Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2504/2025 12.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X1 iclas katibliyi, iddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakları ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 715 manat əsas, 93.43 manat faiz, 10.98 manat cərimə olmaqla, cəmi 819.41 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın girov qoyulmuş qızıl – zinət əşyalarına yönəldilməsi və girov predmetinin açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, LN0268400-2024 saylı çərçivə kredit və girov müqaviləsinə əsasən, borcverən (iddiaçı) borcalana (cavabdehə) 60 ay müddətinə, illik 48% ödəmək şərti ilə 715 manat kredit verilmişdir. Bu müqaviləyə əsasən, borcalan (cavabdeh) aldığı krediti müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada qaytarmağı, eləcə də kredit hesablanmış faizləri, xidmət haqlarını borcverənə ödəməyi öhdəsinə götürmüş, həmçinin borcverən qarşısında götürdüyü öhdəliklərin təminatı qismində saxlanc girovun qiymətləndirilməsinə dair 2 saylı əlavədə göstərilən qızıl – zinət əşyalarını iddiaçıya girov qoymuşdur. Lakin, cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq, ödəməli olduğu borcun ödənilməsinə dair öhdəliyini vaxtında və lazımı qaydada icra etməmişdir. Borcun ödənilməsi tələbi ilə cavabdehə rəsmi müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, cavabdeh götürülən borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Belə ki, cavabdeh tərəfin iddiaçıya ödənilməmiş 715 manat əsas, 93.43 manat faiz və 10.98 manat cərimə borcu mövcuddur. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədi ilə girov predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək bildirdi ki, o, həqiqətən də iddiaçıdan qeyd olunan kredit məbləğini əldə etmiş, lakin maddi və ailə vəziyyətində baş vermiş dəyişikliklər nəticəsində həmin borc məbləğini qaytarmaqdan ibarət öhdəliyini yerinə yetirə bilməmişdir. Hazırda ondan tələb olunan məbləğdə pul vəsaitini iddiaçıya birdəfəlik ödəmək imkanına malik olmasa da, hesab edir ki, əgər iddiaçı tərəfindən ona möhlət verilərsə, o, həmin borcu hissə-hissə qaytara bilər. Onun hazırkı iş üzrə iddiaçıdan başqa digər şəxslərə də müəyyən miqdarda borcları mövcuddur və bu kimi borcların yaranmasında tək təqsirli şəxs onun özüdür. Odur ki, iddia tələbinin təmin edilməsinə etirazı olmadığını bildirdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar İddiaçı ASC (Borcverən) və Cavabdeh (Borcalan) arasında xx.xx.2024-cü il tarixdə bağlanmış LN0268400-2024 nömrəli çərçivə kredit və girov müqaviləsindən müəyyən olunur ki, “Borcverən” 60 ay müddətində (xx.xx.2029-cu il tarixinədək) 715 manat məbləğində bərpa olunan kredit xəttini “Borcalan”a verir, “Borcalan” isə bu müqavilə çərçivəsində təqdim olunmuş kredit xəttini bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada qaytarmağı və kreditə hesablanmış faizləri “Borcverən”ə ödəməyi, “Borcverən”in xidmət haqlarını ödəməyi öhdəsinə götürür. “Borcalan”İn bu müqavilə üzrə “Borcverən” qarşısında götürdüyü öhdəliklərin təminatı qismində sepsifikasiyası bu müqavilənin 2 nömrəli əlavəsində (bu müqavilə üzrə girov biletində) göstərilən qızıl – zinət əşyaları çıxış edir. xx.xx.2024-cü il tarixli, LN0268400-2024 nömrəli çərçivə kredit və girov müqaviləsinə 1 nömrəli əlavə olan ödəniş qrafikindən müəyyən olunur ki, kredit müqaviləsi üzrə ödəniş cədvəli təsdiq edilmiş və müqavilə üzrə borcun xx.xx.2024 – xx.xx.2026-cı il tarixləri arasında hər ay 47.20 manat (sonuncu ay 45.81 manat) məbləğində olmaqla ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. xx.xx.2024-cü il tarixli, LN0268400-2024 nömrəli çərçivə kredit və girov müqaviləsinə 2 nömrəli əlavə olan girov biletindən müəyyən olunur ki, borcalan (girov qoyan) tərəfindən ümumi çəkisi 8.40 qram, əyarı 585A olan 511.20 manat məbləğində qızıl – zinət əşyası (sırğa və üzük dəsti) kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi girov predmeti qismində borcverənə (girov saxlayana) saxlanca qəbul edilmək üçün təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli hesablaşma aktlarından müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehin **********240111 nömrəli kart hesabına ümumilikdə 715 manat (204 manat + 511 manat) məbləğində pul vəsaiti mədaxil edilmişdir. xx.xx.2025-ci il tarixli, 44/2025 nömrəli maliyyə arayışından müəyyən olunur ki, cavabdehin xx.xx.2024-cü il tarixli, LN0268400-2024 nömrəli çərçivə kredit və girov müqaviləsi üzrə iddiaçıya xx.xx.2025-ci il tarixə 715 manat əsas, 93.43 manat faiz və 10.48 manat cərimə olmaqla, ümumilikdə 819.41 manat məbləğində borcu vardır. xx.xx.2025-ci il tarixli, 027-4/25 nömrəli xəbərdarlıqdan müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli, LN0268400-2024 nömrəli çərçivə kredit və girov müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə mövcud borc məbləği barədə (715 manat əsas, 93.43 manat faiz və 10.98 manat cərimə olmaqla, cəmi 819.41 manat) məlumat verilmiş, həmin borcun 3 (üç) iş günü ərzində tam şəkildə qaytarılması təklif olunmuş, əks halda iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə 269.2. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Maddə 269.3. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Maddə 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur Maddə 270.1. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Maddə 295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Maddə 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. Maddə 297. Girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. Maddə 300.0. Girov aşağıdakı növlərdə ola bilər: 300.0.1. saxlanc; Maddə 301. Saxlanc elə girovdur ki, onun predmeti girov saxlayanın sahibliyinə verilir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: Maddə 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Maddə 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Maddə 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Maddə 746.1. İstehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.1. iddia qiyməti 1.000 manatadək olduqda - 30 manat. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarı Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh arasında xx.xx.2024-cü il tarixli, LN0268400-2024 nömrəli çərçivə kredit və girov müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, borcverən (iddiaçı) 60 ay müddətində (xx.xx.2029-cu il tarixinədək) 715 manat məbləğində bərpa olunan kredit xəttini borcalana (cavabdehə) verir, borcalan (cavabdeh) isə bu müqavilə çərçivəsində təqdim olunmuş kredit xəttini bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada qaytarmağı və kreditə hesablanmış faizləri borcverənə (iddiaçıya) ödəməyi, borcverənin (iddiaçının) xidmət haqlarını ödəməyi öhdəsinə götürür. İşin faktiki hallarının və iş materiallarının araşdırılması zamanı aydın olur ki, iddiaçı tərəflər arasında yaranmış müvafiq müqavilə hüquq münasibətləri üzrə kredit məbləğini verməklə şərtlənən öhdəliyini vaxtında və lazımı qaydada (öhdəliklərin icrası zamanı vicdanlılığın tələb etdiyi tərzdə) icra etmiş, lakin cavabdeh müvafiq kredit müqaviləsi üzrə dövri olaraq ödənişləri vaxtında və lazımı qaydada ödəməkdən ibarət vəzifəsini yerinə yetirməmiş, yəni vicdanlılığın tələblərindən biri olan şərtləşdirilmiş vaxtda öhdəliyin icra edilməsi tələbini pozmuşdur. Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (AR MM, maddə 385.1). Odur ki, iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə əsas və ona hesablanmış faiz borcunu tələb etməkdə haqlı olmuşdur. Məhkəmə onu da qeyd edir ki, tərəflər arasında müvafiq kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üsulu kimi qanunvericiliklə müəyyən edilmiş qaydada və formada girov müqaviləsi bağlanmış, cavabdeh (girov qoyan) tərəfindən ümumi çəkisi 8.40 qram, əyarı 585A olan 511.20 manat məbləğində qızıl – zinət əşyası (sırğa və üzük dəsti) girov predmeti qismində iddiaçıya (girov saxlayana) saxlanca qəbul edilmək üçün təhvil verilmişdir. Belə olan halda, kredit müqaviləsi üzrə cavabdeh tərəfindən iddiaçıya 715 manat əsas, 93.43 manat faiz və 10.98 manat cərimə olmaqla, cəmi 819.41 manat borcun olması işin mübahisəsiz halı olmaqla, iş materiallarının tədqiqi və cavabdehin iddia tələbini qəbul etməsinə yönələn izahatı ilə təsdiq edilmiş, qeyd edilənlərin əksini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Məhkəmə həmçinin, iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə təmin edilməlidir. Belə ki, AR MM-nin 462.1-ci maddəsinin tələbinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Qanunun normasından da məlum olduğu kimi, dəbbə pulu borclu tərəfindən icra etməyə borclu olduğu öhdəliyi icra etmədikdə alınır. Dəbbə pulunun miqdarının müəyyən edilməsində tərəflər diskresiyon səlahiyyətə malik olsalar da, AR MM-nin 467-ci maddəsi ilə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Maddənin məzmunundan da göründüyü kimi, dəbbə pulunun azaldılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” 09 iyul 2009-cu il tarixli qərarinda qeyd olunur ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. “Zvierzinski Polşaya qarşı” 19 iyun 2001-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa Məhkəməsi İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolun 1-ci maddəsinin (mülkiyyət hüququ) şərhi baxımından qeyd etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən tələb olunan xx.xx.2024-cü il tarixli müqavilə üzrə 10.98 manat cərimə pulu tənasübsüz yüksək məbləğ deyildir və işin hallarına tam uyğundur. Həmçinin, hazırda cavabdehin müqavilə üzrə öhdəliklərini lazımınca icra etmədiyi müəyyən edildiyindən cavabdehdən tutulan borc girov predmetinə yönəldilməli, yəni həmin əşya hərracda satılaraq əldə edilən vəsait hesabına cavabdehin iddiaçıya olan borcu ödənilməli, əgər satışdan əldə edilən vəsait borcun tam ödənilməsinə kifayət etməzsə, qalan borc cavabdehdən ümumi qaydada tutulmalı, əksinə, satışdan əldə edilən vəsait cavabdehdən tutulan borc məbləğindən artıq olarsa, qalıq vəsait cavabdehə qaytarılmalıdır. Belə olan halda, məhkəmə təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxaraq, həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq hüquqi qiymət verərək (həmin sübutları aidlik, mümkünlük və mötəbərlik nöqteyi-nəzərdən qiymətləndirərək) iddia tələbinin təmin edilməli olması nəticəsinə gəlir. Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. İddia tələbi təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli, LN0268400-2024 nömrəli kredit müqaviləsi üzrə 715 manat əsas, 93.43 manat faiz və 10.98 manat cərimə olmaqla, cəmi 819.41 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, tutulma girov qoyulmuş və iddiaçıda saxlancda olan əşyaya (ümumi çəkisi 8.40 qram, əyarı 585A olan 511.20 manat məbləğində qızıl – zinət əşyasına - sırğa və üzük dəstinə) yönəldilməklə, həmin əşya hərracda (açıq auksionda) satılmalı, satışdan əldə olunan vəsait hesabına nisyə alğı-satqı müqaviləsi üzrə İddiaçı ASC-yə ödənilməmiş məbləğ həcmində ödəniş edilməli, satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, LN0268400-2024 nömrəli kredit müqaviləsi üzrə 715 (yeddi yüz on beş) manat əsas, 93.43 (doxsan üç manat qırx üç qəpik) manat faiz və 10.98 (on manat doxsan səkkiz qəpik) manat cərimə olmaqla, cəmi 819.41 (səkkiz yüz on doqquz manat qırx bir qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Tutulma girov qoyulmuş və iddiaçıda saxlancda olan əşyaya (ümumi çəkisi 8.40 qram, əyarı 585A olan 511.20 manat məbləğində qızıl – zinət əşyasına - sırğa və üzük dəstinə) yönəldilməklə, həmin əşya hərracda (açıq auksionda) satılsın. Satışdan əldə olunan vəsait hesabına nisyə alğı-satqı müqaviləsi üzrə İddiaçı ASCyə ödənilməmiş məbləğ həcmində ödəniş edilsin. Satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fəridə Rzayeva
Məhkəmə qərarları › İş №e-2(010)-2504/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2504/2025
12.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver