünür ki, iddiaçı Bank tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 284-2-ci maddəsinə əsasən, kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. 284-5.1-ci maddəsinə əsasən,ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən,cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. 284-6.2-ci maddəsinə əsasən,məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 253.08 manat əsas borc, 1.62 manat faiz borcu və 22.73 manat cərimə olmaqla, cəmi 277.43 manat məbləğində borc və 30 manat məbləğində dövlət rüsumu Cavabdeh iddiaçı “X1 Azərbaycan” QSC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 222-ci, 284-1-284-6, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, 288432 nömrəli kredit müqaviləsin üzrə 253.08 manat əsas borc, 1.62 manat faiz borcu və 22.73 manat cərimə olmaqla, cəmi 277.43 (iki yüz yetmiş yeddi manat qırx üç qəpik) manat məbləğində borc və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №e-2(010)-2410/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2410/2025
30.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver