Məhkəmə qərarları › İş №e-2(010)-2663/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2663/2022

25.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2663/2022 25.07.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, ona hesablanmış faiz və cərimənin cavabdehdən tutulmasına dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 0104075AZN57985saylı maliyyələşdirmə üçün ərizə üzrə 1,759.22 (bir min yeddi yüz əlli doqquz manat, iyirmi iki qəpik) manat əsas borc, 434.92 (dörd yüz otuz dörd manat, doxsan iki qəpik) manat faiz borcu, 843.79 (səkkiz yüz qırx üç manat, yetmiş doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 3,037.93 (üç min otuz yeddi manat, doxsan üç qəpik) manat məbləğində borcun və 41010AZNFK********** saylı kart hesabına əsasən SMS məlumatlandırma xidməti üzrə 4.00 (dörd) manat məbləğində əsas borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 51 (əlli bir) manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki İddiaçı ASC (bundan sonra “Bank”) ilə Cavabdeh (bundan sonra “Borcalan”) arasında xx.xx.2019-cu il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2019-cu il tarixli 1.1.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə GTC-12478İB/2019 saylı Razılıq ərizəsi imzalanmışdır. Həmin Razılıq ərizəsinin imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş Ümumi Şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. ÜŞT-yə əlavə olan 0104075AZN57985 saylı xx.xx.2020-ci il tarixli Maliyyələşdirmə üçün ərizəyə (bundan sonra “Ərizə”) əsasən Borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 26.00%, illik cərimə faizi 180% olmaqla 2,300 (iki min üç yüz) manat məbləğdə kredit verilmişdir. Lakin borcalan həmin kredit üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirmədiyi günlərin sayı 556 gün, kredit kartı üzrə sms məlumatlandırma xidməti üzrə 277 gün təşkil edir. Bank tərəfindən Borcalana xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın xx.xx.2022-ci il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri aşağıdakı kimidir: 0104075AZN57985saylı maliyyələşdirmə üçün ərizə üzrə 1,759.22 (bir min yeddi yüz əlli doqquz manat, iyirmi iki qəpik) manat əsas borc, 434.92 (dörd yüz otuz dörd manat, doxsan iki qəpik) manat faiz borcu, 843.79 (səkkiz yüz qırx üç manat, yetmiş doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 3,037.93 (üç min otuz yeddi manat, doxsan üç qəpik) manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onun qohumları ilə telefon əlaqəsi saxlanılan zaman cavabdehin Rusifa Federasiyasında yaşadığı bildirilmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş üzrə təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2019-cu il tarixli Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusuna əsasən imzalanmış xx.xx.2020-ci il tarixli Maliyyələşdirmə üçün ərizədən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh illik 26 faizlə 24 ay müddətinə 2300 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 0104075AZN57985 saylı maliyyələşdirmə üçün ərizə üzrə 1759.22 manat əsas borc, 434.92 manat faiz borcu və 843.79 manat cərimə borcu olmaqla, cəmi 3037.93 manat kredit borcu vardır. İş matariallarına əlavə edilmiş bildirişdən görünür ki, Cavabdeh borc məbləğini 7 iş günü ərzində ödəməsi barədə xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsas və faiz borcuna münasibətdə tam əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddia tələbi cərimə borcuna münasibətdə qismən əsaslıdır. AR Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbində qeyd olunan 843.79 manat cərimə borcu əsas borca münasibətdə mütənasib olmadığından azaldılmalı və 100 manat məbləğində müəyyən edilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia qismən təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş və tələb edilən 51 manat dövlət rüsumunun 42.94 manat hissəsi və SMS məlumatlandırma xidməti üzrə ödənilmiş 4 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1,759,22 manat əsas borc,434.92 manat faiz borcu, 100 manat cərimə borcu olmaqla cəmi 2294,14 manat məbləğində borc tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh SMS məlumatlandırma xidməti üzrə 4.00 (dörd) manat və dövlət rüsumu kimi ödənilmiş 51 manat pulun 42.94 manat hissəsi tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar