Məhkəmə qərarları › İş №e-2(010)-2677/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2677/2024

06.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2677/2024 06.06.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Məmmədov Tural Nurulla oğlu İddiaçı X1-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi

1. İddiaçı X1-Bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 2261.33 manat, faiz borcuna görə 5.37 manat, cərimə borcuna görə 0 manat, cəmi 2266.70 (iki min iki yüz altmış altı manat, yetmiş qəpik) manat məbləgində borcun və 42.67 manat məbləgində ödənilmiş dövlət rüsumunun "FİNCA Azerbaijan” MM QBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin dəlilləri

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "FİNCA Azerbaijan" MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********1980 saylı, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqında” Fərmanın 6-cı maddəsinə uyğun olaraq Güzəştli Kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1-ci bəndinə əsasən, Kredit Alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 8342.18 manat qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 6.95 manat, dörd il müddətində isə hər ay 177.42 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********1980 - ******* saylı Zaminlik müqaviləsi ilə Cavabdeh3 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Həmçinin, kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********1980 - 923680 saylı Zaminlik müqaviləsi ilə Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur.

İş materialları

3. İddiaçı X1-Bank Kredit Təşkilatı ilə Cavabdeh1 barasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********1980 saylı Güzəştli Kredit (Restrukturizasiya) Müqaviləsindən və ona 1 saylı Əlavədən görünür ki, təşkilat tərəfindən borcluya onun vaxtı keçmiş əsas kredit borcunun ödənilməsi məqsədilə 8342.18 manat məbləğində güzəştli kredit 60 ay müddətinə illik 1 faiz dərəcəsi ilə və 1 il güzəşt müddəti müəyyən edilməklə verilmişdir.

4. İddiaçı X1-Bank Kredit Təşkilatı ilə Cavabdeh3 barasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********1980 - ******* saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 borclu Cavabdeh1 kredit öhdəliklərinin icra edilməsi ilə əlaqədar onunla birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür.

5. İddiaçı X1-Bank Kredit Təşkilatı ilə Cavabdeh2 barasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********1980- 923680 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 borclu Cavabdeh1 kredit öhdəliklərinin icra edilməsi ilə əlaqədar onunla birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür.

6. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli, **********1980 saylı Güzəştli Kredit (Restrukturizasiya) Müqaviləsi üzrə 2261.33 manat əsas borc və 5.37 manat qalıq borcu olmaqla cəmi 2266.70 manat borcu vardır.

7. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı X1-Bank Kredit Təşkilatı tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 42.67 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

İşin faktiki halları

8. İddiaçı X1-Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli, **********1980 saylı Güzəştli Kredit (Restrukturizasiya) Müqaviləsi bağlanmış və borcluya 60 ay müddətinə illik 1 faiz dərəcəsi ilə və 1 il güzəşt müddəti müəyyən edilməklə 8342.18 manat məbləğində kredit verilmişdir. Eyni zamanda İddiaçı X1-Bank Kredit Təşkilatı ilə digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 arasında zaminlik müqavilələri bağlanmış və digər cavabdehlər borclu Cavabdeh1 təşkilat qarşısında kredit öhdəliklərinin icra edilməsi ilə əlaqədar onunla birgə məsuliyyət daşımağı öz üzərlərinə götürmüşdürlər. Hazırda iddiaçı tərəf kredit və zaminlik müqavilələri üzrə cavabdehlərin öz öhdəliklərini lazımi qaydada yerinə yetirilmədiyini qeyd edir.

Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi

Maddə 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

10. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 739. Borc müqaviləsi (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada) 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 743. Borcun dərhal qaytarılmasını tələb etmək hüququ (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada)

743. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

Məhkəmənin mövqeyi

11. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir.

12. Belə ki, tərəflər arasında müqavilə bağlanılmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəliyi lazımi qaydada yerinə yetirilməklə kredit müqaviləsi üzrə nəzərdə tutulan kredit vəsaitini Cavabdeh1 təqdim etmişdir. Lakin bununla belə, Cavabdeh1 kredit müqaviləsi üzrə müəyyən ödənişlər etsə də, lakin öz öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və onun ödənilməmiş 2261.33 manat əsas borc və 5.37 manat faiz borcu olmaqla cəmi 2266.70 manat borcu qalmışdır. Məhkəmə eyni zamanda qeyd edir ki, həmin kredit müqaviləsinin təminatı olaraq digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 ilə iddiaçı arasında zaminlik müqavilələri bağlanmasına baxmayaraq, digər cavabdehlər də öz öhdəliyini lazımi şəkildə yerinə yetirməmişdir.

13. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü tələb əsaslıdır.

Məhkəmə xərcləri

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

15. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

16. İddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 42.67 manat Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır.

Məhkəmənin gəldiyi nəticə

17. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 2261.33 manat, faiz borcuna görə 5.37 manat olmaqla cəmi 2266.70 (iki min iki yüz altmış altı manat, yetmiş qəpik) manat məbləğində borc və 42.67 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı X1-Bank Kredit Təşkilatının xeyrinə ödənilməlidir.

18. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə,

qət etdi:

İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 2261.33 manat, faiz borcuna görə 5.37 manat olmaqla cəmi 2266.70 (iki min iki yüz altmış altı manat, yetmiş qəpik) manat məbləğində borc və 42.67 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı X1-Bank Kredit Təşkilatının xeyrinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar