Məhkəmə qərarları › İş №e-2(010)-2453/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2453/2025

09.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2453/2025 09.09.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X1 iclas katibliyi ilə İddiaçı "xxxx" X7 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İddia tələbi və tələbin əsaslandırıldığı hallar İddiaçı "xxxx" X7 Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh – vərəsədən iddiaçının xeyrinə 600 manat əsas, 2.76 manat faiz və 3 manat komissiya haqqı borcu olmaqla, cəmi 605.76 manat və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, kreditor ilə borclu arasında bağlanan xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən, cavabdehə istehlak məqsədləri üçün 35 ay müddətinə, illik 28% ödəmək şərti iə 600 manat məbləğində kredit verilmişdir. Borclumərhumun vəfat etdiyi müəyyən olunduğundan ondan miras qalmış əmlaka dair vərəsəlik işinin açılıb-açılmaması haqqında məlumatın verilməsi ilə bağlı Bakı şəhəri 19 saylı notariat ofisinə məktubla müraciət olunmuşdur. Bakı şəhəri 19 saylı notariat ofisi məktub ilə X2 vəfat etməsi ilə əlaqədar cavabdeh - vərəsənin ərizəsi əsasında ona vərəsəlik işi açılmış və ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi müəyyən edilmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə iddiaçıya 600 manat əsas, 2.76 manat faiz, 3 manat komissiya haqqı borcu olmaqla, cəmi 605.76 manat borcu yaranmışdır. Bakı şəhəri 19 saylı notariat ofisinin borcalanın hüquqi varisinin müəyyən edilməsinə dair banka göndərdiyi cavab məktubundan göründüyü kimi iddia qaldırılan işlə bağlı cavabdeh - vərəsə borclu - mərhumdan miras qalmış əmlaklarına qanun üzrə vərəsəlik hüququ əsasında sahib olublar. Cavabdeh - vərəsə borclunun vərəsəlik hüququ əsasında hüquqlarına sahib olduğu kimi eyni zamanda onun öhdəliklərini də yerinə yetirməyə borcludur. Bu, bankın cavabdehdən borclunun kreditor qarşısında olan öhdəliklərini tələb etmək hüququnu yaradır. Tərəflərin izahatları İddiaçının nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, mərhum ərinin 600 manat borcunun olması ona məlum olmamışdır. Güman edir ki, həmin pul məbləği kredit kartının içərisində olmuşdur. Lakin, o, həmin kartı evdə axtarsa da, tapmamışdır. Odur ki, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar "xxxx" KB ASC (Bank) və X4 (Borcalan) arasında xx.xx.2021-ci il tarixdə bağlanmış 1190sNFTb/21 nömrəli kredit xətti müqaviləsindən müəyyən olunur ki, “Bank” “Borcalan”a sms bildirişdə qeyd olunan müddətdə, illik faiz dərəcəsində 10000 manatadək məbləğdə kredit limiti ayırır, ona bank hesabı (cari, kredit) açır və ödəniş kartı təqdim edir, “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürür. xx.xx.2025-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, X2 1190sNFTb/21 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə iddiaçıya 600 manat əsas, 2.76 manat faiz və 3 manat komissiya haqqı olmaqla, cəmi 605.76 manat məbləğində borcu vardır. xx.xx.2025-ci il tarixli bildirişdən müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə vərəsəsi olduğu X2 xx.xx.2021-ci il tarixli, 1190sNFTb/21 nömrəli kredit xətti müqaviləsi üzrə borcunun məbləği barədə məlumat verilmiş, həmin borcun 3 (üç) gün müddətində ödənilmədiyi təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. xx.xx.2019-cu il tarixli, AZ-İİ seriyalı, 351417 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən müəyyən olunur ki, X4 və Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə nikah bağlanmışdır. xx.xx.2024-cü il tarixli, AZ-İİ seriyalı, 425605 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən müəyyən olunur ki, X4 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində “ətrafların digər şöbələrinin fleqmonası” səbəbindən ölmüşdür. xx.xx.2024-cü il tarixli, 2V-359 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X2 vərəsəsi arvadı – Cavabdehdır və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak – Azərbaycan Respublikası "xxxx" QSC tərəfindən xx.xx.2024-cü il tarixli, 13-19/2-668/2024 saylı məktuba əsasən, mərhum X2 adına olan maddi yardım 2360 manatdan, dəfn üçün birdəfəlik müavinət 500 manatdan və üç misli 3334.87 manat əmək haqqından ibarətdir. xx.xx.2025-ci il tarixli, 2V-61 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X2 vərəsəsi arvadı – Cavabdehdır və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak – ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə X3 verilmiş **********23-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 131.3 m2 olan fərdi yaşayış evindən və ümumi sahəsi 0.0172 ha olan torpaq sahəsindən ibarətdir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Maddə 1306.4. Mirasın siyahısı notarius tərəfindən tərtib edildikdə vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. Maddə 1306.5. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.1. iddia qiyməti 1.000 manatadək olduqda – 30 manat. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli Qərarı

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-ci maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.

Məhkəmənin mövqeyi Məhkəmə işin faktiki hallarını və işə əlavə edilən sənədləri araşdıraraq, təqdim edilmiş sübutlara tam, obyektiv, qərəzsiz və hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borcalan (miras qoyan) X4 və kreditor (iddiaçı) arasında öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas olan xx.xx.2021-ci il tarixli, 1190sNFTb/21 nömrəli kredit müqaviləsinə əsasən, bank tərəfindən borcalana 35 ay müddətinə, illik 28% ödənilmək şərti ilə 600 manat məbləğində kredit verilmişdir. İddiaçı öhdəlik hüquq münasibətlərinə uyğun olaraq öz üzərinə müəyyən olunmuş və müqavilə üzrə kredit məbləğini verməkdən ibarət öhdəliyini vaxtında və lazımı qaydada (vicdanlılığın tələb etdiyi tərzdə) yerinə yetirmiş, lakin borcalan kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü və kredit məbləğinin vaxtında və lazımı qaydada iddiaçıya qaytarılması ilə şərtlənən öhdəliyini obyektiv səbəblərdən (xx.xx.2024-cü il tarixdə vəfat etməsi ilə əlaqədar) icra edə bilməmişdir. Borclunun ölümü ilə əlaqədar Bakı şəhəri 9 saylı Notariat Ofisində vərəsəlik işi açılmış və vərəsələrin dairəsi dəqiq müəyyən edilmişdir. Miras qoyanın birinci dərəcəli vərəsələri – oğlu, qızı və anası miras əmlakdan onlara çatası paya dair hüquqlarından imtina etmiş və bu imtina notariat qaydasında rəsmiləşdirilməklə vərəsəlik işinə əlavə edilmişdir. Lakin, hazırkı iş üzrə cavabdeh miras qoyandan miras qalmış əmlaka dair vərəsəlik hüququndan imtina etməmiş və notariat orqanına müraciət edərək miras əmlakın qəbuluna dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Nəticədə Bakı şəhəri 9 saylı Notariat Ofisi tərəfindən sonuncunun adına xx.xx.2024-cü il tarixli, 2V-359 reyestr nömrəli və xx.xx.2025-ci il tarixli, 2V-61 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmiş və miras əmlakın formal qəbulu üsulu (notariat orqanına ərizə verməklə) cavabdeh tərəfindən realizə edilmişdir. Cavabdeh mərhum ərindən miras qalmış əmlakları qəbul etsə də, onun kreditoru, yəni hazırkı iş üzrə iddiaçı qarşısında icra edilməmiş öhdəliyini yerinə yetirməmiş və iddiaçı banka olan borcu ödəməmişdir. Halbuki, vərəsə universal hüquq varisliyi qaydasında miras qoyanın əmlak hüquqları (mirasın aktivi) ilə yanaşı əmlak vəzifələrini (mirasın passivi) də qəbul edir və buna müvafiq olaraq miras qoyanın kreditorları qarşısında qəbul etdiyi miras aktivi həcmində birgə borclu kimi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Vərəsəlik institutu həmçinin borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarında müəyyən edilmiş mövqeyə əsasən, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. İş materiallarına əlavə edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin təsdiq edilmiş surətlərindən müəyyən olunur ki, vərəsəyə şəhadətnamə verilən miras əmlaklar - maddi yardım 2360 manatdan, dəfn üçün birdəfəlik müavinət 500 manatdan və üç misli 3334.87 manat əmək haqqından həmçinin ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 131.3 m2 olan fərdi yaşayış evindən və ümumi sahəsi 0.0172 ha olan torpaq sahəsindən ibarətdir. Məhkəmə qeyd edir ki, həmin əmlaklar miras qoyanın kreditoru qarşısında 605.76 manat məbləğində öhdəliyinin icrası üçün kifayət edir. Cavabdeh iş üzrə keçirilmiş məhkəmə iclasında iştirak edərək mərhum ərinin iddiaçı bankla aralarında bağlanmış kredit müqaviləsindən məlumatlı olmadığını, buna görə də həmin müqavilədən irəli gələn məsuliyyət daşımadığını bildirmişdir. Lakin, vərəsənin miras qoyanın öhdəlikləri barədə məlumatlı olmaması onu qanunla müəyyən edilən vəzifədən (miras əmlakı qəbul edən vərəsənin miras qoyanın əmlak xarakterli öhdəlikləri üçün məsuliyyət daşıması) azad etmir. Beləliklə, göstərilən normaların məzmunundan çıxış edərək məhkəmə qeyd edir ki, mirası qəbul etmiş vərəsə miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildikləri üçün onlar miras qoyanın kreditoru qarşısında öhdəliyin icrasına görə məsuliyyət daşıyır.

Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə mülki iş üzrə tədqiq olunmuş sübutlar məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, X2 qanun üzrə vərəsəsi Cavabdeh xx.xx.2021-ci il tarixli, 1190sNFTb/21 nömrəli kredit müqaviləsi üzrə 600 manat əsas, 2.76 manat faiz və 3 manat komissiya haqqı olmaqla, cəmi 605.76 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. X2 qanun üzrə vərəsəsi Cavabdeh xx.xx.2021-ci il tarixli, 1190sNFTb/21 nömrəli kredit müqaviləsi üzrə 600 (altı yüz) manat əsas, 2.76 (iki manat yetmiş altı qəpik) manat faiz və 3 (üç) manat komissiya haqqı olmaqla, cəmi 605.76 (altı yüz beş manat yetmiş altı qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar