Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2629/2022 01.07.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı və X1, Cavabdehnın və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə İddiaçı və X1 Cavabdeh qarşı “yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərin və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı və X3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh maddi zərərin əvəzi olaraq 1540 manat, evakuasiya və dayanacaq xərcinin əvəzi olaraq 132 manatın, avtomobilin itirdiyi dəyərin əvəzi olaraq 7000 manat, əldən çıxmış faydaya görə 1000 manatın, ödənilmiş dövlət rüsumuna görə isə 116.32 manatın alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı və X3 daha sonra iddia ərizəsinə əlavə verərək Cavabdeh maddi zərərin əvəzi olaraq 1540 manat, evakuasiya və dayanacaq xərcinin əvəzi olaraq 132 manatın, avtomobilin itirdiyi dəyərin əvəzi olaraq 7000 manat, əldən çıxmış faydaya görə 1000 manatın, ödənilmiş dövlət rüsumuna görə isə 116.32 manatın alınaraq mənə ödənilməsi İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, X2 məxsus olan və etibarnamə ilə idarə etdiyi **-VM-*** dövlət nömrə nişanlı, “Mersedes Benz E 280” markalı avtomobillə xx.xx.2022-ci il tarixində Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi istiqamətindən Suraxanı rayonu, Hövsan qəsəbəsi istiqamətində hərəkətdə olan zaman Cavabdeh idarə etdiyi özünə məxsus olan “Mitsubishi Outlander” markalı, **-ZK-*** dövlət nömrə nişanlı avtomobil ilə yol hərəkəti qaydalarını pozaraq yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olmuşdur. Suraxanı rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, “cinayət işinin rədd edilməsi haqqında” Qərarında da bu hal öz əksini tapmışdır. Həmçinin Suraxanı rayon DYPŞ-nin “X4” İXP ******* saylı X4 Protokolu ilə Cavabdeh əməlinə hüquqi qiymət verilmişdir. Yol-nəqliyyat hadisəsi zamanı avtomobilə küllü miqdarda zərər dəymişdir. Həmçinin həmin hadisə zamanı başqa bir avtomobilə də zərər dəymişdir. Bunu təsdiq edən “AutoBox” avtomobil servisi tərəfindən verilən ziyan aktı bunu təsdiq edir. Həmin Akta əsasən avtomobilə 5230 manat məbləğində zərər dəymişdir. Lakin sığorta məbləği 5000 manat olduğundan və hadisə zamanı iki avtomobilə zərər dəydiyindən sığorta tərəfindən dəymiş zərər müvafıq qaydada bölünmüş və ona 3690 manat pul ödənilmişdir. Yerdə qalan 1540 manat qalıq xərc isə onun özü tərəfindən çəkilmişdir. Cavabdehə dəfələrlə müraciət edərək qalıq zərərin ödənilməsini tələb etsə də, heç bir nəticə əldə etməmişdir. “AutoBox” tərəfindən verilən xx.xx.2022-ci il tarixli Qiymətləndirmə Aktından (Qiymətləndirmə Aktının surəti əlavə edilir) görünür ki, avtomobilə 5230 manat məbləğində zərər dəymişdir. Uzun müddət avtomobili idarə edə bilmədiyindən taksi xidmətindən istifadə etmək məcburiyyətində qalmış, bu da onun əlavə xərclər çəkməsinə səbəb olmuşdur. Həmçinin avtomobilə zərər dəydiyindən onun bazar dəyəri aşağı düşmüşdür. Belə ki, bu avtomobilin qəzadan əvvəl dəyəri 19000 manat təşkil edirdisə, hazırkı vəziyyətdə isə dəyəri 12000 manat təşkil edir. Qiymətləndimə rəyindən də görünür ki, avtomobil 7000 manat dəyər itirmişdir. Beləliklə ona məxsus olan **-VM-*** dövlət nömrə nişanlı, “Mersedes Benz E 280” markalı avtomobilə vurulmuş zərərin məbləği 5230 manat təşkil etmiş və bunun 3690 manatı sığorta şirkəti tərəfindən ona ödənilmişdir, qalan 1540 manatı isə özü ödəmək məcburiyyətində qalmışdır. Eyni zamanda əmlakına vurulmuş zərərin nəticəsində avtomobil 7000 manat məbləğində dəyər itirmişdir. Həmçinin taksi xidmətindən istifadə etdiyindən ona 1000 (min) manat zərər dəymişdir. Bunlardan başqa avtomobilin qəza yerindən dayanacağa aparılması üçün 40 manat evakuasiya xərci və dayanacaq xərci olaraq 92 manat pul ödəmişdir. Nəticə etibarı ilə, cavabdehin təqsiri ucbatından ona maddi zərər dəymiş və mülki hüquq pozuntusu meydana gəlmişdir. Buna görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X3 izahat verərək bildirmişdir ki, o **-VM-*** dövlət nömrə nişanlı, “Mersedes Benz E 280” markalı avtomobilə dair Xəlilə etibarnamə vermişdir. Həmin avtomobili o satmamışdır, yalnız Xəlilə bununla bağlı etibarnamə vermişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə maddi zərər vurulmuşdur və həmin avtomobil İddiaçı tərəfindən təmir olunmuşdur. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, iddia tələbini qəbul etmir. Belə ki, o, idarə etdiyi avtomobili ilə yol nəqliyyat hadisəsi törətmişdir. Həmin gün baş vermiş hadisə nəticəsində qarşı tərəfə dəymiş ziyan sığorta təşkilatı tərəfindən ödənilmişdir. Bundan başqa iddiaçı tərəf 1 disk əvəzinə 4 disk aldığını qeyd etmişdir. Həmin avtomobil aprel ayında tam təmir olunmuşdur və tam hazır vəziyyətdədir. Bundan başqa taksi xidməti üçün 1 ayda 100 manat xərc tələb olunur ki, iddiaçı tərəf ondan əsassız olaraq 1000 manat tələb edir. Hazırkı iddia əsassıdır və buna görə də iddia ərizəsinin rədd olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 eyni məzmunlu izahat verərək iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçıların və cavabdehin, onun nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2018-ci il tarixli Nəqliyyat vasitəsinin Qeydiyyat Şəhadətnaməsindən görünür ki, ** VM *** dövlət qeydiyyat nişanlı Mersedes Benz E 280 markalı avtomobil X1 mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd olunması barədə qərarın surətindən müəyyən olunur ki, Cavabdeh əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Suraxanı RPİ-nin DYPŞ-nə göndərilmişdir. İş materiallarına əlavə olunmuş nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə xx.xx.2022-ci il tarixli aktın surətindən müəyyən olunur ki, **-VM-*** dövlət nömrə nişanlı, “Mersedes Benz E 280” markalı avtomobilə görə evakuasiya xərci 40 manat və dayanacaq xərci olaraq 92 manat pul ödənilmişdir. İş materiallarına əalvə edilmiş "xxxx" MMC tərəfindən verilmiş hesabatdan müəyyən olunur ki, **-VM-*** dövlət nömrə nişanlı, “Mersedes Benz E 280” markalı avtomobilin normal və istifadəyə yararlı vəziyyətdə dəyəri 19000 manat, qəzalı vəziyyətdə dəyəri 12000 manat təşkil edir. İş materiallarına əlavə olunmuş “AutoBox” avtomobil servisi tərəfindən verilən zərər aktından müəyyən olunur ki, **-VM-*** dövlət nömrə nişanlı, “Mersedes Benz E 280” markalı avtomobilə 5230 manat məbləğində zərər dəymişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 166.1-ci maddəsinin tələbinə əsasən daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 181.1-ci maddəsinə əsasən daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Həmin Məcəllənin 181.3-cü maddəsinin tələbinə əsasən mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alqı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özkəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 362.2-ci maddəsinə əsasən notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması qaydalarının 1.2.-ci bəndinə əsasən reyestrlərin tərtib edilməsi və aparılması hər bir növ daşınar əmlak, onun əmələ gəlməsi (istehsalı), həmin əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi), başqasına keçməsi və bu hüquqlara xitam verilməsi barəsində məlumatların reyestrlərə daxil edilməsindən, bu məlumatların təzələnməsindən və ya silinməsindən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə uyğun olaraq, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Mülki məhkəmə icraatının vəzifələrini təsbit edən MPM-nin 2-ci maddəsində müəyyən olunmuşdur ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4-cü maddəsinin 4.1-ci hissəsində isə deyilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə, qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, bu maddələrdə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ-hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. Bu baxımdan qeyd etmək lazımdır ki, fiziki və hüquqi şəxslərin subyektiv hüquqları normativ hüquqi aktlarda (obyektiv hüquqda) ifadə olunmaqla, hüquq münasibətlərində səlahiyyətə çevrilir. Subyektiv hüquqa malik olan şəxslər bu hüquqa qarşı vəzifə daşıyan şəxslərdən müəyyən hərəkətləri etməyi tələb etmək səlahiyyətinə malik olur. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı və yalnız onun belə hüquqa malik olduğu müəyyən edildikdən sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığına münasibət bildirməlidir. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması araşdırılmalıdır. İddia tələbi irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Məhkəmə nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdırlar. Beləliklə məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, X1 mülkiyyətində olan **- VM-*** dövlət nömrə nişanlı, “Mersedes Benz E 280” markalı avtomobili idarə etmək səlahiyyətini İddiaçı etibar etmişdir. Avtomobil İddiaçı tərəfindən idarə olunan zaman xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi baş vermiş və avtomobilə maddi zərər vurulmuşdur. Məhkəmə hesab edir ki, X3 tərəfindən iddia qaldırılsa da, onun hesabına pulun qaytarılması ilə bağlı tələb mövcud olmadığından, mübahisəli avtomobil X1 mülkiyyətində olduğundan və digər İddiaçı avtomobilə dəymiş ziyanı başqa şəxsdən tələb etmək hüququ yaranmadığından iddia tələbi təmin oluna bilməz. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı və X1 Cavabdeh qarşı “yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərin və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddiaçı və X1 Cavabdeh qarşı “yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərin və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Leyla Talıbova
Məhkəmə qərarları › İş №e-2(010)-2629/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2629/2022
01.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver