Məhkəmə qərarları › İş №e-2(010)-2450/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2450/2025

25.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2450/2025 25.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X1 iclas katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi.

1. İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh - vərəsə Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 949.02 manat əsas borcu olmaqla cəmi 949.02 manat və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin dəlilləri

2. Kreditor "xxxx" KB ASC ilə X4 Rizvan oğlu xx.xx.2022-ci il tarixli ərizə-anketi imzalamaqla “Ümumi Oferta” ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) etmiş, bununla da həmin şərtlərlə müqavilə bağlanmış hesab edilmişdir. Bu əsasla cavabdeh kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 35 ay müddətinə, illik 27.6% ödəmək şərtilə 950 manat məbləğində kredit verilmişdir. Borclumərhum Məmmədov Sadiq Rizvan oğlu vəfat etdiyi müəyyən olduğundan ondan miras qalmış əmlaka dair vərəsəlik işinin açılıb-açılmaması haqqında məlumatın verilməsi ilə bağlı 24 saylı notariat ofisinə məktubla müraciət olunmuşdur. 24 saylı notariat ofisi məktub ilə Məmmədov Sadiq Rizvan oğlunun vəfat etməsi ilə əlaqədar cavabdeh - vərəsə Cavabdeh ərizəsi əsasında ona vərəsəlik işi açılmış və ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi müəyyən edilmişdir. 24 saylı notariat ofisinin borcalanın hüquqi varisinin müəyyən edilməsinə dair banka məlumatından görünür ki, Cavabdeh borcludan miras qalmış əmlaklarına qanun üzrə vərəsəlik hüququ əsasında sahib olmuşdur. Cavabdeh vərəsəlik hüququ əsasında mərhumun hüquqlarına sahib olduğu kimi eyni zamanda onun öhdəliklərini də yerinə yetirməyə borcludur. Bu, bankın cavabdehdən borclunun kreditor qarşısında olan öhdəliklərini tələb etmək hüququnu yaradır. Tərəflərin izahatları.

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdiyini və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun ondan tutulmasına razı olmadığını bildirdi.

İş materialları.

5. Məmmədov Sadiq Rizvan oğlunun xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Məmmədov Sadiq Rizvan oğlu "xxxx" ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli ümumi ofertası ilə tanış olduğunu, bütün şərtlərlə razı olduğunu, bütün öhdəliklərini vaxtı-vaxtında, düzgün və qeyd-şərtsiz yerinə yetirəcəyini bildirmişdir.

6. "xxxx" ASC-nin məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli sənədindən görünür ki, Məmmədov Sadiq Rizvan oğluna 35 ay müddətinə illik 27.6 faiz dərəcəsi ilə 600 manat məbləğində kredit limiti ayrılmışdır.

7. İş materiallarında olan sms bildirişdən görünür ki, Məmmədov Sadiq Rizvan oğluna ayrılan kredit xətti sonuncu dəfə - xx.xx.2022-ci il tarixində 950 manatadək artırılmışdır.

8. AZ-İİ seriyalı, 397903 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Məmmədov Sadiq Rizvan oğlu xx.xx.2023-cü il tarixdə vəfat etmişdir.

9. AR ƏN ünvan 1 ünvanlanmış xx.xx.2025-ci il tarixli, 31 nömrəli məktubundan görünür ki, mərhum Məmmədov Sadiq Rizvan oğlunun vərəsələri ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdehdır və ona xx.xx.2024-cü il tarixdə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

10. Cavabdeh göndərilən bildirişdən görünür ki, kredit müqaviləsi üzrə öhdəliyin 3 gün müddətində tam yerinə yetirilməsi xahiş edilmiş, əks təqdirdə isə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

11. Maliyyə arayışından görünür ki, mərhum Məmmədov Sadiq Rizvan oğlunun kredit müqaviləsi üzrə 949.02 manat əsas borcu vardır.

İşin faktiki halları.

12. İşin faktiki halları ondan ibarətdir ki, "xxxx" KB ASC ilə mərhum Məmmədov Sadiq Rizvan oğlu arasında müvafiq olaraq kredit müqaviləsi imzalanmış və ona həmin müqavilədə nəzərdə tutulan kredit vəsaiti (kredit xətti) verilmişdir. X4 Rizvan oğlu xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Hazırkı iddia tələbində iddiaçı ödənilməmiş kredit borcunu mərhumun vərəsəsi – hazırki iş üzrə Cavabdeh tələb edir və öz tələbində ona istinad edir ki, mərhumdan qalan miras aktivi Cavabdeh tərəfindən qəbul edilmişdir, belə ki onun adına Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdeh tərəf isə iddia tələbinə münasibətdə bildirir ki, iddianı qismən qəbul edir və iş üzrə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun ondan tutulmasına razı deyildir.

Tətbiq olunan hüquq.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi.

Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 743. Borcun dərhal qaytarılmasını tələb etmək hüququ.

743. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Maddə 385. Öhdəlik anlayışı 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddə 1306. Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti 1306.1. Vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Maddə 1243. Mirasın qəbul edilməsi 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

14. Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı.

Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 yanvar 2021-ci il tarixli Qərarı. Vərəsəlik hüququnun özəyini təşkil edən miras əmlak şəxsin ölümündən sonra hüquq varisliyi qaydasında vərəsələrə keçən əmlak və şəxsi qeyri-əmlak hüquqlarını ehtiva edir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Miras qoyana sağlığında məxsus olan bütün hüquq və vəzifələr deyil, yalnız hüquqi təbiətinə görə başqasına verilə bilən hüquq və vəzifələr vərəsəlik qaydasında keçmək qabiliyyətinə malikdir.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2023-cü il tarixli Qərarı. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 4 iyun tarixli Qərarında qeyd edilmişdir ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Beləliklə, göstərilən normaların məzmunundan çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildiyindən, onlar miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə birgə məsuliyyət daşıyırlar.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Məhkəmənin mövqeyi.

18. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.

19. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı - kreditor "xxxx" KB ASC müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada yerinə yetirmiş, yəni X4 Rizvan oğluna onun xx.xx.2022-ci il tarixli ərizəsi əsasında kredit müqaviləsi üzrə kredit vəsaitini vermişdir. X4 Rizvan oğlu isə kreditor qarşısındakı öhdəliyini tam icra etməmiş xx.xx.2023cü il tarixdə vəfat etmişdir. Hazırda bank mərhum borclunun vərəsəsindən – Cavabdeh borcun ödənilməsini tələb edir. Məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh mərhumdan qalan miras əmakı qəbul etmişdir və ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Eyni zamanda, cavabdeh hazırki iddia tələbini borca münasibətdə qəbul etdiyini bildirmişdir. Belə olan halda, məhkəmə qeyd edir ki, cavabdeh borcludan qalmış miras əmlakı miras aktivi kimi qəbul etməklə hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmişdir. Belə ki, kredit borcu üzrə öhdəlik şəxsi xarakterli deyil və miras passivi kimi vərəsələrə onların hər birinin aldığı miras əmlak həddində keçir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı hazırki tələbi Cavabdeh qarşı irəli sürməkdə haqlı olmuşdur.

Məhkəmə xərcləri.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

21. İddia təmin edildiyi üçün iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Məhkəmənin gəldiyi nəticə.

22. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 949.02 manat əsas borc olmaqla cəmi 949.02 manat pul məbləği və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilməlidir.

23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. Cavabdeh 949.02 manat əsas borc olmaqla cəmi 949.02 manat pul məbləği tutularaq iddiaçı "X2” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı “X2” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar