Məhkəmə qərarları › İş №e-2(010)-2414/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2414/2025

28.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2414/2025 28.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi.

1. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 48562 (qırx səkkiz min beş yüz altım iki) manat pulun və ödənilmiş 235 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin dəlilləri

2. İddiaçı tələbində göstərmişdir ki, “İnstagram” sosial şəbəkəsində olan sonuncuya məxsus btc.azerbaijan (Maliyyə Xəbərləri) ilə bağlı səhifədə qeyd etdiyi +**********96 nömrəsi ilə əlaqə saxlayaraq özünü peşəkar və profesional Treyder kimi təqdim etmişdir. Cavabdeh həmin nömrəyə votçap proqramı ilə zəng edərək iddiaçıya görüş təklif etmiş lakin iddiaçı ilk vaxtlar görüş təklifini rədd etmişdir. Cavabdehin israrla görüş tələb etməsi nəticəsində idiaçı onunla razılaşmış və onlar Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsində yerləşən “Botanist” kafesində görüşmüşdülər. Həmin görüş zamanı Cavabdeh İddiaçı birlikdə iş görmək və bunun qarşılığında yüksək qazanc vəd etmidir. Cavabdeh bildirmişdir ki, onun təklif etdiyi iş “Binance” Beynəlxalq birjasında ticarətdir və özü bu işin peşakarıdır. Cavabdeh dəfələrlə bildirmişdir ki, o gördüyü işin peşəkarıdır və bu işdə hər hansı bir itki ola bilməz. Cavabdeh İddiaçı bilirmişdir ki, hər hansı bir xoşa gəlməz vəziyət yaranarsa, həm ziyana, həm də şərik olduğunu bildirmişdir. İddiaçı cavabdehin bu təklifi ilə razışalmışdır. Razılaşmaya əsasən iddiaçının qoyduğu pulları cavabdehin göstrəişi ilə idarə olunmalı və cavabdeh həmin əməliyyatı özü də yoxlaya bildirmişdir. Cavabdeh həmçinin bildirmişdir ki, ilk əməliyyat 60 faiz iddiaçıya, 40 faiz ona bölünəcək sonradan isə bu əllinin əliyyə olacaq. İlk dəfə iddiaçı cavabdehin göstərişi ilə təxminən 4944 ABB dolları civarında ticarət edərək, 1122 ABŞ dolları civarında qazanc əldə etmiş və həmin qazıncın 40 faizini təşkil edən 451 ABŞ dollarını cavabdehin birja ünvanına göndərmişdir. Bu əməliyyatdan sonra cavabdeh bir daha özünü öyərək bu işin peşəkarı olduğunu və ona inanmaq lazım olduğunu qeyd etmişdir. İddiaçı cavabcehin göstərişi ilə əməliyyatlar etsə də, həmin vaxtdan etibarən hər hansı qazanc olmamışdır. Belə ki, xx.xx.2024-cü il taridən xx.xx.2024-cü il tarixədək iddiaçı cavabdehin göstərişi ilə ümumilikdə 28566 ABŞ dolları dəyərində əməliyyat aparmış lakin heç bir qazanc olmamış bütün pulları itirmişdir. Cavabdeh hər dəfə ziyanların ötəri olmağını və qazancın daha çox olacağını bildirmişdir. Cavabdeh həmçinin iddiaçının daha az ziyanlı əməliyyat seçməsinə və ora yönəlməsinə mane olaraq bu halda ziyana şərik olmayacağını bildirmişdir. xx.xx.2024-cü il tarixində ziyan pik həddə çatmışdır. İddiaçı cavabdehlə əlaqə saxlamaq istəsə də sonuncu zənglərə cavab verməmişdir. Nəticədə iddiaçı cavabdehin təkidi ilə apardığı əməliyyatlar nəticəsində 28.566 ABŞ dolları ziyan etmişdir. Cavabdeh bldirmişdir ki, ziyanlı əməliyyatları xilas etmək üçün ziyanın yarısı qədər pul göndərəcəyini vəd etsə də, cəmi 700 ABŞ dolları pul göndərmişdir. İddiaçı Cavabdeh məxsus ***-***-**-** mobil nömrəsinə zəng etsə də, cavabdeh daxil olan zənglərə cavab verməkdən imtina etmişdir. Təxminən 4-5 gün sonra iddiaçı yenidən həmin nömrə ilə əlaqə saxladıqda Cavabdeh tanış vasitəsçininin olduğunu və Kürdəxanıda 30 sot torpağı iddiaçının adına keçirəcəyini pulunu isə özünün ödəyəcəyini bildirmişdir. Sonradan cavabdeh iddiaçının nömrəsini blok edərək aradan çıxmışdır. İddiaçı bununla bağlı Səbail rayon polis idarəsinə müraciət etsə də, xx.xx.2025-ci il tarixli qərarla cinayət işi başlanılması rədd edilmişdir.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbində qeyd olunanlara uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi. Qeyd etdi ki, onların arasında ziyana şərik olmaq kimi bir anlaşma olmamışdır, o, ümumiyyətlə bir treyder olaraq heç vaxtı işlədiyi şəxslərin ziyanına şərik olmur. İddiaçının açdığı əməliyyat ziyana gedərkən ona 900 ABŞ dolları köçürməsinin səbəbi bu əməliyyatın onun fikiri əsasında açıldığına görə iddiaçının əməliyyatını dəstəkləmək istəməsindən irəli gəlmişdir.

İş materialları.

5. Səbail RPİ-nin “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, İddiaçı və Cavabdeh müraciətləri əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Araşdırma zaman izahatı alınmış Cavabdeh bildirmişdir ki, təxminən 1 il bundan əvvəl instaqram sosial şəbəkəsində bitcoin Azərbaycan hesabı ilə tanış olmuşdur, O ara-ara ondan kriptovalyuta bazarı ilə əlaqədar olaraq məlumatlar almışdır. Bir müddət sonra onunla ***-***-**-** nömrəsində olan Whatsapp vasitəsi ilə danışmağa başlamışlar. Birinci tanış olduqları gündən, yəni 2023-cü ilin dekabr ayından 2024-cü ilin oktyabr ayınadək ondan dəfələrlə fikir və məlumat alaraq özünün də bu işlərlə illərdir məşğul olduğunu və hal hazırda yüksək məbləğdə kriptovalya da yatırım etdiyini bildirmişdir. 2024-cü ilin təxminən oktyabr ayında 1 dəfə birlikdə iş görmüşlər və bu işlə təxminən 4-5 min ABŞ dolları İlqar pul yatırmışdır. Həmin yatırımdan 4-5 gün ərzində ikisidə cəmi 1300-1400 ABŞ dolları pul qazancları olmuşdur. Həmin qazancdan 650-750 dollar arası pulu İlqar ona göndərmişdir. Bu pulu İlqarın mənə göndərməsinin səbəbi isə bu işə şərikli başlamaqları olmuşdur. Bundan sonra İlqarın məsuliyyətsizliyinə görə və gizlin yatırımlar etməyinə görə onunla iş görmək istəməmişdir. Bundan sonra o bir neçə gün daha ona zənglər edib söz vermişdir ki, bir daha bu cür hərəkətlərə yol verməyəcəkdir. İşlərinə qaldıqları yerdən davam etsinlər. Nəticəsində onlar 5000 dollar yenidən yatırım etmək qərarına gəlmişlər və indiyə qədər heç kimə etmədiyi güzəşti etmişdir və hətta ona «mən sənin xeyirinlə bərabər ziyanına da şərik olacağam» demişdir. 2024-cü ilin noyabr ayının ortaları yenidən Binana*. (om saytında bitcoinin düşməyinə İlqar 5000 dollar pul yatırmışdır, Həmin pulu İlqar yatırmış, özü isə ona Finansal məsləhəti vermişdir. Lakin həmin vaxt bazarın gözlənilməz hərəkətinə görə onlar pul itirməyə başlamışlar. Davam edən müddətdə itkinin məbləği yüksəldiyindən İlqar məsləhət aldıqda ona məsləhət verməyə davam etmişdir. İtki yaşamaq istəmədiyi və İlqarın da daha yüksək itki yaşamasını istəmədiyi üçün ona məsləhətlər vermişdir. 2024-cü ilin noyabr ayının sonları son 2-3 gün ərzində İlqar ümumiyyətlə onunla etdiyi əməliyyatların məlumatlarını paylaşmamışdır, Hətta ona 900 dollar da əlavə kömək olmuşdur. Onun dəqiq itirdiyi məbləği bilmir, özü ona dəfələrlə bu barədə məlumat verməsini istəsə də o, yalnız 2-3 gün sonra ona 26000-28000 ABŞ dolları pul itirdiyini bildirmişdir və itirilmiş məbləğin ekran görüntüsünü də gec atmışdır. Həmin vaxt o, özü də öz işləri ilə bağlı ciddi itki yaşamış və istədiyi pulu həmin vaxt verə bilməmişdir. Ona bildirmişdir ki, təkcə ilkin itirdiyi 5000 dollara cavabdehdir, bu səbəbdən ona 2500 dollar verməli, Lakin o isə ondan 28000 ABŞ dolların hamısının 50 faizini ödəməyini istəyir.

6. İş materiallarına əlavə edilmiş tərəflərin işgüzar münasibət apardığı internet saytının təqdim edilmiş çıxarışdan görünür ki, ümumilikdə 28566 ABŞ dolları məbləğində ziyan edilmişdir.

İşin faktiki halları.

7. İşin faktiki halları ondan ibarətdir ki, tərəflər arasında birjada fəaliyyət əsaslı işgüzar münabisət yaranmışdır. Hazırki iddia tələbində iddiaçı ona istinad edir ki, cavabdehlə daxil olduğu işgüzar münasibətdə cavabdeh ona müəyyən pul məbləği yatırım etməklə qazanc əldə edəcəyini vəd etmiş və ilk vaxtlarda müəyyən qazanc əldə edilsə də, lakin sonradan cavabdehin göstərişilə birjada əməliyat açmış, əməliyyat gözlənilənin əksinə olaraq ziyan etdikdə (Bitcoinin satışına yatırım etdikləri halda, əksinə kriptovalyuta bahalaşmağa başlamışdır.) cavabdehə əməliyyatı mövcud ziyanla bağlamağı təklif etmiş, lakin cavabdeh gözləməyi israr etmiş və mövcud cüzdanı qorumaq üçün müəyyən məbləği də onun hesabına köçürmüşdür. Nəticə olaraq da, ziyan müəyyən həddə çatdıqdan sonra, onun balansı həmin ziyandan artığını qarşılaya bilmədiyinə görə avtomatik olaraq tələbdə qeyd edilən ziyan məbləği ilə bazardan çıxmışdır. Cavabdeh isə iddia tələbini qəbul etmir və etirazı onunla əsaslandırır ki, ilk vaxtlar iddiaçıya müəyyən məbləğdə gəlir vermiş, lakin daha sonradan iddiaçı riskli yatırımlar etdiyi üçün ona sadəcə məsləhətlər vermiş və həmin yatırımlara şərik olmadığını bildirmişdir.

Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Maddə 405. Müqavilənin mühüm şərtləri barəsində razılaşma 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Maddə 406. Müqavilənin forması 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübutetmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

Məhkəmənin mövqeyi

10. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir.

11. İş materiallarının araşdırılması və tərəflərin izahatı nəticəsində müəyyən edildi ki, tərəflər arasında işgüzar münasibəti yaranmışdır. Belə ki, hər iki tərəfin izahatından müəyyən edilir ki, tərəflər dünya birjasında birlikdə ticarət etməklə bağlı sövdələşmişlər, sövdələşmənin şərtlərinə əsasən, ticarətin iddiaçıya məxsus hesabdan və onun maliyyəsi hesabına aparılacağı, hər hansı əməliyyatların açılması, eləcə də onun bağlanması və gəlirin fiksasiya edilməsi isə cavabdehin qərarı əsasında aparılacağı ilə bağlı hər bir tərəf üzərinə öhdəlik götürmüşdür. Mülki qanunvericilikdə bu növ sövdələşmələrin müqavilə halını alması üçün mütləq yazılı forma nəzərdə tutulmamışdır. Deməli, bu tipli anlaşmalar şifahi müqavilə kimi də qəbul edilə bilər. Beləliklə, müəyyən edilir ki, tərəflər arasında beynəlxalq birjada ticarətlə bağlı şifahi müqavilə münasibətləri mövcud olmuşdur. Məhkəmə hazırkı mübahisəyə müqavilə münasibətləri çərçivəsində yanaşılmasını qanuni və əsaslı hesab edir. Cavabdeh tərəfin iddiaya etirazı ondan ibarətdir ki, düzdür o, iddiaçı ilə əməkdaşlıq etmiş, ona alış və ya satış orderlərinin açılması ilə bağlı məsləhətlər vermişdir. Hətta, qazancla nəticələnən əməliyyatdan, iddiaçı ona da pul vermişdir. Lakin, o, iddiaçının ziyan edəcəyi təqdirdə ziyana şərik olması ilə bağlı üzərinə öhdəlik götürməmişdir. Məhkəmə cavabdehin arqumentləri ilə razılaşmır. Ona görə ki, cavabdehin etirazları işin halları ilə və elə cavabdehin özünün də verdiyi izahatlarla öz təsdiqini tapmır. İşdən görünür ki, tərəflərin daha əvvəlki birja əməliyyatı uğurla nəticələnmiş və əldə edilən vəsaitin qırx faizi iddiaçı tərəfindən cavabdehə verilmişdir. Bu hal onu deməyə əsas verir ki, tərəflərin münasibəti cavabdehin dediyi kimi sadəcə məsləhət vermək formasında yox, qarşılıqlı maddi mənfəət əsasında qurulmuşdur. Bundan başqa, cavabdeh istintaq orqanına verdiyi izahatda bildirmişdir ki, o ziyana yalnız 5000 manat həddində şərik olduğuna dair öhdəlik götürmüşdür. Bu halı cavabdeh sonradan məhkəmə iclasındakı izahatında təkrarlamış və ziyana şərik olmuşdusa da belə, yalnız 5000 manat həddində olduğunu bildirmişdir. Bu hal onu deməyə əsas verir ki, tərəflər arasında ziyan olacağı halda ona şəriklik barədə anlaşma olmuşdur. Ziyana hansı həddə şərikliyə gəldiksə isə, cavabdeh bunun 5000 manat həddində olduğunu bildirsə də, bu halı isbat edəcək hər hansı sübut (tərəflər arasında bununla bağlı telefon danışması və ya yazışması, hər hansı yazılı sənəd və ya şahid) təqdim etməmişdir. Bunun əksinə olaraq, iddiaçı tərəfindən sübut kimi təqdim edilən tərəflərin telefon danışmasının audio yazısına məhkəmə iclasında qulaq asılarkən müəyyən edilmişdir ki, iddiaçı ziyan etdikdən sonra cavabdehə onun ziyanın da yarı hissəsinə şərik olmasını xatırladır, cavabdeh isə bunun qarşılığında hər hansı bir etiraz bildirmir. Bundan başqa, işin hallarından müəyyən edilir ki, tərəflər cavabdehin ziyanın əvəzi olaraq Kürdəxanıda 30 ha torpaq sahəsinin iddiaçının adına keçirəcəyi ilə bağlı da danışıqlar aparmış, sonradan bu danışıqlar nəticə verməmişdir. Bütün bu hallar onu deməyə əsas verir ki, cavabdeh ola biləcək ziyana 5000 manat həddində yox, yarısı həddində şərik olduğuna dair öhdəlik götürmüşdür. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçıya dəymiş ziyan məbləği tərəflərin həmin münasibətə şərikli formada girməsi, yəni razılıqlarının bu formada olması nəzərə alınmaqla bərabar formada bölünməlidir. Ziyanın məbləğinə gəldikdə, cavabdeh tərəfindən həmin ziyan məbləğinə görə əməliyyat açıq olan zaman iddiaçının hesabına 900 ABŞ dolları məbləğində pul vəsaiti ödənilməsi müəyyən edilir. İddiaçıya dəymiş 28566 ABŞ dolları ziyan məbləğindən cavabdeh 900 ABŞ dolları ödəniş etdiyindən qalan 27666 ABŞ dolları pul vəsaitinin yarısı, yəni 13833 ABŞ dolları məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya (Azərbaycan Respublikası Mərkəzi Bankının qətnamənin icra olunduğu günə olan manat məzənnəsi üzrə) ödənilməlidir.

Məhkəmə xərcləri

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

13. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

14. İddia qismən təmin edildiyi üçün iş üzrə ödənilmiş 235 manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 160.55 manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə

15. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh (Azərbaycan Respublikası Mərkəzi Bankının qətnamənin icra olunduğu günə olan manat məzənnəsi üzrə hesablanmaqla) 13833 ABŞ dolları məbləğində pul və iş üzrə ödənilmiş 235 manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 160.55 manat hissəsi tutularaq İddiaçı ödənilməlidir.

16. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh qətnamənin icra olunduğu günə Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla 13833 ABŞ dolları məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 235 manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 160.55 manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar