Məhkəmə qərarları › İş №e-2(010)-2462/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2462/2023

21.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2462/2023 21.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi.

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Toyota Camry” markalı **-EH-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin cavabdehdən alınaraq İddiaçı qaytarılması, dəymiş 42000 (qırx iki min) manat zərərin cavabdehdən alınaraq iddiaçıya verilməsi və açıq-aşkar özgə əmlakını ələ keçirmə və məhv etmə əməllərinə hüquqi qiymət verilməsi üçün xüsusi qərardad qəbul edərək Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsini xahiş etmişdir.

2. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Toyota Camry” markalı **-EH-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin cavabdehdən alınaraq İddiaçı qaytarılması, dəymiş 34950 (otuz dörd min doqquz yüz əlli) manat zərərin cavabdehdən alınaraq iddiaçıya verilməsi və açıq-aşkar özgə əmlakını ələ keçirmə və məhv etmə əməllərinə hüquqi qiymət verilməsi üçün xüsusi qərardad qəbul edərək Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsini xahiş etmişdir.

İddia tələbinin dəlilləri

3. İddiaçı mülkiyyətində olan 2018-ci il tarixdə istehsal olunmuş Toyota Camry markalı ** EH *** dövlət qeydiyyat nişanlı minik avtomobilini xx.xx.2022-ci il tarixində Cavabdeh1 təmsilçisi və direktoru olduğu Cavabdeh2 MMC-nin istifadəsinə verilmişdir. Cavabdeh1 ilə razılaşdırılmışdır ki, maşın MMC vasitəsilə kirayəyə verilməli, əvəzində İddiaçı ödəniş edilməli idi. Daha sonra, Cavabdeh1 onlara təklif etmişdir ki, maşını 50000 (əlli min) manat qarşılığında ona satsınlar. Bunun üçün ona etibarnamə verilməsi təklif etdi ki, geri qalan bütün məsələlər ilə özü məşğul olsun və 3 gün ərzində dəyərini ödəsin. İddiaçı xx.xx.2023-cü il tarixində nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnamə vermiş, lakin daha sonra Cavabdeh1 heç bir məlumat əldə edə bilməmişdir. Belə olan halda. İddiaçı həmin etibarnaməyə xx.xx.2023-cü il tarixdə xitam vermişdir. Cavabdeh1 nə danışıldığı üzrə 50000 manat məbləğində vəsaiti İddiaçı təqdim eləmiş, nə də nəqliyyat vasitəsini mülkiyyətçiyə qaytarmışdır. Cavabdeh1 İddiaçı tələb etməsinə baxmayaraq avtomobili təhvil verməkdən boyun qaçırmış və avtomobili gizlətmişdir. Göründüyü kimi Cavabdeh1 İddiaçı etibarından sui-istifadə etmiş, onun avtomobilini ələ keçirmişdir. Əldə etdikləri məlumatlara əsasən Ağayev X3 Camry markalı ** EH *** dövlət qeydiyya nişanlı minik avtomobili ilə Füzuli rayonu, Horadiz qəsəbəsində avtoqəza törətmiş və avtomobil yararsız hala düşmüşdür. Avtomobili “Baksol” adlanan yerdə yerləşən “Kərəmoğlu” Ehtiyat hissələri olan yerin ərazisinə yerləşdirmişdir. Gipeys vasitəsi ilə avtomobilin yerini müəyyən edib götürmək istədikdə avtomobili verməkdən imtina etmişdir. Hal-hazırda cavabdeh açıq şəkildə İddiaçı əmlakını ələ keçirmişdir. Qeyri rəsmi məlumatlara əsasən avtomobili 8.000 (səkkiz min) manata satmışdır. Əldə etdikləri foto şəkillərdən aydın olur ki, avtomobil yararsız hala salınmışdır. Avtomobil cavabdeh tərəfindən ələ keçirildiyindən, mülkiyyətçiyə verilməsindən imtina edildiyindən dəymiş zərəri müəyyən etmək mümkün olmamışdır. Qeyd edir ki, turbo.az saytında 2018-ci ildə istehsal olunmuş maşınların dəyəri 28500-31000 ABŞ dollar qiymət aralığındadır.

Tərəflərin izahatları.

4. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında cavabdeh tərəf iddia tələbi ilə razı olmadığını bildirmiş, avtmobilə görə ididaçıya 20.000 manat ödəniş etdiyini, qəza keçirmiş avtomobili isə 8000 manata satdığını bildirmişdir.

5. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbində qeyd olunanlara uyğun izahat verərək tələbin təmin edilməsini xahiş etdi.

İş materialları.

6. BB282471 nömrəli “X1 Şəhadətnaməsi”nin surətindən görünür ki, 2018-ci il buraxılışlı, 4T1B11HK7JU112026 ban nömrəli, “Toyota Camry markalı” ** EH *** dövlət qeydiyyat nişanlı minik avtomobili İddiaçı mülkiyyətindədir.

7. xx.xx.2022-ci il tarixli, ƏN-İ seriyalı, 938910 nömrəli etibarnamənin təsdiq edilmiş surətindən görünür ki, mülkiyyətçi İddiaçı tərəfindən etibar edilən ECO RENT A CAR” MMC-yə 2018-ci il buraxılışlı, 4T1B11HK7JU112026 ban nömrəli, “Toyota Camry markalı” ** EH *** dövlət qeydiyyat nişanlı minik avtomobilini 10 il müddətinə - xx.xx.2032-ci il tarixədək idarə etmək səlahiyyəti verilmişdir.

8. xx.xx.2022-ci il tarixli, ƏN-Vİ seriyalı, 238455 nömrəli etibarnamənin təsdiq edilmiş surətindən görünür ki, mülkiyyətçi İddiaçı tərəfindən etibar edilən Alıyev Vüqara 2018-ci il buraxılışlı, 4T1B11HK7JU112026 ban nömrəli, “Toyota Camry markalı” ** EH *** dövlət qeydiyyat nişanlı minik avtomobilini 6 il müddətinə - xx.xx.2028-ci il tarixədək idarə etmək səlahiyyəti verilmişdir.

9. xx.xx.2023-cü il tarixli, ƏN-Vİİİ seriyalı, 562526 nömrəli etibarnamənin təsdiq edilmiş surətindən görünür ki, mülkiyyətçi İddiaçı tərəfindən etibar edilən Cavabdeh1 2018-ci il buraxılışlı, 4T1B11HK7JU112026 ban nömrəli, “Toyota Camry markalı” ** EH *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə münasibətdə 1 il müddətinə - xx.xx.2024-cü il tarixədək “sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipotekaya qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətləri verilmişdir.

10. xx.xx.2023-cü il tarixli Qüsur aktından görünür ki, 2018-ci il buraxılışlı, 4T1B11HK7JU112026 ban nömrəli, “Toyota Camry markalı” ** EH *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dəymiş zərər məbləği ümumilikdə 34950 manat təşkil edir.

11. "xxxx" ASC-nin “Güvən” Vəkil Bürosunun vəkili Vəkil ünvanlanan xx.xx.2023-cü il tarixli, xx/xx-1177 nömrəli məktubundan görünür ki, 2018-ci il buraxılışlı, 4T1B11HK7JU112026 ban nömrəli, “Toyota Camry markalı” ** EH *** dövlət qeydiyyat nişanlı minik avtomobili xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası növü üzrə icbari qaydada sığortalanmış, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində sığortalanmış avtomobilin iştirakı ilə baş vermiş hər hansı sığorta hadisəsi şirkətdə qeydiyyata alınmamışdır.

12. AR DİN BDYPİ-nin “Güvən” Vəkil Bürosunun vəkili Vəkil ünvanlanan xx.xx.2023cü il tarixli məktubundan görünür ki, AR DİN BDYPİ-nin mərkəzi informasiya sistemində “Toyota Camry markalı” ** EH *** dövlət qeydiyyat nişanlı minik avtomobili idarə edən sürücünün təqsiri üzündən yol-nəqliyyat hadisəsinin törədilməsinə dair məlumat qeydə alınmamışdır.

13. “Kərəm oğlu ehtiyyat hissələrinin” məlumat vərəqəsindən görünür ki, “Toyota Camry markalı” ** EH *** dövlət qeydiyyat nişanlı minik avtomobili “Kərəm oğlu ehtiyyat hissələri”nə Cavabdeh1 tərəfindən qəzalı vəziyyətdə gətirilmiş və əvəzində ona 8000 manat məbləğində pul vəsaiti verilmişdir.

14. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/6251 nömrəli, rəyindən görünür ki, “Toyota Camry markalı” ** EH *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin təmir-bərpa xərcləri ümumilikdə 24996.50 manat təşkil edir. Məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edir və ona tənqidi yanaşılması üçün əsas görmür.

İşin faktiki halları.

15. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, hazırki mübahisə obyektini təşkil edən “Toyota Camry markalı” ** EH *** dövlət qeydiyyat nişanlı minik avtomobili İddiaçı mülkiyyətindədir. İddiaçı həmin avtomobili, digər şəxslərlə yanaşı, 1 il müddətinə - xx.xx.2024-cü il tarixədək “sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipotekaya qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətləri əsasında Cavabdeh1 vermişdir. İşin hallarından o da aydın olur ki, qeyd olunan Cavabdeh1 olarkən, qəzalı vəziyyətdə Cavabdeh1 tərəfindən “Kərəm oğlu ehtiyyat hissələri”nə gətirilmiş və əvəzində ona 8000 manat məbləğində pul vəsaiti verilmişdir. Hazırki tələbdə iddiaçı mülkiyyətçisi olduğu avtomobilin ona qaytarılmasını və avtomobilə dəymiş ziyanın ödənilməsini tələb edir. Cavabdeh tərəf iddia tələbi ilə razı deyil və əvvəlki izahatında bildirmişdir ki, avtomobilə görə iddiaçıya pul vermişdir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Konstitusiyası

Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.

Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 1096. Mülki hüquq pozuntuları 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübutetmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Məhkəmənin mövqeyi

19. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir.

20. Məhkəmə əvvəlcə onu qeyd edir ki, hazırki iddia tələbi Cavabdeh1 mübasibətdə qismən əsaslıdır. Belə ki, avtomobil mülkiyyətçi İddiaçı tərəfindən Cavabdeh1 təqdim edilmiş və onun istifadəsində olan zaman avtomobillə qəza törədilmişdir. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbi yuxarıda istinad edilən mülkiyyət münasibətlərini tənzimləyən maddi hüquq normalarının tələbləri baxımından “Toyota Camry” markalı **-EH-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin Cavabdeh1 alınaraq İddiaçı qaytarılması hissəsində tam əsaslıdır. Belə ki, işin hallarından göründüyü kimi “Toyota Camry” markalı **-EH-*** dövlət qeydiyyat nişanlı minik avtomobili İddiaçın mülkiyyətindədir. Eyni zamanda, o da müəyyən edilir ki, həmin avtomobili Cavabdeh1 qəzalı şəkildə “Kərəm oğlu ehtiyyat hissələri”nə gətirib qoymuşdur. İşin hallarından müəyyən edilir ki, hazırda həmin avtomobil cərimə meydançasında saxlanılır. Bu xüsusda məhkəmə hesab edir ki, mübahisə obyektini təşkil edən “Toyota Camry” markalı **-EH-*** dövlət qeydiyyat nişanlı minik avtomobili Cavabdeh1 tərəfindən mülkiyyətçi İddiaçı geri qaytarılmalıdır. Bunun davamı olaraq, Cavabdeh1 avtmobilə görə ididaçıya 20.000 manat ödəniş etməsi barədə etirazı tutarlı dəlillərlə öz təsdiqini tapmır. Belə ki, cavabdeh etirazının lehinə hər hansı bir sübut məhkəməyə təqdim etməmiş, yalnız şifahi izahatla kifayətlənmişdir.

21. Məhkəmə hesab edir ki, iddia tələbi avtomobilə dəymiş 34950 (otuz dörd min doqquz yüz əlli) manat zərərin cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində qismən əsaslıdır. Belə ki, iş materiallarından aydın olur ki, “Toyota Camry” markalı **-EH-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini Cavabdeh1 qəzalı şəkildə “Kərəm oğlu ehtiyyat hissələri”nə gətirib qoymuşdur. Qeyd olunan hal avtomobilin onun etibarnaməli idarəçiliyində olan zaman baş vermişdir. İddiaçı da öz izahatlarında tələbini Cavabdeh1 qarşı yönəldmişdir. Ona görə də, məhkəmə hesab edir ki, mübahisə obyekti olan avtomobilə zərər yetirilməsinin səbəbi Cavabdeh1 təqsirli hərəkətləri olduğuna görə, vurulmuş ziyanın əvəzi də ondan tutulmalıdır. Tutulacaq ziyanın məbləğinə gəldikdə isə, AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/6251 nömrəli, rəyindən görünür ki, “Toyota Camry markalı” ** EH *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin təmir-bərpa xərcləri ümumilikdə 24996.50 manat təşkil edir. Məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edir və hesab edir ki, iddia qeyd olunan hissədə qismən təmin edilməli və Cavabdeh1 24996 (iyirmi dörd min doqquz yüz doxsan altı) manat dəymiş ziyan məbləği tutularaq iddiaçı Mehdı̇ yeva Aı̇ də Vəlhəd qızına ödənilməlidir.

22. Məhkəmə hesab edir ki, iddiaçının açıq-aşkar özgə əmlakını ələ keçirmə və məhv etmə əməllərinə hüquqi qiymət verilməsi üçün xüsusi qərardad qəbul edərək Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi barədə xahişi təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz hallarından görünür ki, avtomobil iddiaçı tərəfindən cavabdehə etibarnamə əsasında verilmişdir. Deməli, hazırkı işdə özgə əmlakını ələ keçirmə halı mövcud deyildir. Eyni zamanda, Cavabdeh1 tərəfindən iddiçıya məxsus avtomobilin qəsdən məhv edilməsi halı da sübut edilmir. Bu baxımdan məhkəmə hazırki iş üzrə xüsusi qərardad qəbul edilməsinə lüzum görmür.

Məhkəmə xərcləri

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

24. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 216 manat dövlət rüsumunun artıq ödənilmiş 21.15 manat hissəsi iddiaçı Mehdı̇ yeva Aı̇ də Vəlhəd qızına geri qaytarılmalı, ödənilmiş dövlət rüsumunun 165 manat hissəsi Cavabdeh1 tutularaq iddiaçı Mehdı̇ yeva Aı̇ də Vəlhəd qızına ödənilməli, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 60 manat pul vəsaiti Cavabdeh1 tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə

25. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, “Toyota Camry" minik markalı, ** EH *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 tərəfindən iddiaçı Mehdı̇ yeva Aı̇ də Vəlhəd qızına geri qaytarılmalı, Cavabdeh1 24996 (iyirmi dörd min doqquz yüz doxsan altı) manat dəymiş ziyan məbləği tutularaq iddiaçı Mehdı̇ yeva Aı̇ də Vəlhəd qızına ödənilməli, iş üzrə ödənilmiş 216 manat dövlət rüsumunun artıq ödənilmiş 21.15 manat hissəsi iddiaçı Mehdı̇ yeva Aı̇ də Vəlhəd qızına geri qaytarılmalı, iş üzrə ödənilmiş dövlət rüsumunun 165 manat hissəsi Cavabdeh1 tutularaq iddiaçı Mehdı̇ yeva Aı̇ də Vəlhəd qızına ödənilməli, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 60 manat pul vəsaiti Cavabdeh1 tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməli və iddia qalan hissədə təmin edilməməlidir.

26. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi : İddia qismən təmin edilsin. "Toyota Camry" minik markalı, ** EH *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 alınaraq iddiaçı Mehdı̇ yeva Aı̇ də Vəlhəd qızına geri qaytarılsın. Cavabdeh1 24996 (iyirmi dörd min doqquz yüz doxsan altı) manat dəymiş ziyan məbləği tutularaq iddiaçı Mehdı̇ yeva Aı̇ də Vəlhəd qızına ödənilsin. İş üzrə ödənilmiş 216 manat dövlət rüsumunun artıq ödənilmiş 21.15 manat hissəsi iddiaçı Mehdı̇ yeva Aı̇ də Vəlhəd qızına geri qaytarılsın. İş üzrə ödənilmiş dövlət rüsumunun 165 manat hissəsi Cavabdeh1 tutularaq iddiaçı Mehdı̇ yeva Aı̇ də Vəlhəd qızına ödənilsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 60 manat pul vəsaiti Cavabdeh1 tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar