Məhkəmə qərarları › İş №e-2(010)-2610/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2610/2024

17.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2610/2024 17.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, X2 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli, BPM**********29 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən əsas borca görə 200.78 AZN, faiz borcuna görə 3.7 AZN olmaqla, cəmi 204.48 AZN borcun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 AZN dövlət rüsumunun və 0,40 qəpik bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X6 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********29 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, 24 faiz dərəcəsi ilə 500 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Cavabdeh kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borclu öz öhdəliklərini yerinə yetirmir və borcun ödənişini təmin etmir. AZ-İİ №228640 saylı ölüm haqqında şəhadətnaməyə əsasən müəyyən edilmişdir ki, X6 xx.xx.2021-ci il tarixində vəfat etmişdir. Bakı şəhəri 10 saylı notariat ofisi tərəfindən təqdim edilmiş 37 nömrəli, xx.xx.2024-cü il tarixli məktuba əsasən müəyyən edilmişdir ki, Cavabdeh X2 qanun üzrə vərəsəsidir. Yuxarıda adı çəkilən xx.xx.2020-ci il tarixli, BPM**********29 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixinə cavabdehin əsas borca görə 200.78 AZN, faiz borcuna görə 3.7 AZN olmaqla, cəmi 204.48 AZN borcu mövcuddur. Eyni zamanda iddiaçı tərəf iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 AZN dövlət rüsumu və 0.40 AZN bank xidmət haqqı ödəmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədən kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh xx.xx.2024-cü il tarixində 6-2-22/2-8918/2024 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Tərəflərin izahatları. İddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsinə məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəblərini məhkəməyə bildirməmişdir.Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 10 saylı Notariat Ofisi tərəfindən xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-nin sorğusuna cavabdan görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş mərhum X2 miras qalmış əmlakına dair arvadı Cavabdeh ərizəsi əsasında xx.xx.2022-ci ildə Bakı şəhəri 10 saylı notariat ofisində vərəsəlik işi açılmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən mərhum X3 vərəsəsi Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli, BPM**********29 nömrəli kredit müqaviləsi üzrə yaranmış borc barədə məlumat verilmiş, müqavilə üzrə yaranmış öhdəliyi 3 gün ərzində yerinə yetirməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən Notariat ofisinə yazılmış ərizədə bildirilmişdir ki, xx.xx.2021-ci ildə onun ünvan 1 ünvanında yaşamış əri X6 ölmüşdür və puldan ibarət miras Cavabdeh tərəfindən qəbul edilmişdir. O, həmçinin, vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Bakı şəhəri, Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş, AZ-İ seriyalı 564864 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X6 və X12 arasında xx.xx.2010-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 134 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Xanmirzəyeva soyadı verilmişdir. İş materiallarında olan X4 tərəfindən Notariat ofisinə yazılmış ərizədə bildirilmişdir ki, o, xx.xx.2021-ci ildə ölmüş atası X1 irs qalmış bütün daşınar və daşınmaz əmlakın ona çatan hissəsindən imtina edir. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, AZ-İİ seriyalı 382357 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 (atası X6, anası X12) xx.xx.2004-cü ildə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2010-cu il tarixdə 191 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan X7 tərəfindən Notariat ofisinə yazılmış ərizədə bildirilmişdir ki, o, xx.xx.2021-ci ildə ölmüş atası X1 irs qalmış bütün daşınar və daşınmaz əmlakın ona çatan hissəsindən imtina edir. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AZ-T seriyalı 056494 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 (atası X6, anası X12) xx.xx.2002-ci ildə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2010-cu il tarixdə 190 nömrə ilə qeyd edilmişdir. Suraxanı rayonu Qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İİ № 228640 nömrəli ölüm haqqında şahadətnamənin surətindən görünür ki, X6 04 noyabr 2021-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 1315 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Bank kartına kredit limitinin təyin olunmaına dair Razılaşmadan görünür ki, "xxxx" ASC tərəfindən X5 36 ay müddətinə illik 24% dərəcəsi ilə 500 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan BPM**********29 saylı xx.xx.2020-ci il tarixli tam kart çərçivə müqaviləsindən görünür ki, "xxxx" ASC və X6 arasında bağlanmış müqaviləyə əsasən Bank Müştərinin adına ikitərəfli ödəniş kartını (ön tərəfi kredit kartı, arxa tərəfi debet və ya əmək haqqı kartı (bundan sonra - "Tam kart" adlanacaq) buraxmağı, Müştərinin adına bank hesablarını (kredit kartına bağlı olan kart hesabı, debet və ya əmək haqqı kartına bağlı olan kart hesabı və cari hesab, bundan sonra birlikdə - “Hesab" və ya "Hesablar" adlanacaq) açmağı, Müştəriyə Tam kartın qüvvədə olduğu müddətdə istifadə imkanı təqdim edilməklə 15 000 manat məbləğinədək, kreditdən (Nağd kredit və ya Kredit xətti; bundan sonra birlikdə - “Kredit" adlanacaq) istifadəyə görə illik 24 %-dək ödəmək şərtilə kredit limitini ayırmağı, Müştəri isə Tam kart, eləcə də hesablar vasitəsilə aparılmış əməliyyatlara, o cümlədən Tam kartdan istifadəyə görə bank xidmətlərinin haqlarını ödəməyi, Bank tərəfindən ayrılmış kreditdən 2.3-cü bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi, bu Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri Banka ödəməyi öz öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, mərhum X2 xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 200.78 manat əsas borc, 3.7 faiz borcu olmaqla cəmi 204.48 manat məbləğində borcu vardır. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubuna 74 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən cavab olaraq bildirilmişdir ki, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Əzizbəyov küçəsi, ev 7 ünvanı 74 saylı MKİS-nin xidməti ərazisindədir və Cavabdeh həmin ünvanda qeydiyyatda deyil və yaşamır. Bakı şəhəri 10 saylı notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə ARDNŞ Nəqliyyat İdarəsi 2 saylı Texnoloji Nəqliyyat Departamentinə ünvanlanmış sorğudan görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olmuş və xx.xx.2021-ci il tarixdə vəfat etmiş mərhum X2 adına pul məbləğinin olub-olmaması, varsa hesab nömrəsi və məbləği barədə məlumat verilməsi xahiş olunmuşdur. ARDNŞ Nəqliyyat İdarəsi 2 saylı Texnoloji Nəqliyyat Departamenti tərəfindən Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubuna cavab olaraq bildirilmişdir ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş mərhum X2 adına hal hazırda idarə tərəfindən açılmış hər hansı hesab nömrəsi və ya pul məbləği yoxdur. 74 saylı Mənzil Kommunal Təsərrüfat Birliyi xx.xx.2024-cü il tarixdə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli sorğusuna cavab olaraq bildirmişdir ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi mərhum X5 məxsus olub (şəxsi hesab №367), qeydiyyatda heç kim yoxdur və hal-hazırda mənzildə heç kim yaşamır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi xx.xx.2024-cü il tarixdə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli sorğusuna cavab olaraq bildirilmişdir ki, ünvan 5 ünvanında yerləşən üç ədəd fərdi yaşayış evi qeydiyyata alınmışdır: 1)Ümumi sahəsi 88,3 kv.m olan 2 otaqlı 7 nömrəli fərdi yaşayış evinin 1/2 hissəsi X10 (Bakı şəhəri 37 saylı NK-nın 2V-1/43 reyestr nömrəli, xx.xx.1998-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən) və 1/2 hissəsi X8 (Bakı şəhəri 37 saylı NK-nın 4Ə-2/252 reyestr nömrəli, xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən) adlarına qeydiyyatdan keçmişdir. Daha sonra həmin evin X13 məxsus 1/2 hissəsi ayrılmış və ona yeni ünvan verilmişdir. Hazırda sözügedən ünvanda yerləşən 7 saylı ev X8, 7A saylı ev isə X10 mülkiyyətlərindədir. 2)Ümumi sahəsi 56,7 kv.m olan 3 otaqlı 7 saylı fərdi yaşayış evinin 1/2 hissəsi X15 və 1/2 hissəsi X14 adlarına (Bakı şəhəri 10 saylı NK-nın 2V-53 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə və 3M-36 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli vərəsəlik payın bağışlanma müqaviləsinə əsasən) qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. 3)Ümumi sahəsi 136,3 kv.m olan 3 otaqlı 7 nömrəli fərdi yaşayış evinin (yeni qaydalarla: Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Səməd Mənsur küçəsi, ev 43) 54,5 kv.m-i X18 (Bakı şəhəri 37 saylı NK-nın 4Ə- 140 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən), 30,9 kv.m-i Məmməd zadə Sədaqət Qurban qızının (Bakı şəhəri 37 saylı NK-nın 2V-1-58 reyestr nömrəli, xx.xx.1997-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə və Bakı şəhəri Suraxanı RİH-nin 348 nömrəli, xx.xx.1997-ci il tarixli sərəncamına əsasən) və 50,9 kv.m-i X19 (Bakı şəhəri 10 saylı NK-nın 4Ə-87 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən) adlarına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 7. Mülki qanunvericiliyin zamana görə qüvvəsi 7.1. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. 7.2. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. 7.3. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.... Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur... ...443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 1133. Vərəsəlik anlayışı 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1151. Miras əmlak 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Maddə 1243. Mirasın qəbul edilməsi 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1257. Mirası qismən qəbul etməyin yolverilməzliyi 1257.1. Hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. 1257.2. Əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. Maddə 1306. Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Maddə 1307. Vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Maddə 1309. Mirasın açılması barədə kreditorlara məlumat vermək vəzifəsi Vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Maddə 1313. Miras qoyanın kreditorlarının üstünlüyü Tələblərin ödənilməsi zamanı miras qoyanın kreditorları vərəsənin kreditorları qarşısında üstünlüyə malikdirlər. Maddə 1321. Vərəsəlik şəhadətnaməsi anlayışı 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.... Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir..... Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.... “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda- 30 manat. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Tərəflər arasında olan münasibətlər “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən əvvəl yarandıqdan, həmin münasibətlərə müqavilə bağlandığı dövrdə qüvvədə olan (borc müqaviləsi üzrə) müddəalar tətbiq edilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC və mərhum X6 arasında xx.xx.2020-ci il tarixli BPM**********29 nömrəli kredit müqaviləsi bağlanmış və ona 36 ay müddətinə, illik 24% dərəcəsi ilə 500 manat məbləğində kredit verilmişdir. X6 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Onun vərəsələrdən X4 və X7 atadan irs qalmış bütün daşınar və daşınmaz əmlakın onlara çatan hissələrindən imtina etmiş, arvadı Cavabdeh tərəfindən notariat ofisinə ərizə ünvanlanaraq, mərhum X2 əmlakının ona çatacaq hissəsini qəbul etdiyini bildirmişdir. Qeyd edilir ki, iş materilallarında mərhum X5 məxsus əmlak barədə məlumat mövcud deyil, vərəsəlik şəhadətnaməsi isə alınmayıbdır. Lakin, 74 saylı Mənzil Kommunal Təsərrüfat Birliyinin xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirmişdir ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi mərhum X5 məxsus olmuşdur. Beləliklə, məhkəmə qeyd edir ki, mirası qismən qəbul etməyin yolverilməzliyini olduğunu nəzərə alsaq, mərhum X2 "xxxx" ASC-yə qarşı borc öhdəliyi onun qanuni vərəsəsi Cavabdeh keçmişdir. Qanunun tələbinə görə, vərəsə Cavabdeh miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməli olduğu halda, bunu etməmişdir. X2 malik olduğu əmlak vəzifələrinə, həmçinin, miras passivi olaraq banka olan 204.48 manat borcu da daxildir. Belə olan halda, mirası qəbul etmiş qanun üzrə məhrumun vərəsəsi olan Cavabdeh miras qoyanın kreditorlarına olan borcunu ödəməyə borcludur. Vərəsə iddiaçının müraciətinə baxmayaraq, kredit müqaviləsi üzrə ödənişləri aparmamış, bununla da, Cavabdeh hərəkətləri mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərdən müvafiq müqavilə üzrə əsas və faiz borcu tələb etməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməklə, mərhum X3 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 200.78 manat əsas, 3.7 manat faiz borcu olmaqla, cəmi 204.48 manat borc və dövlət rüsumunun ödənilməsinə görə 0,4 manat bank xidmət haqqı tutulmalıdır. Məhkəmə xərcləri. İş materiallarından görünür ki, iddiaçı-bank tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddia qiymətinə mütənasib dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin olunduğundan, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olan 30 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X2 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli, BPM**********29 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən əsas borca görə 200.78 AZN, faiz borcuna görə 3.7 AZN olmaqla, cəmi 204.48 AZN borc, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 AZN dövlət rüsumu və 0,40 qəpik bank xidmət haqqı tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar