Məhkəmə qərarları › İş №e-2(010)-2523/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2523/2023

24.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2523/2023 24.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızı, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 754 manat borc məbləği, 75 manat faiz borcu, 46 manat cərimə və 30 manat məbləğində dövlət rüsumunun cəmi 905 manat məbləğində borcun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh arasında 07 aprel 2022-ci il tarixli R0037790 nömrəli alğı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən alıcı olan Cavabdeh "xxxx" mağazasından ümumi nisyə dəyəri 1134 manat olan “Xioami Mi 1 İ Lite” (İMEl **********77482) markalı mobil telefon almışdır. Müqavilənin 4-cü bəndinə uyğun olaraq, alıcı Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq hər ayın 15-dən gec olmayaraq ödəniş cədvəlinə uyğun olaraq aylıq 95 manat ödəniş etməli olduğu halda aylıq ödənişlər etməmiş, aldığı malın qalıq pulunu ümumi dəyəri 754 manatı mağazaya ödəməmişdir. Müqavilənin 7.3-cü bəndinin tələblərinə əsasən bu müqavilənin icrası ilə bağlı meydana çıxan bütün mübahisələr tərəflər arasında danışıqlar yolu ilə həll ediləcəkdir. Həmin mübahisələr danışıqlar yolu ilə həll edilmədikdə, mövcud qanunvericiliyə uyğun məhkəmə qaydasında həll ediləcəkdir. Dəfələrlə Cavabdeh borcunun ödənilməsi barədə edilən müraciətlər nəticəsiz qalmış, götürdüyü malın dəyərini ödəməkdən yayınmışdır. İş materialları. İş materiallarında olan İddiaçı MMC tərəfindən tərtib edilmiş 0037790/23 saylı xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli R0037790 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə olan əsas borcu 754 manat, faiz borcu 75 manat, cərimə borcu 46 manat olmaqla, cəmi borcun məbləği 875 manatdır. İş materiallarında olan R0037790 saylı xx.xx.2022-ci il tarixli əşyanın nisyə alğı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC – “satıcı”, Cavabdeh – “Alıcı” olmaqla bağlanmış həmin müqaviləyə əsasən İddiaçı MMC dəyəri 1134 manat olan “Xioami Mi 1 İ Lite” (İMEl **********77482) markalı mobil telefonu nisyə alğı-satqı şərtləri əsasında verir. Alıcı aldığı əşyaya görə 0.00 manat məbləğində ilkin ödəniş edir və borclu olduğu qalıq 1134 manat məbləğində pulu müqaviləyə əlavə edilən “Ödəniş cədvəli”nə əsassən hissə-hissə satıcıya ödəməyi öhdəsinə götürür. Həmin Müqavilənin 1.3-cü bəndinə əsasən, əmtəə (əşya) alıcıya təhvil verildiyi gündən etibarən hər ay müqavilədə nəzərdə tutulmuş təqvim günündən gec olmayaraq ödəmələr icra olunur. Ödəniş 30 gündən başlayaraq gecikdirildikdə satıcı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsində nəzərdə tutulmuş qaydada hər gün üçün gecikdirilmiş boc məbləğinin 0.3 % həcmində cərimə (dəbbə pulu) ödənilməsi tələb edilə bilər. İş materiallarında olan R0037790G saylı xx.xx.2022-ci il tarixli girov müqaviləsindən görünür ki, girov saxlayanla (İddiaçı MMC) girov qoyan (Cavabdeh) arasında bağlanmış xx.xx.2022 tarixli R0037790 nömrəli hissə-hissə şərtləri ilə mal alğı-satqısı haqqında müqaviləyə əsasən, bundan sonra "Əmlak" adlandırılan (“Xiaomi Mi 11 Lite” 5G NE 8/128 İMEİ: **********77482, **********77490...), 1134,00 AZN məbləğində avadanlığının dəyərinin ödənilməsini təmin etmək məqsədilə girov qoyan ona təhvil verilmiş həmin əmlakı, özündə saxlamaq şərti ilə girov qoyur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli malların təhvil-təslim aktına əsasən “Xiaomi Mi 11 Lite” 5G NE 8/128 mobil telefon Cavabdeh tərəfindən təhvil alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş cədvəlinə əsasən, Cavabdeh R0037790 saylı xx.xx.2022-ci il tarixli müqavilə üzrə borcunu aylıq 95 manat ödəmək şərti ilə, 12 ay müddətinə ödəməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə yaranmış borc barədə məlumat verilmiş, borcun 5 gün ərzində ödəməyəcəyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüləcəyi bildirilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 601. Əşyanın hissə-hissə ödənilməsi 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.... Maddə 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu Məcəllənin 23-1 fəslinə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Maddə 284-5. Ərizəyə baxılması qaydası 284-5.1. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Maddə 284-6. Ərizə üzrə məhkəmə qətnaməsi 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Məhkəmənin mövqeyi və gəldiyi nəticə Məhkəmə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq, bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir, lakin o, qanunla nəzərdə tutulmuş vaxt ərzində hər hansı əsaslandırılmış etirazın dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Göründüyü kimi, tərəflər arasında nisyə alğı-satqı müqavilələri bağlanmaqla həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilələr üzrə öhdəliyini yerinə yetirməmiş, nisyə aldığı əşyaların dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəməmişdir. Bununla da, o, alğı-satqı müqaviləsi ilə müəyyən edilmiş müddət ərzində iddiaçıdan aldığı mala görə nisyə ödənilməli olduğu ödənişləri ödəməməklə, müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Müqavilə üzrə tərəflər arasında cavabdeh öz öhdəliklərini icra etmədiyi halda cərimə razılaşdırılmışdır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, iddiaçı tərəfindən tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək deyil. Məhkəmə tələbin faizlə bağlı hissəsinə münasibətdə qeyd edir ki, İddiaçı ilə Cavabdeh arasında nisyə alğı-satqı müqaviləsi bağlanmış və həmin müqavilədə əsas borca faiz hesablanması nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçının cavabdehdən fazi borcunu tələb etmək hüququ olmamışdır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sənədlərə qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, Cavabdeh R0037790 saylı xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 754 manat əsas borc və 46 manat cərimə borcu İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid olduğundan, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 233.1, 284-5, 284-6, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh R0037790 saylı xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 754 manat borc, 46 manat cərimə və 30 manat məbləğində dövlət rüsumu, cəmi 830 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar