Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2439/2022 23.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X4 qızının katibliyi, iddiaçı, iddiaçının nümayəndəsi İddiaçı1 iştirakı ilə, İddiaçı2 və qeyrisinin Cavabdeh qarşı “avtomobilə vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi.
1. İddiaçı2 (bundan sonra mətndə İddiaçı2 MMC) və İddiaçı1 Cavabdeh qarşı “avtomobilə vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh nəqliyyat vasitəsinin icarəyə verilməsinə dair 1025 saylı xx.xx.2022-ci il tarixli İcarə müqaviləsinə əsasən icarəyə götürdüyü “Hyundai Elantra” markalı, **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın - 3300 manat məbləğində pulun və 53 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı2 MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Tərəflərin izahatları.
2. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır.
3. Məhkəmə iclasında iddiaçı, iddiaçının nümayəndəsi İddiaçı1 iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, cavabdeh onun şirkətindən maşın kirayələyib və həmin maşını da bacısına verib. Bacısı isə həmin maşın ilə qəza törədib. Daha sonra cavabdeh özü dəymiş zərəri ödəyəcəyini, maşını təmir etdirəcəyinə dair söz vermiş və 1000 manat ödəniş etmişdir. Lakin sonradan cavabdeh heç bir ödəniş etməyəcəyini bildirmişdir. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
4. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, işinə görə 4 ay olardı ki, İddiaçı2 MMC-dən maşın kirayə götürüb sürürdü. xx.xx.2022-ci il tarixdə qəza baş vermiş və bu qəza ilə bağlı dərhal şirkətə məlumat vermişdir. Hadisə yerində şirkətin əməkdaşlarına 1000 manat, sonradan isə 300 manat verməklə, cəmi 1300 manat məbləğində pul vermişdir. O, usta çağırmış və usta cəmi 1500 manat məbləğində zərərin olduğunu bildirmişdir. O dəfələrlə müxtəlif servislərdə, ustalarda maşını göstərmiş və onlar 1300-1500 manat aralığında zərər dəydiyini bildirmişlər. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
İşin faktiki halları.
5. Cavabdeh xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən İddiaçı2 MMC-dən “Hyundai Elantra” markalı, **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürdüyü, həmin nəqliyyat vasitəsilə qəza törədilməsi, nəqliyyat vasitəsinə ziyan dəyməsi və cavabdehin dəymiş ziyanın qarşılığı olaraq 1000 manat ödəniş etməsi işin mübahisəsiz hallarıdır.
İş materialları.
6. xx.xx.2022-ci il tarixli 1025 №-li icarə müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı2 MMC-dən “Hyundai Elantra” markalı, **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürmüşdür. Nəqliyyat vasitəsinin qiyməti hər gün üçün 50 manat olmaqla, ümumilikdə 1500 manat təşkil edir.
7. Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, “Hyundai Elantra” markalı, **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X1r.
8. xx.xx.2021-ci il tarixli ƏN-İ seriyalı 872764 №-li etibarnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X2 “Hyundai Elantra” markalı, **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək üçün xx.xx.2022-ci il tarixədək İddiaçı2 MMC-yə etibar etmişdir.
9. “X5” MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktından müəyyən olunur ki, “Hyundai Elantra” markalı, **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər ümumilikdə 4300 manat məbləğində təşkil edir.
10. xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh borcun 5 gün müddətində tam ödənilməsi, əks təqdirdə borcun qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi barədə lazımi qaydada xəbərdarlıq edilmişdir.
11. xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı1 tərəfindən məhkəməyə iddia ərizə ilə müraciət olunarkən 53 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12 sentyabr 2022-ci il tarixli, 9/4654 №-li ekspert rəyində qeyd olunmuşdur ki, nəzəri hesablama yolu ilə “X5” tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı “Hyundai Elantra” markalı, **-XK-*** dövlət qeydiyyat nişanlı təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 3679,0 manat müəyyən edilir.
Tətbiq edilən hüquq.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi.
Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115.-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
Məhkəmənin mövqeyi.
14. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, tərəfin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.
15. Beləliklə, proses iştirakçılarının izahatlarından, eləcədə iş materiallarından müəyyən olunur ki, Cavabdeh icarəyə götürdüyü və idarə etdiyi “Hyundai Elantra” markalı, **-XK-*** dövlət nömrə nişanlı avtomobili ilə yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə iddiaçıya məxsus avtomobilə maddi ziyan dəymişdir. İddiaçının məhkəmə iclasında verdiyi izahatdan məlum olmuşdur ki, həmin zərərin aradan qaldırılması ilə bağlı cavabdeh tərəfindən ona 1000 manat manat məbləğində ödəniş edilmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddiaçıya 1300 manat ödəniş etdiyini bildirsə də, həmin 300 manatın ödənilməsi ilə bağlı hər hansı qəbz və ya sənəd təqdim edə bilməmişdir. Odur ki, ödəniş edilmiş məbləğ, iddiaçının etiraf etdiyi həddə, 1000 manat olmaqla qəbul edilməlidir. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə iddiaçının idarə etdiyi avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 3679 manat təşkil etmişdir.
16. Sadalanan qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim etdiyi sübutlara və istinad olunan qanunvericilik müddəalarına əsasən vurulmuş maddi zərərin ödənilməsi hissəsində iddia qismən əsaslı hesab edilməlidir.
17. Vurulmuş zərərin məbləğini müzakirə edən məhkəmə hesab edir ki, iddiaçı baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ona vurulmuş zərərin əvəzini təqdim etdiyi qüsur aktına əsasən cavabdehin ödəniş etdiyi 1000 manat pulu çıxmaqla, 3300 manat məbləğində pul tələb edir.
18. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edərək, avtomobilə dəymiş ziyanın ekspert rəyi ilə müəyyən edilmiş məbləğdə işin hallarına uyğun olmaqla ağlabatan və ədalətli hesab edir və bu nəticəyə gəlir ki, hadisə ilə bağlı iddiaçıya cavabdeh tərəfindən 1000 manat məblğində pul ödənildiyindən həmin məbləğ 3679 manat kimi müəyyən olunan zərərin ümumi məbləğdən çıxılmalı və son nəticədə Cavabdeh iddiaçının xeyrinə 3679-1000=2679 manat tutulmalıdır. Məhkəmə xərcləri.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 43 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan 10 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir.
21. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat pul cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.
Məhkəmənin gəldiyi nəticə.
22. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 2679 manat məbləğində pul İddiaçı2 MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir.
23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia qismən təmin olunsun. Cavabdeh 2679 (iki min altı yüz yetmiş doqquz) manat məbləğində pul İddiaçı2 xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 43 (qırx üç) manat məbləğində pul Cavabdeh İddiaçı2 xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan 10 (on) manat hissəsi İddiaçı2 özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.