Məhkəmə qərarları › İş №e-2(010)-2526/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2526/2024

01.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2526/2024 01.08.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi X2, Cavabdeh iştirakı ilə İddiaçı "AZƏRİQAZ" İB-nin cavabdeh Babayev Zakı̇ f Sərxan oğluna qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi.

1. İddiaçı "AZƏRİQAZ" İB Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 3492,09 (üç min dörd yüz doxsan iki manat 09 qəpik) manat məbləğində zərərin və 54,93 (əlli dörd manat 93 qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 3547,02 (üç min beş yüz qırx yeddi manat 02 qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin dəlilləri.

2. İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2024-cü il tarixində AKX-06182xx/xx- 2024 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindəm **********0000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X6”nın tələblərinə əməl etmək) və “X6”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyriqanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X6nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 1468,80 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 2073,60 manat, cəmi 3542,40 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Cavabdeh 1468,80 manat zərədən cavabdeh 50,31 manat məbləğində ödəniş etmişdir. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda 3492,09 (üç min dörd yüz doxsan iki manat 09 qəpik) manat təşkil etməkdədir.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi X5 iddia tələbində qeyd olunanlara uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi. Əlavə olaraq qeyd etdi ki, qeyd olunan ünvana yerli baxış keçirilən zaman da kənar xəttin ona aid olmadığı müəyyən edilmişdir. Hesab edir ki, iddia tələbi rədd edilməlidir.

İş materialları.

5. xx.xx.2024-cü il tarixli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə”dən görünür ki, Paylayıcı İddiaçı İB müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı Cavabdeh isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilmiş hesaba əsasən ödəməyi öz öhdəsinə götürür. İstehlakçının ünvanına Paylayıcı tərəfindən xx.xx.2016-cı il tarixdə G-4 markalı sayğac quraşdırılmışdır.

6. İddiaçı İB-nin əməkdaşları tərəfindən istehlakçı Cavabdeh dair tərtib edilmiş “Təbii X6nın pozulması haqqında” xx.xx.2021-ci il tarixli, ******* saylı aktdan görünür ki, Abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi qeyd olunmuş və eyni zamanda dəymiş ziyanın hesablanması və ödənilməsi nəzərdə tutulmuşdur. Aktı tərtib edən şəxslər – Sədiyev Orxan, Quliyev Telman və Məmmədov İlkin akta imza çəkmişdirlər.

7. Bakı Regional Qazın Satış Departamenti İtirilmiş təbii qazın hesablanması Komissiyası tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz sayğacına kənar qeyri-qanuni xətlə qoşulma nəticəsində 12960 m3 itirilmiş təbii qazın həcmi müəyyənləşdirilmişdir.

8. Abonent saldosundan görünür ki, Cavabdeh 2022-ci il daxil olmaqla 1468.8 manat borc hesablanmışdır.

9. İddiaçı İB-nin əməkdaşları tərəfindən istehlakçı Cavabdeh dair tərtib edilmiş “Təbii X6nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, Abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi qeyd olunmuş və eyni zamanda dəymiş ziyanın hesablanması və ödənilməsi nəzərdə tutulmuşdur. Aktı tərtib edən şəxslər – Sarıyev Anar, Məmmədov Ural və Məmmədzadə Pərvin akta imza çəkmişdirlər.

10. Bakı Regional Qazın Satış Departamenti İtirilmiş təbii qazın hesablanması Komissiyası tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz sayğacına kənar qeyri-qanuni xətlə qoşulma nəticəsində 17280 m3 itirilmiş təbii qazın həcmi müəyyənləşdirilmişdir.

11. Abonent saldosundan görünür ki, Cavabdeh 2023-cü il daxil olmaqla 2073.60 manat borc hesablanmışdır.

12. Məhkəmə iclasında şahid qismində dindirilən X4 bildirdi ki, “Təbii X6nın pozulması haqqında” xx.xx.2021-ci il tarixli, ******* saylı akta imza çəksə də, lakin həmin akt tərtib edilərkən o həmin ərazidə olmamışdır, akt idarəyə gətirilən zaman ona orada qol çəkmişdir. Həmin kənar xətdən xəbəri olmamışdır. İşin faktiki halları.

13. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı tərəf cavabdehlə aralarında bağlanan “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə”nin şərtlərinin cavabdeh tərəfindən pozulduğunu və cavabdehin qazdan qeyriqanuni şəkildə kənar xətlə istifadə etməsi nəticəsində ona maddi ziyan vurulduğunu bildirir. İddiaçı tələbin əsası kimi “Təbii X6nın pozulması haqqında” tərtib olunmuş müxtəlif tarixli aktlara və həmin ünvanda çəkilmiş fotoşəkillərə istinad edir. Cavabdeh isə iddia tələbini qəbul etmir və bildirir ki, o, həmin fərdi yaşayış evinin 2-ci mərtəbəsində yaşayır, 1ci mərtəbəsində isə qardaşı yaşayır. İddiaçının nümayəndəsinin iştirakı ilə əraziyə yerli baxış zamanı müəyyən olunmuşdur ki, həmin evdə kənar xətt izləri evin birinci mərtəbəsini təchiz edən qaz turbasının üzərindədir. Evin birinci və ikinci mərtəbəsinin qaz xəttləri ayrıdır.

Tətbiq edilən hüquq.

14. “X6”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №-li qərarı.

4.2-ci bəndinə əsasən, Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

15. AR “Qaz təchizatı haqqında” Qanunu

8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X6 ilə tənzimlənir. (2022-ci ilin may ayının 1-dən qüvvəyə minmişdir)

16. AR Mülki Məcəlləsi.

Maddə 21. Zərərin əvəzinin ödənilməsi

21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

17. AR Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Məhkəmənin mövqeyi.

18. Məhkəmə iş materiallarını hərtərəfli araşdırıb, tərəflərin izahatını dinləyib hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməməlidir.

19. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi Mülki Məcəllənin 1096-ci maddəsinin tələbi baxımından əsaslı deyildir. Belə ki, iddiaçı tələbində cavabdehlə bağladığı təbii qazın alqısatqı müqaviləsinə əsaslanaraq, qeyd edilən ünvanda müxtəlif vaxtlarda aşkar edilən qanunsuz qoşulma faktlarına görə məsuliyyətin cavabdehə aid olduğunu iddia edir. Mülki hüquq pozuntusunun yaranma əsası təqsirli və hüquqa zidd əməlin olmasıdır. Yəni, deliktin baş verməsi üçün bir şəxs digər şəxsə təqsirli olaraq, hüquqa zidd əməllə ziyan vurmalıdır. Qaz xəttinə özbaşına qoşulma halları hüquqa zidd əməldir, lakin hazırkı işdə cavabdehin təqsiri olması halı müəyyən edilmir. Əvvəla qeyd edilməlidir ki, hazırki iş materiallarından göründüyü kimi qeyd olunan fərdi yaşayış evinə dair tərtib edilmiş “Təbii X6nın pozulması haqqında” xx.xx.2021-ci il tarixli, ******* saylı aktda Abonentin – Cavabdeh təbii qazdan sayğacdan kənar qeyriqanuni istifadə etdiyi qeyd olunmuş və eyni zamanda dəymiş ziyanın hesablanması və ödənilməsi nəzərdə tutulmuşdur. Aktı tərtib edən şəxslər – Sədiyev Orxan, Quliyev Telman və Məmmədov İlkin akta imza çəkmişdirlər. Hazırki məhkəmə iclasında akta imza edən şəxslərdən X4 şahid qismində dindirilmiş və bildirmişdir ki, aktda imza çəksə də, lakin həmin akt tərtib edilərkən o həmin ərazidə olmamışdır, akt idarəyə gətirilən zaman ona orada qol çəkmişdir. Həmin kənar xətdən xəbəri olmamış, deməli həmin xətti görməmişdir. Eyni zamanda, məhkəmə onu da qeyd edir ki, qeyd olunan fərdi yaşayış evinə İddiaçı İBnin Qaz təsərrüfatının nəzarətçisi X3 iştirakı ilə yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin evin Cavabdeh yaşadığı hissəsinə gedən qaz xəttində qeyri-qanuni şəkildə qoşulma izləri yoxdur və həmin hissə ilə bağlı kənar qoşulma halı müəyyən edilməmişdir. Bundan başqa, cavabdehin adına tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktla bağlı isə qeyd edilməlidir ki, yuxarıda qeyd edilən maddi hüquq normalarının məzmunundan göründüyü kimi, qazpaylayıcı tərəfindən qanunsuz qoşulma hallarında görməli olduğu tədbirlərlə bağlı əlavələr edilmiş və həmin əlavələr 2022-ci il may ayının 1-dən qüvvəyə minmişdir. Maddənin məzmunundan aydın olur ki, qeyd edilən tarixdən sonra qaz paylayıcı tərəfindən sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib edilməli və həmin aktın bir nüsxəsi barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsi isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim edilməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edə bilər. Göründüyü kimi, ikinci akta münasibətdə iddiaçı bu prosedura əməl etməmişdir. Bu baxımdan sadalanan xüsusatları rəhbər tutaraq məhkəmə hesab edir ki, hazırki iddia tələbi hər iki akt üzrə əsassız olduğundan təmin edilməməlidir.

Məhkəmə xərcləri.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

21. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

22. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı "AZƏRİQAZ" İB-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməməli və iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

23. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddiaçı "AZƏRİQAZ" İB-nin cavabdeh Babayev Zakı̇ f Sərxan oğluna qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 54.93 manat dövlət rüsumu iddiaçı "AZƏRİQAZ" İB-nin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar