Məhkəmə qərarları › İş №e-2(010)-2554/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-2554/2023

28.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-2554/2023 28.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas kаtibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil1, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 və Üçüncü şəxs X3 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin cavabdehlər Cavabdeh1 firması və X4 qarşı (üçüncü şəxs qismində işə cəlb edilmiş X8) “pul” tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi cavabdehlər Cavabdeh1 firması və X4 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən DİN-ə məxsus Təhlükəsiz Şəhər Xidmətinin “Qırmızı işıq” sisteminə dəymiş ziyanın – 7736 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 firması və müəssisənin direktoru X2 tutularaq Daxili İşlər Nazirliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 bildirdi ki, Cavabdeh1 firmasının hüquqi ünvanı Xocavənd rayonunda olsa da, şirkət faktiki olaraq Xocavənddə fəaliyyət göstərmir. Bu səbəbdən gələcəkdə məhkəmə qətnaməsi qəbul edilərsə, həmin qətnamənin Xocavənddə icrası mümkün olmayacaq. Şirkət hüquqi ünvanında yerləşmədiyindən, həmçinin digər cavabdeh X7 da direktor kimi məsuliyyət daşıdığından iddia cavabdeh İbad Hüseynovun qeydiyyat ünvanı üzrə verilmişdir. Belə ki, Cavabdeh1 firmasının faktiki ünvanı onlara məlum deyil. Mülki Prosessual Məcəllədə iddia ərizəsinin hüquqi şəxsin olduğu ünvan üzrə verildiyi qeyd edilmişdir. Cavabdeh1 firmasının hüquqi ünvanı Xocavənd rayonunda olsa da, həmin rayonda fəaliyyət göstərmədiyindən həmin hüquqi şəxsin olduğu ünvan Xocavənd rayonu hesab edilə bilməz. Bu səbəbdən işə Xocavənd Rayon Məhkəməsində baxılması istisna edilir. Hər bir halda hesab edir ki, sığortaçı şirkət ("xxxx" ASC) işə cəlb edilməli, sığortaçı dəymiş zərərin 5000 manatını ödəməli və bununla da mübahisə həll olunmalıdır. Bu səbəbdən işin aidiyyəti üzrə göndərilməsinə etiraz edir. Məhkəmənin hazırlıq iclasında cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 bildirdi ki, iddiaçı DİN tərəfindən əsassız iddia qaldırılmışdır. Belə ki, yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin məbləği heç 500 manat belə deyil, buna baxmayaraq cavabdehdən 7700 manat məbləğində pul tələb edilir. Hesab edir ki, iddia əsassızdır. Digər tərəfdən, cavabdeh İbad Hüseynova Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir. Belə ki, o, erməni terrorçunu öldürdüyünə görə bu adı qazanmışdır. Hesab edir ki, iddiaçı DİN-in bundan məlumatı ola-ola bu cür şəxsə qarşı belə əsassız iddia qaldırması qəbul edilməzdir. Həmçinin hesab edir ki, ərizə ilə məhkəməyə müraciət edilərkən ərazi aidiyyəti qaydaları pozulmuşdur. Belə ki, iddiaçı DİN sırf işə Bakı şəhərində baxılsın deyə Cavabdeh1 firmasının direktoru X5 da cavabdeh kimi işə cəlb etmişdir. Halbuki direktor bu iddia üzrə cavabdeh deyil. Həmçinin qanunvericilikdə müəyyən edilmişdir ki, hüquqi şəxsə qarşı iddia hüquqi şəxsin olduğu yerə görə verilir. Cavabdeh1 firmasının hüquqi ünvanı Xocavənd rayonu olduğuna görə iddia da həmin məhkəmədə qaldırılmalıdı idi. Həmçinin hesab edir ki, hüquqi şəxsin cavabdeh olduğu işə görə onun direktoru cavabdeh kimi göstərilə bilməz. Odur ki, iddia ərizəsi aidiyyət qaydalarına riayət edilmədən məhkəməyə verilmişdir. Məhkəmənin hazırlıq iclasında üçüncü şəxs qismində işə cəlb edilmiş X8 bildirdi ki, o, pandemiya başlayan ildən səkkiz ay bundan əvvələdək Cavabdeh1 firmasında sürücü işləmişdir. Yol nəqliyyat hadisəsi baş verən vaxt da həmin şirkətdə sürücü işləmiş, hadisədən təxminən iki ay sonra işdən çıxmışdır. Hadisə onun tərəfindən törədilmişdir. Belə ki, o, son dayanacaqdan üçüncü reysə çıxan zaman işıqfora yaxınlaşarkən görmüşdür ki, avtobusun əyləci tutmur. O da digər maşınların üzərinə çıxmamaq üçün idarə etdiyi avtobusu səkiyə çıxarmış, işıqfora dəyəndən sonra dayanmışdır. Hadisədən sonra “MMK” yerindən çıxmamış, sadəcə olaraq sağ tərəfindəki boltlar kökündən əyilmişdir. Sonradan hadisə yerinə həm Binəqədi rayon Polis İdarəsindən, həm də Bakı şəhər İcra Hakimiyyətindən əməkdaşlar gəlmiş, şəkillər çəkilmişdir. O, Binəqədi rayon yol polis idarəsində də izahat vermiş, orada da avtobusun əyləcində problem olduğunu demişdir. Lakin barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda nəyə görə inzibati xəta törətməsi barədə qeyd edilməsinin səbəbini bilmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Xocavənd Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında” elektron sistemindən çıxarışdan görünür ki, Cavabdeh1 firmasının hüquqi ünvanı Xocavənd rayonu, Harami qəsəbəsidir. Həmçinin məhkəmənin hazırlıq iclasında iştirak edən tərəflər də firmanın hüquqi ünvanının Xocavənd rayonunda olduğunu mübahisələndirməmişlər. Buna baxmayaraq iddiaçının nümayəndəsi (vəkili) hazırkı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edilməsini iki halla əsaslandırmışdır. Bunlardan ilki odur ki, Cavabdeh1 firmasının hüquqi ünvanı Xocavənd rayonu olsa da, firma faktiki olaraq həmin ünvanda fəaliyyət göstərmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində iddianın hüquqi şəxsin olduğu ünvana görə qaldırılmalı olduğu müəyyən edildiyindən və Cavabdeh1 firması faktiki olaraq Xocavənd rayonunda fəaliyyət göstərmədiyindən Cavabdeh1 firmasının olduğu yer Xocavənd rayonu hesab edilə bilməz. Bu səbəbdən hazırkı iddia ərizəsi ilə Xocavənd Rayon Məhkəməsinə müraciət edilməmişdir. İddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsi ilə məhz Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edilməsini isə onunla əsaslandırmışdır ki, digər cavabdeh X7 Bakı şəhəri, Suraxanı rayonunda qeydiyyatdadır. Belə ki, həmin şəxs Cavabdeh1 firmasının direktorudur və hesab edir ki, firmanın direktoru kimi həmin firmanın vurduğu zərərə görə məsuliyyət daşıyır. Məhkəmə isə hesab edir ki, hazırkı iddia ərazi aidiyyəti üzrə düzgün məhkəmədə qaldırılmamışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.2ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Yuxarıda da qeyd edildiyi kimi Cavabdeh1 firmasının hüquqi ünvanının Xocavənd rayonunda yerləşməsi işin mübahisəsiz halıdır. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh1 firmasının ünvanının olduğu yer də elə Xocavənd rayonu hesab olunmalıdır. Hazırkı vəziyyətdə cavabdeh hüquqi şəxsin iddiaçıya belə məlum olmayan faktiki ünvanı hüquqi şəxsin ünvanının olduğu yer hesab edilə bilməz. Digər tərəfdən, iş materialları və tərəflərin məhkəmənin hazırlıq iclasında verdiyi izahatlar əsasında müəyyən edilmişdir ki, iddia ərizəsində cavabdeh kimi göstərilmiş X7 digər Cavabdeh1 firmasının direktorudur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) də qəbul etmişdir ki, X7 məhz hüquqi şəxsin direktoru olduğuna görə iddia ərizəsində cavabdeh kimi göstərilmişdir. Məhkəmə isə hesab edir ki, X7 hazırkı iddiaya cavab verməli olan şəxs deyil. Belə ki, işə üçüncü şəxs qismində cəlb edilmiş X8 yol nəqliyyat hadisəsini Cavabdeh1 firmasının sürücüsü kimi özünün törətdiyini qəbul etmişdir. İş materiallarından da hadisəni törədənin məhz həmin şəxs olduğu görünür. Belə olan halda iddiaçıya dəymiş zərərə görə qaldırılmış bu iddia üzrə cavabdeh hadisənin baş verməsində birbaşa təqsirli olan şəxs və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1099-cu maddəsində (hüquqi və ya fiziki şəxsin öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyəti) müəyyən edilmiş qaydada hadisənin törədilməsində təqsirli olan şəxsin işçisi olduğu hüquqi şəxs ola bilər. Hüquqi şəxsin direktoru isə heç bir halda bu iddia üzrə cavabdeh hesab olunmur. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Belə olan halda məhkəmə hesab edir ki, X7 bu iddia üzrə cavabdeh ola bilməyəcəyindən iddiaya onun qeydiyyat ünvanı üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində baxıla bilməz. Odur ki, iş Cavabdeh1 firmasının ünvanının olduğu yer üzrə baxılması üçün Xocavənd Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi. Maddə 31. Aidiyyətin dəyişdirilməsinə yol verilməməsi. 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 32. Aidiyyət məsələlərindən şikayət verilməsi. 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Maddə 35. İddianın cavabdehin olduğu yerə görə verilməsi. 35.2. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Maddə 44. Məhkəmənin öz icraatına qəbul etdiyi işi başqa məhkəməyə verməsi 44.2. Məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa. Maddə 45. İşlərin başqa məhkəməyə verilməsi və ərazi aidiyyəti məsələlərindən şikayət vermə qaydası. 45.2. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Cavabdeh1 firmasının ünvanının olduğu yer üzrə Xocavənd Rayon Məhkəməsinə göndərilməlidir. Şərh оlunаnlаrа əsаsən və MPM-in 263, 264, 267 və 268-ci mаddələrini rəhbər tutаrаq məhkəmə, Q Ə R A R A A L D I: İddiаçı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin cavabdehlər Cavabdeh1 firması və X4 qarşı (üçüncü şəxs qismində işə cəlb edilmiş X8) “pul” tələbinə dair mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Xocavənd Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rаyоn Məhkəməsinə şikаyət verilə bilər. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar