Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2622/2025 24.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə xx.xx.2024-cü il tarixdə bağlanmış VİP 19366 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 734.72 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) əsas (qalıq) borcun və ödənişin gecikdirildiyi hər gün üçün, məcmu borcun 1%-i həcmində 184 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) cərimə, cəmi 918.72 ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 36 manat pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2024-cü il tarixdə bağlanmış VİP 19366 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, iddiaçı cavabdehə satış qiyməti 1235 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) olan (ümumi məbləğ 1235 ABŞ dolları) “Apple İphone 14 Pro 128 GB” markalı 1 ədəd mobil telefonu ödəniş qrafikinə əsasən nisyə satmışdır. Cavabdeh ilə iddiaçı arasında həmin müqavilə bağlandıqdan sonra cavabdeh ilkin olaraq 281 ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla, xx.xx.2024-cü il tarixdə 81.62 ABŞ dolları, xx.xx.2024-cü il tarixdə 82.21 ABŞ dolları, xx.xx.2024-cü il tarixdə 55.45 ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla ödəmişdir. Ödəmə qrafiki üzrə ödənilməli olan pul məbləğini ödəməmiş və bununla da müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Həmin müqavilənin 3.5-ci bəndinə əsəsən alıcı ödəniş gecikdirildiyi məcmu borcun 1%-i həcmində satıcının xeyrinə faiz ödəyir. Qanunvericiliyin tələblərinə əsasən iddiaçı tərəfindən cavabdehə alınmış əmlak təhvil verilmiş və borclu onunla bağlanmış alqı-satqı müqaviləsinə əsasən qalan 734.72 ABŞ dolları məbləğində borcunu hissə-hissə 12 ay müddətində ödəməli idi. Lakin, cavabdeh üzərinə düşən öhdəliyi lazımınca və vaxtında icra etməmiş və bununlada onun hal-hazırkı vaxta ödənilməmiş 734.72 ABŞ dolları məbləğində borcu yaranmışdır. Tərəflərin izahatları. İş üzrə iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbini müdafiə etdiklərini və məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirmiş və müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. İş materiallarında olan İddiaçı MMC tərəfindən tərtib edilmiş xx/xx-18924 saylı maliyyə arayışından görünür ki, borclu Cavabdeh ilə xx.xx.2024-cü il tarixdə bağlanmış VİP 19366 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 734.72 ABŞ dolları əsas (qalıq) borcun və ödənişin gecikdirildiyi hər gün üçün, məcmu borcun 1%-i həcmində 184 ABŞ dolları cərimə, cəmi 918.72 ABŞ dolları borcu vardır. İş materiallarında olan İddiaçı MMC – “Satıcı”, Cavabdeh – “Alıcı” olmaqla bağlanmış VİP 19366 saylı xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh dəyəri 1235 ABŞ dolları olmaqla, ilkin ödəniş 281 ABŞ doları ödəməklə, “Apple İphone 14 Pro 128 Gb” markalı telefon nisyə satılmışdır. Müqavilənin 3.3-cü bəndinə əsasən, ödəniş ABŞ dollarının günlük kursu ilə manatla aparılır. Müqavilənin 3.5-ci bəndinə əsasən, alıcı ödənişin gecikdirildiyi hər gün üçün, məcmu borcun 1% həcmində satıcının xeyrinə cərimə ödəyir. İş materiallarına əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, VİP 19366 saylı xx.xx.2024-cü il tarixli müqavilə üzrə Cavabdeh xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək hər ay 79 ABŞ dolları, xx.xx.2025-ci il tarixdə isə 85 ABŞ dolları ödəməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli sənəddən görünür ki, İmei kod **********1633 olan “İphone 14 Pro 128 Gb” markalı telefonun dəyəri cəmi 2103 manat təşkil edir. Müştəri Cavabdeh “İphone 14 Pro 128 Gb” markalı telefonun ona nisyə alqı-satqı yolu ilə verilməsinə razı olduğunu öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan sifarişçi haqqında məlumatdan görünür ki, Cavabdeh ödənişləri dolların gündəlik məzənnəsinə uyğun olaraq manatla ödəmək şərtilə Apple İphone 14 Pro markalı telefon modelinin ona nisyə alqı-satqı yolu ilə verilməsini xahiş etmiş və müqavilənin şərtləri ilə razı olduğunu öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan xx/xx-18924 nömrəli xx.xx.2025-ci il tarixli son xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, VİP 19366 saylı müqavilə üzrə yaranmış borc barədə məlumat verilmiş, borcu 3 gün müddətində ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır... Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 439. Pul öhdəliklərinin icrası 439.1. Pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. 439.2. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır.... Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur... ...443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.... Maddə 462. Dəbbə pulu anlayışı 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi ...465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.... Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 567. Alqı-satqı müqaviləsi Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. 600.4. Əşyanı təhvil almış alıcı onu Alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 601. Əşyanın hissə-hissə ödənilməsi 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, Alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.... Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.... “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Məhkəmənin mövqeyi və gəldiyi nəticə Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında VİP 19366 saylı xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmış və tərəflər arasında həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, qüsuru olmayan əşyanı müştəriyə təqdim etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, nisyə aldığı əşyanın dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəməmişdir. Müqavilə üzrə tərəflər arasında cavabdeh öz öhdəliklərini icra etmədiyi halda cərimə razılaşdırılmışdır, məhkəmə isə cəriməni tənəssübsüz surətdə yüksək hesab etmişdir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə, Cavabdeh xx.xx.2024-cü il tarixli, VİP 19366 saylı müqaviləyə əsasən, ödənilməmiş 734.72 ABŞ dolları (ödəniş gününə olan məzənnə üzrə manatla), 36 ABŞ dolları (ödəniş gününə olan məzənnə üzrə manatla) cərimə, cəmi 770.72 ABŞ dollar (ödəniş gününə olan məzənnə üzrə manatla) məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid olduğundan, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 33.1 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, VİP 19366 saylı müqaviləyə əsasən, ödənilməmiş 734.72 ABŞ dolları (ödəniş gününə olan məzənnə üzrə manatla), 36 ABŞ dolları (ödəniş gününə olan məzənnə üzrə manatla) cərimə, cəmi 770.72 ABŞ dolları (ödəniş gününə olan məzənnə üzrə manatla) və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 33.1 manat pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №e-2(010)-2622/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2622/2025
24.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver