Məhkəmə qərarları › İş №e-2(010)-2504/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2504/2022

15.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2504/2022 15.07.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cəmi borcu 5248,58 (beş min iki yüz qırx səkkiz dollar, 58 sent) ABŞ dolları-bundan 1247,34 (bir min iki yüz qırx yeddi dollar, 34 sent) ABŞ dolları əsas, 696,99 (altı yüz doxsan altı dollar, 99 sent) ABŞ dolları faiz, 3121,16 (üç min yüz iyirmi bir dollar, 16 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 183,09 (yüz səksən üç dollar, 09 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 109,23 (yüz doqquz manat,23 qəpik) AZN dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi. İddia tələbinin dəlilləri "xxxx" ASC-nin Xəzər filialı ilə Cavabdeh2 arasında bağlanmış ********* nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən şəxsi istehlak məqsədilə cavabdehə 15 (on beş) ay müddətinə illik 21,5 % dərəcəsi ilə 3500) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında 430009517/ZM nömrəli xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və Zaminlik Müqaviləsi üzrə bağlanmış xx.xx.2017-ci il tarixli Əlavə Sazişə əsasən kredit Resturukturizasiya edilmişdir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin kredit qalıq məbləği 5160,98 (beş min yüz altmış dollar, 98 sent) ABŞ dolları (1 ABŞ dolları=l,40 AZN) təşkil etmişdir. Kreditin müddəti xx.xx.2019-cu il tarixədək uzadılmışdır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdchlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********623 saylı, xx.xx.2022-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvincən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2022-ci il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 5248,58 ABŞ dolları təşkil edir. Bundan 1247,34 ABŞ dolları əsas, 696,99 ABŞ dolları faiz, 3121,16 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 183,09 ABŞ dolları faiz borcu təşkil edir. Tərəflərin izahatları İddiaçı LPO "xxxx" ASC-nin hüquq şöbəsinin aparıcı mütəxəssisi H.Həsənli AZEMİS vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə iclasa gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: 430009517 nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank borclana 15 (on beş) ay müddətinə illik 21,5 % dərəcəsi ilə 3500 (üç min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. 430009517/ZM nömrəli xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 borcalan Cavabdeh2 bank qarşısında öhdəliklərinin tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və həmin müqaviləyə əsasən borc alan öhdəliklərini icra etmədikdə, zamin onunla birgə məsuliyyət daşıyır. Kredit və Zaminlik Müqaviləsi üzrə bağlanmış xx.xx.2017-ci il tarixli Əlavə Sazişə əsasən kredit Resturukturizasiya edilmiş, borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin kredit qalıq məbləği 5160,98 (beş min yüz altmış dollar, 98 sent) ABŞ dolları (1 ABŞ dolları=l,40 AZN) təşkil etmişdir. Kreditin müddəti xx.xx.2019-cu il tarixədək uzadılmışdır. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 iddiaçı banka 1247,34 ABŞ dolları əsas, 696,99 ABŞ dolları faiz, 3121,16 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 183,09 ABŞ dolları faiz borcu olmaqla cəmi 5248,58 ABŞ dolları məbləğində borcu vardır. LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xəbərdarlıq məktubundan görünür ki, LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdehlər müqavilənin şərtlərini tam şəkildə yerinə yetirmədiyi təqdirdə məhkəmədə barəsində iddia qaldılmasına dair xəbərdar edilmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442 Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.7 Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 465.2 Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. 467 Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 470.1 Zaminlik müqaviləsinə görə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.2 Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi nəticəsində kreditora dəyən zərərin ödənilməsi də daxil olmaqla zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 477.0.4 Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında ********* nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsi bağlanılmış və həmin müqavilə ilə cavabeh 15 (on beş) ay müddətinə illik 21,5 % dərəcəsi ilə 3500 (üç min beş yüz) ABŞ dolları məbləğində kredit borcunun qaytarılmasını öz üzərinə götürmüşdür. xx.xx.2017-ci il tarixli Əlavə Sazişə əsasən kredit restrukturizasiya edilmiş, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin kredit qalıq məbləği 5160,98 (beş min yüz altmış dollar, 98 sent) ABŞ dolları (1 ABŞ dolları=l,40 AZN) təşkil etmişdir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da cavabdeh müqavilə şərtlərini lazımınca icra etməmiş və iddiaçıya ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə müəyyən edir ki, Cavabdeh2 ********* nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas borcu 1247,34 ABŞ dolları, kredit müqaviləsi qüvvədə olan müddətə faiz borcu 696,99 ABŞ dolları, cərimə borcu 3121,16 ABŞ dolları, kredit müqaviləsinin müddəti bitəndən sonra hesablanmış faiz borcu 183,09 ABŞ dolları olmaqla cəmi 5248,58 ABŞ dolları məbləğindədir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cavabdeh 3121,16 ABŞ dolları məbləğində cərimə ödənilməsi tələbi irəli sürsə də məhkəmə sözügedən normanı rəhbər tutaraq cərimə borcunun 1500 ABŞ dolları miqdarında müəyyən edilməsini ağlabatan hesab edir. Məhkəmə iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını araşdıraraq hesab edir ki, tərəflər arasında debitor-kreditor hüquq münasibətləri ABŞ dolları ilə yaranmış olsa da, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməli olduğuna görə, cavabdehdən alınan vəsait ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə ödənilməlidir. Cavabdeh1 münasibətdə isə məhkəmə hesab edir ki, iddiaçının ona qarşı pul tələbinə dair iddiası əsassızdır. Belə ki, iddiaçı bankla Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixində 430009517/ZM nömrəli zaminlik müqaviləsi, 01 noyabr 2017-ci il tarixində xx.xx.2015-ci il tarixli 430009517/ZM nömrəli zaminlik müqaviləsinə 01 saylı Əlavə bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4.-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtarması, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Bu baxımdan irəli sürülmüş iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsinin müddəti xx.xx.2019-cu il tarixinə kimi müəyyən edilsə də, onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində iddiaçı tərəfindən cavabdehlərə qarşı iddia tələbi irəli sürülməmişdir. Bu hal isə yuxarıda qeyd olunan Qanunun normasına əsasən zaminlik öhdəliyinə xitam verildiyinə dəlalət edir. Beləliklə, sadalanan xüsusatlara və qanunvericilik normalarına əsasən məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 ********* nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 1247,34 (bir min iki yüz qırx yeddi dollar otuz dörd sent) ABŞ dolları, kredit müqaviləsi qüvvədə olan müddətə faiz borcuna görə 696,99 (altı yüz doxsan altı dolllar doxsan doqquz sent) ABŞ dolları, cərimə borcuna görə 1500 (min beş yüz) ABŞ dolları, kredit müqaviləsinin müddəti bitəndən sonra hesablanmış faiz borcuna görə 183,09 (bir yüz səksən üç dollar doqquz sent) ABŞ dolları olmaqla cəmi 3627,42 (üç min altı yüz iyirmi yeddi dollar qırx iki sent) ABŞ dolları (ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə ödənilmək şərtilə) məbləğində pul vəsaiti tutularaq iddiaçı LPO "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 77 (yetmiş yeddi) manat məbləğdə pul vəsaiti də cavabdehlərdən müştərək qaydada alınaraq iddaçıya ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 ********* nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 1247,34 (bir min iki yüz qırx yeddi dollar otuz dörd sent) ABŞ dolları, kredit müqaviləsi qüvvədə olan müddətə faiz borcuna görə 696,99 (altı yüz doxsan altı dolllar doxsan doqquz sent) ABŞ dolları, cərimə borcuna görə 1500 (min beş yüz) ABŞ dolları, kredit müqaviləsinin müddəti bitəndən sonra hesablanmış faiz borcuna görə 183,09 (bir yüz səksən üç dollar doqquz sent) ABŞ dolları olmaqla cəmi 3627,42 (üç min altı yüz iyirmi yeddi dollar qırx iki sent) ABŞ dolları (ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə ödənilmək şərtilə) məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 77 (yetmiş yeddi) məbləğində pul vəsaiti tutularaq iddiaçı LPO "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar