Məhkəmə qərarları › İş №e-2(010)-260/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-260/2025

30.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-260/2025 30.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi.

1. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20000 (iyirmi min) manat pul məbləğinin və ödənilmiş 150 (yüz əlli) manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin dəlilləri

2. İddiaçı və Cavabdeh 29 noyabr 2022-ci il tarixində borc müqaviləsi bağlamışlar. Müqaviləyə əsasən, İddiaçı cavabdehə 20,000 (iyirmi min) AZN məbləğində borc vermiş və Cavabdeh həmin məbləği bir ay müddətində, yəni 29 dekabr 2022-ci il tarixində qaytarmağı öhdəsinə götürmüşdür. Lakin uzun müddət keçməsinə baxmayaraq Cavabdeh borcu qaytarmamış, müxtəlif bəhanələrlə bundan imtina edir. Bundan başqa, xx.xx.2024-cü il tarixli Bakı şəhər Səbail RPİ-nin 8-ci PB-nin baş təhqiqatçısı, polis mayoru Mahir Feyzullayevin cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarında qeyd edilir ki, material üzrə cinayət işinin başlanılması rədd edilsin və ərizəçi vətəndaşa mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunsun. Bununlada məhkəməyə müraciət edərək hüquqlarını bərpa etməyə çalışır.

Tərəflərin izahatları.

3. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.

4. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbində qeyd olunanlara uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. İş materialları.

5. xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 20 000 (iyirmi min) manat borc aldığını və bir ay müddətində, yəni xx.xx.2022-ci il tarixdə qaytaracağını qeyd etmişdir.

6. Bakı şəhəri Səbail RPİ-nin 8-ci PB-nin xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Cavabdeh öz izahatında bildirmişdir ki, o, dekabr ayının axırlarında Anar adlı şəxslə borc müqaviləsi bağlayaraq pul almışdır. Lakin səhhətində problemlər olduğu üçün həmin pulu qaytara bilməmişdir. Anarın onun barəsində dedikləri həqiqəti əks etdirmir. Onun əvvəllər Anarla ortaq işləri olub və bu zəmində aralarında münasibət yaranıb. Lakin o həmin pulu Anardan borc alıb və imkan olanda Anara borcunu qaytaracaqdır. O Anara heç bir vəd verməyib, Anarı aldatmayıb və onun belə bir fikri olmayıb. Yuxarıda qeyd olunan qərarla material üzrə cinayət işinin başlanılması rədd edilmiş və ərizəçi vətəndaşa mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur.

İşin faktiki halları.

7. İşin faktiki halları ondan ibarətdir ki, hazırki iddia tələbində iddiaçı cavabdehlə aralarında borc münasibətinin olduğunu və onun tərəfindən cavabdehə verilmiş ümumilikdə 20000 manat pul vəsaitinin ona qaytarılmadığını bildirir. Tələbin sübutu kimi, xx.xx.2022-ci il tarixli cavabdehin adından qəbz və cavabdehin iddiaçıya borclu olduğu və borcunu qaytara bilməməsi haqqında izahatının yer aldığı cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərara istinad edilir. Cavabdeh tərəfindən məlumatlandırılmasına baxmayaraq, iddia tələbinə etiraz yaxud mülahizə daxil olmamışdır.

Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1093. Qaytarma tələbi 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübutetmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Məhkəmənin mövqeyi

10. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir.

11. Mübahisəyə hansı hüquq normalarının tətbiq edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi pul məbləğinin geri qaytarılması tələbidir. Mülki qanunvericiliyin yuxarıda qeyd olunan normasının tələbindən göründüyü kimi, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Hazırkı iş materiallarında olan qəbzdən və eyni zamanda cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan aydın olur ki, qeyd olunan 20 000 manat pul vəsaiti iddiaçı tərəfindən cavabdehə verilmişdir. Hazırkı işin araşdırılan hallarından aydın olur ki, iddiaçı tərəfindən cavabdehə verilən pul vəsaiti 20.000 manatdır, lakin tərəflər arasında bu məbləğlə bağlı yazılı qaydada borc müqaviləsi imzalanmamışdır. Deməli, tələbin qeyd edilən məbləğlə bağlı hissəsinə borc münasibətlərini tənzimləyən maddi hüquq normaları tətbiq edilə bilməz. Ona görə ki, qanunverici qeyd edilən məbləğdə pula münasibətdə yazılı borc müqaviləsinin tərtib edilməsini tələb edir. Bu baxımdan, məhkəmə hesab edir ki, 20000 manat pul məbləğinin iddiaçı tərəfindən cavabdehə verilməsi və həmin məbləğin cavabdehdə qalmasını şərtləndirən əsasların olub-olmaması məsələsinə hüquqi qiymət verilməsi üçün hazırki mübahisəyə əsassız varlanma ilə bağlı münasibətləri tənzimləyən mülki qanunvericilik normaları əsasında baxılmalıdır. Hazırkı işdə iddiaçı iki sübuta əsaslanır. Birincisi, xx.xx.2022-ci il tarixli cavabdehin adından borcunun olmasının etirafı barədə qəbz, ikincisi, cavabdehin iddiaçıya borclu olduğu və borcunu qaytara bilməməsi haqqında izahatının yer aldığı cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərar. Həmin qəbzdə qeyd edilmişdir ki, Cavabdeh Rəfailoviç İddiaçı 20.000 manat borc pul aldı və bir ay müddətində qaytarmağı öhdəsinə götürür. Polis orqanına verdiyi ifadədə isə cavabdeh bildirmişdir ki, o iddiaçıya borclanmış, borcunu qaytara bilməmiş və imkanı olanda borcunu qaytaracaqdır. Buna münasibətdə cavabdeh tərəfindən iddia tələbinə etiraz və ya mülahizə daxil olmamışdır. Bütün bu hallara qiymət verərək, məhkəmə hesab edir ki, cavabdehin iddiaçıdan qeyd edilən məbləğdə pul alması halı təsdiq edilir. Belə ki, iddiaçı tərəfindən qeyd edilən 20000 manatın cavabdehə verilməsi iş materiallarında olan sübutlarla müəyyən edilir. Həmin pul məbləğinin cavabdeh tərəfindən geri qaytarılması halı isə iş materiallarından müəyyən edilmir, cavabdeh tərəf də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməməklə, tələb edilən məbləğə etirazını bildirməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

Məhkəmə xərcləri

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

13. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

14. İddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 150 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Məhkəmənin gəldiyi nəticə

15. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh Vəlı̇ yev Seymur Rafaelovı̇ çdən 20000 (iyirmi min) manat və iş üzrə ödənilmiş 150 manat dövlət rüsumu tutularaq İddiaçı Əlı̇ f oğluna ödənilməlidir.

16. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi : İddia təmin edilsin. Cavabdeh Vəlı̇ yev Seymur Rafaelovı̇ çdən 20000 (iyirmi min) manat və iş üzrə ödənilmiş 150 manat dövlət rüsumu tutularaq İddiaçı Əlı̇ f oğluna ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar