Məhkəmə qərarları › İş №e-2(010)-2496/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2496/2024

22.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2496/2024 22.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X2 qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı (bundan sonra mətndə İddiaçı İB) Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları

1. İddiaçı İB (Paylayıcı) ilə Cavabdeh (İstehlakçı) arasında bağlanmış xx.xx.2024-cü il tarixli AKX-06182xx/xx-2024 №-li qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədən görünür ki, “Paylayıcı” bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq “İstehlakçı”nı keyfiyyətli qazla təmin edir, “İstehlakçı”isə aldığı qazın dəyərini qaz sayğacının göstərişinə uyğun olaraq “Paylayıcı” tərəfindən təqdim edilən hesaba əsasən ödəyir (bənd 1). Qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək istehlakçının vəzifəsidir (bənd 2.3.1).

2. İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii X1nın pozulması haqqında” ******* saylı xx.xx.2023-cü il tarixli aktından görünür ki, qaz sayğacından kənar qazdan qeyri-qanuni istifadə edildiyi üçün 3628,80 manat cərimə yazılmışdır.

3. İddiaçı İB tərəfindən Bakı Şəhər Baş Polis İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli “Vətəndaşların qanunsuz hərəkətləri barədə” müraciətdən görünür ki, 2023-cü ilin yanvar-oktyabr aylarında təbii X1nı pozduqlarına görə qoşmada qeyd olunan ünvanlarda yaşayan vətəndaşlar tərəfindən sayğacdan kənar qaz xətti vasitəsi ilə qazdan qeyri-qanuni istifadə, oğurluq nəticəsində külli miqdarda İddiaçı İB-nə maddi ziyan dəymişdir. Həmin vətəndaşların əksəriyyəti texniki təhlükəsizlik qaydalarına riayət etmədən təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etməkdədirlər. Göstərilənləri nəzərə alaraq vətəndaşların özlərinin və ətrafda yaşayanların həyat və sağlamlığı üçün təhlükə mənbəyinə çevirilmiş bu halların, həmçinin onların qeyri-qanuni əməllərinin qarşısını almaq məqsədi ilə siyahıda adları qeyd olunan istehlakçılara qarşı təsirli tədbirlərin görülməsi barədə aidiyyəti üzrə müvafiq göstəriş verilməsi xahiş olunmuşdur.

4. Saldodan görünür ki, İddiaçı İB tərəfindən Cavabdeh ünvanın 3628,80 manat məbləğində cərimə yazılmışdır.

İşin faktiki halları

5. İddiaçı İB (Paylayıcı) ilə Cavabdeh (İstehlakçı) arasında xx.xx.2024-cü il tarixli qazın alqı-satqısı barədə müqavilənin bağlanması işin mübahisəsiz hallarıdır. İddia tələbi

6. İddiaçı İB Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 3423,30 (üç min dörd yüz iyirmi üç manat 30 qəpik) manat məbləğində zərərin və 54,24 (əlli dörd manat 24 qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 3477,54 (üç min dörd yüz yetmiş yeddi manat 54 qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN:AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Tərəflərin izahatları

7. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun bildirdi ki, 2023-cü ilin yanvar ayında cavabdehin mənzilində olan əlavə qaz qurğularına baxış keçirilib. Həmin vaxt sayğaca qeyri-qanuni qanunsuz qoşulma aşkar olunub və bunun əsasında da 3628 manat cərimə borcu yazılıb. Cavabdeh həmin borc məbləğindən bugünədək 205 manat ödəniş edib. Borc məbləğinə dair aktlaşdırma aparılıb, altlaşdırma aparılan vaxt akt cavabdehin özünə təqdim edilib. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.

9. Əvvəlki məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, onun bu borc məbləğindən xəbəri yox idi. 2023-cü ilin yanvar ayında oğlunu sayğacda problem yaşanması barədə məlumat öyrənməsi üçün göndərmiş və həmin vaxt borcları olduğunu bilmişlər. İdarədən gəlib baxış keçirtdiklərində “şlang” vasitəsi ilə müdaxilə edildiyi bildirilmişdir. O da şlangla müdaxilənin olmadığını, sayğacın mexaniki sayğac olduğunu, kartla işlədildiyini və kiminsə qanunsuz müdaxilə etmədiyini bildirmişdir. O, necə ödəniş etdiyini bilmədən 200 manat ödəniş etmiş və artıq məbləğ çıxıldığını görmüşdür. Suraxanı Rayon Qaz İdarəsinin müavini Nicat müəllim gəlib baxdıqda kənar xəttlə müdaxilənin ona aid olmadığını, başqasına aid olduğunu, başqasının kodunun səhvliklə ona yazıldığını qeyd etmişdir. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №-li qərarı ilə təsdiq olunmuş “X1”

1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt əlavə edilir. 3.1.11. qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

11. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu

Maddə 13. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X1 ilə tənzimlənir.

Məhkəmənin mövqeyi

12. Məhkəmə iş materiallarını hərtərəfli araşdırıb, tərəfin izahatını dinləyib hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia rədd edilməlidir.

13. Belə ki, iş üzrə müəyyən olunmuş hallar ondan ibarətdir ki, iddiaçı cavabdehin kənar xəttə qoşulması ilə bağlı akt tərtib edərək məhkəməyə təqdim etmiş və həmin akta əsasən borcun hesablandığını iddia edir. Göründüyü kimi cavabdehin evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək iddiaçının vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya qarşı əsassız və qanunsuz tələblər irəli sürmüşdür. Eyni zamanda qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsində və Azərbaycan Respublikası İnzibati- Xətalar Məcəlləsində təbii qazdan qanunsuz istifadə və talanması ilə əlaqədar vətəndaşların və vəzifəli şəxslərin məsuliyyəti nəzərdə tutulmuş olmasına baxmayaraq, hazırkı iddia tələbinin sübutu kimi məhkəməyə təqdim olunmuş məlum Akt əsasında müəyyən olunmuş kənar (qanunsuz) qoşulma nəticəsində qanunsuz qazdan istifadə ilə əlaqədar müvafiq hüquq-mühafizə orqanlarına şikayət edilsə də, həmin şikayətin nəticəsi barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sənəd (sübut) təqdim olunmamışdır. Halbuki, həm “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa, həm də X1”na əsasən istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Beləliklə də, iddiaçının cavabdehə qarşı akt üzrə iddia tələbinin əsaslılığı, yəni cavabdehdən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış pulun tutulması barədə iddia tələbi məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən sübut edilməmişdir və bu vəziyyətdə cavabdehdən iddia tələbində göstərilən məbləğdə pulun tutulması yolverilən hesab edilə bilməz.

Məhkəmə xərcləri

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

15. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

16. İddia rədd edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə

17. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin.

18. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia rədd edilsin. İddia rədd edildiyi üçün ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar