Məhkəmə qərarları › İş №e-2(010)-2452/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2452/2025

10.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2452/2025 10.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi X10 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh-vərəsə Cavabdeh iddiaçı "xxxx" KB ASCnin xeyrinə"xxxx" KB ASC-yə 648.41 AZN əsas borcu olmaqla, cəmi 648.41 AZN və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin dəlilləri

2. Kreditor "xxxx" KB ASC ilə X1 xx.xx.2022-ci il tarixli ərizə-anketi imzalamaqla “Ümumi Oferta” ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) etmiş, bununla da həmin şərtlərlə müqavilə bağlanmış hesab edilmişdir. Bu əsasla cavabdeh kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 35 ay müddətinə, illik 27.6% ödəmək şərtilə 1000 manat məbləğində kredit verilmişdir. Borclumərhum X7 vəfat etdiyi müəyyən olduğundan tərəflərindən ondan miras qalmış əmlaka dair vərəsəlik işinin açılıb-açılmaması haqqında məlumatın verilməsi ilə bağlı 4 saylı Bakı «Asan xidmət» mərkəzində notariat ofisinə məktubla müraciət olunmuşdu. 4 saylı Bakı «Asan xidmət» mərkəzində notariat ofisi məktub ilə X3 etməsi ilə əlaqədar cavabdeh vərəsə Cavabdeh ərizəsi əsasında ona vərəsəlik işi açılmış və ona qanun üzrə X8 şəhadətnamənin verilməsi müəyyən edilmişdir. Nəticədə cavabdehin kredit müqaviləsiüzrə 6 mart 2025-ci il tarixinə "xxxx" KB ASC-yə 648.41 AZN əsas borcu olmaqla, cəmi 648.41 AZN borcu yaranmışdır.

Tərəflərin izahatları

3. İddiaçı "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək tələbin təmin olunmamasını xahiş etdi. İş materialları

5. xx.xx.2022-ci il tarixli Ərizə-Anket və İmza Nümunəsindən görünür ki, X1 "xxxx" KB ASCnin rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli ümumi oferta ilə tanış olaraq elektron formada imzalamış və oferta ilə nəzərdə tutulmuş bütün öhdəliklərini vaxtlıvaxtında, düzgün, qeyd-şərtsiz yerinə yetirəcəyinə dair öz üzərinə öhdəlik götürmüşdür.

6. AZ-İİ seriyalı, 291715 nömrəli X4 surətindən görünür ki, X7 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 1004 nömrə ilə qeyd edilmişdir.

7. xx.xx.2023-cü il tarixli Qanun üzrə X8 Şəhadətnamədən görünür ki, 4 saylı Bakı "ASAN xidmət" mərkəzində Notariat ofisinin xüsusi notariusu Hacıyeva Hicran Qismət qızı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edir ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş - X3 Vərəsəsi: Bakı Şəhəri, Suraxanı Rayonu, Əmircan Qəsəbəsi, Musabəyov Küç. Ev.10 ünvanında qeydiyyatda olan anası Cavabdeh (AA*******, xx.xx.2019 - Asan 4, FİN:xxxxxxx, d/t:xx.xx.1984) miras əmlakdan irs almalıdır. Şəhadətnamə verilən miras əmlak -"xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 171 nömrəli məktubuna əsasən əmək haqqının 3 misli miqdarında müavinət və son haqq hesab, ümumilikdə 1187, 47 (min yüz səksən yeddi manat qırx yeddi qəpik) pul məbləğindən ibarətdir.

8. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin aidiyyati məhkəmə orqanına ünvanlanmış 27 iyun 2022-ci il tarixli, Unibank/ -1 saylı məktubundan görünür ki, xx.xx.2022-ci il tarixli ərizə və xx.xx.2021-ci il tarixli Ümumi Oferta müqaviləsinə əsasən X5 ARGİD********** nömrəli kredit xətti açılmışdır. Belə ki, 35 ay müddətinə, illik 27.6%(aylıq 2.3%) dərəcəsi ilə 300 manat məbləğində kredit limiti müəyyən edilmişdir.

9. İş matariallarına əlavə edilmiş bildirişdən görünür ki, Kreditor "xxxx" KB ASC ilə X1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit xətti müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 35 ay müddətinə, illik 27.6% ödəmək şərtilə 650 AZN məbləğində kredit verilmişdir. X1 xx.xx.2022-ci il tarixdə vəfat etmiş və qanun üzrə X8 şəhadətnaməyə əsasən Cavabdeh borclunun vərəsəsi təvin edilmişdir. Lakin Kredit alanın hüquqi varisi olaraq O, kredit müqaviləsinin şərtlərinə uyğun olaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu krediti vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə Onun banka cəmi 648.41 AZN borcunuz yaranmışdır. Banka olan borcunu 3 gün müddətində tam ödəməyini, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

10. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, X3 ARGİD********** nömrəli kredit müqaviləsi üzrə 648.41 manat kredit borcu vardır.

11. Mədaxil qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilən zaman 30 manat dövlət rüsumu ödənilmişdir.

İşin faktiki halları

12. İşin faktiki halları ondan ibarətdir ki, "xxxx" KB ASC ilə mərhum X7 arasında xx.xx.2022-ci il tarixli kredit müqaviləsi imzalanmış və ona illik 27.6%-lə 35 ay müddətinə 650 manat kredit verilmişdir. X1 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Hazırki iddia tələbində iddiaçı ödənilməmiş kredit borcunu mərhumun vərəsəsi – hazırki iş üzrə Cavabdeh tələb edir və öz tələbində ona istinad edir ki, mərhumdan qalan miras aktivi Cavabdeh tərəfindən qəbul edilmişdir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 743. Borcun dərhal qaytarılmasını tələb etmək hüququ.

743. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Maddə 385. Öhdəlik anlayışı 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddə 1306. Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti 1306.1. Vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Maddə 1243. Mirasın qəbul edilməsi 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

14. Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı.

Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 yanvar 2021-ci il tarixli Qərarı.

Vərəsəlik hüququnun özəyini təşkil edən miras əmlak şəxsin ölümündən sonra hüquq varisliyi qaydasında vərəsələrə keçən əmlak və şəxsi qeyri-əmlak hüquqlarını ehtiva edir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Miras qoyana sağlığında məxsus olan bütün hüquq və vəzifələr deyil, yalnız hüquqi təbiətinə görə başqasına verilə bilən hüquq və vəzifələr vərəsəlik qaydasında keçmək qabiliyyətinə malikdir.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2023-cü il tarixli Qərarı.

Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 4 iyun tarixli Qərarında qeyd edilmişdir ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Beləliklə, göstərilən normaların məzmunundan çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildiyindən, onlar miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə birgə məsuliyyət daşıyırlar.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin mövqeyi

18. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.

19. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı - kreditor “"xxxx" Açıq Səhmdar Cəmiyyəti müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada yerinə yetirmiş, yəni X1na xx.xx.2022-ci il tarixli kredit müqaviləsi əsasında illik 27.6%-lə 35 ay müddətinə 650 manat kredit vermişdir. X1 isə kredit qarşısındakı öhdəliyini tam icra etməmiş xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Hazırda bank mərhum borclunun vərəsəsindən – Cavabdeh borcun ödənilməsini tələb edir. İş materiallarından müəyyən edilir ki, mərhum X2 miras qalmış əmlak onun vərəsəsi Cavabdeh tərəfindən qəbul edilmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, cavabdeh borcludan qalmış miras əmlakı miras aktivi kimi qəbul etməklə hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmişdir. Belə ki, kredit borcu üzrə öhdəlik şəxsi xarakterli deyil və miras passivi kimi vərəsələrə onların hər birinin aldığı miras əmlak həddində keçir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı hazırki tələbi Cavabdeh qarşı irəli sürməkdə haqlı olmuşdur.

Məhkəmə xərcləri

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

21. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Məhkəmənin gəldiyi nəticə

22. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 648.41 manat əsas borc iddiaçı X9 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

23. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. Cavabdeh 648.41 manat əsas borc iddiaçı X9 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı X9 Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar