Məhkəmə qərarları › İş №e-2(010)-2614/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2614/2020

09.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2614/2020 09.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə xx.xx.2019-ci il tarixdə bağlanmış VİP 17878 saylı nisyə alqı-satqı müqaviləsi və Cavabdeh1 ilə xx.xx.2019-ci il tarixdə bağlanmış VİP 17878 saylı zaminlik müqaviləri üzrə ödənilməmiş 2900 manat əsas (qalıq) borcun və ödənişin gecikdirildiyi hər gün üçün, məcmu borcun 1%-i həcmində 480 manat cərimə, cəmi 3380 manat və 30 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulmasıbarədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, Cavabdeh2 ilə xx.xx.2019-ci il tarixdə bağlanmış VİP 17878 saylı nisiyə alqı-satqı müqaviləsinə əsasən, iddiaçı cavabdehə satış qiyməti 2900 manat olan “Bosch soyud kgn57vl20m” markalı 1 ədəd mobil telefonu ödəniş qrafikinə əsasən nisiyə satmışdır. Cavabdeh ilə iddiaçı arasında həmin müqavilə bağlandıqdan sonra cavabdeh ödəmə qrafiki üzrə ödəməli olan pul məbləğini ödəməmiş və bununla da müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh1 ilə xx.xx.2019-ci il tarixdə bağlanmış VİP 17878 saylı nisiyə alqı-satqı müqaviləsinə xx.xx.2019-cu il tarixində zamin durmuşdur. İddiaçı tərəfindən cavabdehə alınmış əmlak təhvil verilmiş və borcu onunla bağlanmış alqı-satqı müqaviləsinə əsasən qalan 2900 manat məbləğində borcunu hissə-hissə 24 ay müddətində ödəməli idi. Lakin cavabdeh üzərinə düşən öhdəliyi lazımınca və vaxtında icra etməmiş və bununla da onun hal-hazırkı vaxta ödənilməmiş 2900 manat məbləğində borcu yaranmışdır. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC cavabdehə müqaviləyə əsasən qiyməti 2900 manat olan məişət avadanlığı satmış, Cavabdeh2 isə onu qəbul edib, avadanlığın qiymətini İddiaçı MMC-nə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən öhdəliklərin tamamilə icra edilməsinə dair məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş İddiaçı MMC-nin maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 2900 manat əsas və 480 manat cərimə borcu, cəmi 3380 manat borcu vardır. İş materiallarına əlavə edilmiş Cavabdeh2 və Cavabdeh1 ünvanlanmış pretenziyalardan görünür ki, İddiaçı MMC Cavabdeh2 və Cavabdeh1 yaranmış mövcud borcun ödənilməsinə dair xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1.-ci maddəsinin tələbinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinin tələbinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448-ci maddəsinin tələbinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Bu Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. İddiaçı MMC-niniddia tələbinin 480 manat məbləğində cərimə pulununtutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, tənasübsüz surətdə yüksək cərimə pulu azaldılmalı və cavabdehlərdən cərimə olaraq 100 manat məbləğində dəbbə pulu tutulmalıdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh2 İddiaçı MMC ilə bağladığı xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən məişət avadanlığı almış və nəticədə borc yaranmışdır. Həmçinin, İddiaçı MMC ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır.İş üzrə İddiaçı MMC satılmış malı cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin sonuncular bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilədə nəzərdə tutulan öhdəlik cavabdeh tərəfindən lazımınca yerinə yetirilmədiyindən iddia qismən təmin edilməli, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2019-cuil tarixli müqavilə üzrə 2900 manat əsas borc və 100 manat cərimə borcu, cəmi 3000 manat borc və 30 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-ninxeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2019-cuil tarixli VİP 17878 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 2900 manat əsas borc və 100 manat cərimə borcu, cəmi 3000 (üç min) manat borcvə 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı MMCninxeyrinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar