Məhkəmə qərarları › İş №e-2(010)-2587/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2587/2023

19.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2587/2023 19.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh Mənsur oğlundan onunla birgə nikahından 04 dekabr 2012-ci ildə anadan olmuş X4 və 05 oktyabr 2014-cü ildə anadan olmuş X5 18 yaşına çatana kimi saxlanması üçün Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3238/2018 nömrəli 04 may 2018-ci il tarixli məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirirlərək, yəni artırılaraq həmin uşaqların 18 yaşına çatana kimi saxlanılması üçün hər ay hər birinə 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin və mediasiya işi üzrə ödəniş olunmuş 50 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması. İddia tələbinin dəlliləri Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 may 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh Mənsur oğlundan 06 aprel 2018-ci il tarixdən başlayaraq onunla birgə nikahından 04 dekabr 2012-ci ildə anadan olmuş X4 və 05 oktyabr 2014-cü ildə anadan olmuş X5 18 yaşı tamam olana qədər saxlanılması üçün hər ay sabit pul məbləğində hər birinə 154 manat olmaqla, cəmi 308 manat alimentin tutulması qət edilmişdir. Məhkəmə qətnaməsi ilə aliment müəyyən edilən keçən müddətdə uşaqlar böyümüşdür. Onların sağlam böyüməsi, təhsili və mütəmadi olaraq müayinə və müalicəsi üçün tələbatı xeyli artmışdır. İddiaçı heç bir yerdə işləmədiyindən və iki nəfər uşaq üçün məhkəmə qətnaməsi ilə qət edilmiş alimentin miqdarı az olduğundan uşaqların saxlanılmasında, yəni sağlam böyüməsi, qidalanması, təhsil və vaxtlı-vaxtında müayinə və müalicə olunmalarında, eləcə də şərait dəyişdiyindən bir çox çətinliklərlə üzləşir ki, bütün bunlar da mənim ağır olan maddi vəziyyətini daha da ağırlaşdırır. Lakin cavabdeh bütün bunları nəzərə almayaraq gəlirinin yüksək olmasına baxmayaraq hər uşaq üçün hər ay 154 manat ödəməklə öz valideynlik vəzifəsini yerinə yetirmiş hesab edir. Bununla da o. uşaqların saxlanılmasında və yuxarıda göstərdiyi və üzləşdiyi çətinliklərin aradan qaldırılması üçün bir valideyn kimi könüllü əlavə yardım göstərməkdən yayınır. İddiaçının izahatları İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, bildirdi ki, bir neçə gün öncə yaşadıqları mənzil tamamilə yanmış, uşaqlarına və özünə aid bir əşya da olsa, salamat qalmamışdır. Cavabdeh iddianı qəbul etməyərək, izahatında göstərdi ki, o, iddiaçı ilə rəsmi nikah əsasında ailə qurmuşdur. Bu nikahdan iki qızı anadan olmuşdur. Hal-hazırda o, uşaqlarına kəsilən ümumi 308 manat məbləğində alimentdən imtina etmir. Alimenti vaxtlı-vaxtında ödəyir. O, xx.xx.2018-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, onların birgə nikahından əkiz uşaqları - xx.xx.2019-cu il təvəllüdlü X11 və X15 anadan olmuşdur. Suraxanı Rayon Məhkəməsinin 04 may 2018-ci il tarixli 2(010)- 28/2018 saylı qətnaməsi ilə ödəməli olduğu aliment məbləği onun yeni doğulmuş uşaqlarının saxlanmasında, ciddi çətinliklər yaratmış, bu hal onun yeni ailəsinin dağılmasına qədər gətirib çıxarmışdır. Belə ki, onun hal-hazırda arvadı olan X3 onun hər ay başqa uşaqları üçün məhkəmə qətnaməsinə əsasən aliment ödədiyini, bunun nəticəsi olaraq evdə olan uşaqların tələbatını maddi cəhətdən ödəyə bilmədiyini görüb, o da ona qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli 2(010)-3891/2019 saylı qətnaməsi ilə ondan xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2019cu il tarixdən başlayaraq iddiaçı X1 xeyrinə hər ay hər uşağa görə 160 manat aliment tutulması qət edilmişdir. Hal-hazırda da həmin qətnamə də qanuni qüvvəsini almış, icraya yönəldilmişdir. Bu hal isə onun icra sənədi üzrə ödəməli olduğu alimenti ödəməsini mümkünsüz etmişdir. Göründüyü kimi hal-hazırda maddi vəziyyətində dəyişiklik olmuş, onun xərcləri artmış, gəlirlərində isə dəyişiklik olmamışdır. Cavabdeh İddiaçı ondan aliment alsa da, uşaqların onunla və nənə-babası ilə görüşməsinə maneçilik törədir. Burdan rayona uşaqları görmək üçün getdikdə uşaqları onlarla görüşdürmür. Özü 44 günlük Qarabağ müharibəsi iştirakçısı olmaqla ayağından yaralanmışdır. İşləyir, maaşında 2018-ci ildən bu günə heç bir dəyişiklik, artım olmamışdır. Aldığı maaş alimentlərə ödənildikdən sonra özünə güclə çatır. Ayağının müalicəsinə də pul lazımdır. O, bu gün övladının sağlam və təhlükəsiz yaşaması ücün çalışır və yaşayır, İddiaçını yalnız tələb etdiyi aliment məbləği maraqlandırır. O, bununla razı deyil. Sərhəd Xidmətində çalışmaqla cəmi 940 manat əmək haqqı alır. Bundan başqa Vətən müharibəsində iştirakına görə 80 manat pensiya alır. Odur ki, iddiaçının iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(010)-3238/2018 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası təmin edilmiş, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 06 aprel 2018-ci il tarixdən başlayaraq Cavabdeh sabit pul məbləğində hər ay hər bir uşağa görə 154 (bir yüz əlli dörd) manat, cəmi 308 (üç yüz səkkiz) manat aliment alınıb X8 verilməsi, Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(010)-3891/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı X1 Cavabdeh qarşı aliment tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq iddiaçı X1 xeyrinə hər ay hər uşağa görə 160 (yüz altmış) manat olmaqla cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Bakı 8 saylı Mediasiya Təşkilatının mediatorunun "ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” xx.xx.2023-cü il tarixli MŞB/8/2023- 00304 saylı arayışından görünür ki, X2 Asiman Asif qızı tərəfindən təsvir edildiyi kimi alimentin artırılması tələbi üzrə xx.xx.2023-cü il tarixində 14:00-dan 15:00-dək keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasından sonra proses davam etdirilməmişdir. İşin faktiki halları İddiaçı və Cavabdeh birgə nikahından 04 dekabr 2012-ci ildə X12 və 05 oktyabr 2014-cü ildə X13 doğulmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(010)-3238/2018 saylı qətnaməsi ilə Xanım və Qəmərin yetkinlik yaşına çatana kimi saxlanılması üçün 06 aprel 2018-ci il tarixdən başlayaraq Cavabdeh sabit pul məbləğində hər ay hər bir uşağa görə 154 (bir yüz əlli dörd) manat, cəmi 308 (üç yüz səkkiz) manat aliment alınıb X8 verilməsi qət edilmişdir. Hazırda iddiaçı, cavabdehdən övladları Xanım və Qəmərin 18 yaşına çatana kimi saxlanması üçün Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3238/2018 nömrəli 04 may 2018-ci il tarixli məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirirlərək, yəni artırılaraq həmin uşaqların 18 yaşına çatana kimi saxlanılması üçün hər ay hər birinə 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində müəyyən edilməsini istəyir. Cavabdeh isə iddia tələbi ilə razılaşmır. Cavabdeh Sərhəd Xidmətində çalışmaqla 940 manat əmək haqqı alır, eləcə də Vətən müharibəsində iştirakına görə 80 manat pensiya alır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 13. Uşağın zəruri maddi təminat hüququ. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin hüquq və vəzifələri. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası. Maddə 3.

1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 27.

1. İştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər.

2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı: 8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

“Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği. 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu. Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

Məhkəmənin mövqeyi İddiaçı, cavabdehdən övladları Xanım və Qəmərin 18 yaşına çatana kimi saxlanması üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirirlərək, yəni artırılaraq həmin uşaqların 18 yaşına çatana kimi saxlanılması üçün hər ay hər birinə görə 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində müəyyən edilməsini istəyir. Cavabdeh isə iddia tələbi ilə razılaşmır. Cavabdeh Sərhəd Xidmətində çalışmaqla 940 manat əmək haqqı alır, eləcə də Vətən müharibəsində iştirakına görə 80 manat pensiya alır. Qanunvericiliyin yuxarıda sadalanan normalarının məzmunu baxımından məhkəmə hesab edir ki, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılaraq 200 manat sabit pul məbləğində müəyyən edilməsi işin hallarına və uşağın üstün maraqlarına uyğundur. Məhkəmə bu nəticəyə gələrkən “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 saylı Qərarında irəli sürülən aşağıdakı mövqeyi nəzərə almışdır: “Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir.” Məhkəmə bu nəticəyə gələrkən onu da nəzərə alır ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Belə ki, uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib vəzifələridir.

Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 04 dekabr 2012-ci il təvəllüdlü X4 və 05 oktyabr 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(010)-3238/2018 saylı qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək hər ay hər uşağa görə 200 (iki yüz) manat omaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində müəyyən edilməli və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-2587/2023 saylı qətnaməsi qanuni qüvvəsini aldığı gündən başlayaraq Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.

Məhkəmə xərci Məhkəmə xərci ilə bağlı qeyd edilməlidir ki, alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olmuşdur. Odur ki, iddianın təmin edilmiş hissəsinə (400x12=4800 manat) mütənasib olan 68 (altmış səkkiz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, mediasiya prosesində iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində vəsait cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. 04 dekabr 2012-ci il təvəllüdlü X4 və 05 oktyabr 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(010)-3238/2018 saylı qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək hər ay hər uşağa görə 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində müəyyən edilsin və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-2587/2023 saylı qətnaməsi qanuni qüvvəsini aldığı gündən başlayaraq Cavabdeh tutularaq İddiaçı ödənilsin. Mediasiya proseduru üçün ödənilmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddianın təmin edilmiş hissəsinə (400x12=4800 manat) mütənasib olan 68 (altmış səkkiz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar