Məhkəmə qərarları › İş №e-2(010)-2584/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2584/2025

11.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2584/2025 11.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 və Cavabdeh iştirakları ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun vərəsədən tutulması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra ”Azərbaycan Beynəlxalq Bankı” ASC) Cavabdeh qarşı “kredit borcunun vərəsədən tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 1585.81 manat borcun və ödənilmiş 35.86 manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin Nizami filialı ilə X6 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BPM**********50 nömrəli kredit müqaviləsinə əsasən, bank tərəfindən X5 24 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə hesablanmaqla, 3900 manat məbləğində kredit verilmişdir. X1 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. 2 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilən məlumata əsasən, X4 vərəsəsi Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün xx.xx.2024-cü il tarixdə notariat ofisinə müraciət etmişlər. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən, X4 banka ödənilməmiş 1585.81 manat borcu qalmışdır. Eyni zamanda, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün cəmi 35.86 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir. Cavabdeh vərəsə kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək bildirdi ki, iddia tələbinin tam həcmdə etirafına dair əvvəlki məhkəmə iclasında yazılı ərizə ilə məhkəməyə müraciət etmişdir və hazırda iddia tələbinin təmin edilməsinə etirazı yoxdur.

İş materialları.

5. "xxxx" ASC (Bank) və X6 (Müştəri) arasında xx.xx.2022-ci il tarixdə bağlanmış BPM**********50 nömrəli kredit müqaviləsindən görünür ki, bu müqavilə “Bank” və “Müştəri” arasında kredit verilməsinə dair xüsusi şərtləri tənzimləyir. Kreditin şərtləri aşağıdakı kimidir: Kreditin məbləği – 3900 manat; Kreditin müddəti – 24 ay; Kredit üzrə güzəşt müddəti – yoxdur; Kredit üzrə illik faiz dərəcəsi – 20%; Kredit üzrə faktiki illik faiz dərəcəsi – 20%; Kreditin təyinatı – şəxsi istehlak məqsədləri üçün; Kreditin verilməsinə (rəsmiləşdirilməsinə) görə komisyon haqq – 0% dərəcəsi; Ödəniş qaydası – bu müqaviləyə 1 nömrəli əlavədə əks olunan annuitet ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir.

6. xx.xx.2022-ci il tarixli, BPM**********50 nömrəli kredit müqaviləsinə 1 nömrəli əlavə olan ödəniş qrafikindən görünür ki, kredit müqaviləsi üzrə ödəniş cədvəli təsdiq edilmiş və müqavilə üzrə borcun xx.xx.2022 – xx.xx.2024-cü il tarixləri arasında hər ay 198.5 manat (sonuncu ay 198.33 manat) məbləğində olmaqla ödənilməsi tərəflər arasında razılaşdırılmışdır.

7. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, "xxxx" ASC-nin müştərisi olan X4 xx.xx.2022-ci il tarixli, BPM**********50 nömrəli kredit müqaviləsi üzrə həmin tarixə 1585.81 manat məbləğində borcu vardır.

8. 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Yusif Allahverdiyev və partnyorları” vəkil bürosunun vəkili Sevda Məmmədovaya ünvanlanmış xx.xx.2025-ci il tarixli, 450 nömrəli cavab məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X4 mirası üzrə 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində vərəsəlik işi açılmış, ilkin olaraq miras qoyanın vərəsəsi kimi xx.xx.1975-ci il təvəllüdlü Cavabdeh müəyyən edilmişdir.

9. Cavabdeh tərəfindən 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə ünvanlanmış xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş anası – X3 miras qalmış əmlakdan – ünvan 2 ünvanında yerləşən 18 nömrəli mənzildən ona çatası hissəyə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir.

10. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş AZ-İİ seriyalı, 401924 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2023-cü il tarixdə “ürəyin kəskin işemik xəstəliyinin digər formaları” səbəbindən Bakı şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 31 nömrə ilə qeyd edilmişdir.

11. xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, "xxxx" ASC tərəfindən borcalan X4 qanun üzrə vərəsəsi Cavabdeh xx.xx.2022-ci il tarixli, BPM**********50 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş borcunun məbləği (1585.81 manat) barədə məlumat verilmiş, həmin borcun 3 gün ərzində ödənilməsi tələb edilmiş, borcun vaxtında ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Müvafiq xəbərdarlığın göndərilməsi barədə poçt xəbərnaməsi iş materiallarına əlavə edilmişdir.

İşin faktiki halları.

12. İddiaçı "xxxx" ASC və mərhum X1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BPM**********50 nömrəli kredit müqaviləsinə əsasən, Bank tərəfindən Gülarə Kərimovaya 24 ay müddətinə, illik 20%-lə 3900 manat məbləğində kredit verilmiş, Gülarə Kərimova isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti və ona hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür.

13. X1 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Gülarə Kərimovanın ölümündən sonra ondan miras qalan əmlaklar qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən oğlu Cavabdeh keçmişdir.

Tətbiq edilən hüquq.

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 1146. Mirasın açıldığı vaxt. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151. Miras əmlak. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1255. Mirasa mülkiyyətin əmələ gəlməsi. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1306. Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti. 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Maddə 1307. Vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli Qərarı.

Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi. 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi. 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 220. Qətnamənin məzmunu. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

Məhkəmənin mövqeyi.

17. İşin faktiki hallarından görünür ki, cavabdeh tərəfindən məhkəməyə iddianın etiraf edilməsi barədə yazılı ərizə təqdim edilmişdir. Məhkəmə hesab edir ki, iddianın cavabdeh tərəfindən etirafı təsdiq edilməlidir. Ona görə ki, bu etiraf qanuna zidd deyil, eyni zamanda hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur.

18. Belə ki, bank ilə mərhum X1 arasında kredit müqaviləsi bağlanmış, bu müqaviləyə əsasən, iddiaçı Bank tərəfindən cavabdeh Borcalana müqavilədə göstərilən şərtlərlə kredit verilmişdir. X1 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Gülarə Kərimovanın ölümündən sonra ondan miras qalan əmlaklar qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən oğlu Cavabdeh keçmişdir. Bu baxımdan iş üzrə cavabdehin hazırkı iddianı etiraf etməsi qanuna zidd deyildir. İddianın etirafı iş üzrə tərəflərdən başqa üçüncü şəxslərin hüquq və mənafelərinə toxunmur.

19. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddianın etirafının təsdiq edilməməsi üçün heç bir əsas yoxdur. Bu isə iddianın etiraf olunan hissədə, yəni tam təmin edilməsi üçün əsasdır.

Məhkəmə xərcləri.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

21. İş materiallarından görünür ki, iddiaçı bank tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 35.86 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur.

22. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

23. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2022-ci il tarixli, BPM**********50 nömrəli kredit müqaviləsi üzrə 1585.81 manat məbləğində borc və ödənilmiş 35.86 manat məbləğində dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır.

24. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 222-ci, 284-1-284-6, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. X4 vərəsəsi Cavabdeh xx.xx.2022-ci il tarixli, BPM**********50 nömrəli kredit müqaviləsi üzrə 1585.81 (min beş yüz səksən beş manat səksən bir qəpik) manat məbləğində borc və ödənilmiş 35.86 (otuz beş manat səksən altı qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar