Məhkəmə qərarları › İş №e-2(010)-2449/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2449/2025

11.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2449/2025 11.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi ilə İddiaçı "xxxx" X7 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı "xxxx" X7 Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx" KB ASC) Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 1389.61 manat əsas və 2.61 manat faiz borcu olmaqla, cəmi 1392.52 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 33.93 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(010)- 2449/2025 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

İddia tələbinin əsaslandırıldığı hallar.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, kreditor "xxxx" KB ASC ilə X1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən, borcluya istehlak məqsədləri üçün 36 ay müddətinə illik 25% ödəmək şərti ilə 4400 manat məbləğində kredit verilmişdir. Borclu-mərhum X3 vəfat etdiyi müəyyən olunduğundan bank tərəfindən borcludan miras qalmış əmlaka dair vərəsəlik işinin açılıb-açılmaması haqqında məlumatın verilməsi ilə bağlı Bakı şəhəri 19 saylı Notariat Ofisinə məktubla müraciət olunmuşdur. ünvan 1 ünvanlanmış cavab məktubu ilə X3 vəfat etməsi ilə əlaqədar cavabdeh-vərəsə Cavabdeh ərizəsi əsasında ona vərəsəlik işi açılması və ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi müəyyən edilmişir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə "xxxx" KB ASC-yə 1389.61 manat əsas və 2.61 manat faiz borcu olmaqla, cəmi 1392.52 manat borcu yaranmışdır. Bakı şəhəri 19 saylı Notariat Ofisinin borcalanın hüquqi varisinin müəyyən edilməsinə dair banka göndərdiyi cavab məktubundan göründüyü kimi iddia qaldırılan işlə bağlı cavabdeh-vərəsə miras qalmış əmlaka vərəsəlik hüququ əsasında sahib olmuşdur. Belə olan halda, cavabdeh borcalanın vərəsəlik hüququ əsasında hüquqlarına sahib olduğu kimi eyni zamanda onun öhdəliklərini də yerinə yetirməyə borcludur. Bu isə bankın cavabdehdən borclunun kreditor qarşısında olan öhdəliklərini tələb etmək hüququnu yaradır.

Tərəflərin izahatları.

4. İddiaçının nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.

6. Belə olan halda, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

7. "xxxx" KB ASC (Bank) və X4 (Borcalan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 882nkBKXb/22 nömrəli kredit müqaviləsindən görünür ki, “Bank” bu müqaviləyə əsasən ən çoxu 120 ay müddətinə, illik faiz dərəcəsi 35%-dək olmaq şərti ilə, 20000 manat məbləğinədək krediti, kredit prosedurlarına görə 5% (minimum 20 manat) məbləğədək, kredit müraciəti üçün 5 manat komisyon haqqı tutulmaqla, “Borcalan”a verə bilər. Bu müqaviləni imzalamaqla, “Borcalan” "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli kütləvi ofertasını qəbul (aksept) etmiş hesab edilir.

8. "xxxx" KB ASC (Bank) və X4 (Borcalan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 882nkBKXb/22 nömrəli kredit müqaviləsinə dair sazişdən görünür ki, “Bank” “Borcalan”ın mövcud ödəniş kartına xx.xx.2025-ci il tarixinədək illik 25% ödənilmək şərti ilə, 4400 manat məbləğində krediti köçürməklə, “Borcalan”ın mülkiyyətinə verir, “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan “Əlavə №1” ödəniş qrafikinə əsasən müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürür. Bu müqavilə üzrə kreditin faktiki illik faiz dərəcəsi minimum 16%, maksimum 40% təşkil edir.

9. xx.xx.2022-ci il tarixli, 882nkBKXb/22 nömrəli kredit müqaviləsinə 1 nömrəli əlavə olan ödəniş qrafikindən görünür ki, kredit müqaviləsi üzrə ödəniş cədvəli təsdiq edilmiş və müqavilə üzrə borcun xx.xx.2022 – xx.xx.2025-ci il tarixləri arasında hər ay 175 manat (sonuncu ay 178.97 manat) məbləğində olmaqla ödənilməsi tərəflər arasında razılaşdırılmışdır.

10. xx.xx.2025-ci il, cümə axşamı tarixli maliyyə arayışından görünür ki, "xxxx" KB ASC-nin müştərisi olan X3 882nkBKXb/22 saylı kredit müqaviləsi üzrə həmin tarixə 1389.61 manat əsas və 2.91 manat faiz borcu olmaqla, cəmi 1392.52 manat borcu vardır.

11. ünvan 2 ünvanlanmış xx.xx.2025-ci il tarixli, 187 nömrəli cavab məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə vəfet etmiş mərhum X3 miras əmlakına dair vərəsəsi – ünvan 3 ünvanında qeydiyyatda olan arvadı – Cavabdeh xx.xx.2024-cü il tarixdə 2V/359 reyestr sayda qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

12. 5 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş AZ-İİ seriyalı, 425605 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində “ətrafların digər şöbələrinin fleqmonası” səbəbindən ölmüş, bu barədə ölüm haqqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 426 nömrə ilə qeyd edilmişdir.

13. xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, "xxxx" KB ASC tərəfindən borcalan X3 qanun üzrə vərəsəsi Cavabdeh xx.xx.2022-ci il tarixli, 882nkBKXb/22 saylı kredit müqaviləsi üzrə ödənilməmiş borcunun məbləği (1392.52 manat) barədə məlumat verilmiş, həmin borcun 3 gün ərzində ödənilməsi tələb edilmiş, borcun vaxtında ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Müvafiq xəbərdarlığın göndərilməsi barədə poçt xəbərnaməsi iş materiallarına əlavə edilmişdir.

İşin faktiki halları.

14. İddiaçı "xxxx" KB ASC və mərhum X1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən, Bank tərəfindən Vəli Vəliyevə 36 ay müddətinə, illik 25%-lə 4400 manat məbləğində kredit verilmiş, Vəli Vəliyev isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti və ona hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür.

15. X1 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Vəli Vəliyevin ölümündən sonra ondan miras qalan əmlak qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, arvadı Cavabdeh keçmişdir.

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 1146. Mirasın açıldığı vaxt. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151. Miras əmlak. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159. Qanun üzrə vərəsələr. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1255. Mirasa mülkiyyətin əmələ gəlməsi. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1306. Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti. 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Maddə 1307. Vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli Qərarı.

Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 222. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

19. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1 Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi.

Məhkəmənin mövqeyi.

20. İşin faktiki hallarından görünür ki, mərhum X4 "xxxx" KB ASC ilə bağlanmış kredit müqaviləsi üzrə borclu olmuşdur. İş üzrə Cavabdeh isə mərhum borclunun vərəsəsidir.

21. İş materialları əsasında müəyyən edilir ki, iddiaçı Bank tərəfindən kredit müqaviləsi üzrə nəzərdə tutulmuş məbləğdə pul mərhum Borcluya verilsə də sonuncu müqavilə öhdəliyini lazımınca icra etmədən vəfat etmişdir. Nəzərə alınmalıdır ki, kredit müqaviləsi ikitərəfli müqavilə olub, bağlanması ilə hər iki tərəf, yəni həm kredit alan, həm də kredit verən üçün müəyyən vəzifələr yaradır. Kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Üstəlik, borclunun ölümü ilə kredit müqaviləsi üzrə öhdəliklərə xitam verilmir, bu öhdəliklər borclu-miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Ona görə ki, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olur.

22. Hazırkı işdən görünür ki, mərhum borcludan qalmış miras əmlakla bağlı iş üzrə cavabdehə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı Bank mərhum borclu ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə ödənilməmiş əsas və faiz borcu mərhumun vərəsəsi olan iş üzrə cavabdehdən tələb etməkdə haqlı olmuşdur.

23. Vərəsə-cavabdehin məsuliyyətinin həddi, yəni ondan tutulmalı olan borcun məbləği ilə bağlı məhkəmə qeyd edir ki, yuxarıda da istinad edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1307-ci maddəsinə görə isə mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.

24. Göründüyü kimi, miras qoyanın borclarına münasibətdə vərəsələrin məsuliyyətini miras aktivindəki payla məhdudlaşdıran qanunverici bu payın həcmini sübut etmək vəzifəsini vərəsələrin üzərinə qoymuşdur. Bu isə o deməkdir ki, vərəsənin miras aktivindən əldə etdiyi payın miras qoyanın borcunu tam əhatə etməsini sübut etmək kreditorun vəzifəsi deyil. Əgər vərəsə miras qoyanın borcunun mirasdan çox olduğunu iddia edirsə, məhz o bunu sübut etməlidir.

25. Hazırkı işdə isə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh-vərəsə məhkəmə iclasında iştirak etməmiş, miras qoyanın borcunun mirasdan çox olduğunu sübuta yetirməmişdir. Nəzərə alınmalıdır ki, mülki məhkəmə icraatında sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmənin vəzifəsi yalnız təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi ilə bağlıdır. Belə ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.

26. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən əksi sübut edilmədiyinə görə mərhum borclunun iddiaçı banka olan borcunun onun mirasından az olduğu qəbul edilməli, həmin borc bütövlükdə qanun üzrə vərəsə - cavabdehdən tutulmalıdır.

Məhkəmə xərcləri.

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

28. İş materiallarından görünür ki, iddiaçı bank tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 33.93 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur.

29. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

30. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 1389.61 manat əsas borc və 2.91 manat faiz borcu olmaqla, cəmi 1392.52 manat məbləğində borc və ödənilmiş 33.93 manat məbləğində dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulmalıdır.

31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 222-ci, 284-1-284-6, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh 1389.61 manat əsas borc və 2.91 manat faiz borcu olmaqla, cəmi 1392.52 manat (min üç yüz doxsan iki manat əlli iki qəpik) məbləğində borc və 33.93 manat (otuz üç manat doxsan üç qəpik) məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" X7 Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar