Məhkəmə qərarları › İş №e-2(010)-2569/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2569/2024

04.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2569/2024 04.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiаçı İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 2934.75 manat məbləğində zərərin və 49.35 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 2984.1 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2023-cü il tarixində 04/5303 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə”si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X4”nın tələblərinə əməl etmək) və “X4”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X4nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 3045.6 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur (sözügedən akt iddia ərizəsinə əlavə olunub). Cavabdeh həmin zərərdən 110.85 manat məbləğində ödəniş etmişdir. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin SALDO üzrə ümumi 2934.75 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəfimizdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır”.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, o, qaz sayğacına qanunsuz qoşulmamış, sərf etdiyi qazın pulunu həmişə ödəmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.

İş materialları.

5. İddiaçı və abonent Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 04/5303 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”dən görünür ki, bu müqaviləyə əsasən Paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir.

6. “Təbii X4nın pozulması haqqında” xx.xx.2020-ci il tarixli, ******* saylı aktdan görünür ki, istehlakçı Cavabdeh yaşayış evinə quraşdırılmış qaz sayğacına (zavod nömrəsi: 1802A71, tipi/markası: G-4) baxış keçirilən zaman mənzildə təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadəsi qeyd edilmişdir.

7. xx.xx.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Cavabdeh ünvan 2 ünvanında yerləşən yaşayış yerində quraşdırılmış sayğacda xx.xx.2020-ci il tarixli, ******* nömrəli aktla aşkarlanmış qüsura görə 30456 m3 həcmində dəymiş zərər hesablanmışdır.

8. **********00000 nömrəli abonentin (Cavabdeh) saldosundan görünür ki, 2020-ci ilin aprel ayında abonentə “qalıq və aktlar”a görə 3045.6 manat məbləğində borc hesablanmışdır.

İşin faktiki halları.

9. Cavabdeh abonent olduğu ünvan 3 ünvanında yerləşən sayğaca İddiaçı İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş, təbii-qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edildiyi aşkar olunmuş, bununla bağlı xx.xx.2020-ci il tarixli akt tərtib edilmiş, həmin akta əsasən təbii qazdan qeyri-qanuni istifadəyə görə itirilmiş qazın həcmi (30456 m3) hesablanmış, həmin həcmə uyğun qazın dəyəri (3045.6 manat) akta əsasən borc kimi abonentin hesabına yazılmışdır.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 1091. Əsassız varlanma anlayışı. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

11. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 6. Qaz qurğularına ziyan vuran dəyişmələr.

2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır.

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X4”.

6. İstehlakçıya qazın verilməsinin dayandırılmasının əsasları və qazın alqı-satqı müqaviləsinin ləğvi. 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

14. Yuxarıda qeyd edilmiş normalardan göründüyü kimi, istehlakçı tərəfindən təbii qazdan sayğacdankənar, qaz xəttinə qanunsuz qoşulma edilməklə, haqqı ödənilmədən istifadə edilmişdirsə, qazunsuz istehlak edilən qazın dəyəri ödənilməlidir. Lakin bunun üçün ilk növbədə, istehlakçının həqiqətən təbii qazdan qanunsuz qoşulma edərək istifadə etdiyi müəyyən edilməlidir.

15. İş materiallarından görünür ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Cavabdeh abonent olduğu ünvanda yerləşən sayğaca baxış keçirilmiş, təbii-qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edildiyi aşkar olunmuş, bununla bağlı xx.xx.2020-ci il tarixli akt tərtib edilmişdir. Məhkəmə hesab edir ki, iş materiallarında bu aktın tərtib edildiyi tarixdən əvvəl sözügedən ünvanda təbii qazdan qeyri-qanuni istifadə edildiyi nəticəsinə gəlməyə imkan verən digər sənədlər də mövcuddur. Belə ki, iş materiallarında olan abonentin hesab məlumatlarından görünür ki, aktın tərtib edildiyi 2020-ci ilin dekabr ayından əvvəlki aylarda “sərfiyyat” qrafasında 60-150 m3 göstərilsə də, aktın tərtib edildiyi tarixdən sonra sərfiyyat kəskin artaraq ***-**** m3 olmuş, sonrakı aylar yaz aylarının başlaması ilə əlaqədar sərfiyyat azalmış, oktyabr ayından etibarən yenidən artmağa başlamışdır. Yəni aktın tərtibindən əvvəlki bir illik dövrdə müvafiq aylar üzrə sərfiyyat aktdan sonrakı dövrdə eyni aylar üzrə göstəricilərdən dəfələrlə aşağı olmuşdur. Məsələn, 2020-ci ilin yanvar-fevralmart aylarında sərfiyyat göstəriciləri müvafiq olaraq 40-60-80 m3 olsa da, 2021-ci ilin eyni aylarında göstəricilər müvafiq olaraq 984-792-632 m3 olmuşdur. Göründüyü kimi, eyni aylar üzrə sərfiyyat göstəriciləri arasında kəskin fərq var və bu fərq məhz aktın tərtibindən sonra yaranmağa başlamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iş materialları əsasında cavabdeh tərəfindən həqiqətən təbii qazdan sayğacdankənar-qeyri-qanuni istifadə edildiyi nəticəsinə gəlmək mümkündür.

16. Məhkəmə qeyd edir ki, cavabdehin təbii qazdan sayğacdankənar istifadə etdiyi yuxarıda qeyd edilənlərə əsasən təsbit edildiyindən cavabdehin delikt törətdiyi, həmçinin törətdiyi bu delikt qarşılığında varlandığı (sərf etdiyi təbii qazın həcminə görə yox, daha az məbləğdə ödəniş edərək) müəyyən edilir ki, bu da cavabdehdən onu varlandıran vəsaitin geri qaytarılmasını zəruri edir.

17. Bununla belə, məhkəmə, cavabdehdən təbii qazdan sayğacdankənar istifadə ilə əlaqədar tələb edilən pulun məbləği ilə razılaşmır. Belə ki, İddiaçı İB tərəfindən tərtib edilmiş akta əsasən təbii qazdan qeyri-qanuni istifadəyə görə itirilmiş qazın həcmi (30456 m3) hesablanmış, həmin həcmə uyğun qazın dəyəri (3045.6 manat) akta əsasən borc kimi abonentin hesabına yazılmışdır.

18. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, itirilmiş qazın həcmi hesablanarkən abonentin ünvanında olan üç cihaza görə göstəricilər nəzərə alınmışdır. Eyni zamanda, təbii X4nın pozulmasına dair müvafiq aktda da ünvanda olan qaz işlədiciləri kimi həmin üç cihaz qeyd edilmişdir. Hansı ki, bunlar PQ2, QSQ və kombidir. Lakin iş materiallarında olan tərəflər arasında bağlanmış qazın alqı-satqısı haqqında müqavilədən görünür ki, həmin müqavilədə PQ-4, radiator və dəmir sobanın adı qeyd edilmiş, kombi adı çəkilməmişdir. Eyni zamanda, abonentin saldosunda da qaz işlədici cizah kimi kombi qeyd edilməmişdir. Məhkəmə tərəfindən cavabdehin evində yerində müayinə keçirilən zaman da ünvanda hər hansı kombi, yaxud kombi sistemi üçün zəruri avadanlıq aşkar edilməmişdir. Nəzərə alınmalıdır ki, tərəflər arasında bağlanmış qazın alqı-satqısına dair müqavilədə qaz işlədicisi kimi qeyd edilməmiş cihazın itirilmiş qazın həcmi hesablanarkən nəzərə alınması üçün bu cihazın həqiqətən cavabdehin evində istifadə edildiyi sübuta yetirilməlidir ki, hazırkı işdə bunun əksi baş vermiş, məhkəmə tərəfindən ünvanda yerində müayinə keçirilən zaman kombi aşkar edilməmişdir. Məhkəmə yalnız yerində baxış zamanı görüntü yaratmaq üçün kombi sisteminin bütövlükdə sökülməsini ağlabatan hesab etməyərək və müvafiq cihazın tərəflər arasında bağlanmış müqavilədə də göstərilmədiyini nəzərə alaraq, hesab edir ki, itirilmiş qazın həcmi hesablanarkən kombiyə görə göstəricilər nəzərə alınmamalıdır.

19. Hansı ki, iş materaiallarında olan müvafiq tələbnamədən görünür ki, qaz işlədicilərindən PQ2-nin maksimal saatlıq qaz sərfi 0.6 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 270 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 270 gün, kombinin maksimal saatlıq qaz sərfi 2.6 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 270 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Məhkəmə qeyd edir ki, aktın tərtibindən əvvəlki 270 gün təxminən 9 aylıq müddətdir ki, bu müddət mart ayından aktın tərtib edildiyi dekabr ayına qədərki dövrü əhatə edir. Hansı ki, bu dövrə təbii qazdan (qaz plitəsi və su qızdırıcısından) çox daha az istifadə olunduğu yaz-yay ayları da daxildir. Bu vəziyyətdə müvafiq dövr üçün hər günə 24 saat sərfiyyat hesablamaq düzgün deyil. Məlumdur ki, xüsusən yay aylarında qaz işlədicilərinin bütün gün ərzində işlədilməsi istisna edilir. Bu baxımdan məhkəmə hesab edir ki, bu işlədicilərin təyinatı və aktiv istifadə edilmədiyi dövrlər nəzərə alınmaqla, tələbnamədən görünən orta günlük iş rejimi azaldılaraq, qaz işlədicilərindən PQ2-nin maksimal saatlıq qaz sərfi 0.6 m3/saat, orta günlük iş rejimi 8 saat və hesabat müddəti 270 gün və QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 8 saat və hesabat müddəti 270 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün tələb olunan pul cəmi 453.6 manat (0.6x8x270+1.5x8x270=1296+3240=4536) məbləğində müəyyən edilməlidir.

20. Digər tərəfdən, o da nəzərə alınmalıdır ki, iddia ərizəsində qeyd edilmişdir ki, akt əsasında hesablanmış borcdan 110.85 manatı cavabdeh tərəfindən ödənilmişdir. Belə olan halda cavabdehdən tutulacaq pulun yekun məbləği hesablanarkən artıq ödənilmiş həmin məbləğ nəzərə alınmalı, cavabdehdən cəmi 342.75 manat məbləğində pul tutulmalıdır.

Məhkəmə xərcləri.

21. İş materiallarından görünür ki, İddiaçı İB tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən cəmi 49.35 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddia qismən təmin edildiyindən məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

22. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli akt üzrə hesablanmış itirilmiş qazın həcminə görə cəmi 342.75 manat məbləğində pul və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçınə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

23. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli akt üzrə hesablanmış itirilmiş qazın həcminə görə cəmi 342.75 manat (üç yüz qırx iki manat yetmiş beş qəpik) məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar