Məhkəmə qərarları › İş №e-2(010)-2669/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2669/2023

23.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2669/2023 23.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Mirzəyeva Ünsüyyət Hacımehdi qızı - İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, məhkəmə İşin halları:

1. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış R0017889 nömrəli, xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən satıcı alıcıya 12 ay müddətinə 2474 manat dəyərində olan HP PB440G7 markalı əşyanı satmışdır. Cavabdeh aldığı əşyaya görə ilkin ödəniş etməmiş və borclu olduğu qalıq 2474 manat məbləğində pulu müqaviləyə əlavə edilən ödəniş cədvəlinə əsasən kreditora hissəhissə ödəməyi öhdəsinə götürsə də, alğı-satqı müqaviləsində nəzərə tutulmuş öhdəlikləri qismən yerinə yetirmiş və 1832 manat ödəniş etmişdir. Borcun ödənilməsi ilə əlaqədar olaraq cavabdehə dəfələrlə şifahi, xx.xx.2023-cü il tarixdə isə yazılı xəbərdarlıq edilmişdir. Lakin cavabdeh yenə də borc öhdəliyinin icrasına dair heç bir addım atmamışdır. "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli tələbin güzəşti haqqında müqavilənin 1.3-cü bəndinə əsasən tələb hüquqlarını güzəşt edən - "xxxx" MMC borclular və digər şəxslər ilə aralarında bağlanmış olan bütün müqavilələrdən irəli gələn tələb hüquqlarını əldə edən - İddiaçı MMC-yə ötürməyi öhdəsinə götürür. Tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin 1.3-cü bəndinə əsasən ödəniş 30 gündən başlayaraq gecikdirildikdə satıcı tərəfindən hər gün üçün gecikdirilmiş borc məbləğinin 0,3 faizi həcmində cərimə (dəbbə pulu) ödənilməsi tələb edilə bilər. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaç tərəfindən ona xx.xx.2023-cü il tarixə 65 manat məbləğində cərimə hesablanmışdır. Cavabdehdən iddiaçının xeyrinə 642 manat məbləğində əsas borc, 65 manat məbləğində cərimə və 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır.

İddiaçının tələbi:

2. Cavabdeh İddiaçı MMC-nin xeyrinə 642 manat məbləğində əsas borc, 65 manat məbləğində cərimə, 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 737 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

3. Cavabdeh məlum olan ünvanı üzrə lazımı qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri ona göndərilmiş və iddiaçının tələbinə dair etirazının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim etməsi təklif edilmişdir, lakin cavabdeh iddiaya dair etirazını məhkəməyə bildirməmişdir.

İş materialları.

4. xx.xx.2021-ci il tarixli, R0017889 nömrəli müqaviləyə əsasən "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh dəyəri 2474 manat olan HP PB440G7 markalı əşya hər ay 207 manat ödəmək şərti ilə 12 ay müddətinə nisyə satılmışdır.

5. xx.xx.2021-ci il tarixli "xxxx" MMC və İddiaçı MMC arasında bağlanmış tələbin güzəşti haqqında müqaviləyə əsasən "xxxx" MMC tələb hüquqlarını güzəşt edərək borclular və digər şəxslər ilə aralarında bağlanmış olan bütün müqavilələrdən irəli gələn tələb hüquqlarını əldə edən - İddiaçı MMC-yə ötürməyi öhdəsinə götürmüşdür.

6. xx.xx.2021-ci il tarixli, R0017889 nömrəli müqaviləyə əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 2474 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür.

7. xx.xx.2021-ci il tarixli malların təhvil-təslim aktından görünür ki, Cavabdeh R0017889 nömrəli müqavilə üzrə HP PB440G7 markalı əşyanı təhvil almışdır.

8. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, “alıcı” Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 642 manat ödənilməmiş hissə, 65 manat cərimə məbləğində borcu vardır.

9. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcun ödənilməsi, əks təqdirdə məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq olunmuşdur.

10. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə ərizə verilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

Tətbiq edilən hüquq.

11. Azərbaycan Respublikası Mülki Məcəlləsi. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 465.2. Borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

12. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi.

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

Məhkəmənin mövqeyi.

13. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

14. Belə ki, məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, "xxxx" MMC alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan əşyanı Cavabdeh vermiş, lakin cavabdeh alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir və nəticədə onun iddiaçının qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış tələbin güzəşti haqqında müqaviləyə əsasən tələbetmə hüququ iddiaçıya keçmiş və hazırda iddiaçı cavabdehdən ödənilməmiş borcun tutulmasını tələb edir. Odur ki, iddiaçı ona güzəş edilmiş borcun qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də iddia əsaslıdır. Odur ki, iddia təmin edilməlidir.

Məhkəmə xərcləri.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

17. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. İddia təmin edildiyindən, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Məhkəmənin gəldiyi nəticə.

19. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən xx.xx.2021-ci il tarixli, R0017889 nömrəli müqavilə üzrə 642 manat ödənilməmiş əsas məbləğ və 65 manat cərimə olmaqla, cəmi 707 manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin hesabına ödənilməlidir.

20. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə,

qət etdi:

İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, R0017889 nömrəli müqavilə üzrə 642 manat ödənilməmiş hissə və 65 manat cərimə olmaqla, cəmi 707 (yeddi yüz yeddi) manat məbləğində pul vəsaiti və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul tutularaq İddiaçı hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar