Məhkəmə qərarları › İş №e-2(010)-2663/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2663/2023

21.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2663/2023 21.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi

1. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21 avqust 2012-ci il təvəllüdlü X2 iddiaçının yanında saxlanılması üçün onun yetkinlik yaşına çatanadək Cavabdeh tutulan alimentin məbləğinin artırılaraq 220 (iki yüz iyirmi) manat müəyyən edilməsi, həmin pul vəsaitinin Cavabdeh hər ay tutulması, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin Cavabdeh tutularaq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 21 avqust 2012-ci il təvəllüdlü X1 üçün cavabdehdən tutualn aliment miqdarının artırılaraq hər ay 220 manat müəyyən edilməsi, ödənilmiş 50 manat mediasiya xərci və 400 manat hüquqi yardım xərcinin cavabdehdən tutularaq iddaçıya ödənilməsini xahiş etmişdir.

İddia tələbinin dəlilləri

3. Qeyd edir ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)-2204/2017 saylı 06 iyun 2017-ci il tarixli icra vərəqəsi ilə Cavabdeh 06 iyun 2017-ci il tarixdən başlayaraq birgə nikahdan 21 avqust 2012-ci ildə anadan olmuş X2 yetkinik yaşına çatanadək saxlanması üçün hər ay 136, 60 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. İddiaçı birgə nikahdan olan X2 günü-gündən böyüdüyü üçün onun bütün maddi və mənəvi xərclərini, eyni zamanda həkimin hər müayinəsini tək qarşılamaqda çətinlik çəkir. İddiaçının hazırki maddi vəziyyətimi nəzərə aldıqda isə uşağın saxlanılması üçün təyin edilən aliment məbləği kifayət etmədiyi aşkardır. Bu səbəbdən iddiaçı tərəfindən “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə Bakı şəhəri 18 saylı Mediasiya Təşkilatına müraciət edilmişdir. Mediasiya prosessində cavabdeh iştirak etmədiyi səbəbindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, cavabdehdən tutulacaq aliment məbləği 2023-cü il üçün dövlət tərəfindən müəyyən edilmiş minimum səviyyə ilə uyğunlaşdırılmalıdır.

Tərəflərin izahatları

4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə müvafiq olaraq işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim etdiyi ərizədə qeyd etmişdir ki, aliment 136.60 manat olduğu halda hər ay 150 manat ödəyir, 300 manat əmək haqqı alır və bu səbəbdən alimentin qismən artırılaraq 170 manat təyin edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.

İş materialları

6. Suraxanı Rayon Məhkəməsinin 2(010)-2204/2017 saylı, 14 aprel 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 21 avqust 2012-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 136.60 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

7. xx.xx.2023-cü il tarixli, Bakı 18 saylı Mediasiya Təşkilatının arayışından görünür ki, hazırkı mübahisə ilə bağlı tərəflər arasında mediasiya prosesi baş tutmamışdır.

İşin faktiki halları

8. Tərəflər arasında rəsmi nikahın olması, aralarındakı nikahdan bir uşaqlarının olması, daha sonra məhkəmə qətnaməsi ilə 21 avqust 2012-ci ildə anadan olmuş X1 üçün hər ay cavabdehdən 136.60 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsinə dair hallar işin faktiki hallarıdır. Tərəflər arasında mübahisə obyektini tələb edilən alimentin məbləği təşkil edir. İddiaçı tərəf hesab edir ki, cavabdehdən azyaşlının saxlanılmasına görə tutulan alimentin miqdarı artırılmalıdır. İddiaçı bu tələbində ölkə üzrə müəyyən edilmiş yaşayış minimumu qiymətlərinə əsaslanır. Cavabdeh isə onun əmək haqqısı 300 manat olduğundan iddia tələbinin qismən təmin edilərək alimentin 170 manat məbləğində müəyyən edilməsini xahiş edir.

Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikası Konstitusiyası

Maddə 17. Ailə, uşaqlar və dövlət İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

10. Azərbaycan Respublikası Ailə Məcəlləsi

Maddə 56. Valideynlərin hüquq və vəzifələrinin bərabərliyi 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə Alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.

11. Uşaq Hüquqları haqqında Qanun

5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

12. “Uşaq hüquqları haqqında” xx.xx.1959-cu il tarixli Bəyannamə

6. Uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 233. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi. Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Maddə 234.1. Bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.

14. Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu

Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.

Məhkəmənin mövqeyi

15. Məhkəmə ididiaçı tərəfi dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.

16. Məhkəmə qeyd edir ki, iddia tələbində iddiaçı övladı 21 avqust 2012-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin miqdarının artırılaraq cavabdehdən hər ay 220 manat məbləğində aliment tutulmasını xahiş etsə də, lakin cavabdehin qeyd olunan məbləğdə aliment ödəmək üçün kifayət qədər maddi imkana malik olduğunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, iş materiallarından görünür ki, məhkəmə qətnaməsi əsasında cavabdehdən hər ay 136.60 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırkı halda tərəfin maddi və ailə vəziyyətini, yetkinlik yaşına çatmayan uşağın yaşını, qida və digər zəruri xərclərə tələbatını, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşağı saxlamağa borclu olduğunu nəzərə alaraq, azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə dair iddiaçının tələbi qismən təmin edilməli, məhkəmənin qərarına əsasən 21 avqust 2012-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək hər ay 200 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Məhkəmə cavabdehin 170 manat həddində müəyyən edilməsi barədə xahişini əsaslı hesab etmir. Belə ki, bu məbləğ azyaşlılar üçün müəyyən edilmiş yaşayış minimumu həddinə uyğun deyildir.

17. Alimentin artırılması barədə iddia tələbi üzrə qətnamənin icrası o, qanuni qüvvəyə mindiyi vaxtdan hesablanır.

18. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı tərəf 400 manat hüquqi yardım xərcinin cavabdehdən tutularaq iddaçıya ödənilməsini xahiş etmişdir. AR MPM-nin 115.0.6-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər də daxildir. Məhkəmə iddia tələbinin hüquqi xidmətə görə pulun tutulması hissəsinə qiymət verərkən işin həcmini, vəkilin hüquqi yardım üçün sərf etməli olduğu vaxtı da nəzərə alır və tələb edilən məbləğin 200 manat həddində cavabdehdən tutularaq iddiaçıya ödənilməsini ağlabatan hesab edir.

Məhkəmə xərcləri

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, mediasiya xərci olaraq ödənilmiş 50 manat dövlət rüsumu Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

20. Eyni zamanda, cavabdehdən iddiaçının xeyrinə hüquqi yardıma görə ödənilmiş 200 manat pul tutulmalıdır.

21. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Məmmədov Nı̇ cat Tahı̇ r oğlundan xx.xx.2012-ci il təvəllüdlü X1 üçün Suraxanı Rayon Məhkəməsinin 2(010)-2204/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə tutulan aliment miqdarı artırılaraq hər ay 200 manat sabit pul məbləğində müəyyən edilsin. Hüquqi yardım göstərilməsinə görə İddiaçı tərəfindən vəkilə ödənilmiş 400 manat pul vəsaitinin 200 manat hissəsi və mediasiya xərci olaraq ödənilmiş 50 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Artırılmış aliment məbləği qətnamə qanuni qüvvə aldığı vaxtdan hesablansın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar