Məhkəmə qərarları › İş №e-2(010)-2477/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2477/2023

23.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2477/2023 23.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X10 qızının katibliyi, Cavabdeh iştirakları ilə, iddiaçı X2 Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları

1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim A.Məmmədov) xx.xx.2014-cü il tarixli 2(004)-5701/2014 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və aliment tutulması” tələbinə dair iddiası təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsində xx.xx.2008-ci il tarixdə 1190 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X7 anaları İddiaçı yanında saxlanmış, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşınadək saxlanması üçün Cavabdeh hər bir uşağa görə hər ay sabit pul şəklində 103 manat olmaqla, ümumilikdə 206 manat aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər M.Əsədov, İ.Şirinov, T.Əliyev) xx.xx.2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi cavabdehə münasibətdə dəyişiklik edilmədən saxlanılmışdır.

3. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2091 /2015 nömrəli mülki iş üzrə qəbul etdiyi 22 may 2015-ci il tarixli Qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli 2(103)-41/2015 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır.

4. Məhkəmə tərəfindən verilmiş sorğuya xx.xx.2023-cü il tarixdə verilmiş cavab olaraq Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin məktubundan görünür ki, İddiaçı Cavabdeh qarşı tərəf olduğu aliment tələbi ilə bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5701/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədi xx.xx.2015-ci il tarixdə Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icraatına daxil olmuş və müvafiq qaydada icraata başlanılmışdır (sabiq icra məmuru R.Əhmədov). “Elektron icra” informasiya sistemində icra sənədinin nəticəsi AR “İcra haqqında” Qanunun 23.1.1-ci maddəsi ilə (xx.xx.2017-ci il) təsdiqlənmişdir.

5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsi 1 saylı Bakı DOST Mərkəzi tərəfindən 22 iyun 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə əsasən qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. İşin faktiki halları

6. Tərəflərin əvvəllər rəsmi nikahda olması, rəsmi nikahdan iki uşaqlarının olması, həmin uşaqların analarının yanında qalması, cavabdehdən hər ay hər uşağa görə 103 manat məbləğində alimentin tutularaq iddiaçının xeyrinə ödənilməsi və sonradan tələbkarın ərizəsinə əsasən icra vərəqəsinin geri qaytarılması işin mübahisəsiz hallarıdır.

İddia tələbi

7. İddiaçı X6 Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yetkinlik yaşına çatmayan xx.xx.2012-ci ildə anadan olmuş X3 və xx.xx.2010-cu ildə anadan olmuş X1 üçün onların yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər uşaq üçün hər ay 220 manat, ümumilikdə 440 (dörd yüz qırx) manat sabit pul məbləğinin, habelə 51 manat mediasiya xərcinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edəsiniz.qətnamə çıxarılmasını xahiş etmişdir.

Tərəflərin izahatları

8. İddiaçının vəkili və nümayəndəsi Vəkil xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə ərizə təqdim edərək, xx.xx.2023-cü il tarixə təyin olunmuş məhkəmə iclasında iştirakının üzürlü səbəbdən mümkün olmayacağını və həmin məhkəmə iclasına onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.

9. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, o, rəsmi olaraq işləmir və aşpaz köməkçisi kimi fəaliyyət göstərir. Dolanışığını təqdim etmək üçün banka, butulka kimi əşyalar yığaraq satır və təqribən 250 manat aylıq qazancı olur. Həmin puldan da 180 manatını kirayəyə verir və özünə cəmi 60-70 manat pul qalır. Buna görə də aliment ödəmək imkanında deyil.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası Konstitusiyası

Maddə 17. Ailə, uşaqlar və dövlət İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Maddə 34. Nikah hüququ İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

11. Azərbaycan Respublikası Ailə Məcəlləsi

Maddə 56. Valideynlərin hüquq və vəzifələrinin bərabərliyi 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə Alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.

12. Uşaq Hüquqları haqqında Qanun

5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

13. “Uşaq hüquqları haqqında” xx.xx.1959-cu il tarixli Bəyannamə

6. Uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 233. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi. Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır.

15. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il qərarı

Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

16. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 №-li Qərarı

Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

Məhkəmənin mövqeyi

17. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, tərəfin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.

18. Belə ki, iş materiallarından görünür ki, məhkəmə qətnaməsi əsasında cavabdehdən hər ay hər uşağa görə 103 manat olmaqla, cəmi 206 manat məbləğində alimentin tutulması qət edilmiş və Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xx.xx.2017-ci il tarixli qərarına əsasən icra sənədi tələbkarın ərizəsinə əsasən icrasız geri qaytarılmışdır. İddiaçı hazırda iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aliment miqdarının artırılmasını məhəmədən xahiş edir.

19. Hazırki halda tərəfin maddi və ailə vəziyyətini, yetkinlik yaşına çatmayan uşaqların yaşını, qida və digər zəruri xərclərə tələbatını, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşaqları saxlamağa borclu olduğunu, nəzərə alaraq, azyaşlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə dair iddiaçının tələbi qismən təmin edilməli, məhkəmənin qərarına əsasən xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, cavabdeh məhkəmə iclasında işsiz olduğunu, qeyri-rəsmi olaraq aşpaz köməkçisi işlədiyini, qazancının yalnız banka və butulka sataraq əldə etdiyi puldan ibarət olduğunu, həmçinin kirayə haqqı ödədiyini və öz dolanışığını təmin etmək üçün əlində az məbləğ qaldığını, bu səbəbdən aliment ödəyə bilməyəcəyini qeyd etsə də, məhkəmə hesab edir ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Buna görə də cavabdehin gətirdiyi dəlillər əsassızdır.

20. Məhkəmə hesab edir ki, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.

Məhkəmə xərcləri

21. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir.

23. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur.

24. Hazırki iddia üzrə bir il ərzində olan aliment ödənişinin məcmusu 400x12=4800 manat təşkil etdiyinindən, ödənilməli olan dövlət rüsumu məbləği 68 manat təşkil edir.

25. Odur ki, mediasiya orqanına iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilməli olan 18 manat pul isə cavabdehdən Azərbaycan Respublikasının Dövlət Büdcəsinin hesabına tutulmalıdır.

Məhkəmənin gəldiyi nəticə

26. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5701/2014 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2014-cü il tarixli qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq iddiaçı X2 xeyrinə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir.

27. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5701/2014 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2014-cü il tarixli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq iddiaçı X2 xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Mediasiya orqanına iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində pul Cavabdeh iddiaçı X2 xeyrinə tutulsun. Ödənilməli olan 18 (on səkkiz) manat pul Cavabdeh Azərbaycan Respublikasının Dövlət Büdcəsinin hesabına tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar