Məhkəmə qərarları › İş №e-2(010)-2586/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2586/2025

01.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2586/2025 01.08.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi, Cavabdeh Əliverdi qızının iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Əliverdi qızına qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh X6 vərəsəsi Cavabdeh Əliverdi qızından iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli BPM**********12 saylı kredit Müqaviləsinə əsasən kredit üzrə 9517.33 manat əsas borc, 4.94 manat cərimə borcu olmaqla cəmi 9522.27 (doqquz min beş yüz iyirmi iki tamyüzdə iyirmi yeddi) manat və ödənilmiş 115.23 manat dövlət rüsumunun və 0.4 manat xidmət haqqının tutulması. İddia tələbinin dəlilləri "xxxx" ASC ilə X7 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli BPM**********12 saylı Kredit Müqaviləsinə əsasən ona 36 ay müddətinə 10000 AZN məbləğində kredit verilmişdir.Tərəflər arasında bağlanmış Kredit Müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Lakin xx.xx.2022-ci il tarixdə X4 vəfat etmiş və bundan sonra ödənişlər ödəniş qrafiki üzrə aparılmamışdır. Bunun nəticəsində "xxxx" ASC ilə cavabdeh X7 arasında bağlanmış xx.xx.2022-ci il tarixli BPM**********12 saylı Kredit Müqaviləsinə əsasən kredit üzrə 9517.33 manat əsas borc, 4.94 manat cərimə borcu olmaqla cəmi 9522.27 manat borcu yaranmışdır. xx.xx.2022-ci il tarixli AZ-İİ № 302337saylı ölüm haqqında şəhadətnaməsindən görünür ki, X7 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 35 saylı Natariat ofisinin xx.xx.2024-cü il tarixli 2V-61 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsindən görünür ki, Cavabdeh Əliverdi qızından qalmış mirasa Cavabdeh Əliverdi qızınaqanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə X4nun vərəsəsi Cavabdeh Əliverdi qızına xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Qeyd olunan əməliyyatlardan sonra yaranmış borclarla bağlı mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Tərəflərin izahatları İddiaçının nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və ərizə təqdim edərək onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh Əliverdi qızı məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, X11 onun əri olub. Əri bankdan kredit götürdükdən bir ay sonra vəfat etmişdir. Hazırda oğluna məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində oğlu və gəlni ilə birgə yaşayır. Evdəki əşyalardan yalnız divan kreslo, televizor və divar mebeli (stenka) əri ilə birgə nikah dövründə alınıb. İş materialları "xxxx" ASC ilə X7 arasında bağlanmış xx.xx.2022-ci il tarixli BPM**********12 saylı kredit müqaviləsindən görünür ki, X7 "xxxx" ASC-yə 36 ay müddətinə, illik 19 faiz dərəcəsi ilə hesablanmaqla, 10000 manat məbləğində kredit borcunun qaytarılmasını öz üzərinə götürmüşdür. Biləsuvar rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2022-ci ildə ölmüşdür. xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş- X6 vərəsəsi bunlardır: ünvan 2 ünvanında qeydiyyatda olan arvadı - Cavabdeh Əliverdi qızıdır. Şəhadətnamə verilən miras əmlak – baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində 30 oktyabr 2022-ci il tarixdə vəfat etmiş X2 adına 5000 manat məbləğində olan sığorta pulundan ibarətdir. "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Cavabdeh Əliverdi qızına ünvanladığı xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, ASC-nin Şirvan filialı ilə X7 arasında bağlanmış xx.xx.2022-ci il tarixli BPM**********12 saylı Kredit Müqaviləsinə əsasən ona 36 ay müddətinə 10000 manat məbləğində kart kredit limiti verilmişdir. Qeyd edilən müqaviləyə əsasən kart kredit limiti üzrə 9517.33 manat əsas borc, 4.94 manat cərimə borcu olmaqla, cəmi 9522.27 manat borcu mövcuddur. X4 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Hacıqabul rayon Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 2V-61 saylı Vərəsəlik hüququ haqqında şəhadətnamə ərindən görünür ki, X6 mirası qəbul etmiş vərəsəsi Cavabdeh Əliverdi qızı olduğu müəyyən edilmişdir. Odur ki, kredit borcunu və bu borclara müvafiq olaraq hesablanmış faiz məbləğini 5 gün ərzində Banka ödəməyəcəyi təqdirdə iddiaçı tərəfindən borcun qaytarılması üçün məhkəməyə müraciət olunacağına dair xəbərdar edilmişlər. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, X6 iddiaçı banka əsas borca görə 9517,33 manat, cərimə borcu 4.94 manat məbləğində borcu vardır. İşin faktiki halları X3 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Cavabdeh Əliverdi qızı X2 arvadıdır. X1 5000 manat məbləğində sığorta pulu miras qalmışdır. 09 iyul 2025-ci il tarixli №442E saylı qiymətləndirici mütəxəssis rəyindən görünür ki, Cavabdeh Əliverdi qızının yaşadığı ünvan 1 ünvanında yerləşən bir ədəd divan və kreslo, bir ədəd televizor və bir ədəd divar mebelinin qiyməti 1150 manat müəyyən edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 1146. Mirasın açıldığı vaxt. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151. Miras əmlak. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1255. Mirasa mülkiyyətin əmələ gəlməsi. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1306. Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti. 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli Qərarı. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 31. Ər-arvadın əmlakının qanuni rejimi anlayışı. 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Maddə 32. Ər-arvadın birgə mülkiyyəti. 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 220. Qətnamənin məzmunu. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Maddə 222. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, iddiaçı bankla cavabdehin əri mərhum Bəymirzə Mərdanov arasında xx.xx.2022-ci il tarixində kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən "xxxx" ASC onun sərəncamına 10000 manat məbləğində pul vəsaiti vermiş, Bəymirzə Mərdanov isə həmin pul vəsaitini illik 19 faiz dərəcəsi ilə hesablanmaqla, 36 ay müddətinə geri qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, Bəymirzə Mərdanov xx.xx.2022-ci il tarixində vəfat etmiş, iddiaçı banka 9522.27 manat məbləğində borcunu ödəməmişdir. Hazırda iddiaçı "xxxx" ASC mərhumun öhdəliyinin onun mirasını qəbul etmiş vərəsəsi tərəfindən icra olunmasını tələb edir. Cavabdeh isə iddia tələbini qəbul etmir və iddia tələbinə etirazını onunla əsaslandırır ki, ərindən miras kimi ona sığorta ödənişi kimi 5000 manat məbləğində pul qalmışdır. Məhkəmə hazırki iddia tələbi ilə bağlı ilk növbədə onu qeyd edir ki, iddiaçı Bank mərhum borcalanla aralarında bağlanmış kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəliyi yerinə yetirsə də, borcalanın müqavilə öhdəliyi yerinə yetirilmədən qalmışdır. Nəzərə alınmalıdır ki, borclunun ölümü onun bank qarşısında kredit öhdəliklərinin xitamına səbəb olmur. Belə ki, yuxarıda istinad edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında da qeyd edildiyi kimi, kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Məhkəmə iş materiallarına əsasən müəyyən edir ki, sözügedən kredit müqaviləsi üzrə ödənilməmiş hissə 9522.27 manat təşkil edir. Cavabdeh mərhum əri ilə birgə nikah dövründə əldə etmiş olduğu əmlakların qiymətləndirilməsi ilə bağlı rəyə əsasən bir ədəd divan və kreslo, bir ədəd televizor və bir ədəd divar mebelinin qiyməti 1150 manat müəyyən edilmişdir. Vərəsənin mərhumun kreditoru (iddiaçı Bank) qarşısında məsuliyyətinin həddi ilə bağlı qeyd edilməlidir ki, miras qoyanın borcuna görə vərəsənin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Hazırkı işdən görünür ki, X1 arvadı Cavabdeh sığorta ödənişi kimi 5000 manat məbləğində pul və ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar ev əşyaları (bir ədəd divan və kreslo, bir ədəd televizor və bir ədəd divar mebeli) dəyəri 575 manat (1150:2=575) miras qalmışdır, yəni cavabdeh həmin sığorta ödənişini və ev əşyalarını öz aktivinə qəbul etmişdir. Belə olan halda vərəsə-cavabdeh X1 iddiaçı Banka olan borcun tam həcminə görə mirasdan əldə etdiyi paya, yəni alınmış olan aktivin dəyərinə mütənasib məsuliyyət daşımalıdır. Qeyd edilənləri rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia tələbini cavabdehə qarşı irəli sürməkdə haqlı olmuşdur. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, X2 vərəsəsi Cavabdeh Əliverdi qızından xx.xx.2022-ci il tarixli BPM**********12 saylı kredit müqaviləsi üzrə ödənilməmiş 5575 (beş min beş yüz yetmiş beş) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia tələbi qiymən təmin edildiyindən ödənilmiş dövlət rüsumuna görə 75.75 (yetmiş beş manat yetmiş beş qəpik) manat məbləğdə pul vəsaiti Cavabdeh Əliverdi qızından alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Cavabdeh Əliverdi qızından mütəxəssis xidmətinin qiymətləndirmə xərci olan 200 (iki yüz) manat məbləğində vəsait alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. X2 vərəsəsi Cavabdeh Əliverdi qızından xx.xx.2022-ci il tarixli BPM**********12 saylı kredit müqaviləsi üzrə 5575 (beş min beş yüz yetmiş beş) manat, ödənilmiş dövlət rüsumuna görə 75.75 (yetmiş beş manat yetmiş beş qəpik) manat olmaqla, cəmi 5650,75 (beş min altı yüz əlli manat yetmiş beş qəpik) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Cavabdeh Əliverdi qızından mütəxəssis xidmətinin qiymətləndirmə xərci olan 200 (iki yüz) manat məbləğində vəsait alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar