Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-256/2024 10.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı MMC Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən törətdiyi qəza zamanı İddiaçı MMC-yə dəymiş 2569 manat zərərin ödənilməsini xahiş etmişdir.
2. İddiaçı MMC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh törətdiyi qəza zamanı İddiaçı MMC-yə dəymiş 2569 manat zərərin cavabdehlər Cavabdeh və "xxxx" ASC-nin Əməliyyatların Sığortalanması Fondundan tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir.
3. Daha sonra İddiaçı MMC vəsatətlə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-yə dəymiş ümumilikdə 2569 manat zərər məbləğinin tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
4. xx.xx.2022-ci il tarixdə saat 16:20 radələrində ünvan 1 ünvanda “Yaxın” marketin yaxınlığında yol nəqliyyat hadisəsi baş vermişdir. Xətai rayon, İstintaq Şöbəsi tərəfindən araşdırma aparılmış, araşdırma zamanı məlum olmuşdur ki, qəzanı törədən "xxxx" ASCyə məxsus olan **-PD-*** dövlət nömrə nişanlı “Hyundai Veloster” markalı avtomobilin sürücüsü Cavabdehdır. Qeyd edir ki, İcbari Sığorta Müqaviləsinə dair məlumatda qeyd edilib ki. ** PD *** dövlət nömrə nişanlı “Hyundai Veloster” markalı avtomobil xx.xx.2022-ci il sığorta müqaviləsinə əsasən sığortalanmış və sığorta müqaviləsi xx.xx.2023-cü il tarixədək qüvvədə olmuşdur. Sığorta Müqaviləsinə əsasən əmlaka vurulan zərərə görə 5000 (beş) min manat sıgörta məbləği nəzərdə tutulub. Qeyd edir ki, hadisə zamanı 2 nəfər mülki vətəndaş yüngül xəsarət almış və Cavabdeh ilə onlar arasında barışıq olmuşdur. Qəza baş verən zaman həmin ərazidə binaların giriş-çıxış hissəsinə quraşdırılmış italya istehsalı olan “Came” markalı şlaqbaun-turniketə 2457 manat (iki min dörd yüz əlli yeddi manat), 4 ədəd yol mühafizə dəmirinə 112 (yüz on iki) manat olmaqla İddiaçı MMC-yə 2 569 (iki min beş yüz altmış doqquz manat) zərər dəymişdir. 08 dekabr 2022-ci il tarixdə İddiaçı MMC-yə dəymiş zərər barəsində 043/İŞ №li məktubla Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsinə müraciət edilmişdir. Dəymiş zərərin olması istintaq tərəfindən qəbul edilmişdir. Xətai rayon Pl-nin İstintaq Şöbəsi 16 yanvar 2023-cü il tarixində “Cinayət işinin rədd edilməsi haqqında” qərar qəbul etmişdir. Qərarın mətnindəndə aydın görünür ki, Cavabdeh maşınla piyada səkisinin önündə olan dəmirlərin üzərindən keçib səkiyə çıxmışdır. Araşdırma zamanı fotocədvəl tərtib edilmiş, fotoşəkillər çəkilmişdir. Həmin fotolar cinayət işinin materialına əlavə edilmişdir.
Tərəflərin izahatları
5. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır Məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.
6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbində qeyd olunanlara uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
İş materialları
7. 23 noyabr 2022-ci il tarixli “aktdan” və İddiaçı MMC-yə məxsus “Kompleksin girişində quraşdırılmış İtalya istehsalı CAME markalı şlaqbauna dəymiş ziyana dair Açıqlama”dan görünür ki, İtalya istehsalı CAME markalı şlaqbaunun blok və qol hissəsinə 2457 manat, o cümlədən 4 ədəd yolkənarı mühafizə dəmirlərinin dəyəri 112 manat olmaqla cəmi 2569 manat məbləğində İddiaçı MMC-yə ziyan dəymişdir.
8. AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 19 aprel 2024-cü il tarixli, 9/10089 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli İddiaçı MMC tərəfindən tərtib edilmiş akta və cədvələ əsasən ünvan 3 ünvanında baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində binaların giriş-çıxış hissəsinə quraşdırılmış İtalya istehsalı CAME markalı şlaqbaunun qol və blok hissələrinin dəyəri 2457 manat, 4 ədəd yolkənarı mühafizə dəmirinin dəyəri 112 manat olmaqla İddiaçı MMC-yə ümumilikdə dəymiş ziyan məbləği 2569 manat müəyyən olunur.
9. xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərar”ın surətindən görünür ki, təqdim edilmiş göstəricilər əsasında keçirilmiş məhkəmə-yol nəqliyyat ekspertizasının 30 dekabr 2022-ci il tarixli, 8/3549 nömrəli rəyinə əsasən “Hyundai Veloster markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Zümriddin qızının hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış araşdırma zamanı X3 ərizə ilə müraciət edərək baş vermiş yol nəqliyyat hadisəsi zamanı xəsarət alması ilə bağlı Cavabdeh Zümriddin qızına qarşı şikayətinin və tələbinin olmadığını, onunla barışmasını bildirmişdir. Aparılan araşdırma zamanı Cavabdeh Zümriddin qızı ərizə ilə müraciət edərək, barəsində aparılan araşdırma ilə bağlı bəraət verməyən əsaslarla xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Beləliklə, toplanmış materialdan göründüyü kimi, Cavabdeh Zümriddin qızı xx.xx.2022-ci il tarixdə təxminən saat 15 radələrində B kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi **-PD-*** dövlət qeydiyyat nişanlı Hyndai Veloster markalı avtomobili ilə ünvan 3 ünvanında yerləşən “Yaxın marketin yaxınlığında binaların arasında saatda təxminən 10 km/saat sürətlə hərəkətə olan zaman anidən idarəetməni itirmiş bu zaman piyadalar üçün nəzərdə tutulmuş səkidə hərəkətdə olan piyada X2 vuraraq onun sol qamış sümüyünün bayır kondısunun qapalı sınığı ilə nəticələn sağlamlığına az ağır xəsarət almasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Eyni zamanda qərardan görünür ki, İddiaçı MMC-nin müraciətinə cavab olaraq bildirilmişdir ki, müraciət etdiyi tələb mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.
İşin faktiki halları
10. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı tərəf cavabdeh tərəfindən törətdiyi yol-nəqliyyat hadisəsi zamanı ona məxsus olan Kompleksin girişində quraşdırılmış İtalya istehsalı CAME markalı şlaqbaunun blok və qol hissəsinə 2457 manat, o cümlədən 4 ədəd yolkənarı mühafizə dəmirlərinin dəyəri 112 manat olmaqla cəmi 2569 manat məbləğində ziyan vurulduğunu bildirir və iddia tələbinin təmin edilməsini xahiş edir. İddia tələbinin faktiki əsaslandırması ondan ibarətdir ki, qəzanın baş verməsində cavabdehin təqsiri müəyyən edilmişdir, ona görə də, ziyan məbləği cavabdehdən tutulmalıdır. Cavabdeh tərəfindən iddia tələbinə etiraz yaxud mülahizə məhkəməyə daxil olmamışdır.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Məhkəmənin mövqeyi
13. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.
14. Məhkəmə qeyd edir ki, iş materiallarının araşdırılması nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsi zamanı İddiaçı MMC-yə məxsus olan Kompleksin girişində quraşdırılmış İtalya istehsalı CAME markalı şlaqbauna zərər dəymişdir. İşin halarından həmin hadisənin cavabdehin təqsirli hərəkəti nəticəsində baş verməsi halı öz təsdiqini tapır. Deməli, delikt hallarını tənzimləyən maddi hüquq normalarının tələblərinə əsasən cavabdeh həmin hadisə nəticəsində vuruluş ziyana görə məsuliyyət daşımalıdır. Vurulmuş ziyanın məbləğinə gəldikdə isə, iddiaçı öz tələbində həmin şlaqbaunun blok və qol hissəsinə 2457 manat, o cümlədən 4 ədəd yolkənarı mühafizə dəmirlərinin dəyəri 112 manat olmaqla cəmi 2569 manat məbləğində ziyan vurulduğunu qeyd etmiş və həmin vurulmuş zərər məbləğinin cavabdehdən tutulmasını tələb edir. Eyni zamanda, iş materiallarında olan AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 19 aprel 2024-cü il tarixli, 9/10089 nömrəli ekspert rəyindən göründüyü kimi, iş materiallarında olan xx.xx.2022-ci il tarixli İddiaçı MMC tərəfindən tərtib edilmiş akta və cədvələ əsasən ünvan 3 ünvanında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində binaların giriş-çıxış hissəsinə quraşdırılmış İtalya istehsalı CAME markalı şlaqbaunun qol və blok hissələrinin dəyəri 2457 manat, 4 ədəd yolkənarı mühafizə dəmirinin dəyəri 112 manat olmaqla İddiaçı MMC-yə ümumilikdə dəymiş ziyan məbləği 2569 manat müəyyən olunmuşdur.
15. Məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edir və ona tənqidi yanaşılması üçün əsas görmür. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, cavabdeh tərəfindən iddia tələbinin əsassız olmasına dəlalət edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməklə Cavabdeh vurulmuş zərərə görə 2569 manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır.
Məhkəmə xərcləri
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
17. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 45.69 manat dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməli və iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 50 manat pul vəsaiti Cavabdeh tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə
19. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2569 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməli, iş üzrə ödənilmiş 45.69 manat dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməli və iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 50 manat pul vəsaiti Cavabdeh tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməlidir.
20. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia təmin edilsin. Cavabdeh 2569 manat məbləğində pul iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. İş üzrə ödənilmiş 45.69 manat dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 50 manat pul vəsaiti Cavabdeh tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.